Məhkəmə qərarları › İş №2-2(103)-1149/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1149/2021

04.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1149/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və Cavabdeh3 MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2067/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 MMC-dən, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 1.149.072 (bir milyon bir yüz qırx doqquz min yetmiş iki) manat məbləğində pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması və Cavabdeh3 MMC-nin, Cavabdeh1, Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri olduğundan bununla bağlı qeyd olunan halın araşdırılması məqsədi ilə prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.07.2021-ci il tarixli e-2-2(113)-2067/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh3 MMC-nin nümayəndəsi Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında 26 avqust 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borc alana illik 14 % olmaqla 60 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC ilə Cavabdeh1, Cavabdeh2 və X6 arasında bağlanmış 26 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən X6 mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasını və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyriyaşayış binasını, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətlərindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 nömrəli evin 4 nömrəli mənzili, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 33 nömrəli evin 4, 5, və 9 nömrəli mənzilləri, habelə mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 32 nömrəli evin 1, 8 və 13 nömrəli mənzilləri bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(011)-101/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh3 MMC-yə, Cavabdeh2, Cavabdeh1 və X3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Cavabdeh3 MMCdən kredit müqaviləsi üzrə 56754,88 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində faiz borcunun "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın X2 mülkiyyətində olan və "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyriyaşayış binasına yönəldilməsi, həmin əmlakın: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiymətinin 934740 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh3 MMC-nin banka olan borcunun ödənilməsi, artıq qalan məbləğin X3 geri qaytarılması, həmin ipoteka predmeti satıldıqdan sonra bir ay müddətində cavabdeh X6 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, iddiaçı Cavabdeh3 MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin 31 avqust 2020-ci il olduğu müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(103)-12378/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(011)-101/2019 saylı qətnaməsinin iddiaçı "xxxx" İKB ASC-nin iddiasına münasibətdə, habelə iddiaçı Cavabdeh3 MMC-nin qarşılıqlı iddiasının qismən təmin edilmiş hissəsində, yəni iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin 31 avqust 2020-ci il olduğu müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı "xxxx" İKB ASC-nin iddiası qismən təmin edilmiş, "xxxx" İKB ASCvə Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli, 25-BİZ-2-0-437-15 №-li Kredit müqaviləsinin ləğv edilməsi, "xxxx" İKB ASCvə Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli, 25-BİZ-2-0-437-15 №-li Kredit müqaviləsinə əsasən 05 may 2017ci il tarixə ödənilməmiş 701640 ABŞ dolları məbləğində əsas, 56754,88 ABŞ dolları məbləğində faiz borcu, cəmi 758394,88 ABŞ dolları (yeddi yüz əlli səkkiz min üç yüz doxsan dörd ABŞ dolları səksən səkkiz sent) (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) borcun, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat və xidmət haqqının əvəzi olan 180 manat, cəmi 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh3 MMC-dən tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın X6 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* (bir milyon beş yüz on iki min altı yüz otuz) manat, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiymətinin 934740 (doqquz yüz otuz dörd min yeddi yüz qırx) manat məbləğində müəyyən edilməsi, iddiaçı "xxxx" İKB ASC-nin iddiasının qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi, iddiaçı Cavabdeh3 MMC-nin qarşılıqlı iddiasının iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixli 23-BİZ-2-0-437-15 nömrəli kredit müqaviləsinin 1.8-ci bəndinə uyğun olaraq kreditin bağlanma tarixinin 31 avqust 2020-ci il olduğunun müəyyən edilməsi hissəsində təmin edilməməsi, əmlakın qiymətləndirilməsinə dair keçirilmiş məhkəmə ekspertizasının xərci olaraq Cavabdeh3 MMC-dən 500 (beş yüz) manat məbləğində pulun tutularaq "xxxx" MMC-nin hesabına, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının və məhkəmə sənədlərinin texniki ekspertizasının xərci hesabına Cavabdeh3 MMC-dən cəmi 206,52 manat (iki yüz altı manat əlli iki qəpik) məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3067/2020 saylı 03.09.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli, 2(103)-12378/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, "xxxx" İKB ASC-nin Cavabdeh3 MMC-yə və qeyrilərinə qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş Bakı şəhər Xətai Rayon Məhkəməsinin icraatında olan zaman iş üzrə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qərardad qəbul edildikdən sonra ipoteka predmetləri olmuş, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135.5 kv.m ümumi, 101.6 kv.m yaşayış, 33.9 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzilin, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 135.5 kv.m ümumi, 101.6 kv.m yaşayış, 33.9 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 4 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57.5 kv.m ümumi, 14.8 kv.m yaşayış, 42.7 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 5 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən, 1 otaqlı, 57.8 kv.m ümumi, 15.6 kv.m yaşayış, 42.2 kv.m yardımçı sahədən ibarət 33 nömrəli evin 9 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 4 otaqlı, 67.1 kv.m ümumi, 46 kv.m yaşayış, 21.1 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 1 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 1 otaqlı, 16 kv.m ümumi, 12 kv.m yaşayış, 4 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 8 nömrəli mənzilin, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən, 2 otaqlı, 27.5 kv.m ümumi, 24.4 kv.m yaşayış, 3.1 kv.m yardımçı sahədən ibarət 32 nömrəli evin 13 nömrəli mənzilin sökülməsi müəyyən edilmişdir. Bu halla bağlı bank tərəfindən 09 fevral 2018-ci il tarixli vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müvafiq sorğu edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 23 fevral 2018-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, yuxarıda qeyd olunan mənzillər "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilib və hazırda da yüklüdür. Həmçinin Bank tərəfindən Cavabdeh3 MMC-yə verilmiş kreditin təminatı olmasını nəzərə alaraq Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Sabit Rəhman küçələrində yerləşən yuxarıda qeyd olunan mənzillərin yerləşdiyi ünvanlarda söküntü işlərinin hansı şirkət tərəfindən aparılması və həmin ərazidə tikinti işlərinin hansı şirkət tərəfindən həyata keçirilməsi ilə bağlı Banka ətraflı məlumat verilməsi üçün 28 fevral 2018-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyətinə və Nərimanov rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 05 aprel 2018-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski və Sabit Rəhman küçələrində yerləşən yuxarıda qeyd olunan mənzillərin yerləşdiyi ünvanlarda söküntü və tikinti işləri Cavabdeh3 MMC tərəfindən aparılmışdır. "xxxx" İKB ASC-nin əmlakın bazar qiymətinin müəyyən edilməsi barədə rəylərə əsasən ipoteka ilə yüklü edilmiş mənzillərin bazar dəyəri müəyyən edilmişdir. Qeyd olunan mənzillərin ümumi dəyəri 1.149.072 manat təşkil edir. Cavabdeh3 MMC-nin nümayəndəsi iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 25.3.2-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək vəzifələrini daşıyır. Mülki Məcəllənin 269.10-cu maddəsinin tələblərinə görə girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Hazırki işdə də iddiaçı ipoteka saxlayan kimi ipoteka predmeti olan daşınmaz əmlakların sökülməsi nəticəsində ona zərər vurulduğuna istinad edir. Zərərin ödənilməsi məsələlərini tənzimləyən Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki ümumiyyətlə zərərin mövcud olması müəyyən olunmur. Belə ki, 09 aprel 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqavilələrindən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 28.11.2019-cu il tarixli 2(103)-12378/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Dərnəgül qəsəbəsində yerləşən, 1680,7 kv.m. ümumi, 1255,8 kv.m. əsas, 424,9 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binası və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən, 1038,6 kv.m. ümumi, 1038,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış binası hərraclara çıxarılmış və müvafiq olaraq 964.301,62 manat və 595.896,75 manat dəyərində İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə olunmuşdur. Beləliklə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli 2(103)-12378/2019 nömrəli qətnaməsi ilə iddiaçının xeyrinə cavabdeh “X10” MMC tərəfindən tutulmalı olan məbləğ cəmi 758.394,88 ABŞ dolları təşkil edir və qeyd olunan məbləğ hazırda manata uyğun məzənnə ilə təxmini 1.289.271,3 (758.394,88 x 1.7) manat təşkil edir. Bank tərəfindən qəbul edilmiş ipoteka predmetlərinin ümumi dəyəri isə 1.560.198,37 (964301,62 + 595896,75 = 1560198,37) manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də bildirdi ki, həmin qətnamə əsasında cavabdehdən tutulmalı olan cəmi kredit məbləği ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin dəyərləri ilə tam ödənilmiş, habelə həmin əmlakların öz mülkiyyətinə keçirmək üçün iddiaçı bank tərəfindən əlavə məbləğ də ödənilmişdir. Göründüyü kimi ipoteka ilə yüklü edilmiş mənzillərin sökülməsi ipoteka saxlayan kimi iddiaçının heç bir hüququnu pozmur. Çünki həmin mənzillər iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanmış 26 avqust 2015-ci il tarixdə kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsi üzrə ödənilməli olan borc isə digər ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin hesabına tam olaraq ödənilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Göründüyü kimi hal-hazırda ipoteka predmeti olan mənzillərin sökülməsi iddiaçının heç bir hüququna toxunmur və ona zərərin dəyməsinə səbəb olmur. Belə olan halda isə digər şərtlərin yoxlanılmasına heç bir zərurət yoxdur və iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda iddiaçının hüquqlarının pozulması müəyyən edilmədiyinə görə onun tərəfindən verilmiş xüsusi qərardadın çıxarılması barədə vəsatətin təmin edilməsi üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2067/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 26.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar