Məhkəmə qərarları › İş №2-2(103)-1144/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1144/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1144/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4/2022 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh4 və X1 qarşı pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilmişdir. Cavabdeh1 MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4/2022 nömrəli qərardadı ilə Cavabdeh1 MMC tərəfindən verilən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmışdır. Cavabdeh1 MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə vəkilin xx.xx.2023-cü il tarixdə 2- 2(113)-4/2022 nömrəli işin elektron kabinetinə əlavə edilmiş olmasını qeyd etsə də, vəkilin həmin iş üzrə elektron məhkəmə sisteminə əlavə edilməyi ilə bağlı elektron məhkəmə sistemində olan vəkil kabinetinə heç bir bildiriş göndərilməmişdir. Məhkəmənin qənaətindən belə çıxır ki, vəkil elektron qaydada müraciət etdikdən sonra hər gün hər bir iş üzrə ayrıca olaraq iş nömrələri üzrə axtarış etməli, iş üzrə sistemə əlavə edilibedilməməsi barədə məlumat almalıdır. Halbuki, vəkilin elektron kabinetində yalnız bir iş deyil, onlarla iş vardır. Məhkəmənin bu qənaəti qəbul edilsə belə, bu halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başlandığı tarixi dəqiq müəyyən etmək mümkün deyil. Yəni məhkəmə tərəfindən vəkilin həmin iş üzrə elektron məhkəmə sisteminə əlavə edildiyi tarix vəkilə məlum olmadığı üçün qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin hansı tarixdən hesablanması qeyri-müəyyən qalır. Hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq müddət Cavabdeh1 MMC-nin nümayəndə və vəkili Vəkil rəsmi qaydada iş materialları ilə tanış olub qətnaməni imza etməklə aldığı - xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Qeyd edilənlərlə qətnamədən apellyasiya şikayətinin 1 aylıq müddət ötürülməməklə verildiyi təsdiq edilir. Şikayətə əlavə edilən “Elektron Məhkəmə” informasiya sistemindəki vəkilin elektron kabinetindən “Vəkil müraciətləri” və “Bildirişlər” pəncərəsindən çıxarışlardan da göründüyü kimi, cavabdehin vəkili tərəfindən xx.xx.2023cü il tarixdə elektron məhkəmə sistemində 2-2(113)-4/2022 saylı iş üzrə əlavə edilmək üçün vəkil müraciəti yerləşdirilmişdir. Həmin tarixdən apellyasiya şikayətinin elektron məhkəmə sisteminə yerləşdirilməsi tarixinə kimi, yəni xx.xx.2023-cü il tarixinə kimi “Bildirişlər” pəncərəsinə gələn bildirişlərdən görünür ki, həmin işlə bağlı məhkəmə tərəfindən vəkilin elektron kabinetinə hər hansı bildiriş göndərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə sistemə yerləşdirilmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi Vəkil isə xx.xx.2023-cü il tarixdə 2- 2(113)-4/2022 nömrəli işə əlavə edilməsi üçün məhkəməyə müraciət etmiş və vəkil xx.xx.2023-cü il tarixdə 2-2(113)-4/2022 nömrəli işin elektron kabinetinə əlavə edilmiş, qətnamədən apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə yerləşdirilərək apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət 25 gün ötürülmüşdür. Vəkil xx.xx.2023-cü il tarixdə 2-2(113)- 4/2022 nömrəli işin elektron kabinetinə əlavə edilməklə hazırki iş üzrə qətnamədən xx.xx.2023-cü il tarixdə məlumatı olsa da, apellyasiya şikayətini 2-2(113)-4/2022 nömrəli işin elektron kabinetinə 1 ay 25 gündən sonra əlavə etməklə şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti 25 gün ötürülmüşdür. Məhkəmə qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4/2022 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, işdən göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə sistemə yerləşdirilmişdir. Lakin həmin qətnamənin həmin tarixdə Cavabdeh1 MMC-yə rəsmi qaydada çatdırılmasını təsdiq edən hər hansı sənəd (“Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarış, poçt qəbzi və s.) iş materiallarında mövcud deyildir. Eyni zamanda, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə 2-2(113)-4/2022 nömrəli işə əlavə edilməsi üçün məhkəməyə müraciət etmiş və o, xx.xx.2023-cü il tarixdə 2-2(113)-4/2022 nömrəli işin elektron kabinetinə əlavə edilmişdir. Şikayətə əlavə edilən “Elektron Məhkəmə” informasiya sistemindəki həmin vəkilin elektron kabinetindən “Vəkil müraciətləri” və “Bildirişlər” pəncərəsindən çıxarışlardan da görünür ki, cavabdehin vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemində 2-2(113)-4/2022 saylı iş üzrə əlavə edilmək üçün vəkil müraciəti yerləşdirilmişdir. Həmin tarixdən apellyasiya şikayətinin elektron məhkəmə sisteminə yerləşdirilməsi tarixinə kimi, yəni xx.xx.2023-cü il tarixinə kimi “Bildirişlər” pəncərəsinə gələn bildirişlərdən isə görünür ki, həmin işlə bağlı məhkəmə tərəfindən vəkilin elektron kabinetinə hər hansı bildiriş göndərilməmişdir. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə 2-2(113)- 4/2022 nömrəli işin elektron kabinetinə əlavə edilsə də, bu barədə SMS xəbərdarlığın göndərilməsi iş materiallarından müşahidə olunmur. Belə olan halda isə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan 1 aylıq müddət məhz həmin tarixdən hesablana bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Ona görə də, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehin apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4/2022 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar