Məhkəmə qərarları › İş №2-2(103)-1148/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1148/2024

13.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1148/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3171/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh 30000 ABŞ dolları məbləğində pulu İddiaçı 2018-ci ilin dekabr ayında borc götürdüyünü təsdiq edərək, həmin pulu 2020ci il yanvar ayının 16-dək iddiaçıya qaytaracağını göstərmiş, akt Cavabdeh, şahidlər Rəfail Nağıyev və Elvin Tağıyevin imzaları ilə təsdiq edilmişdir.

2. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin müstəntiqi polis polkovnik-leytenantı Əflatun Səlimovun xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında başlanmış cinayət işi üzrə icraata Cavabdeh əməlində cinayət tərkibi olmaması səbəbilə xitam verilmişdir.Həmin qərarda göstərilmişdir ki, cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Cavabdehla İddiaçı arasında şifahi formada razılaşdırılmış şərikli ticarət və öhdəlik münasibətlərindən irəli gələn mülki mübahisənin, o cümlədən mənfəətlə bağlı mübahisənin yarandığı müəyyən edilmiş, özgənin əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi faktı isə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

3. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin, 12.750 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borc, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 290 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edərək, Cavabdeh onun etibarından və inamından sui istifadə edərək 30.000 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirdiyini bildirmişdir. Belə ki, Cavabdeh müxtəlif işlər qurub qazanc əldə etmək adı ilə İddiaçı müraciət edərək, 2018-ci ilin aprel ayında 3.000 ABŞ dolları, 2018-ci ilin noyabr ayında 10.000 ABŞ dolları, 2018-ci ilin dekabr ayında 13.000 ABŞ dolları, 2019-cu ilin fevral ayında 2.500 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirdiyini bildirmişdir. Qeyd etmişdir ki, Cavabdeh onun inamını qazanmaq üçün əvvəllər ona verdiyi pullardan 3.600 manat və 2.000 ABŞ dolları qazanc kimi vermişdir. Lakin sonda 30.000 ABŞ dollarını ona verməmişdir. İddiaçı ilkin müraciəti AR DİN BMCMİ-də araşdırılmış, sonra material aidiyyatı üzrə AR DİN NBPİ-nin Hava Nəqliyyatında polis idarəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh AR CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham irəli sürülmüşdür. xx.xx.2021- ci il tarixdə cinayət işi aidiyyəti üzrə Yasamal RPİ-nə göndərilmiş və cinayət işi müstəntiq Asəf Məmmədovun icraatına verilmişdir. xx.xx.2021-ci il tarixdə Asəf Məmmədovun qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış və onun ifadəsi alınmışdır. Bundan sonra müvafiq olaraq üzləşdirmə və digər istintaq hərəkətləri də həyata keçirilmişdir. İstintaq hərəkətləri zamanı Cavabdeh İddiaçı pul vəsaitini aldğını etiraf etmiş, guya həmin pulu Pakistan Respublikasının vətəndaşına verdiyini qeyd etmişdir. X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla İddiaçı müraciəti mülki xarakterli olduğundan həmin hissə üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun zərəçəkmiş şəxs kimi statusuna xitam verilmiş və material ayrılaraq Yasamal rayon Prokurorluğuna göndərilmişdir. Bundan sonra məhkəmə nəzarəti qaydasında X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından Yasamal rayon Məhkəməsinə şikayət verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(004)- 63/2022 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(004)- 63/2022 nömrəli qərarından tərəfimizdən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(103)- 238/2022 saylı qərarı ilə şikayət təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Asəf Məmmədovun “sübutların qiymətləndirilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarından İddiaçı və onun nümayəndəsi Vəkil verdiyi şikayətin təmin edilməməsinə dair 05 iyul 2022-ci il tarixli qərarı və Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Asəf Məmmədovun “sübutların qiymətləndirilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarı İddiaçı müraciəti üzrə cinayət təqbinin rədd edilməsi hissəsində ləğv edilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorunun diqqəti Azərbaycan Respublikası CPM-in 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb edilməklə, şikayət vermiş şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi üçün qərarın surəti və Yasamal RPİ-nin İstintaq Şöbəsində toplanılmış material araşdırmanın davam etdirilməsindən ötrü Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Bakı şəhəri yasamal Rayon Polis İdarəsinin istitnaq şöbəsinin müstəntiqi, polis mayoru, X6 HK-1/1081 saylı material üzrə xx.xx.2022-ci il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan sonra məhkəmə nəzarəti qaydasında X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qərarından Yasamal rayon Məhkəməsinə şikayət verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 6(004)- 117/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Asəf Məmmədovun qəbul etdiyi İddiaçı müraciəti əsasında HK-1/1081 saylı material üzrə “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 01 oktyabr 2022-ci il tarixli qərarı qanunsuz hesab olunaraq ləğv edilmiş, qərarda göstərilənlər nəzərə alınaraq cinayət işi üzrə cinayətprosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlər yerinə yetirilməklə əlavə araşdırma aparılması, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru tərəfindən cinayət-prosessual qanunvericiliyə uyğun araşdırılmaya nəzarətin həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru, X6 tərəfindən təkrar olaraq HK-1/1081 saylı material üzrə xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan sonra tərəflərindən Yasamal Rayon Polis İdarəsinin istitnaq şöbəsinin müstəntiqi, polis mayoru, X3 xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qərarından rayon prokurorluğuna şikayət verilmiş, rayon prokurorluğu tərəfindən həmin qərar ləğv edilmiş və material araşdırılması üçün aidiyyəti üzrə Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı, Aqil Ələsgərov xx.xx.2023-cü il tarixli “cinayət işi başlanılmasınının rədd edilməsi haqqında” qanunsuz və əsassız qərar qəbul etmişdir. Daha sonra həmin qərar Nizami rayon Prokuroru tərəfindən ləğv edilmiş, material AR DİN BMCMİ-ə göndərilmiş, həmin idarə tərəfindən cinayət işi başlanılmış və ibtidai istintaq davam etdirilməsi üçün Nizami RPİ-yə göndərilmiş, cinayət işi müstəntiq Əflatun Səlimovun icraatına verilmişdir. Əflatun Səlimov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmiş və mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İbtidai istintaq zamanı cavabdeh pul məbləği barədə ziddiyyətli ifadələr versə də, hazırki iddia ərizəsinə əlavə edilən və cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli şahidlərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, cavabdeh özü İddiaçı 2018-ci ilin dekabr ayında 30.000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmiş və həmin pulu qaytamağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı ondan dəfələrlə pulunu qaytarmasını tələb etməsinə baxmayaraq pul vəsaitini qaytarmamış və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. İddia ərizəsindən və əlavə olunan sənədlərdən aydın olur ki, iddiaçı tərəfindən 30.000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə 2018-ci ilin dekabr ayında verilmişdir. Həmin məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınmaqla hesablanmış faiz məbləği illik 2.550 AZN təşkil edir. Pul vəsaitinin verilməsindən 5 ildən çox vaxt keçmişdir. Həmin dövr ərzində ödənilməli olan faiz məbləği 12.750 manat təşkil edir (2.550 AZN*5 il = 12.750 AZN) İddia ərizəsinin məhkəməyə təqdim olunması üçün iddiaçı tərəfindən 290 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bundan başqa hüquqlarının müdafiə edilməsi üçün vəkillə bağladığı hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh xx.xx.2024-cü il tarixində iddia ərizəsinə yazılı etiraz verib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia edir ki, cavabdehin ona 30.000 ABŞ dolları borcu var. Bu yalandır. YRPİ istintaq İdarəsində aparılan araşdırma zamanı polis mayoru Məmmədov Asəf xx/xx/2022 tarixdə , xx/xx/2022 tarixdə HK-1/1081 saylı materialı, yenidən xx/xx/2023 tarixdə HK-1/1081 saylı material üzrə cinayət işinin başlanmasını rədd etmişdir. İddiaçı yalan ifadələr verərək materialın NRPİ baxılmalı olduğunu bildirmış və material xx/xx/2023 ildə NRPİ İstintaq İdarəsinə göndərilmişdir. xx/xx/2023 tarixdə NRPİ İstintaq İdarəsi polis polkovnik-leytenantı Aqil Ələsgərov yenidən cinayət işin başlanmasını rədd etmişdir. Bundan sonra iddiaçı materiala yenidən baxılmasına nail olmuşdur və xx/xx/2024 tarixdə NRPİ İstintaq İdarəsi polkovnik-leytinantı Əflatun Səlimov işə xitam vermişdir. YRPİ , NRPİ istintaq idarələrində aparılan araşdırmalar zamanı iddiaçı ilə onun üzləşmələrində İddiaçı ziddiyyətli ifadələr verməsi və cavabdehin ondan borc aldığı pulları qaytarması sübuta yetirilmişdir. Cavabdehin əməlində heç bir cinayət əməli olmamış və o İddiaçı pullarını mənimsəməmişdir. İddiaçı iddia ərizəsində təqdim etdiyi guya cavabdehin ondan 30.000 ABŞ dolları borc aktı hədəqorxu və təzyiq nəticəsində Qara Qarayev metrosunun yanında yazılmışdır. Həmçinin aktın üzərində oynamalar hiss olunur, bir neçə qələmdən istifadə olunub. Həmçinin aktın heç bir hüquqi qüvvəsi yoxdur. Çünki notarial qaydada təsdiq olmayıbdır. Bu akt cavabdehin iradəsinin əksinə olaraq tərtib olunub. Cavabdehin ondan aldığı pul vəsaitlərin geri qaytarılması bütün hüquq mühafizə orqanlarında aparılan üzləşmələrdə özü etiraf edib. Cavabdehin İddiaçı heç bir borcu yoxdur.

7. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixində iddia ərizəsinə yazılı etiraz verib iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30.000 ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin, 12.750 manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində borcun, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 290 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddiaçı tərəfindən pul vəsaitinin Cavabdeh tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə şikayət ilə Yasamal Rayon Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinə müraciət olunmuş, bu zaman aparılan müvafiq araşdırma və istintaq hərəkətləri zamanı İddiaçı tərəfindən verilən ifadələr ilə istintaq hərəkətlərinin aparılması zamanı ona ünvanlanmış suallara verdiyi cavablar arasında aşkar ziddiyyətlər müşahidə olunmuş, sözügedən borc məbləğinin mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin tərəflər arasında müqavilə münasibətləri də mövcud deyildir. Belə ki, borc məbləğinin predmetinin 3000 manatdan çox olduğu hallarda qanunvericiliklə yazılı forma tələbi müəyyən edilsə də, hazırki iş üzrə belə bir hal mövcud deyil. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, əl yazısı ilə tərtib olunmuş akt ilə bağlı qeyd edilməsi zəruridir ki, qeyd olunan akt qanunvericiliyə zidd formada tərtib olunmuşdur. Belə ki, akt Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tərtib olunmuş və tərtib olunması zamanı cavabdeh zorakılıq və hədə-qorxuya qorxuya məruz qalmış, bununla da arzu etmədiyi halda aktı imzalamağa məcbur olmuşdur. Akt etibarlılıq üçün əsas olan iradə elementinə malik olmadığı üçün özlüyündə etibarsızdır və buna görə də ondan heç bir hüquqi nəticənin irəli gəlməsi mümkün deyildir. Diqqət edilməli məqam ondan ibarətdir ki, iddiaçı tərəfindən şikayət ilə Yasamal Rayon Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinə edilmiş müraciətlər zamanı sözügedən akt təqdim edilməmiş, onun tərəfindən verilmiş ifadədə, üzləşdirmə aparılması zamanı ünvanlanan suallara verilən cavablarda nəinki borc məbləğinin aktda təsdiq olunması, ümumiyyətlə belə bir aktın mövcudluğu ilə bağlı heç bir fikir bildirilməmiş, yalnız məhkəməyə müraciət edildikdən sonra iddiaçı akt olduğunu bildirmişdir. Bu da aktın sübut kimi mötəbərliliyinin sual altına alınması üçün kifayət qədər əsasların olduğunu bir daha göstərir. Qeyd edilməlidir ki, borc müqaviləsi ilə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi borcalanın müqavfiq borc məbləğini qaytarmaq öhdəliyinin və borcverənin tələb hüququnun yaranması üçün müvafiq vəsait ilkin olaraq borcverən tərəfindən borcalana verilməlidir. Lakin yuxarıda münasibət bildirilmiş və borcverənin tələb hüququnun yarandığını əks etdirməyən xüsuslardan başqa iş üzrə iddiaçının verildiyini bildirdiyi borc məbləğini təsbit edə biləcək başqa mötəbər sübutlar mövcud olmamaqla birlikdə, onun tərəfindən təqdim olunmuş akt zorakılıq və hədə qorxu təsirində hazırlanmış və imzalanmışdır. Buna görə də İddiaçı tərəfindən tələb edilən borc məbləğinin Cavabdeh verilməsi sübutlarla təsdiq olunmadığına görə iddiaçının tələbi təmin edilməməlidir.

9. Cavabdeh həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, Əliyev X2 Anar Zülfəli oğlu barəsində şikayət ilə Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. O burada verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ona 2019-cu ilin martında 30000 ABŞ dolları maya dəyəri, qazanc olaraq isə 2-3 min manat verəcəyini bildirmiş, lakin bunu etməmiş və müxtəlif bəhanələr gətirmişdir. Bundan başqa o eyni əsasla Nizami Rayon Polis İdarəsinə də şikayət ilə müraciət etmiş və burada verdiyi izahatda qeyd etmişdir ki, Cavabdeh ona 2019-cu ilin martında 30000 ABŞ dolları maya dəyəri, qazanc olaraq isə 2-3 min manat verəcəyini bildirmiş, lakin bunu etməmiş və müxtəlif bəhanələr gətirmiş və daha sonra İddiaçı oğluna Cavabdeh onu başqa bir neçə şəxslərin etibarından sui-istifadə edərək onları aldatdığı məlum olmuşdur. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində göstərilmişdir ki, “İbtidai istintaq zamanı cavabdeh pul məbləği barədə ziddiyyətli ifadələr versə də, hazırki iddia ərizəsinə əlavə edilən və cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli şahidlərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, cavabdeh özü İddiaçı 2018-ci ilin dekabr ayında 30.000 ABŞ dolları məbləğində borc pul aldığını və həmin pulu qaytamağı öz öhdəsinə götürmüşdür.” Göründüyü kimi İddiaçı Cavabdeh verildiyi iddia olunan pul məbləğinin onun tərəfindən qaytarılmamaqla hüququnun pozulduğunu 2019-cu ildə bilmiş və bununla da iddia müddətinin axımı başlanmışdır. İddiaçı tərəfindən 2024-cü ildə müvafiq tələblə məhkəməyə müraciət olunmuş və bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində daşınmaz əşyalarla bağlı müqavilə tələbləri istisna olmaqla digər müqavilə tələbləri üçün müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Beləliklə, qeyd olunanlar ilə müəyyən edilir ki, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür, bu müddətin bərpasının üzrlü hesab edilməsi üçün əsaslar yoxdur.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3171/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən sübutlar və izahatlar əsasında müəyyən edilmiş hallarından görünür ki, iş üzrə hər iki tərəf fərdi sahibkardır və bir müddət birgə biznes fəaliyyətləri olmuşdur. Belə ki, iddia ərizəsindən, iddiaçının nümayəndəsi, habelə cavabdehin izahatlarından məlum olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 2018-ci ilin aprel, sentyabr, oktyabr, noyabr, dekabr, 2019cu ilin fevral aylarında müxtəlif məbləğlərdə vəsaitlər ödənilmiş, həmin vəsait iddiaçı tərəfindən cavabdehə birgə qazanc əldə edilməsi məqsədilə verilmiş, ödənilən vəsaitlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlər də edilmişdir. İddiaçının nümayəndəsinin, cavabdehin, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş E.Tağıyevin ifadəsindən görünür ki, iddiaçı cavabdehə verilmiş, lakin cavabdeh tərəfindən qaytarılmayan 30000 ABŞ dolları məbləğində vəsaitin bütünlüklə geri qaytarılmasını cavabdehdən tələb etmiş, cavabdeh öz əli yazıb imzaladığı xx.xx.2019-cu il tarixli aktda həmin vəsaiti xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaya qarşı etirazında iddiaçıya hər hansı borcu qalmadığını, göstərilən sənədin ona psixi təsir göstərilərək yazdırıldığını bildirsə də, məhkəmə onun göstərilən arqumentini əsaslı hesab etməmişdir. Belə ki, cavabdeh hüquq mühafizə orqanlarında verdiyi izahatlarında da iddiaçıdan mütəmadi olaraq pul aldığını, həmin pulların qazancla birlikdə iddiaçıya ödənildiyini bildirmiş, qalıq 9400 ABŞ dolları və 14950 manat borcun qalmasını təsdiq etmiş, həmin vəsaiti ödəməli olduğunu, lakin həmin vəsaiti pakistan vətəndaşı X9 verdiyini, sonuncunun onu aldatdığını, X10 barəsində özünün də hüquq mühafizə orqanlarına şikayət etdiyini, bu səbəbdən vəsaiti qaytara bilmədiyini göstərmişdir. Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatında hüquq mühafizə orqanlarında verdiyi izahatların təzyiq altında yazıldığını bildirsə də, bu barədə hər hansı orqana müraciət və ya şikayət etdiyini sübut edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlardan şikayət etməmişdir. Məhkəmə cavabdehin yazılı borc müqaviləsi olmadığı üçün tərəflər arasında bağlanmış müqavilənin etibarlı olmaması barədə dəlili ilə də razılaşmır və bununla bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi hesab edilə bilməz. İşin mübahisəsiz halıdır ki, 30000 ABŞ dolları məbləğində vəsait iddiaçı tərəfindən tərəflərin birgə biznes fəaliyyətinə qoyulmuş məbləğdir. Bu isə Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş borc müqaviləsinin anlayışına uyğun deyildir. Göstərilənlərə əsasən məhkəmə iddianın faktiki əsasını təşkil edən müqaviləyə biznes ortaqları olmuş, sahibkarlar arasında korporativ hüquq münasibətləri çərçivəsində bağlanmış və Mülki Məcəllədə nəzərdə tutulmuş hər hansı müqavilə növünə uyğun gəlməyən müqavilə kimi hüquqi qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Bu səbəbdən məhkəmə qeyd edir ki, iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlanmış, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə iddiaçının hüquqlarının pozulmasını ibtidai istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla onun müraciəti mülki xarakterli olduğundan həmin hissə üzrə cinayət təqibinin başlanılması rədd edilərkən, onun zərəçəkmiş şəxs kimi statusuna xitam verilərkən bilməsi barədə dəlili ilə də razılaşmamışdır. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıq aşkar ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia (30000 ABŞ dolları məbləğində pulun və 12750 manat faiz borcunun tutulması) təmin edilməməlidir.

13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçının cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyini qeyd etmişdir. Halbuki qanunda şəxsin bu hüquqdan istifadə müddəti müəyyənləşdirilmişdir. İddiaçının hüquqdan istifadə etməsi müddətinin qısaldılması barədə məhkəmə sanki iddiaçının üzərinə vəzifə qoymuşdur. Cinayət mühakimə icraatı zamanı hazırki iş üzrə iddiaçının mülki iddia vermək hüququ cinayət işi üzrə məhkəmə çıxışları başlanan ana kimi idi. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar məcəllə ilə müəyyənləşdirilir. İşin halları ondan ibarətdir ki, iddiaçı 2021-ci ildə hüquq mühafizə orqanlarına müraciət etmiş, cavabdeh barəsində cinayət təqibi başlanmış və iddiaçı xx.xx.2021-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla İddiaçı müraciəti mülki xarakterli olduğundan həmin hissə üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, onun zərəçəkmiş şəxs kimi statusuna xitam verilmiş və material ayrılaraq Yasamal rayon Prokurorluğuna göndərilmişdir. Bundan sonra həmin qərar bir neçə dəfə prosessual nəzarəti həyata keçirən prokuror və məhkəmə tərəfindən ləğv edilmiş, yenidən cinayət işi başlanmış və sonda 2024-cü ildə Nizami RPİ-nin qərarı ilə xitam edilmişdir.Yalnız bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi ilə razılaşmalı olsalar da, praktikada olan işlər zamanı illər ərzində məhkəmələr tərəfindən baxılaraq bəraətverici əsaslara (əməldə cinayət tərkibi olmadığından) xitam verilmiş işlər üzrə heç bir zərərçəkmişin məhkəməyə müraciət etmək hüququ yoxdur. Məhkəmə iddia müddətinin axımınınnə vaxtdan başlanmasını, iddia müddətininin axımının kəsilməsini, cavabdehin borcu etirafedici hərəkətlər etməsini, tərəflər arasında cinayət mühakimə icraatı çərçivəsində araşdırma aparılmasını hallarını nəzərər almayaraq, aydınlaşdırılmalı məqamları aydınlaşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri :

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

17. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinəı görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

19. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

21. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

Apellyasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında birgə biznes fəaliyyəti barədə şifahi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 2018-ci ilin aprel, sentyabr, oktyabr, noyabr, dekabr, 2019-cu ilin fevral aylarında şərikli biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək məqsədilə müxtəlif məbləğlərdə vəsaitlər ödənilmiş, ödənilən vəsaitlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya müəyyən ödənişlər edilmişdir. Hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehin ona 30.000 ABŞ dolları məbləğində borcun ödənilməmiş qaldığını iddia edir. Cavabdeh isə iddiaçıya borcunun mövcudluğunu inkar edir və eyni zamanda mübahisəyə iddia müddətinin tətbiqini xahiş edir.

27. Kollegiya qeyd edir ki, sözügedən borcun mövcudluğu cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli akta öz təsdiqini tapır. Bununla yanaşı cavabdeh hüquq mühafizə orqanlarında verdiyi izahatlarında da fərqli məbləğdə olsa belə, (9400 ABŞ dolları və 14950 manat) iddiaçıya ödənilməmiş borcunun qalmasını təsdiq etmişdir.

28. Məhkəmə sözügedən aktın hədə-qorxunun təsiri altında bağlanması, izahatların isə təzyiq altında verilməsi barədə cavabdehin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, cavabdeh aktın hədə-qorxunun təsiri altında imzalanmasını, eləcə də hüquq-mühafizə orqanlarında iddiaçıya borcunun olması barədə izahatları təzyiq altında verməsini bildirsə də, göstərilən halları, o cümlədən təzyiq və hədə-qorxu halları barədə hüquq-mühafizə orqanlarına müraciət və ya şikayət etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

29. Tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması və Mülki Məcəllənin tələblərinə əsasən həmin müqavilənin etibarsız əqd olması barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı özü hüquq-mühafizə orqanlarında verdiyi izahatlarda cavabdehə pul vəsatlərini birgə biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək məqsədilə verdiyini bildirmişdir. Odur ki, tərəflərin arasında yaranmış öhdəlik hüquq münasibətlərində Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtləri mövcud deyildir.

30. Beləliklə, cavabdehin iddiaçıya birgə biznes fəaliyyəti barədə şifahi müqavilə üzrə 30.000 ABŞ dolları məbləğində borcunun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Odur ki, həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia əsaslıdır.

31. Cavabdehin iddiaya birinci instansiya məhkəməsində baxılarkən təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında şifahi müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri 2018-2019-cu ildə yaranmış, cavabdeh 2019-cu ilin noyabrında akt imzalamaqla cavabdehin həmin müqavilə üzrə borcun mövcudluğunu etiraf etmiş və həmin borcu xx.xx.2020-ci il tarixədək ödəməyi üzərinə götürmüşdür. Odur ki, mübahisəli öhdəliyinin icrası üçün güzəştli müddəti xx.xx.2020-ci il tarixdə başa çatdığından həmin tələb üzrə iddia müddətinin axımı xx.xx.2020-cu il tarixdə başlamış və xx.xx.2023-cü ildə başa çatmışdır. Odur ki, iddiaçı hazırkı iddianı xx.xx.2024-cü il tarixdə verməklə müqavilə tələbləri üzrə qanunda nəzərdə tutulmuş iddia müddətini buraxmışdır.

32. Cavabdehin əməlləri barəsində hüquq mühafizə orqanlarına müraciət etməsi və ərizəsi əsasında cinayət işin başlanması və araşdırmanın aparılması, bu baxımından hüquqlarının pozulmasını cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edildiyi tarixdən bilməsi və belə olan halda iddia müddətinin axımının məhz həmin tarixdən başlaması barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin imzalandığı aktda mübahisəli öhdəliyin icrası üçün cavabdehə güzəştli müddət müəyyənləşdirilmişdir(xx.xx.2020). AR Mülki Məcəlləsinin 377.3-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə borcluya tələbin icrası üçün güzəştli müddət verildikdə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

33. Cinayət işi üzrə araşdırmanın gedişində cavabdehin verdiyi ifadələrdə daha az məbləğdə olsa da, iddiaçıya borcunun mövcudluğunu təsdiq etməsi və birinci instansiya məhkəməsinin həmin halı iddia müddətinin axımının kəsilməsinə səbəb olan borcu etirafedici hərəkət kimi nəzərə almaması barədə cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbləri baxımından iddia müddətinin axımının kəsilməsi üçün əsas olan borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə borclunun borcun etirafına və ödənilməsinə yönəldilmiş real hərəkətlər, məsələn, borcun bir hissəsinin ödənilməsi, borcun müəyyən müddət ərzində ödənilməsinə dair vəd verilməsi və s. başa düşülür. Cavabdehin hüquq mühafizə orqanlarında verdiyi ifadələr borcun gələcəkdə ödəniləcəyinə dair heç bir vədi əks etdirməyindən, tələbkarda belə bir əminlik yaratmadığından borcun etiraf edilməsinə yönəldilən real hərəkət kimi qəbul edilə bilməz.

34. Bundan əlavə o da qeyd edilməlidir ki, cinayət işin başlanılması və cinayət iş çərçivəsində araşdırmanın aparılması iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hal kimi də Mülki Məcəllənin müvafiq olaraq 379 və 380-ci maddələrində nəzərdə tutulmamışdur.

35. Odur ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılmasını və iddiaçı tərəfindən iddia müddətinin bərpası barədə vəsatət verilməməsini, eləcə də əsas tələb üzrə iddia müddətinin keçməsinin əlavə tələblər üzrə iddia müddətinin keçməsinə səbəb olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin buraxılması əsası ilə iddianın (30000 ABŞ dolları əsas və 12.750 manat faizlər) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3171/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar