Məhkəmə qərarları › İş №2-2(103)-1142/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1142/2024

13.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1142/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə müqaviləsinin ləğv edilməsi və müqaviləyə xitam verilmiş hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2906/2023 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 224,9 m2 olan fərdi yaşayış evi İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətlərindədir.

2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X2 texniki komissiyasının xx.xx.2022-ci il tarixli, 97 nömrəli qəbul aktına əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 268,2 m2 ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

3. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 204 nömrəli sərəncamına əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 268,2 m2 hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-c il tarixli çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 268,2 m2 olan qeyriyaşarış binası İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi birgə mülkiyyətlərindədir. həmin çıxarışdan müəyyən olunur ki, qeyri-yaşarış binasının yerləşdiyi 0,016710 ha torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir.

5. İcarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 4049 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 71 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 185,2 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz. - 1.3-cü bəndinə əsasən torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil. -3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: torpaq sahəsinin illik icarə haqqı 5184 manat; aylıq icarə haqqı 432 manat. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10- dan gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T., bik: NABZAZ2C) ödənilməlidir. -3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır; -4.2-ci bəndinə əsasən müqavilə üzrə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı2 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı müvafiq icra hakimiyyəti tərəfindən verilən torpaq ayrılması haqqında sərəncamın və ayrıc aktının olmaması müəyyən edilmişdir. Həmin sənədlər təqdim edildikdən sonra torpaq sahəsinin özəlləşdirmə məsələsinə baxıla bilər.

7. İddiaçılar tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, müqaviləyə xitam verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı2, İddiaçı1 və İddiaçı3 arasında 0,016710 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2022-ci il tarixli 4049 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və müqaviləyə xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 224,90 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı2 mülkiyyət hüququ xx.xx.2022ci il tarxdə, İddiaçı1 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə, İddiaçı3 mülkiyyət hüququ isə xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********03-10301 nömrə ilə qeydə alınmışdır. ünvan 4 ünvanında yerləşən evin mülkiyyətçiləri İddiaçı2, İddiaçı1 və İddiaçı3 məxsus fərdi evin faktiki sxemi tərtib edilmişdir. Daha sonra İddiaçı2, İddiaçı1 və İddiaçı3 ərizə ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edərək, onlara məxsus ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 224,90 kv.m olan fərdi yaşayış evinin ölçülərinin dəqiqləşdirilməsi və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X2 Texniki Komissiyanın 97 nömrəli, xx.xx.2022-ci il tarixli Rəyinə əsasən İddiaçı2, İddiaçı1 və İddiaçı3 məxsus ünvan 3 ünvanda yerləşən, onlara məxsus fərdi yaşayış evinin ümumi sahəsi 268,2 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X2 Texniki Komissiyanın 97 nömrəli, xx.xx.2022-ci il tarixli Qəbul Aktına əsasən İddiaçı2, İddiaçı1 və İddiaçı3 məxsus ünvan 3 ünvanda yerləşən, onlara məxsus fərdi yaşayış evinin ümumi sahəsi 268,2 kv.m ölçülər daxilində qeyriyaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 204 nömrəli, xx.xx.2022-ci il tarixli “Vətəndaşlar İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus fərdi yaşayış evinin ölçülərinin dəqiqləşdirilməsi və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” Sərəncamla İddiaçı2, İddiaçı1 və İddiaçı3 məxsus ünvan 3 ünvanda yerləşən, həmin şəxslərə məxsus fərdi yaşayış evinin ümumi sahəsi 268,2 kv.m hesab edilərək, qeyri-yaşayış sahəsinə keçirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən iki mərtəbəli, ümumi sahəsi 268,20 kv.m olan qeyriyaşayış binası İddiaçı2, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətində, həmin qeyri-yaşayış binasının yerləşdiyi tikilialtı 0,016710 ha torpaq sahəsi isə dövlətin mülkiyyətində olmaqla mülkiyyətçilərin daimi istifadəsindədir. Göründüyü kimi, İddiaçı2, İddiaçı1 və İddiaçı3 məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyətçilərin istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Yəni onların xüsusi mülkiyyətində olan 268.2 kv.m qeyri-yaşayış sahəsinin altında yerləşən 0,016710 ha torpaq sahəsi üzərində onların daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə həmin qeyri-yaşayış binasına dair texniki pasport da tərtib edilmişdir. Lakin buna baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidməti İddiaçı2, İddiaçı1 və İddiaçı3 məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sonuncuların icarəsinə verilməsi barədə xx.xx.2022-ci il tarixdə 4049 nömrəli müqavilə bağlamışdır. Bildirir ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məcburiyyət qarşısında qoyularaq, əhəmiyyətli vacib yanılma təsiri altında həmin icarə müqaviləsini bağlamışlar. Belə ki, birgə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 mülkiyyətlərində olan 268.2 kv.m qeyri-yaşayış sahəsinin altında yerləşən 0,016710 ha torpaq sahəsini özəlləşdirmək istəmiş, bununla bağlı cavabdeh Əmlak Məsələlri Dövlət Xidmətinə müraciət etmişlər. İddiaçıların müraciətinə cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti torpaq sahəsinin özəlləşdirilməsinə razı olduqlarını, lakin bundan əvvəl həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti və İddiaçı2, İddiaçı1 və İddiaçı3 2 oğlu arasında icarə müqaviləsinin bağlanmalı olduğunu bildirmişlər. İddiaçı2, İddiaçı1 və İddiaçı3 da Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinə inanaraq, məhz mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin özəlləşdirmək məqsədilə hazırda mübahisələndirdikləri icarə müqaviləsini bağlamışlar. Burdan da görünür ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 xx.xx.2022ci il tarixli 4049 nömrəli icarə müqaviləsini məcburiyyət qarşısında qalaraq əhəmiyyətli vacib yanıltma təsiri altında imzalamışlar. Lakin icarə müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə və İddiaçı2, İddiaçı1 və İddiaçı3 torpaq sahəsini özəlləşdirməyə cəhd göstərmələrinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidməti torpağı özəlləşdirməkdən imtina etmişdir. Bundan sonra İddiaçı2, İddiaçı1 və İddiaçı3 başa düşmüşlər ki, onlar yanılmış və bu yanılma nəticəsində əvəzli icarə müqaviləsi imzalamışlar. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 mülkiyyətlərində olan 268.2 kv.m qeyri-yaşayış sahəsinin altında yerləşən 0,016710 ha torpaq sahəsinin özəlləşdirilməsindən Əmlak Məsələləri Dövlət Xidmətinin imtina edəcəyini bilsəydilər, onlar torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2022-ci il tarixli, 4049 nömrəli icarə müqaviləsini bağlamazdılar. Çünki torpaq sahəsi üzərində artıq istifadə hüququ qeydə alınmış şəxlərlə və bu qeydiyyat qüvvədə ola-ola əlavə olaraq əvəzli olmaqla yanaşı, həm də istifadə hüququndan məhdud icarə hüququna dair icarə müqaviləsinin də bağlanmasına zərurət olmamışdır. Cavabdeh dövlət orqanı olaraq öz üstün inhisarçı mövqeyindən çıxış edərək, həmin icarə müqaviləsinin bağlanmasına iddiaçıları məcbur etmişdir. İddiaçılar bu müqavilənin bağlanmasında aldadılmışlar. Bundan başqa, hazırda iddiaçılara məxsus qeyri-yaşayış sahəsi yuxarıda qeyd olunduğu kimi, əvvəllər fərdi yaşayış evi olmuş və iddiaçıların paylı mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin altında və ətrafında yerləşən torpaq sahəsi də iddiaçıların qanuni sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan iddiaçıların həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi olmuş və bu gözlənti real olmuşdur.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422, 423, 424-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73.1, 75.2, 75.6-cı maddələrinə istinad olunmuşdur.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2906/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəla qeyd olunmalıdır ki, müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması, o cümlədən müqavilənin aldadılma, məcbur edilmə, əhəmiyyətli vacib yanıltmanın təsiri altında bağlanması hallarınin olması müəyyən edilməmişdir. Müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər sərbəst iradə ifadəsinin nəticəsi olaraq azad surətdə hazırkı müqaviləni bağlamış və müqavilənin məzmununu müəyyənləşdirmişlər. Müqavilə üzrə icarə müddəti bitməmiş, müqavilə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Eləcə də, xx.xx.2022-ci il tarixli 4049 nömrəli icarə müqaviləsinin ləğv edilməsi tələbinə münasibətdə qeyd olunmalıdır ki, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halı müəyyən edilməmiş, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, xx.xx.2022-ci il tarixli 4049 nömrəli icarə müqaviləsinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi əsassız olduğundan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia rədd olunmalıdır.

13. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Torpaq islahatları haqqında” Qanununun və “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin tələblərinə görə iddiaçılar torpaq sahəsini özəlləşdirmək və bu özəlləşdirməni əvəzsiz həyata keirilməsini tələb etmək hüququna malik olmuşlar. İddiaçıların bu hüquqlarından istifadə etməmələri və hazırda fərdi yaşayış evinin qeyriyaşayış sahəsinə keçirilməsi, həmin əmlakın yerləşdiyi torpaq sahəsi ilə bağlı onların hüquqlarını məhdudlaşdırmamalıdır. Məhkəmə 31 avqust 1999-cu il tarixində qüvvəyə minmiş Torpaq Məcəlləsinin sol qrafada qeyd edilən maddələrinin tələblərinə riayət etməyib, məhkəmə qətnaməsində nəyə görə onların icarə müqaviləsinə xitam verilməsi tələblərinin rədd edilməsini heç çür əsaslandırmamışdır. Bütün yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı2, İddiaçı1 və İddiaçı3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 4049 nömrəli icarə müqaviləsi əhəmiyyətli vacib yanılma təsiri altında bağlanmış müqavilə olduğuna görə və tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə (iddiaçılar 1 ildən çoxdur ki, icarə haqqını ödəmirlər) ləğv olunmalı, həmin müqaviləyə xitam verilmiş hesab olduğu halda birinci instansiya məhkəməsi iddianı rədd etməklə əsassız qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçı tərəfin məhkəməyə təqdim edilmiş, icarə müqaviləsini, çıxarışı, torpaq ayrıc aktını, qəbul aktını nəzərə almamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. 15. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Digər iddiaçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Mülki Məcəllənin: -421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

21. MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə iddiaçılar tərəfindən bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır. 25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə arasında hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 4049 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 71 ünvanındakı binasının yerləşdiyi 185,2 kv.m torpaq sahəsini iddiaçılara icarəyə vermişdir. Hazırda iddiaçılar həmin müqavilənin vacib əhəmiyyətli yanılma nəticəsində bağlandığını, müqavilə bağlanarkən aldadıldıqlarını, eləcə də tərəflərindən son bir ildən artıq müddət ərzində icarə haqqının ödənilmədiyini əsas göstərərək müqavilənin ləğv edilməsini xahiş edir.

28. Kollegiya qeyd edir ki, müqavilənin ləğv edilməsi əsasları Mülki Məcəllənin 421ci və 422-ci maddələrində nəzərdə tutulmuşdur: 1)Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə. 2) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə; 3)Tərəflərdən birinin tələbi ilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, eləcə də Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. 4) tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişdikdə.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birincisi, hazırkı halda tərəflər arasında müqavilənin ləğv edilməsi barədə razılaşma mövcud deyildir. Bununla yanaşı tərəflərdən hər hansı birinin müqavilənin icrasından birtərəfli imtina etməsi imkanı Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmamışdır.

30. Üçüncü və dördüncü əsaslara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərinin əhəmiyyətli pozuntusuna yol verməsi, eləcə də müqavilənin məhkəmə qaydasında ləğv edilməsinə əsas verən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının baş verməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, eləcə də tərəflər arasında bağlanmış müqavilədə müqavilənin icarəçinin tələbi ilə ləğv edilməsinin başqa əsasları nəzərdə tutulmamışdlr.

31. İddiaçıların apellyasiya şikayətində istinad etdiyi mübahisəli icarə müqaviləsi üzrə uzun müddət ərzində icarə haqqını ödəməmələri, göstərilən halın müqavilənin ləğv edilməsi üçün əsas olması barədə dəlillərinə gəldikdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.2-ci maddəsi tərəflərdən biri müqavilənin əhəmiyyətli dərəcədə pozduğu halda digər tərəfin müqaviləni ləğv etmək hüququnu təsbit edir. Odur ki, sözügedən norma müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuş tərəfə həmin əsasla müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verən norma kimi şərh bilməz. Əks yanaşma müqavilə hüququnun ümumi prinsipləri olan “vicdanlılıq”, “ağlabatanlıq” və “öhdəliklər icra edilməlidir” prinsipləri ilə ziddiyyət təşkil edir.

32. İddiaçıların müqavilənin ləğv edilməsinə əsas kimi istinad etdikləri müqavilə bağlanarkən aldadılması, müqavilənin yanılmanın təsiri altında bağlanması barədə istinad etdikləri dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar öz təsdiqini tapsa belə müqavilənin ləğv edilməsi əsası qismində çıxış etmir.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hazırkı iddianın rədd edilməsi iddiaçıların gələcəkdə əsaslar olduğu təqdirdə mübahisəli icra müqaviləsinin etibarlılığını mübahisələndirmək hüququnu məhdudlaşdırmır.

34. Bundan əlavə kollegiya onu da qeyd edir ki, icarə müqaviləsinin şərtlərə əsasən müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatsa da, iddiaçılar tərəfindən müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilə müddətinin uzadılmaması barədə ərizə verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Əksinə İddiaçı2 məhkəmə iclasında verdiyi izahatda belə bir ərizənin verilmədiyini bildirmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2906/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar