Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-115/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kommersiya işi Açar söz: müqavilənin vaxtından əvvəl ləğv edilməsi, kredit borcu Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2499/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 12 avqust 2021-ci il tarixli, MKOS 064/05-21 saylı kredit müqaviləsinə əsasən bank 20.000 manat məbləğində krediti illik 23%-lə 24 ay müddətinə borc alanın mülkiyyətinə vermiş, borc alan isə həmin kreditdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, dövriyyə vəsaitinin artırılması məqsədi ilə istifadə etməyi və onu müqavilədə göstərilən müddətdə və qaydada hesablanmış faizləri ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin: 1.2-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, dövriyyə vəsaitinin artırılması məqsədilə verilir. 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 23% olmaqla cərimə faizi ödəyir. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. 3.4.1 və 3.4.3-cü bəndlərinə görə kredit və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək və bankın tələbi əsasında dəbbə pulunu və vurulmuş zərəri ödəmək borcalanın vəzifəsidir. 6.4 və 6.5-ci bəndinə görə bu müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi tarixdən hüquqi qüvvəyə minir və borc alan tərəfindən əsas borcu, faizlər, cərimə və dəbbə pulu banka tam həcmdə ödənildikdən sonra müqavilə öz qüvvəsini itirir. Kredit müqaviləsi hər iki tərəfin imzası və borc verənin möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı ASC (bank) ilə Cavabdeh1 və Cavabdeh3 (zaminlər) arasında 12 avqust 2021-ci il tarixli, MKOS 064/05-21 saylı zaminlik müqaviləsi bağlanmışdır.
4. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilələrə görə zamin, borc alanın 12 avqust 2021-ci il tarixli, MKOS 064/05-21 nömrəli kredit müqaviləsinə əsasən Bankdan 24 ay müddətinə, illik 23% olmaqla aldığı 20.000 manat məbləğində kreditin, həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. 2.1-ci bəndinə əsasən borcalanın bank qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin (kredit müqaviləsi üzrə kredit (əsas) borcu, faizlər, cərimə faizi, dəbbə pulu, məhkəmə xərcləri, notariusun icra qeydi xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, habelə bu müqavilədə və ya kredit müqaviləsində nəzərdə tutulan hallardan biri və ya bir neçəsi baş verdikdə bank borcun məcburi qaydada alınması üçün məhkəmədə iddia qaldıra və ya icra qeydi verilməsi üçün notariusa müraciət edə bilər. 3.1.1-ci bəndinə əsasən borcalan bank qarşısında öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, bank zamindən verilmiş kreditin və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər.
5. 12 avqust 2021-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 20.000 manat, faizin məbləği 5.139,16 manat, cəmi ödəniləcək məbləğ 25.139,16 manat məbləğində müəyyən edilmişdir.
6. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il taixli sonuncu maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı ASC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 saylı kredit müqaviləsi üzrə 17.339,96 manat məbləğində əsas, 4.419,36 manat məbləğində faiz, 3.415,44 manat dəbbə pulu məbləğində ödənilməmiş borcu qalmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli, 9/6183 saylı ekspert rəyinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 nömrəli krеdit müqaviləsi üzrə xx.xx.2022-cü il tarixə ödənilməli əsas borcu 17.339,96 manat, faiz borcu 796,75 manat, xx.xx.2023-cü il tarixə ödənilməli əsas borcu 17.339,96 manat, faiz borcu 4.419,36 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
8. İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktubuna əsasən yaranmış borcun 10 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 064/05-21 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 Banka olan 17.339,96 manat əsas, 4.419,36 manat faiz, 3.415,44 manat cərimə borcu olmaqla, cəmi borcu 25.174,76 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 210 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən (borclu – Cavabdeh2, zaminlər - Cavabdeh1 və Cavabdeh3) birgə qaydada tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 064/05- 21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 23% olmaqla, 24 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, MKOS № 064/05-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 17.025,18 manat əsas, 3.410,12 manat faiz, 3.415,44 manat cərimə borcu olmaqla, cəmi borcu 23.850,74 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixdə Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etsələr də, cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin mediasiya sessiyasında həlli mümkün olmamışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MKOS № 064/05-21 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 46 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində borcalanın kredit borcunu artırmaq hüququ vardır, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalanın bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. 2.7-ci bəndə əsasən zamin borcalan tərəfindən öhdəliyin icra olunmaması və ya lazımınca icra olunmaması ilə əlaqədar borcun məcburi qaydada alınmasını nəzərdə tutan məhkəmə qərarı/qətnaməsi tam icra olunub başa çatanədək hesablanan faiz borcunun banka ödənilməsini təmin etməlidir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2499/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 17.339,96 manat məbləğində əsas borc, 796,75 manat məbləğində faiz borcu və 900 manat məbləğində dəbbə pulu, cəmi 19.036,71 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh2 kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 20.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə Cavabdeh2 iddiaçıya əsas və faiz borcu yaranmışdır.
13. Kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh2 kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyi tarixə (xx.xx.2022-ci il tarixə) əsas borcunun 17.339,96 manat və faiz borcunun 796,75 manat məbləğində olması müəyyən edilmişdir.
14. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC Cavabdeh2 xəbərdarlıq məktubu göndərməklə mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar olaraq borcun ən qısa müddət ərzində ödənilməsini tələb etmiş və borc 10 gün müddətində (yəni xx.xx.2022-ci il tarixədək) ödənilmədiyi təqdirdə tərəflər arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv ediləcəyi bildirmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh bank tərəfindən müəyyən edilmiş əlavə müddət ərzində mübahisəli kredit müqaviləsi üzrə gecikdirilmiş borcu ödəmədiyindən həmin müqaviləyə xx.xx.2022-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 ekspert rəyi ilə mübahisəli kredit müqaviləsi üzrə əsas borcun 17.339,96 manat və kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyi tarixə (xx.xx.2022-ci il tarixə) faiz borcunun 796,75 manat məbləğində təşkil etməsi müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, əsas borcun tutulması hissəsində iddia təmin edilməli, iddiaçının xeyrinə mübahisəli müqavilə üzrə 17.339,96 manat məbləğində əsas borc, faiz borcunun tutulması hissəsində isə iddia qismən təmin edilməli, iddiaçının xeyrinə mübahisəli müqavilə üzrə 796,75 manat məbləğində faiz borcu tutulmalıdır.
16. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 900 manat məbləğində müəyyən edilməlidir.
17. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2021-ci il tarixli MKOS 064/05-21 saylı kredit müqaviləsi üzrə borc alanın bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit və faiz olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə haqlıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2499/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, məhkəmənin mövqeyi əsassızdır. Belə ki, İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli, 2449 №li pretenziya məktubunda qeyd olunan məbləğ həmin tarixə olan gecikdirilmiş borc məbləğidir. Lakin, İddiaçı ASC tərəfindən məhkəmədə mübahisələndirilən ümumi borc məbləğidir. Həmçinin, iş materiallarında olan pretenziyadan da göründüyü kimi pretenziya xx.xx.2022-ci il tarixdə göndərilib, yəni Konstitusiya Məhkəməsinin müvafiq Qərarından əvvəl göndərilmişdir. Onu da nəzərinizə çatdırmaq istəyirik ki, Konstitusiya Məhkəməsinin həmin Qərarı maddi hüquq normalarının şərh edilməsini özündə ehtiva etmişdir. Belə olan halda isə həmin qərarın geriyə qüvvəsi qeyri-mümkündür və bu qərar xx.xx.2023-cü ildən sonrakı münasibətlərə şamil olunmalıdır. Həmçinin, iş materiallarında olan hesabdan çıxarışdan göründüyü kimi, cavabdehin bu günə olan əsas və faiz borcu ümumilikdə 25410 AZN təşkil etmişdir. Məhkəmə işə baxarkən borc münasibətlərindən irəli gələn məsələlərə diqqət yetirməmiş və borcalanın bu günə olan ümumi borcunu düzgün qiymətləndirməmişdir. Kreditin zaminliklə təmin olunması işə daha həssas yanaşılmasını tələb edir. Araşdırma doğru olmadığından məhkəmə həm əsas borclu, həm də zamin barəsində yalnış borcun tutulması qənaətinə gəlmişdir. İşin hallarından görünür ki, sübutlar məhkəmə tərəfindən hərtərəfli araşdırılmamışdır. Belə ki, ekspert rəyinin pretenziyanın göndərilmə tarixinə olan məbləği miqdarında iddia təmin edilmişdir. Halbuki pretenziya xx.xx.2022 tarixdə, yəni Konstitusiya Məhkəməsinin müvafiq Qərarından əvvəl göndərilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
21. Cavabdeh2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
22. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
23. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
24. Qətnamə iddiaçı tərəfindən qismən – faiz borcunun rədd edildiyi hissədə hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2499/2023 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 4120,20 manat məbləğində faiz borcu tutulmalıdır.
26. İşdən görünür ki, iddiaçı bankın tələbi əsas borcla bağlı hissədə tam təmin edilmiş, müqavilə üzrə faiz və dəbbə pulu borcu ilə bağlı hissədə qismən təmin edilmişdir. İddiaçı apellyasiya şikayətinin iddianın tam təmin edilməsini xahiş esə də, rədd edilmiş dəbbə pulu tələbi ilə bağlı hər hansı mülahizə irəli sürməmişdir. Məhkəmə hazırda əsas borcun 17.339,96 manat təşkil etdiyi nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən MM-nin 467-ci maddəsinə istinad edilməklə dəbbə pulu borcunun 900 manat müəyyən edilməsi mütənasiblik prinsipinə uyğundur.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında kredit müqaviləsinin ləğv edildiyi tarix düzgün müəyyən edilmədiyindən müqavilə üzrə cavabdehlərdən tutulmalı olan faiz borcu da düzgün hesablanmamışdır. İşdən görünür ki, iddiaçı cavabdehlərdən 4.419,36 manat faiz borcu tutulmasını xahiş etmiş, məhkəmə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərildikdən 10 gün sonra kredit müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə nəticəyə gələrək həmin tarixə müqavilə üzrə 796,75 manat məbləğində faiz borcu yarandığını müəyyən etmiş və faiz borcunu bu hissədə təmin etmişdir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
29. Hazırkı halda bank tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubunda bütün kredit borcunun qaytarılması deyil, yalnız gecikdirilmiş borcun ödənilməsi tələb edildiyindən bank tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsi olmadığı üçün bu məktubda ödəniş üçün müəyyən edilmiş 10 günlük müddətin bitməsi kredit müqaviləsinin ləğvinə səbəb olmamışdır.
30. İşdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia qaldırarkən cavabdehlərdən kreidt borcunun tam qaytarılmasını tələb etmişdir. Belə olan halda, müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı kreditroun iradə ifadəsi iddia irəli sürülməklə qarşı tərəfə çatdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixə xx.xx.2023-cü il tarixə cavabdehlərin müqavilə üzrə faiz borcunun məbləğinin 4419,36 manat təşkil etdiyi, 1 günə düşən faizin isə 11,08 manat olduğu qeyd edilmişdir. İddia qaldırıldığı tarixlə xx.xx.2023-cü il arasında 27 gün fərq olduğundan müəyyən olunur ki, adi riyazi hesablama ilə iddia qaldırılan tarixə müqavilə üzrə qalıq faiz borcunun 4120,2 manat təşkil etdiyi müəyyən olunur.(11,08x27=299,16; 4419,36-299,16=4120,2). Buna görə də məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamə faiz borcun hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 4120,20 manat məbləğində faiz borcu tutulmalıdır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023cü il tarixli Qərarının qərar qəbul edilməzdən əvvəl yaranmış münasibətlərə şamil edilməli olmadığına dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları yeni norma yaratmadığından, mövcud qanun normalarının düzgün tətbiq edilməsi məqsədi ilə onların şərhi ilə bağlı qəbul edildiyindən yalnız qərar qəbul edildikdən sonra yaranmış münasibətlərə şamil edilməli olduğuna dair mülahizə əsassızdır.
32. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2499/2023 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 4120,20 manat məbləğində faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2499/2023 nömrəli qətnaməsi faiz borcu hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 4120,20 manat məbləğində faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.