Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1158/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Abdullayev Nofəl Rəhman oğlunun katibliyi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin cavabdeh “X1” MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2701/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 09.03.2021-ci il tarixinə dövlət büdcəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə 4.701,84 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 21.455 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi Puta-Korgöz-Qızıldaş-Sahil yolu 9-cu km 6 ünvanda yerləşən cavabdehə məxsus sahəsi 61,3 kv.m. olan, 21.455 manat məbləğdə qiymətləndirilən daşınmaz əmlak (qeyri-yaşayış binası - 1 mərtəbəli buraxılış məntəqəsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına tam xüsusi mülkiyyət hüququ üzrə qeydə alnmış ümumi sahəsi 3.202,9 kv.m. olan əmlak kompleksinin tərkib hissəsinə daxildir, yəni siyahıya alınmış buraxılış məntəqəsi dövlət reyestrində ayrıca qeydiyyata alınmadığına görə, əmlak kompleksinin bir elementi olan buraxılış məntəqəsi açıq hərracda müstəqil əmlak kimi satıla bilməz. Bununla əlaqədar olaraq, 19.03.2021-ci il tarixli protokol və əlavədən, həmçinin, vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında aktdan görünür ki, Qanuni nümayəndə 19.03.2021-ci il tarixli protokolda siyahıya alınmış əmlakla bağlı razılaşaraq əmlakın siyahıya alınması zamanı irad və təkliflərini bildirməsi ona təklif olunarkən, siyahıya alınmış əmlakla bağlı heç bir fikir bildirməmişdir. Yuxarıda qeyd edilənlərə görə, cavabdehin rəhbərinin göndərilmiş xəbərdarlıq və bildirişlərə əsasən məlumatlı olması ki, dövlət büdcəsinə olan vergi öhdəliyi yerinə yetirilmədiyi təqdirdə əmlakın açıq hərracda satılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi və siyahıya alınmış əmlakın əmlak kompleksinin tərkib hissəsi olması barədə məlumat verməməsi siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə razılaşmağa dəlalət etdiyindən, qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 19.03.2021-ci il tarixli protokol və əlavədən, həmçinin Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında 19.03.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi Puta-Korgöz-Qızıldaş-Sahil yolu 9-cu km 6 ünvanda yerləşən Cavabdeh MMC-yə məxsus sahəsi 61,3 kv.m. olan, 21.455 manat məbləğdə qiymətləndirilən daşınmaz əmlak (qeyriyaşayış binası - 1 mərtəbəli buraxılış məntəqəsi) siyahıya alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışa görə, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi Puta-Korgöz- Qızıldaş-Sahil yolu 9-cu km 6 ünvanda yerləşən ümumi sahəsi 3.202,9 kv.m. olan əmlak kompleksi Cavabdeh MMC-nin adına tam xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixi 17.06.2011-ci il olmaqla 9 nömrəli reyestr kitabının 838 nömrəli vərəqində qeydiyyata alınmışdır. AR ƏMDK DƏDRX Bakı şəhər ərazi idarəsi tərəfindən təsdiq edilən siyahıya əsasən, ümumi sahəsi 3.202,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tərkibində digər binalarla (obyektlərlə) yanaşı vergi orqanı tərəfindən siyahıya alınan sahəsi 61,3 kv.m. olan buraxılış məntəqəsi də daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.8-ci maddəsinə görə, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək, 23.1.15-1-ci maddəsinə əsasən isə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüququdur; 65.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir; 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12.01.2011-ci il tarixli Qərarında göstərmişdir ki, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin-vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Konstitusiya Məhkəməsi həmin Qərarında, həmçinin, qeyd etmişdir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, hazırkı apellyasiya araşdırmasının predmeti mövcudluğu qəbul edilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasından ibarətdir. Bu baxımdan, işdən məlum olur ki, vergi ödəyicisi cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət büdcəsinə ödənilməsini təmin etməmiş, bu səbəbdən onun dövlət büdcəsinə ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə 4.701,84 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 21.455 manat dəyərdə əmlakı siyahıya alınmışdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən siyahıya alınmış Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi Puta-Korgöz-Qızıldaş-Sahil yolu 9cu km 6 ünvanda yerləşən cavabdehə məxsus sahəsi 61,3 kv.m. olan, 21.455 manat məbləğdə qiymətləndirilən daşınmaz əmlak (qeyri-yaşayış binası - 1 mərtəbəli buraxılış məntəqəsi) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına tam xüsusi mülkiyyət hüququ üzrə qeydə alnmış ümumi sahəsi 3.202,9 kv.m. olan əmlak kompleksinin tərkib hissəsinə daxildir, yəni siyahıya alınmış buraxılış məntəqəsi dövlət reyestrində ayrıca qeydiyyata alınmadığına görə, əmlak kompleksinin bir elementi olan buraxılış məntəqəsi açıq hərracda müstəqil əmlak kimi satıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməklə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2701/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1158/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1158/2021
06.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver