Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1156/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3056/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının reyestrinin, həmçinin 2019-cu ildən 2024-cü ilədək olan dövrün illik və maliyyə hesabatlarının, nizamnaməsinin və səhmdarlarının ümumi yığıncağının protokolunun iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı səhmlərin alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-7441/2025 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Sözügedən səhm alqı-satqısı ilə bağlı iddiaçı qanunvericiliyin tələblərinə riayət etməmiş, nəticədə cavabdehin direktoru olduğu dövrdə müxtəlif tarixlərdə qanunsuz və əsassız səhm alışı və satışı həyata keçirmişdir. Həmin iş hazırkı işlə birbaşa əlaqəli olduğundan e- 2-2(113)-7441/2025 saylı işə baxılıb qurtarmayanadək hazırkı işə baxılması mümükün deyil və əks hal obyektiv olmayan nəticələrə gətirib çıxaracaqdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.4 və 49.4.6-cı maddəsinə əsasən, hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icraorqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə səhmdarlara (payçılara) münasibətdə ədalətsiz və ya onlara ziyan vuran əqdlərin bağlandığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 107-10.5-ci maddəsinə əsasən, cəmiyyətin icra orqanı üzvlərinin şəxsi marağı ilə cəmiyyətin maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən, habelə bu Məcəllənin 49-1.6-cı maddəsində nəzərdə tutulmuş hallarda cəmiyyətin icra orqanının rəhbəri və ya digər üzvləri müvafiq məlumatı cəmiyyətin direktorlar şurasına (müşahidə şurasına), o olmadıqda, səhmdarların ümumi yığıncağına yazılı şəkildə təqdim etməlidirlər. Cəmiyyətin maraqlarına zidd olan əqdlərin bağlanılması, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, müvafiq idarəetmə orqanının qərarı əsasında həyata keçirilə bilər. Həmin Məcəllənin 107- 10.6-cı maddəsinə əsasən, cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamaqdan əvvəl bu barədə məlumatı mediada açıqlamalıdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-7441/2025 saylı işə baxılıb qurtarana qədər hazırkı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3056/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə icraatın iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X9, İddiaçı və X4 qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3056/2025 nömrəli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı əsaslandırılmamışdır və ya nə ilə əsaslandırılması göstərilməmişdir. Belə olan halda işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə əlaqədar olaraq hazırkı iş üzrə icraatın dayandırılması yolverilməzdir. Belə ki, MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş məcburi qarşılıqlı bağlılıq mövcud deyildir. Məhkəmə qərardadın əsaslandırıcı hissəsində qeyrimüəyyənlik ifadə etmişdir. Hazırkı halda bu hal prosessual qanunvericiliyin tələbinə uyğun deyildir. Əgər dayandırma üçün məcburi hüquqi əsas yoxdursa, icraatın dayandırılması ədalətli məhkəmə araşdırması və ağlabatan müddət tələblərinə zidd sayılır. Məhkəmənin qərardadında ərizənin nə üçün təmin edilməsi əsaslandırılmamış, məhkəmənin bu qənaətə gəlməsinin səbəb və əsası müəyyən edilməmişdir. Cavabdeh şikayətə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı səhmlərin alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)- 7441/2025 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır və həmin iş hazırkı işlə birbaşa əlaqəli olduğundan e-2-2(113)-7441/2025 saylı işə baxılıb qurtarmayanadək hazırkı işə baxılması mümükün deyil. Belə ki, hesab edir ki, sözügedən səhm alqı-satqısı ilə bağlı İddiaçı qanunsuzluq edərək, nəticədə cavabdehin direktoru olduğu dövrdə müxtəlif tarixlərdə qanunsuz və əsassız səhm alışı və satışı həyata keçirmişdir. Buna görə də, iddiaçı Cavabdeh ASC cavabdehlər İddiaçı, X9 və X4 qarşı “qiymətli kağız mülkiyyətçilərinin reyestrindən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən İddiaçı adına qeydə alınmış 99 səhmə dair alqı-satqı müqaviləsinin, X7 adına qeydə alınmış 4 ədəd səhmə dair alqı satqı müqaviləsinin, X3 adına qeydə alınmış 1 ədəd səhmə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan hər iki iş bir-birilə birbaşa əlaqəli olduğundan hesab edir ki, Bakı Kommersiya Məhkəməsi olduqca ədalətli qərar verərək, 2(113)-3056/2025 saylı iş üzrə icraatı dayandırmışdır. Bildirir ki, cavabdeh hazırda iş üzrə icraatın dayandırılmasından şikayət verərək, yalnız qanunvericiliklə tərəflərə məxsus hüquqlardan formal istifadə etmək niyyəti ilə şikayət etmişdir. Belə ki, cavabdeh şikayətində bu işlərin bir-birilə əlaqəli olmadığını qeyd edərkən, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı İsa oğlu və digərlərinə qarşı “səhmin alqısatqısına dair müqavilələrin etibarsız hesab edilməsinə dair” iddia tələbinin təmin olunma ehtimalını nəzərdən qaçırtmışdır. İddiaçı Cavabdeh ASC-nin qeyd olunan iddia tələbi təmin olunduğu təqdirdə, həmin sənədlərin cavabdeh İddiaçı tələb etmək hüququ artıq mövcud olmamış sayılır. Çünki həmin məlumatlar artıq qanunun tələbinə uyğun olaraq, kommersiya sirri sayılmış olacaqdır. Buna görə də, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair e-2-2(113)-7441/2025 saylı işə baxılıb qurtarana qədər hazırkı mülki iş icraatının davam etdirilməsi gələcəkdə obyetiv qərar çıxarılmasına maneə yaradacaqdır. Eyni zamanda məhkəmənin diqqətinə bir nüansı da çatdırır ki, hazırda Cavabdeh ASC-nin İddiaçı və digərlərinə qarşı həm Bakı Kommersiya Məhkəməsində, həm də digər məhkəmələrdə 30-a yaxın iş mövcuddur. Belə ki, İddiaçı Cavabdeh ASC-nin yeni direktoru təyin olunan zaman qanunvericiliyin tələblərini pozaraq, heç bir təhvil-təslim etməmiş, icarə ödənişlərində qanunsuzluqlar edərək icarə haqqlarını balansa köçürməmiş və s. kimi özbaşınalıqlar etmişdir. Nəticədə şirkətə olduqca zərər və ziyan dəymişdir. Bütün qeyd ounanlara əsasən, hesab edir ki, hazırkı mülki işin icraatının dayandırılması olduqca əsaslı və qanunidir. Məhkəmə kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3056/2025 nömrəli qərardadı ləğv edilməli və kommersiya işi iş üzrə icraatın dayandırılması barədə vəsatətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Kineskop Rusiya Federasiyasına qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarında milli məhkəmə tərəfindən iş üzrə icraat iki dəfə - preyudisial əhəmiyyət kəsb edən inzibati işə baxılmasına qədər və ekspertiza keçirilməsi ilə əlaqədar dayandırılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedent praktikasında formalaşmış kriteriləri və işin hallarını nəzərə almaqla məhkəmə araşdırmasının müddətinin hədsiz olmasına və “ağlabatan müddət” tələbinə cavab verməməsinə qərar vermişdir. Kollegiya qeyd edir, MPM-də (254.1.4-cü maddə) Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmadığı halda iş üzrə icraatın dayandırılmalı olması barədə prosessual norma yer almışdır. Lakin məhkəmələr tərəfindən həmin norma tətbiq edilərkən o da nəzərə alınmalıdır ki, icraatın dayandırılması məhkəmə icraatının müddətinin əhəmiyyətli dərəcədə uzadılmasına səbəb olur ki, bu da öz növbəsində şəxsin hüquqlarının məhkəmə müdafiəsi mexanizminin effektivliyinin azalması və şəxsin “ağlabatan müddətdə” məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, şəxsin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi nöqte nəzərdən MPM-in 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması məsələsi həll edilərkən məhkəmə tərəfindən mübahisənin daha tez bir zamanda baxılmasına imkan verən digər prosessual vasitələrdən istifadə edilməsinin mümkünlüyü nəzərdən keçirilməlidir. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və iş vəsatətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən vəsatətə yenidən baxılarkən hazırkı qərardadda əks olunan hüquqi mövqe nəzərə alınmalı, o cümlədən MPM-in 169.3-cü maddəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin icraatında olan eyni tərəflərin iştirak etdiyi bir-biri ilə bağlı olan iki işin bir icraatda birləşdirilməsi imkanı dəyərləndirilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3056/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1156/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1156/2025
24.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver