Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1151/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-91/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə cavabdehdən 2032413,81 ABŞ dolları əsas borc, 1382780,04 ABŞ dolları faiz borcu, 529330,89 ABŞ dolları cərimə olmaqla, cəmi 3944524,74 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 dekabr tarixli 2-2(81)- 91/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 2011-ci il 27 aprel tarixli 114/0-USD saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc kimi 2032413,81 ABŞ dolları, faiz borcu 1238417,48 ABŞ dolları, 200 ABŞ dolları cərimə borcu, cəmi 3270831,29 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. İddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsas və faiz borcunu azaldarkən Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini əsas götürmüşdür. Lakin cavabdeh qrafik üzrə ödənişlərdə gecikmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Əgər cavabdeh qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi, o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2-2(103)-209/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2-2(81)-91/2019 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. İddiaçı LPO İddiaçı ASC və Cavabdeh MMC həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.03.2021-ci il tarixli 2-2(102)-6/2021 saylı qərarı ilə hər iki kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 19 mart tarixli 2- 2(103)-209/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə hazırki apellyasiya qaydasında baxılarkən Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə mühüm hallardan biri olan kreditin təminatı ilə bağlı heç bir araşdırma aparmamışdır. İddiaçı iddia qaldırarkən qeyd etdiyi kreditin təminatlarını qeyd etməmiş və tələbin hamin ipoteka predmetlərinə yönəldilməsini tələb etməmişdir. Faktiki isə qeyd olunan kreditin təminatı kimi Bakı şəhəri Səbail rayonu, Nizami kilsəsi 130-cu məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binada 10 ədəd mənzil olan pay hüququ ilə bankda girov qoyulmuşdur. 18.02.2018-ci il tarixə həmin girov paylarının dəyəri ******* manat təşkil etmişdir. İddiaçı ilə cavabdeh arasında 18.02.2018-ci il tarixli 2 nömrəli Tələbin güzəşti müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilir ki, cavabdeh bankdan aldığı kredit borcunun müqabilində girov qoyduğu mənzil tikinti kooperativində olan pay üzrə hüquqlarını banka güzəşt edir. Müqavilənin 2.1-ci bəndində isə göstərilir ki, cavabdeh "xxxx" MMC-nin banka cəmi 2629911,83 ABŞ dolları məbləğində kredit borcu vardır. Müqavilənin 2.3-cü bəndində göstərilir ki, tərəflərin qarşılıqlı razılığına əsasən pay hüquqlarının qiyməti ******* manat müəyyən edilmişdir. Müqavilənin 2.7-ci bəndində göstərilir ki, müqavilənin 2.2-ci bəndində qeyd edilən mənzillər üzərində mülkiyyət hüququ kreditorun xeyrinə dövlət qeydiyyatına alındığı tarixdən borcalanın borcu paylarım dəyəri həcmində əvəzləşdirilmiş hesab edilir. Əgər mənzillər üzərində kreditorun mülkiyyət hüququ qeydiyyata alınmazsa kreditor hazırki müqaviləyə xitam verə bilər. Qeyd olunan əmlaklar 25.06.2016-ci il tarixdə bankın balansına götürülmüşdür. Tələbin güzəşti müqaviləsinin şərtinə əsasən həmin tarixdən borc faktiki bağlanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə etdi və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ASC-nin Cavabdeh MMC arasında 27 aprel 2011-ci il tarixli 114/0-USD saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank tərəfindən borcalan 12 ay müddətinə illik 15 faiz ödənilməsi şərti ilə 970000 ABŞ dolları məbləğində kredit verilməsi razılaşdırılmışdır. Tərəflər arasında 27 aprel 2011-ci il 114/0-USD saylı kredit müqaviləsinə əlavə imzalanmışdır. Həmin müqaviləyə edilmiş 25 aprel 2012-ci il tarixli 02 saylı əlavə sazişə əsasən kredit xətti 24.04.2013-cü il tarixinə kimi uzadılmışdır. 19.08.2013-ci il tarixli 03 saylı əlavə sazişə əsasən Bank tərəfindən Cavabdeh MMC-yə ayrılmış kredit və açılan akkreditivlər üzrə qalıq borc məbləğləri birləşdirilərək qarşılıqlı razılıq əsasında 1927748,87 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh MMC ilə İddiaçı ASC arasında bağlanmış 15.04.2014-cü il tarixli 04 saylı əlavə sazişə əsasən cavabdehin qalıq borc məbləği 2032413,81 ABŞ dolları məbləğində müəyyən edilmiş və kreditin müddəti 30.01.2015-ci il tarixinə kimi uzadılmışdır. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 2032413,81 ABŞ dolları, faiz borcu 1382780,04 ABŞ dolları, cərimə 529330,89 ABŞ dolları, cəmi borcu isə 3944524,74 ABŞ dolları təşkil edir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh MMC və ödəyici X5 arasında üçtərəfli 18.02.2016-cı il tarixli 2 nömrəli Tələbin güzəşti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalanın banka olan cəmi borcu 2629911,83 ABŞ dolları təşkil edir (2.1-ci bənd). Ödəyicinin "xxxx" MTK-da Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 130-cu məhəllədə inşa edilən binada 80, 81, 84, 85, 86, 128, 129, 130 saylı mənzillərə pay hüquqları vardır (2.2-ci bənd). Həmin payların ümumi qiyməti ******* manat təşkil edir (2.4-ci bənd). Ödəyici 2.2-ci bənddə qeyd edilən bütün paylar üçün haqqını tam ödəmiş və maliyyə arayışı almışdır (2.5-ci bənd). Tərəflər razılaşır ki, borcalanın 2.1-ci bəndində qeyd olunan borcunun əvəzinə ödəyici 2.2-ci bənddə göstərilən pay hüquqlarını kreditorun xeyrinə güzəştə gedir. Kreditor isə qeyd edilən pay hüquqlarını qəbul edir (2.6-ci bənd). Müqavilənin 2.2-ci bəndində qeyd edilən mənzillər üzərində mülkiyyət hüququ kreditorun xeyrinə dövlət qeydiyyatına alındığı tarixdən borcalanın borcu payların dəyəri həcmində əvəzləşdirilmiş hesab edilir. Əgər mənzillər üzərində kreditorun mülkiyyət hüququ qeydiyyata alınmazsa kreditor hazırki müqaviləyə xitam verə bilər (2.7-ci bənd). Kollegiya qeyd edir ki, həmin müqavilə Mülki Məcəllənin 194.1-cü maddəsi (tələbin güzəşt edilməsi) və 431.1-ci maddəsində (öhdəliyin üçüncü şəxs tərəfindən icra olunması) nəzərdə tutulmuş müqavilələrin ünsürlərini əhatə edən qarışıq müqavilədir (Mülki Məcəllənin 390.4-cü maddəsi). X1 qeyd olunan pay hüquqları üzrə tələblərini kreditor İddiaçı ASC-yə güzəşt etmiş və bunun əvəzində borcalan Cavabdeh MMC-nin kreditor İddiaçı ASC-yə olan kredit borcu ödənilmiş hesab edilmişdir. Eyni zamanda iş materiallarında olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 32.5, 308.2-ci maddələri ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-67/2021 saylı 08 may 2021-ci il tarixli hökmündə müəyyən olunmuşdur ki, İddiaçı ASC-yə girov predmeti olaraq qoyulmuş Yaşar Hacıyevə məxsus mənzillər təqdim olunmuş tələbin güzəşti müqaviləsi əsasında bankın problemli kreditlər departamentinin əməkdaşı tərəfindən bankın adına Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən qeydiyyat çıxarışının alınması təmin edilmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan kollegiya hesab edir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh MMC və ödəyici X5 arasında bağlanmış üçtərəfli 18.02.2016-cı il tarixli 2 nömrəli Tələbin güzəşti müqaviləsi icra olunmuşdur. Belə olan halda isə iddiaçı kredit müqaviləsi üzrə borcu təkrarən cavabdehdən tələb edə bilməz. Ona görə də, iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-91/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı onun xeyrinə cavabdehdən 2032413,81 ABŞ dolları əsas borc, 1382780,04 ABŞ dolları faiz borcu, 529330,89 ABŞ dolları cərimə olmaqla, cəmi 3944524,74 ABŞ dolları məbləğində borcun tutulması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-2(103)-1151/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1151/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver