Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1149/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və “X8” MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2320/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. “xx.xx.2022-ci il tarixli 6-SME-1-911-22 saylı Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 MMC-yə 29%-lə 120 ay müddətinə 500.000 manat kredit limiti ayrılmışdır.
2. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq 07 iyul 2022-ci il tarixində Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. • Həmin müqavilələrin: • 1.1-ci bəndinə əsasən bu Müqavilənin predmetl xx.xx.2022-ci il tarixli 6-SME-1-911 22 saylı kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra- Kredit Müqaviləsi) bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. • 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada İcra edilmədlkdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. • 4.2-ci bəndinə əsasən kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penlya), borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. • 4.3-cü bəndinə əsasən zamin Borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Kreditor qarşısında ona (Zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır.
3. Cavabdeh1 MMC xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 % olmaqla 36 ay müddətinə 200000 manat məbləğində kredit götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 185653,07 manat əsas borc, 17317,47 manat faiz və 260.60 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 203231,14 manat məbləğində borcun və ödənilmiş 493,23 manat dövlət rüsumunun ödənilməsi; Tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 MMC-yə İddiaçı ASC-nin “MXD” filialından illik 29%-lə 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə İddiaçı ASC”dən illik 16%-lə 36 ay müddətinə 200000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzili 07 iyul 2022-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü etmiş, Cavabdeh2 ilə 07 iyul 2022-ci il tarixli zaminlik müqavilələri bağlanılmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixədək Cavabdeh1 MMC-nin 03 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 185653.07 manat əsas, 17317.47 manat faiz və 2606.01 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 205576.55 manat borcu vardır. Cavabdeh1 MMC-nin banka 03 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2606.01 manat təşkil etməsinə baxmayaraq, 260.60 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirirşə münasibətini bildirmir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh İsgəndərov Şahin İbrahim oğlunun kredit və ipoteka müqavilələri üzrə öhdəliyi olmadığı üçün onun adının cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş və vəsatət təmin edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2320/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və “X8” MMC-dən müştərək qaydada 185642,46 manat əsas borc, 17317,47 manat faiz borcu, 260,60 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 493,23 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi,tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 350.000 manat məbləğində müəyyən edilsin; Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbi ödənilməsi,satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 və “X8” MMC-dən müştərək qaydada tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2 və “X8” MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN**********, hesab: AZ34CTRE********************) hesabına köçürlüməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 2024-cü il dekabrın 3-dək Cavabdeh1 MMC-nin banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 185653,07 manat əsas borc, 17317,47 manat faiz, 2606,01 manat cərimə borcu olmaqla cəmi 205.576,55 manat borcu vardır. 16.İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 iyul 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir. Azərbaycan Respublikası ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 9/2300 saylı rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 6-SME-1-911-22/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 202.969,09 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə 185.642,46 manat; faiz borcu 17.326,63 manat müəyyən edilmişdir. 20.“X7 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli 95 nömrəli mütəxəsis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzilin bazar qiyməti 385000 manat, likvid qiyməti 350000 manat müəyyən edilmişdir. İddiaçının maliyyə arayışda göstərilən tarixə yaranmış borc tutularkən xx.xx.2023-cü il tarixli 6-SME-1-911-22/2 saylı kredit müqaviləsinə əsasən əsas borc ekspert rəyi ilə daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun, faiz borcu isə iddia tələbində daha aşağı müəyyən edildiyi üçün iddia tələbinə uyğun müəyyən edilərək cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə 185642,46 manat əsas borc, 17317,47 manat faiz borcu, 260,60 manat dəbbə pulu yarandığını belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri Cavabdeh2 və “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. 42.Bundan əlavə iddiaçı borc məbləği üzrə tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh2 ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir. ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, mənzilin satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASCnin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılmalı, o cümlədən satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdehlər Cavabdeh2 və “X8” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutulmalıdır. X7 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli 95 nömrəli mütəxəsis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzilin bazar qiyməti 385000 manat, likvid qiyməti 350.000 manat müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzilin likvid qiyməti 350.000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir.
8. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2320/2025 nömrəli qətnaməsinin təmin edilən hissədə ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mühasibatlıq ekspertizası keçirilərkən tərəfimizdən ödənilmiş məbləğlərlə bankın təqdim etdiyi sənədlər arasında qanunauyğunsuzluqlar aşkar edilib. Ekspertiza rəyi indiki bazar qiymətinə uyğun olmayan və insanların mənafelərinə toxunan əsasız rəy qəbul etmişdir. Məhkəmə tərəfindən nəzərə alınmayan yuxarıda qeyd olunan sübutlardan və faktlardan açıq-aşkar müəyyən olunur ki,ərizəçi bir sıra ədalətsizliyə yol vermişdir. Birinci instansiya məhkəməsi-Cavabdeh1 MMC və digərlərinə qarşı çıxarılan əsassız və qanunsuz ekspertiza rəyində olan faktları və dəlilləri dəyərləndirmədən və dəyərləndirməmənin səbəblərini qətnamədə açıqlamadan iddia tələbini qəbul edərək qanunsuz qətnamə qəbul etmişdir.Qətnamə əsassız olduğu üçün ləğv olunmasını xahiş edirik
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
12. İddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
15. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.
16. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
20. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
21. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
28. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
29. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
30. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
34. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
37. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı
13. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
14. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.
15. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.
16. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin olunması ilə bağlı hissədə qismən - əsas borcluya və ipoteka qoyana aid hissələrdə - yoxlanılması təşkil edir. Çünkü iddianın ipoteka qoyana və əsas borcluya qarşı yönəlmiş hissəsi bölünməz xarakterlidir,ipoteka qoyanın şikayətinin dəlilləri qətnamənin əsas borcluya aid hissələrdə də yoxlanılmasını zəruri edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Məhkəmə kollegiyası xüsusilə qeyd etmək istəyir ki, apellyator apellyasiya şikayətində iddia tələbinin təmin olunmamasını xahiş etsədə, şikayətin dəlilərinə əsasən əsas borc məbləğini və ipoteka predmetinin qiymətini mübahisələndirildiyi müəyyən olunur.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə mahiyyəti üzrə düzgündür.
45. Borc məbləğlərinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun irəli sürdüklərinə münasibətdə kollegiya qeyd edir ki, o nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə kredit borcunun (əsas və faiz) xx.xx.2024-cü il tarixə (borcalana pretenziya məktubunun çatdırıldığı tarixə) olan məbləğləri dəqiqləşdirilmişdir.
46. Qeyd olunmalıdır ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş ekspert rəyində isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından yenidən ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir.
47. Bununla belə kollegiya, apellyatorun şikayətinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsini əsaslı hesab edir:
48. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsində əmlakın bazar dəyəri 290000 (iki yüz doxsan min) manat müəyyən edilmiş, lakin qeyd edilən dəyərin ilkin satış qiyməti olmadığı və yalnız kredit verilməsi, onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi üçün istifadə edilməsi barədə razılığa gəlmişlər.
49. Birinci instansiya məhkəməsi isə əmlaka qiymət qoyarkən özünün sifarişi əsasında əldə etdiyi qiymətləndirici rəyini əsas götürmüşdür – hansı ki, həmin rəydən aydın olur ki, qiymətləndiricinin ipoteka predmeti olan əmlaka baxış keçirməsi mülkiyyətçi Şahin Müsayev tərəfindən şərait yaradılmadığından iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillər və analoji göstəricilərə malik oxşar mənzillərə əsasən nəzəri qiymətləndirilmə aparılmışdır.
50. “X7 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli 95 nömrəli mütəxəsis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.3 kv.m sahədən ibarət olan 100 nömrəli mənzilin bazar qiyməti 385000 manat, likvid qiyməti 350000 manat müəyyən edilmişdir.
51. Ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyasının hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi əmlakın likvid dəyəri olaraq 350.000 manatı əmlakın ilkin satış qiyməti olaraq müəyyənləşdirilməkdə haqlı olmuşdur.
52. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ipoteka predmetinin dəyəri müəyyən edilərkən yalnız bazar dəyəri deyil, bazar qiyməti nəzərə alınmaqla likvid dəyəri əsas götürməlidir.
53. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2320/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.