Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1155/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Tofiq Səməd oğlu Səmədovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3059/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16.02.2021-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş 448375,61 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 455000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.08.2021-ci il tarixli e-2-2(113)-3059/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən göründüyü kimi iddiaçı iddia tələbini əsaslandıran sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh iddiaçının istinad etdiyi borc məbləğləri ilə razılaşmamış və müxtəlif instansiyalara müraciət etmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 16.02.2021-ci il tarixə yaranan borcuna görə 455000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 23.02.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 16.02.2021-ci il tarixə olan borc məbləğindən dövlət büdcəsinə 448375,61 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh MMC Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16.02.2021-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında Cavabdeh MMC-yə məxsus 455000 manat dəyərində daşınmaz əmlak siyahıya alınmış və bu barədə 16.02.2021-ci il tarixli **********2 nömrəli protokol tərtib edilmişdir. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 455000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia təmin edilməlidir. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, Vergi Xidmətinin elektron sistemindən çıxarılmış Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, hazırkı iddia ərizəsində qeyd olunan tarixə, yəni 16.02.2021-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 448375,61 manat borc mövcud olmuşdur. Bundan başqa məhkəmə bildirişləri cavabdehin qeydiyyat ünvanına göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3059/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Tofiq Səmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1155/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1155/2021
26.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver