Məhkəmə qərarları › İş №2-2(103)-1144/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1144/2024

28.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1144/2024 28.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı əmlakın sökülməsi, əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iş üzrə Bakı Kommersiya Мəhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-3491/2024 nömrəli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MTK Cavabdeh qarşı əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MTKnın qanuni sahibliyində olan ünvan 1 ünvanında yerləşən 0,72 ha torpaq sahəsində mövcud söküləcək köhnə tikililərdən Cavabdeh məxsus (Xətai prospekti 43) 75 kv.m qeyriyaşayış sahəsinə 20 % sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, həmin əmlakın yerləşdiyi hissədən, sahəsi 90 kv.m olan, 18 x 5 metr və hündürlüyü 4 metr olan qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MTK-ya həvalə edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 43 ünvanında yerləşən 75 kv.m qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İHB-nın xx.xx.2000-ci il tarixli 163 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39, 41 və 43, Ə.Ağaoğlu küçəsi 4 və 6, Qarabağ küçəsi 38 ünvanında yerləşən 0,72 ha. torpaq sahəsində bina kompleksinin inşası üçün İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Həmin sahədə, təsdiqlənmiş layihəyə uyğun MTK tərəfindən yaşayış binası tikintisi başa çatdırılmışdır. Qeyd olunan ünvanları əhatə edən ərazidə köhnə tikililərdə yaşayan sakinlər tam şəkildə köçürülmüş, köhnə tikililər sökülmüş, qazma işləri, tikinti işləri çoxdan başa çatmış, və bina kompleksinin təhvil verilməsi üçün hazırda bina kompleksində tamamlama işləri aparılır. İşlərin tamamlanması ilə binaya köçməyini gözləyən yüzlərlə sakin vardır. Cavabdeh - Cavabdeh adı çəkilən binanın tikildiyi ərazidə Xətai prospekti 73A ünvanında (MTK-ya tikinti üçün ayrılmış ərazinin qırağına) 75 kv.m. (hündürlüyü 4 m.) qeyri-yaşayış sahəsindən ibarət köhnə tikilisi vardır. Həmin tikilinin əvəzi verilməklə sökülməsinə razılıqla bağlı hər dəfə müxtəlif və ağlabatan olmayan tələblərlə çıxış etdiyindən, tikilisinə dəyilməmişdir. O, da tikilisi ilə bağlı irəli sürdüyü, məntiqə uyğun olmayan tələblərin yerinə yetirməsinə MTK-nın məcbur etmək üçün hər cür özbaşnalığa əl atdığından, tərəflər arsında mübahisələr yaranmışdır. Bu mübahisələrə ayrı-ayrı idarələrdə və məhkəmələrdə baxılmışdır. Hər dəfə də iddiaçı qanuni əsaslarla ona ayrılmış ərazidə işlərin aparıldığı təsdiqlənmişdir. Şəhərin görkəminə xələl gətirən köhnə tikililərin sökülməsi yerində müasir binaların inşa edilməsi üçün müəyyən edilmiş ümumi qaydaya uyğun olaraq, ərazidə əmlakı olan hər bir mülkiyyətçiyə (əmlak sahibliyində və istifadəsində olanlara) mövcud köhnə tikilinin sahəsinin 20% miqdarında sahə əlavə edilməklə, yeni tikili sahəsinin verilməsi ilə bütün sakinlər köçürülmüşdür. Bu ərazidə əmlakı olan, köçürülməmiş yeqanə sakin Cavabdeh qalmışdır. Ona aid əmlak sökülməyincə layihənin tamamlanıb, bina kompleksinin istismara təhvil verilməsi mümkün deyildir. Cavabdehin qəsdli hərəkətlərininin nəticəsində binada mənzil verilmiş sakinlərin yeni mənzillərə köçürülməsinə imkan vermir. Cavabdeh aşkar şəkildə mülkiyyət hüququndan sui-istifadədə davam etməkdədir. Əslində hazırkı vəziyyətdə cavabdehin mülkiyyət hüququna heç bir xələl gətirilmir. Tam əksinə ona məxsus köhnə tikilinin əvəzində ona sahəsi və həcmi 20% çox olan yeni müasir tipli qeyri-yaşayış obyekti verilir. Burada dəyişən yalnız ondan ibarət olur ki, cavabdehə məxsus köhnə tikili şəhərin görkəminə xələl gətirən formadadır. Yeni tikili isə müasir standartlara cavab verən və görkəmi şəhər tikililərinə uyğun zövqdədir. Məsələnin cavabdehlə məhkəmədən kənar həll edilməsi mümkün olmadığından, iddiaçı hüquqlarının (o cümlədən yeni mənzillər əldə etmiş yüzlərlə sakinlərin hüquqlarını) müdafiəsi üçün məhkəmə müraciət etmək məcburiyyəti yaranmışdır. Sökülməli olan köhnə tikiliyə qeyri-yaşayış sahəsinə mövcud mülkiyyət hüququndan sui-istifadə edən cavabdeh, həmin tikilinin yerləşdiyi ümumi torpaq sahəsində layıhələndirilən yeni bina kompleksinin tamamlanıb, sakinlərə təhvil verilməsinə imkan vermədiyindən, yeni tikilidən cavabdehə qeyri-yaşayış sahəsi verilməklə, köhnə tikilisi boşaldılıb, sökülməli, ərazi təmizlənib, tikinti altına verilməli, layihənin tamamlanmasına maneçilik törədilməməsi məqsədilə cavabdeh ərazidən çıxarılmalıdır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-1658/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2-2(113)- 3491/2024 nömrəli qətnaməsi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı əmlakın sökülməsi, əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

5. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdeh haqlı olaraq qətnamə ilə razılaşmır və hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin mülkiyyət hüququna heç bir xələl gətirilmir. Tam əksinə ona məxsus köhnə tikilinin əvəzində ona sahəsi və həcmi 20% çox olan yeni müasir tipli qeyri-yaşayış obyekti verilir. Həmçinin yeni əmlak ona təhvil verilənə kimi kompensasiya (kirayə haqqı) ödənilir. Lakin cavabdeh iddiaçıya qarşı qəsdə durmuş kimi hərəkət edir. Ərazidə MMC tərəfindən aparılan tikintiyə maneçilik törətmək məqsədi ilə bütün variantlardan istifadə edir və məqəsdinə nail olmaq üçün adı çəkilən əmlaka olan mülkiyyət hüququndan istifadə edir. Belə olan halda, MMC-nin tələbinin onun əmlakına müdaxilə və ya mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Əksinə cavabdehin aid olduğu mülkiyyət hüququndan, MMC-nin fəaliyyətinə maneə törətmək, şəhərin görkəminə xələl gətirən tikilinin sökülməsi, onu yeni üslubda tikili ilə əvəz edilməsi kimi ümümi cəmiyyət naminə, şəhərin inkişafına zərərverən hərəkətlərində suistifadə edir. Halbuki, mülkiyyətin qorunması və mülkiyyət hüququna təminat verildiyi kimi mülkiyyətçiyə qanunvericilikdə hüquqlar müəyyən edildiyi kimi, mülkiyyət hüququndan sui-istifadəyə yol verilməzliyi də təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verəbilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi qanunvericilikdə mülkiyyətçiyə ona məsus əmlaka dair sərbəst hərəkətlə bağlı bütün hüquqlar, hüququndan sui-istifadə etməmək şərti ilə verilmişdir. Lakin cavabdeh ona məxsus tikilinin bir küncündə yerləşdiyi MMC-yə ayrılmış ümumi torpaq sahəsində layihələndirilən yeni bina kompleksinin tamamlanıb, sakinlərə təhvil verilməsinə imkan vermir. Yeni tikilidən cavabdehə qeyri-yaşayış sahəsi verilməklə, köhnə tikilisi boşaldılıb, sökülməli, ərazi təmizlənib, tikinti altına verilməsinə imkan vermir. Layihənin tamamlanmasına maneçilik törədir. Cavabdehin qərəzli hərəkətləri təkcə MTK-nın yox, həmçinin köhnə tikililərdən köçürülmüş, kirayə qalan və təzə evlərini təhvil almaq üçün gözləyən sakinlərin hüquqlarını da pozur. Eyni zamanda layihənin tamamlanmasıa maneə törətdiyindən, MMC-yə hər gün armaqda olan ziyan vurmuşolur. Bununla da cavabdeh aşkar şəkildə mülkiyyət hüququndan sui-istifadə etdiyi mübahisəsiz haldır. Şərh olunanlardan göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən, mülkiyyət hüuqu ilə bağlı yuxarıda qeyd edilən maddi hüquq normalarına istinad etsə də, hazırkı iş üzrə mübahisə ilə bağlı, tərəflərin münasibətinə görə düzgün şərh etməmişdir. Qeyd olunan maddi normanın (MM 152.5) tələbindən göründüyü kimi qanunvericilikdə mülkiyyətçiyə ona məsus əmlaka dair sərbəst hərəkətlə bağlı bütün hüquqlar, mülkiyyət hüququndan suiistifadə etməmək şərti ilə verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16.1-ci maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

12. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.

13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər; 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasənməhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

15. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. 17.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Bu öhdəliklər Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) üzərinə qoyulub. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Digər tərəfdən Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Milli Məclis mülkiyyət hüququnun məzmununun müəyyən olunması üzrə öz səlahiyyətlərini reallaşdırarkən bu hüdudları və mülkiyyətin funksiyalarının mütənasibliyini nəzərə almalıdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq qeyd edir ki, qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

23. Məhkəmə kollegiyası iş materiallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 73 a ünvanında yerləşən 75 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 163 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, ünvan 5 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin qarşılıqlı tələblərinə uyğun razılıq əsasında tənzimlənməsi şərti ilə yeni binaların tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. Sözügedən ərazidə İddiaçı MTK tərəfindən çoxmərtəbəli yaşayış binası kompleksi inşa edilməkdədir. İddiaçı MTK ona tikinti üçün ayrılmış ərazidə yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı cavabdehlə razılığa gələ bilmədiklərini, həmin qeyri-yaşayış sahəsinin sökülməməsinin bina kompleksinin tamamlanıb, sakinlərə təhvil verilməsinə mane olduğunu əsas göstərərək cavabdehə məxsus qeyri-yaşayış sahəsinə 20% sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, həmin əmlakın yerləşdiyi hissədə qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb etmişdir.

24. “Azərmemarlayihə” Dövlət Baş Layihə institutunun Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39, 41 və 43, Ə.Ağaoğlu küçəsi 4 və 6, Qarabağ küçəsi 38 ünvanında tikintisi nəzərədə tutulan yaşayış binalarının 9597 saylı sifariş əsasında tərtib etdiyi şəhərsalma əsaslandırmasından görünür ki, sözügedən ünvanda yerləşən yaşayış binalarının şəhərsalma əsaslandırması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış (xx.xx.2020-ci il tarix və 02/5022 nömrə ilə) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmişdir.

25. Bakı şəhəri, ünvan 6 ünvanlarında layihələndirilən çoxmərtəbəli yaşayış binası və qeyri-yaşayış binasının layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayışda binanın döngə nöqtələrinin yerləşmə sxemi və koordinatları göstərilmişdir. Arayış sifarişçi, layihəçi və podratçının imza və möhürləri ilə təsdiq edilmişdir. Fotoşəkillərdə, istifadədə olan çoxmərtəbəli binanı, qeyri-yaşayış sahəsinin görüntüləri əks olunmuşdur.

26. Məhkəmə iddiaçının subyektiv hüququnun olmasını təsbit etsə də, məhkəmə gəldiyi nəticənin faktiki əsası kimi sökülməsi tələb edilən əmlakın cavabdehin xüsusi mülkiyyətində olduğuna, hüquqi əsası kimi də mülkiyyətin toxunulmazlığı və müdafiəsinə təminat verilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1,152.5-ci və 152.6-cı maddələrinə istinad edilmişdir.

27. İddiaçı apellyasiya şikayəti verərək, cavabdehin mülkiyyət hüququnun pozulmadığını bildirmişdir.

28. Apellyasiya icraatı zamanı iş üzrə ədalətli və obyektiv nəticəyə gəlinməsi naminə məhkəmə kollegiyası tərəflərin iştirakı ilə mübahisəli ünvana yerində müayinə keçirmişdir. Yerində baxış zamanı mübahisə olunan əmlakın iki tikilinin arasında birmərtəbəli yerin səthi ilə bərabər səviyyədə mağaza olduğu, qarşısında durarkən sol tərəfində iddiaçının inşa etdiyi yarım zirzəmi və üzərində iki mərtəbəli binanın olduğu müəyyən edildi. Cavabdehin əmlakının arxa hissəsinin iddiaçı tərəfindən inşa edildiyi, lakin tam başa çatdırılmadığı və bunun səbəbinin də, cavabdehin əmlakının mane olduğunu bildirdi. Tərəflərə barışıq üçün hansı şərtlərlə razı olduğu barədə soruşulduqda iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, onların təklifi 75 kv istədiyi mərtəbədən obyekt, əlavə olaraq ya altında, ya da üstündə 75 kv-ın 20%-i qədərində obyektin verilməsidir. Cavabdeh isə həmin təkliflə razılaşmadığını və obyektinin yerin səthi ilə bərabər olmasını, 75 kv yuxarıdan, 75 kv isə aşağı mərtəbədən obyektlərin, əlavə olaraq obyektlərin ön hissəsinin 7 metr uzunluğunda verildiyi halda razılaşacağını bildirdi. Məhkəmə kollegiyasının təklifi bundan ibarət olmuşdur ki, tərəflərin barışıq əldə etməsi məqsədilə hər iki tərəfin irəli sürdüyü təklifin ortaq məxrəci kimi 75 kv obyektin istənilən mərtəbədən və əlavə olaraq kompensasiya kimi 50 kv obyektin verilməsi və ön hissənin uzunluğunun 7 metr olması məqsədəmüvafiq olar. Cavabdeh məhkəmənin təklifi ilə tam razı olmasa da, qeyd etmişdir ki, əgər deyilən şərtlərlə iddiaçı razılaşarsa, yekun qərarını növbəti iclasda bildirəcək. İddiaçının nümayəndəsi müdafiə etdiyi tərəflə verilən təklifi müzakirə edib, növbəti iclasda münasibət bildirəcəyini qeyd etdi. Yerli baxış zamanı mübahisə olunan obyektlərin fotəşəkilləri çəkilərək, iş materiallarına əlavə edilmişdir.

29. Qeyd olunmalıdır ki, hazırki iş üzrə cavabdehin mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının uzunmüddətli istifadəsinə verilməsi və həmin ərazidə yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulduğu nəzərə alınaraq, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüquq və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlığın müəyyən edilməsinə yönəldilməlidir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahəyə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Yuxarıda qeyd olunan mövqeyə görə həmin kompensasiya cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Yəni kompensasiya təklif olunarkən mülkiyyətçinin qanuni istifadə etdiyi sahələrin ölçüləri, təmirin vəziyyəti, həmin sahələrdən hansı məqsədlə istifadə etməsi nəzərə alınmalı, təklif konkret olmaqla, gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.Odur ki, iddiaçının apellyasiya icraatı verdiyi təklif nəzərə alınmalı və tələbin artırılması hesab edilə bilməz.

31. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman nəzərə alınmalıdır ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Belə nəticəyə gəlmək olur ki, hazırki iddianın predmetin cavabdehə ədalətli kompensasiya (əvəz) verilməklə, mülkiyyət hüququnu məhdudlaşdırılması təşkil etmişdir. Bu zaman təklif olunan əvəz iddianın predmeti deyil, obyekti kimi çıxış etmişdir. İş materiallarından müəyyən olunur ki, apellyasiya baxışında tərəflərə barışıq üçün vaxt vermiş və məhkəmə iclasını təxirə salmışdır. Məhkəmə kollegiyası iddiaçıya cavabdehin mülkiyyət hüququna müdaxiləyə görə təklif olunan kompensasiyanın konkretləşdirilməsini təklif etmiş, təqdim olunan sübutlar əsasında bu əvəzin həcmi müəyyən edilmiş, müəyyən olunan əvəzin verilməsinə dair iddiaçının razılığını soruşulmuşdur.

32. Belə ki, apellyasiya icraatı zamanı iddiaçı cavabdehə İddiaçı MTK-nın qanuni sahibliyində olan ünvan 1 ünvanında yerləşən 0,72 ha. torpaq sahəsində mövcud söküləcək köhnə tikililərdən Cavabdeh məxsus (Xətai prospekti 43) 75 kv.m. qeyriyaşayış sahəsinə 40% sahədən çox əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində, həmin əmlakın yerləşdiyi hissədən, sahəsi 110 kv.m. olan, 22 x 5 metr və hündürlüyü 4 metr olan təmirli qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MTK-ya həvalə edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekt 43 ünvanında yerləşən 75 kv.m. qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılması və qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 1500 (min beş yüz) manat icarə haqqının ödənilməsini təklif etmişdir. İddiaçı qətnamə qəbul edilərkən təklifin nəzərə alınmasını xahiş etmişdir.

33. Cavabdeh bu təklifə razı olmamışdır. Cavabdehin yerli müayinə zamanı razılaşdığı və irəli sürdüyü şərtlər bazar qiymətinə və ağlabatan mühakiməyə uyğun hesab edilə bilməz.

34. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, ilk növbədə qeyd edir ki, iddiaçının cavabdehə qarşı onun mülkiyyətində və istifadəsində olan sahənin boşaldılması, təhvil verilməsi və sökülməsi tələbinin irəli sürülməsi üçün subyektiv hüquqa malikdir.

35. Lakin buna baxmayaraq, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüququ və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlıq müəyyən edilməlidir.

36. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehi mübahisəli əmlaka olan mülkiyyət və digər hüquqlarından məhrum etmək, habelə həmin əmlakı əvəzsiz şəkildə özgəninkiləşdirmək məqsədini daşımır. İddiaçı həmin əmlakın yerləşdiyi yaşayış binasını söküb boşaldılmış sahəni yeni yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının inşası ilə bağlı istifadə etmək və ona yeni binadan sökülmüş əmlakın sahəsindən də artıq sahəsi olan, tam təmirli qeyri-yaşayış sahəsi vermək niyyətindədir. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli əmlaka olan mülkiyyət hüququ onun yeni inşa edilmiş binadan verilən qeyri-yaşayış sahəsinə də mülkiyyət hüququnun yaranması üçün əsas olacaqdır. Bu baxımdan həmin müddət ərzində baş verənlər (əmlakdan çıxması, əmlakın sökülməsi, yeni sahənin təhvil verilməsi) onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Belə ki, qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilənədək icarə haqqının verilməsi iddiaçının təklifində nəzərdə tutulmuşdur.

37. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, məsələ üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin aidiyyəti qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar, “Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93 və sair).

38. Məhkəmə kollegiyası vurğulayır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

39. Bununla belə, cavabdehin mülkiyyətində və istifadəsində olan sahəsinə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya da onun məhrum olduğu (məhdudlaşdırıldığı) hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində və istifadəsində olan sahənin ölçüləri, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmalı (nəticə etibarı ilə mülkiyyətçi verilmiş kompensasiyaya uyğun əldə edəcəyi barədə tam məlumatlı olmalı), gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.

40. Bununla belə, iddiaçı tərəfindən cavabdehə kompensasiya qismində məhz qeyriyaşayış sahəsi təklif edilir. Həmin sahənin də gələcəkdə hazırki sahənin təyinatına uyğun istifadə edilməsi və orada sahibkarlıq fəaliyyətinin həyata keçirillməsi bilavasitə mümkündür. Həmin sahəyə cavabdeh mülkiyyət hüququ əldə edəcəkdir. Təklif olunan sahənin təmiri hər bir cəhətdən hazırki sahənin təmirindən üstün olacaqdır. Təklif olunan sahələr eyni mərtəbədə (səviyyədə) olacaq ki, bu da hazırki sahənin quruluşundan fərqli olaraq onları daha səmərəli şəkildə təyinatı üzrə istifadə etmək imkanı yaradacaqdır. Ən əsası da təklif olunan sahə mövcud sahədən ölçü etibarı ilə 50 faiz artıqdır. Kompensasiya qismində təklif olunan qeyri-yaşayış sahəsinə dair cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onların dəyərinin hazırki əmlakın dəyərindən yüksək olması qənaətinə bu sahə üzrə xüsusi biliyə malik olmadan da gəlmək olar. Həmçinin, təklif olunan əmlakın sahəsi və yerləşmə yeri dəqiq göstərilmişdir ki, bu da gələcəkdə həmin əmlakla bağlı bu kimi məlumatların qeyri-müəyyən olması zəminində mübahisələrin yaranmasının qarşısını alır.

41. Məhkəmə kollegiyası iddiaçının hazırda təklif etdiyi kompensiyanın növünü və ümumi dəyərini, habelə kirayə haqqı olaraq hər ay üçün təklif edilən 1500 manat pul məbləğini məqbul hesab edir və belə qənaətə gəlir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ağlabatandır, lakin məhkəmə kollegiyası cavabdehin iddiaçının təklifinə razı olmamasını nəzərə alaraq hesab edir ki, 110 kv.m. deyil, 115 k.v.m. sahə cavabdehə verilməlidir. Bu iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar üzləşəcəyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymuş olmur. Kollegiya qeyd edir ki, cavabdehin kommunal xətlərinin də çəkilərək ona təhvil verilməsi, həm də tam təmirli vəziyyətdə təhvil verilməsi zəruridir. Həmçinin reyestrdən çıxarış alınması üçün zəruri sənədlərin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi vəzifəsi müəyyən edilməlidir.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericiliyin tələblərini, cavabdehin əmlakının yerləşdiyi sahəyə dair iddiaçının hüquqlarını, iddiaçı ilə razılıq əldə edən digər əmlakların mülkiyyətçilərinin hüquqlarını, kompensasiya məbləği ilə bağlı qənaətini nəzərə alıb, belə qənaətə gəlir ki, kompensasiya müqabilində cavabdehin mülkiyyətində və istifadəsində olan qeyri-yaşayış sahəsi boşaldılaraq, iddiaçıya təhvil verilməli və məhz iddiaçı tərəfindən sökülməlidir. Həmçinin, bu münasibətlərin xarakteri də həmin tikintilərin məhz iddiaçı tərəfindən sökülməsini şərtləndirir.

43. Cavabdehin protokola verdiyi qeyddə, iddiaya etirazda göstərdiyi dəlillər iddianın təmin edilməməsi üçün əsaslar yaratmamışdır. Cavabdehin obyektinin görünüş hissəsinin 7 metr olması, iddiaçının isə təklif etdiyi obyektin görünüş hissəsinin 5 metr olması, cavabdehin obyektinin yer səthində olması, iddiaçının təqdim etdiyi obyektin yer səthindən 2 metr yuxarıda olmasını məhkəmə kollegiyası nəzərə almış və iddiaçının təklif etdiyi sahədən daha artıq sahənin verilməsi qənaətinə gəlmişdir. Cavabdeh şəkillərə əsasən yaşayış binasında sakinlərin yaşamasına əsaslansa da, şəkillərdən aydın olur ki, binada yaşayış olmayan mənzillər daha çoxdur. Qeyd edilənlərə əsasən iddiaçının tələb etmədiyi əlavə məhdudiyyətlər üzərinə qoyulduğu üçün iddia tələbləri qismən təmin edilməlidir.

44. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3491/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri qismən təmin edilməli, İddiaçı MTK-nın qanuni sahibliyində olan ünvan 1 ünvanında yerləşən 0,72 ha. torpaq sahəsində mövcud söküləcək köhnə tikilidən Cavabdeh məxsus (Xətai prospekti 43) 75 kv.m. qeyri-yaşayış sahəsinə 53% sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində, həmin əmlakın yerləşdiyi hissədən, daxili (içdən-içə) sahəsi 115 kv.m. olan, 23 x 5 metr və hündürlüyü 4 metr olan tam təmirli (bütün kommunikasiya xətləri, yəni qaz, işıq, su və sanitar-qovşaqla təmin olunmuş vəziyyətdə) qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməli, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsi vəzifəsinin İddiaçı MTK-ya həvalə edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekt 43 ünvanında yerləşən 75 kv.m. qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılmalı, hazırkı qətnamə icraya yönəldiyi tarixdən qeyri yaşayış sahəsi təhvil verilənədək hər ay 1500 (min beş yüz) manat icarə haqqı İddiaçı MTK tərəfindən Cavabdeh ödənilməli, inşa edilmiş bina rəsmi qaydada təhvil verildikdən sonra həmin binanın tərkib hissəsi olan və Cavabdeh veriləcək qeyriyaşayış sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin Cavabdeh təqdim edilməsi öhdəliyi İddiaçı MTK-nın üzərinə qoyulmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3491/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri qismən təmin edilsin. İddiaçı MTK-nın qanuni sahibliyində olan ünvan 1 ünvanında yerləşən 0,72 ha. torpaq sahəsində mövcud söküləcək köhnə tikilidən Cavabdeh məxsus (Xətai prospekti 43) 75 kv.m. qeyri-yaşayış sahəsinə 53% sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində, həmin əmlakın yerləşdiyi hissədən, daxili (içdən-içə) sahəsi 115 kv.m. olan, 23 x 5 metr və hündürlüyü 4 metr olan tam təmirli (bütün kommunikasiya xətləri, yəni qaz, işıq, su və sanitar-qovşaqla təmin olunmuş vəziyyətdə) qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilsin, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsi vəzifəsi İddiaçı MTK-ya həvalə edilsin, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekt 43 ünvanında yerləşən 75 kv.m. qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılsın. Hazırkı qətnamə icraya yönəldiyi tarixdən qeyri yaşayış sahəsi təhvil verilənədək hər ay 1500 (min beş yüz) manat icarə haqqı iddiaçı tərəfindən Cavabdeh ödənilsin. İnşa edilmiş bina rəsmi qaydada təhvil verildikdən sonra həmin binanın tərkib hissəsi olan və Cavabdeh veriləcək qeyri-yaşayış sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin Cavabdeh təqdim edilməsi öhdəliyi İddiaçı MTK-nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar