Məhkəmə qərarları › İş №2-2(103)-115/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-115/2022

09.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-115/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh X1 Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4141/2021 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh X1 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 28.04.2021-ci il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 15165,95 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 24000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və fondlara ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 28.04.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 28.04.2021-ci il tarixə yaranan borcuna görə 24000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə 29.04.2021-ci il tarixli, **********3 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-2(103)- 4141/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4141/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə edilməməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandılmışdır ki, cavabdehin 16.07.2021ci il tarixində ödədiyi və 17.07.2021-ci il tarixində şəxsi hesab vərəqəsinə yazılmış 1500 (min beş yüz) manat vəsait borcdan çıxılmayıb. Eyni zamanda cavabdehin 27.08.2021-ci il tarixində ödədiyi 1200 (min iki yüz) manat və 20.09.2021-ci il tarixində ödədiyi 780 (yeddi yüz səksən) manat vəsait şəxsi hesab vərəqəsinə yazılmayıb və borcdan çıxılmayıb. Nəticədə cavabdehin məhkəmə qətnaməsinə çıxana qədər iddiaçıya borcu 11686,50 (on bir min altı yüz səksən altı manat, 50 qəpik) manat (17466,50-2300-1500-1200- 780=11686,50 manat) olduğu halda məhkəmə qətnaməsində əsassız və qanunsuz olaraq, cavabdehdən tutulmalı olan borc məbləği 15165,95 manat göstərilib. Ümumiyyətlə iddiaçı cavabdehin əmlakını siyahıya alarkən və əmlakın siyahıya alınması barədə protokolu tərtib edərkən, bununla bağlı qərar qəbul edərkən cavabdehin səlahiyyətli şəxsinin iştirakını təmin etməyib, siyahıya alınan əmlaka baxış keçirməyib, siyahıya alınma barədə sənədlərlə tanış olması və həmin sənədlərə dair mövqeyini bildirməsi üçün ona şərait yaradılmayıb. Bütün bu proseslər cavabdehin və səlahiyyətli şəxsinin məlumatı olmadan aparılıb. Cavabdehin rəhbər şəxsi olan Azər Abdullayevin 30.03.2021-ci ildən 06.10.2021ci ilədək xəstəliyi ilə bağlı bülletendə olması və müalicə alması bütün bu faktları tam təsdiq edir. Həmçinin əmlakın siyahıya alınması barədə protokolda və qərarda cavabdehin səlahiyyətli şəxsi Azər Abdullayevin adının qarşısında “imtina etdi” sözlərinin yazılması, protokola yalnız siyahıya alınmış əmlakın küçə tərəfdən giriş qapısının şəklinin çəkilməsi bütün bu hüquq pozuntularının mövcudluğunu tam təsdiq edir. Eyni zamanda iddiaçı cavabdehin əmlakını 24000 manata qiymətləndirsə də əmlakın real bazar qiymətinin həqiqətən həmin məbləğdə olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməyib. Əksinə iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı əmlakı 24000 manata qiymətləndirərkən 1998-ci ilə uyğun olan qiymətləri əsas tutub. Bu da öz növbəsində əmlakın bu günə olan real bazar dəyərindən olduqca azdır. İşə baxan birinci instansiya məhkəməsi isə əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin etməmiş və iddiaçının müəyyən etdiyi qiyməti hər hansı əsaslı şübhəyə məruz qoymamışdır. Halbuki, əmlakın yerləşdiyi ərazi və onun istənilən növ sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün uyğun olan qeyri-yaşayış sahəsi (ticarət obyekti) olması nəzərə alınarsa, iddiaçının müəyyən etdiyi 24000 manat əmlakın real bazar dəyərindən olduqca aşağı olduğunu müəyyən etmək olar. Maddi hüquq normasının tələblərindən göründüyü kimi əmlakın siyahıya alınması zamanı vergi ödəyicisinin əmlakın siyahıya alınması zamanı iştirakı zəruridir. Lakin əmlakın siyahıya alınması zamanı vergi ödəyicisi olan cavabdeh (səlahiyyətli nümayəndəsi) bu prosesdə iştirak etməyib, bu prosesdən tam xəbərsiz olub. Çünki həmin dövrdə cavabdehin rəhbəri Azər Abdullayev ağır xəstəlikdən əziyyət çəkdiyindən, bülletendə olduğundan ümumiyyətlə evdən çıxa bilməyib və müalicə alıb. Belə olan halda onun guya əmlakın siyahıya alınması barədə sənədləri imzalamaqdan imtina etməsi absurddur. Cavabdeh (səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştiraka cəlb edilmədiyindən ona hüquq və vəzifələri də izah edilməyib. Qeyd edildiyi əmlakın siyahıya alınması prosesi cavabdehin (səlahiyyətli nümayəndəsinin) məlumatı və iştirakı olmadan həyata keçirildiyindən siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarı və özlərinin səlahiyyətlərini təsdiq edən sənədləri cavabdehə (səlahiyyətli nümayənəyə) təqdim edilməyib. Əmlakın siyahıya alınması barədə protokolda fotoşəkillərin əlavə edildiyi qeyd edilsə də, sənədə yalnız əmlakın küçə tərəfdən qapı hissəsinin fotoşəkli əlavə edilib. Bu fakt tam təsdiq edir ki, əmlaka baxış keçirilməyib, əmlakın içəridən fotoşəkilləri çəkilməyib, əmlakın siyahıya alınma prosesi qiyabi olaraq, qanunvericiliyin kobud pozuntuları ilə həyata keçirilib. Maddi hüquq normasının tələblərindən göründüyü kimi vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilməli olduğu halda iddiaçı qanunvericiliyin bu tələbini kobud şəkildə pozaraq siyahıya alınmış əmlakı qanunvericiliyin tələblərinə cavab verən formada qiymətləndirməyib. İşə baxan birinci instansiya məhkəməsi sübutlara obyektiv hüquqi qiymət verməyib. İddiaçı əmlakın siyahıya alınması barədə protokolu və qərarı məhkəməyə təqdim etsə də, məhkəmə cavabdehin (səlahiyyətli nümayəndəsinin) həmin prosesdə iştirak edib-etməməsini, həmin sənədlərin cavabdehə təqdim edilib-edilməməsini, sənədlərin rəsmi qaydada cavabdehə təqdim edilib-edilməməsi qətiyyən aydınlaşdırmayıb. Məhkəmə əmlakın real dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmədən, əmlakın real dəyəri barədə iş materiallarında sübutun olub-olmamasını aydınlaşdırmadan iddiaçının qanunsuz və qeyrimüəyyən formada əmlaka qoyduğu qiyməti heç bir şübhəyə məruz qoymadan əsaslı sayıb. Nəticədə cavabdehin siyahıya alınmış əmlakı real dəyərindən qat-qat aşağı məbləğə qiymətləndirilib. Cavabdehin səlahiyyətli nümayəndəsi (rəhbəri) Azər Abdullayev ağır xəstəlikdən əziyyət çəkdiyi üçün 30.03.2021-ci ildən 06.10.2021-ci ilədək bülletendə olub və müalicə alıb. Bu səbəbdən o, məhkəmə iclaslarında iştirak edə bilməyib, iş üçün mühüm əhəmiyyəti olan sübutları məhkəməyə təqdim edə bilməyib. Bu sübutlar Azər Abullayevin müalicə olunması səbəbindən işdən azad olunması barədə bülletenlər və iddiaçıya olan borcundan 3480 manatı ödəməsini təsdiq edən qəbzlərdir. İş üzrə obyektiv və qanuni qətnamənin qəbul edilməsi üçün həmin sübutların iş materiallarında olan başqa sübutlarla birlikdə araşdırılması və onlara obyektiv hüquqi qiymət verilməsi zəruridir. İşə apellyasiya qaydasında baxılması 16.02.2022-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsinin iştirakının təmin edilməsi üçün 02.09.2022-ci il, 09.03.2022-ci il tarixə təxirə salınmış, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2ci maddəsini nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4141/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən 21 aprel 2021-ci il tarixdə cavabdehə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair ********** saylı bildiriş göndərilərək, 21.04.2021-ci il tarixinə ümumilikdə 17466,50 manat, muzdlu və qeyri muzdlu işdən ldə edilən gəlirlər üzrə 13690,60 manat, faizlər üzrə 3775,90 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının “vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 28.04.2021-ci il tarixli, **********3 nömrəli qərarı ilə cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehə məxsus əmlak 29.04.2021-ci il tarixdə siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********3 saylı protokol, həmin protokola 1 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Əmlakın siyahıya alınması haqqında **********3 saylı 29.04.2021-ci il tarixli protokola edilmiş 14 saylı əlavədə cavabdehə məxsus 24000 manat məbləğində qeyriyaşayış sahəsi siyahıya alınmışdır. İddiaçı tərəfindən 06.05.2021-ci il tarixdə cavabdehə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq 29.04.2021-ci il tarixdə 24000 manat dəyərində olan əmlakın siyahıya alınması bildirilmiş, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etməmiş, iddiaya yazılı etiraz və ya ödənişlə bağlı hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi işdəki Azərbaycan Respublikası Konstitusiyasının 73cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1, 23.1.6-cı, 89.1-ci, 89.7-ci, 89.10cu, 90.1-ci, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə istinad edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəliləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qətnamə qəbul edərkən 27.08.2021-ci il tarixdə ödədiyi 1200 manat və 20.09.2021-ci il tarixində ödədiyi 780 manat məbləği nəzərə almamışdır. İş materiallarından görünür ki, cavabdeh ödənişlər barədə birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmiş, ödənişlər yalnız apellyasiya şikayətinə əlavə edilmişdir. Sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini səbəbi kimi, apellyasiya şikayətində cavabdehin 30.03.2021-ci ildən 06.10.2021-ci ilədək bülletendə olması və müalicə alması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş ödəniş qəbzləri MPM-nin 372-ci maddəsinə əsasən sübut kimi qəbul edilə və mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, MPM-nin 10-1.3-cü kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Məhkəmə hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi olduğundan və mübahisəyə baxmış məhkəmə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən olduğundan cavabdehin məhkəmə iclaslarında iştirak etmədən də iddiaya etirazın əsası kimi istinad etdiyi sübutları elektron kabinet vasitəsi ilə təqdim etmək imkanı olduğu üçün onun birinci instansiya məhkəməsində işə baxılan dövrdə xəstə olması və müalicə alması sübutları təqdim etmək imkanından məhrum etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəməsi ona təqdim edilmiş sübutlar əsasında işə baxaraq mübahisəni düzgün həll etdiyindən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni əsaslar müəyyən edilmir. Məhkəmə izah edir ki, cavabdehin borc məbləği üzrə həyata keçirdiyi ödənişlər qətnamənin icra mərhələsində nəzərə alınmalıdır. Vergi orqanı tərəfindən cavabdehin əmlakı siyahıya alınarkən yol verilmiş pozuntularla bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarları inzibati icraat qaydasında mübahisələndirmək hüququna malik olmuş, lakin bu hüququndan istifadə etməmiş və həmin inzibati aktlar qanuni qüvvəyə minmişdir. Hazırkı icraat çərçivəsində vergi orqanının inzibati aktlarının qanuniliyi və əsaslılığının yoxlanılması mümkün olmadığından apellyasiya şikayəti bu hissədə də əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4141/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 06.10.2021-ci il tarixli e-2-2(113)-4141/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar