Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1149/2024 20.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “sənədlərin verilməsi” ” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-7588/2024 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 2 iyul 2019-cu il tarixli podrat müqaviləsinə əsasən Tikintidə Dövlət Nəzarəti Jurnalının, podratçı layihələri, çızgiləri, ekspert rəylərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7588/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında mübahisə vardır. Mübahisənin başlanğıc səbəbləri də tərəflər arasında olan müvafiq sənədləşmə prosesidir. Məhkəmə qərarları ilə də müəyyən olunur ki, "xxxx" (Haven Park) MMC iddia ərizəsində qeyd edilən sənədləri təqdim etmədiyindən "İnşaat Konstruksiyaları” MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmir. Bu səbəbdən də MMC maddi ziyan çəkməkdədir. Belə ki, MMC bu günədək sənədləşmə işlərinin və müvafiq olaraq digər xərclərin ödənilməsi üçün kifayət qədər xərc çəkmişdir. Məhkəmə isə qeyd edir ki, qeyd edilən sənədlərin alınması ilə bağlı iddia ərizəsi məhkəmədə baxıla bilməz. Hesab edilir ki, iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun verildiyindən məhkəmə qaydasında baxılmalı idi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Məhkəmə ərizəni icraata qəbul etməkdən imtina edərkən qeyd etmişdir ki, qeyd olunan sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə kollegiyası bu qənaətlə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının ərizəyə əlavə etdiyi xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (xx.xx.2024-cü ildən Cavabdeh MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 02 iyul 2019-cu il tarixdə "xxxx" MMC arasında bağlanmış Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 3M-946 nömrə ilə qeyd edilmiş podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-592/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 02 iyul 2019-cu il tarixdə bağlanmış podrat müqaviləsinin ləğv edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 262/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli, 2-2(103)-115/2021 saylı qətnaməsi iddiaçı "xxxx" MMC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur. İddiaçının mövqeyinə görə "xxxx" MMC-nin həmin sənədləri təqdim etmədiyindən "İnşaat Konstruksiyaları” MMC kifayət qədər maddi ziyan çəkmişdir. Müqavilənin bağlanılmasından 5 il keçməsinə baxamayaraq "xxxx" MMC bu günədək həmin sənədləri təqdim etməmişdir. Halbuki, sənədləşmə işlərinin və müvafiq olaraq digər xərclərin ödənilməsi üçün MMC kifayət qədər xərc çəkmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Məhkəmə həmin məcəllənin 153.2.1-ci maddəsində qeyd edilən əsasa, yəni ərizə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə əsasına istinad edərək ərizəni icraata qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edilən maddənin tələbinə riayət etməmişdir. Belə ki, məhkəmə tərəflər arasında mübahisənin mövcud olmasını, qüvvədə olan podrat müqaviləsinə əsaslanan və sənədləri istəyən iddiaçının hüquqi marağının olmasını nəzərə almadan əsassız olaraq ərizəni icraata qəbul etməkdən imtina etmişdir. Məhkəmə iddiaçının hansı orqana müraciət etməli olduğunu göstərməyib. Tərəflər arasında müqavilənin olması iddiaçının sənədləri istəməsində hüquqi marağının olmasını təsdiq edir və bu hal kifayət edir. Hüququn pozulması məsələsi isə iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində müəyyən edilmir. Bu məsələ prosesin növbəti mərhələsində (baxışda) müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, məhkəmə prosessual pozuntuya yol verməklə yolverilməzliyə əsas olmadan iddianın icraata qəbul edilməsindən hüquqi əsas olmadan imtina etmişdir. Ona görə məhkəmənin qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi və iddiaya mahiyyəti üzrə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7588/2024 saylı qərardadı ləğv edilsin, iddia ərizəsinin icraata götürülməsi və işə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə (hazırlıq icraatı mərhələsinə) qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-1149/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1149/2024
20.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver