Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1145/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5316/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli evlə bağlı cavabdehin 24 iyun 2011-ci il tarixli 432 nömrəli “evin qiymətləndirilməsi barədə ekspert rəyi”nin etibarsız hesab edilməsi və X2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli evin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5316/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu X6, ipoteka qoyan X5 və Gəncə şəhər İcra İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı Kommersiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2-2(113)-5316/2022 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı ASC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, AK/G/001/2009 nömrəli kredit müqaviləsinə əsasən, sonuncuya 35000 (otuz beş min) ABŞ dolları məbləğində kredit ayrılmış, xx.xx.2009-cu il tarixli, AK/G/002/2009 nömrəli ipoteka müqaviləsinə əsasən isə, həmin kreditin təminatı qismində X3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli ev ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi rəsmiləşdirilən zaman ipoteka predmetinin qiyməti təqribən 90 000 (doxsan min) ABŞ dolları müəyyən edilmişdir. Kredit alan müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyi üçün Bank tərəfindən məhkəməyə müraciət edilmiş və Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin 17 yanvar 2011-ci il tarixli, 2(043)-141/2011 nömrəli qətnaməsinə əsasən, kredit müqaviləsi ləğv edilərək, Ələkbərov İlqar T ofiq oğlu və X1 müştərək qaydada 19060 (on doqquz min altmış) ABŞ dolları əsas kredit borcu, 3014 (üç min on dörd) ABŞ dolları faiz borcu, 4000 (dörd min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 26074 (iyirimi altı min yetmiş dörd) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş aparılacaq günə manatla ifadə olunan məzənnə ilə, eləcə də 20 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan və cavabdeh X2 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəzrayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli evə yönəldilməsi, evin açıq hərracda satılmaqla əldə olunan vəsaitin borc öhdəliyinə yönəldilməsi və ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan X3 qaytarılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş müvafiq icra vərəqəsi ilə başlanmış icraat çərçivəsində Kəpəz rayon İcra Şöbəsinin xx.xx.2011-ci il tarixli, 445/11 saylı sifarişi əsasında cavabdeh "xxxx" MMC tərəfindən V.Y.Məhərrəmova məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 1-ci döngə, 43 nömrəli ev 260000 (iki yüz altmış min) manat dəyərində qiymətləndirilnişdir (24 iyun 2011-ci il tarixli, 432 nömrəli akt). İddiaçı hesab edir ki, "xxxx" MMC tərəfindən qiymətləndirmə obyektiv aparılmamış, qiymətləndirmə zamanı əmlakın dəyərinə təsir göstərən faktorlar (əmlakın yerləşdiyi rayon, tələb və təklif, kommersiya cazibədarlığı və s.) düzgün təhlil edilməmiş, qiymətləndirmə metodları düzgün tətbiq edilməmişdir. Rəydə uyğun satışların müqayisə metodundan istifadə edilməklə obyektin yerləşdiyi rayonun əmlak bazarında qiymətləndirilən əmlaka uyğun olan obyektlərin satışları ilə bağlı məlumatların düzgün toplandığı, məlumatların diqqətlə araşdırıldığı qeyd edilsə də, qiymətləndirilən obyektə analoji ola biləcək heç bir obyektin satış qiyməti əks olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən ... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki və Kommersiya kollegiyalarının İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24 noyabr 2021-ci il tarixli 02/2021 saylı Qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əəmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia ərizəsində göstərilən icra sənədi üzrə hərrac keçirilmədiyindən hazırkı mübahisəyə icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyatı məhkəmədə baxılmalıdır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin tələblərini nəzərə alaraq, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Bu baxımdan kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5316/2022 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1145/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1145/2022
22.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver