Məhkəmə qərarları › İş №2-2(103)-1156/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1156/2022

01.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1156/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı müstəqil auditor hesabatının ləğvi tələbinə iş üzrə Açar sözlər: iddia ərizəsinin qəbul edilməsindən imtina Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı müstəqil auditor hesabatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6468/2022 nömrəli iş üzrə 31 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraicət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli müstəqil auditor hesabatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya rəsmi qaydada verilməsi qərara alınmışdır.

3. Qərardadın əsaslarına görə, “... mülki qanunvericilikdə hüquqi şəxslərin, o cümlədən Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti ilə əlaqədar məcburi və könüllü auditin keçirilməsi imkanı və əsasları nəzərdə tutulmuşdur. Lakin auditor rəyi özlüyündə yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə gəlmək mümkün deyildir. Həmin rəy əsasında qəbul ediləcək və iddiaçı üçün hər hansı hüquqi nəticə yaradacaq sənədlər və əqdlər məhkəmə qaydasında mübahisələndirilə və ya iddiaçı həmin sənədə sübut qismində istinad edilərək ona qarşı tələb irəli sürüldüyü halda audit rəyinə etiraz edərək həmin rəyin əsassızlığına dair dəlillərini irəli sürə bilər. Belə olan halda məhkəmə hesab edir ki, müstəqil auditor rəyi özlüyündə hüquqi nəticə yaradan sənəd olmadığından audit rəyinin özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz.”

4. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, cavabdeh işində ciddi nöqsanlara yol vermiş, qərəzli olaraq mübahisələndirilən hesabatı tərtib etmişdir. Sözügedən hesabat ləğv edilməyəcəyi təqdirdə iddiaçıya xüsusilə külli miqdar maddi zərər dəyəcək. "xxxx" MMC-nin 2010-2019-cu illər üzrə fəaliyyəti və maliyyə vəziyyəti ilə bağlı MMC-nin direktoru Mirzahid Ağayevin birgə iştirakçıları Bürhan Həmidov və Namiq Hacıyevlə məhkəmədə baxılan iş üzrə Auditorlar Palatasının sərbəst auditoru Cavabdeh tərtib etdiyi xx.xx.2021-ci il tarixli “Audit Hesabatı” onun tərəfindən məlumatların bir qismi bilərəkdən səhv formada göstərilməklə saxtalaşdırılmış rəqəmlər, şişirdilmiş göstəricilər qeyd edilməklə cavabdeh tərəfin sifarişini yerinə yetirmişdir. Qeyd edilən sifariş Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-41/2022 nömrəli kommersiya mübahisəsinə baxılan zaman edilmişdir. İşə baxan Sumqayıt Kommersiya Məhkəməsi sözügedən qətnaməni qəbul edərək iddianı qismən təmin etmiş və cavabdeh "xxxx" MMC-dən 25.553,83 manat məbləğdə dividend, ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə 452.436 ABŞ dolları məbləğdə pul vəsaiti və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını qət etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəalarının təhlili göstərir ki, iki halda məhkəmədə mülki işə başlamaq mümkündür: - 1. pozulmuş hüququn bərpası üçün; - 2. qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən auditor hesabatının tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu irəli sürür. Ona görə də, hesabatın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə həmin aktın ümumiyyətlə mübahisələndirilməsinin mümkünlüyünün yolverilən olub-olmaması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş auditor hesabatının iddiaçının hər hansı güman edilən hüququnu pozubpozmamasının müəyyən olunmasından asılıdır. Bu kontekstdə, cavabdeh tərəfindən tərtib edilmiş auditor hesabatı özü-özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin hesabat cavabdehin audit sübutlarına əsaslanaraq həyata keçirdiyi auditor fəaliyyəti nəticəsində onda hansı qənaətin formalaşdığını göstərir. Bununla da, mübahisələndirilən audit hesabatının tərtib edilməsi nəticəsində iddiaçı hər hansı hüquqi məsuliyyətə cəlb olunmamışdır, orada yalnız cavabdehin aşkar etdiyi halların təsviri və bununla bağlı mövqeyi əks olunmuşdur. Həmin rəy əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar qəbul edildikdə, artıq həmin andan etibarən iddiaçının hüquqlarının fərz olunan pozuntusundan söz edilə bilər. Müvafiq olaraq iddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirməlidir. Çünki hesabatın tərtib edilməsi və həmin sənədin məlumatları nəzərə alınmaqla iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdir. Audit hesabatı tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Belə ki, şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və sair. Bu mənada, cavabdehin audit hesabatı özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun tərtib edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyil.

9. Belə olan halda, audit hesabatının mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti ola bilməz. Çünki, bu qəbildən hüquqi sənədlər onu təqdim edən tərəflərin tələb və etirazlarını əsaslandıran halları təsdiq edən sübut növlərindən biri hesab olunduğundan, sübut qismində təqdim edildiyi qurumda tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir, onların qabaqcadan müəyyən edilmiş qüvvəsi isə yoxdur.

10. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən üç halda imtina edilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.

11. İddiaçının şikayətindən də görünür ki, mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli audit hesabatı konkret məhkəmə mübahisəsinin - Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmuş 2-2(119)-41/2022 nömrəli kommersiya işinin materiallarında olan sübutlardan biridir və bu barədə sözügedən iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnamədə də qeyd olunmuşdur.

12. Bu mənada, məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, müstəqil auditor hesabatı özlüyündə hüquqi nəticə yaradan akt olmadığından, hesabatın iddiaçının hüquqi sferasında əlverişsiz dəyişikliklər yaratması da istisna olunur. Həmin hesabata istinadən hər hansı hüquqi məsuliyyət yaradan qərar qəbul edilərsə, iddiaçı həmin qərarı mübahisələndirə bilər.

13. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6468/2022 nömrəli iş üzrə 31 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar