Məhkəmə qərarları › İş №2-2(103)-1159/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1159/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1159/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və İbrahimov Zamin Vəliyəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliklərə xitam verilmiş hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7820/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birtərəfli qaydada və yaxud xx.xx.2023-cü il tarixdə müddətin qurtarması ilə ləğv edilmiş DCLT00278228-01 saylı kredit müqaviləsi üzrə həmin tarixdə öhdəliklərə xitam verilmiş hesab olunması və həmin tarixə ləğv edilmiş və öhdəliklərə xitam verilmiş DCLT00278228- 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan müddətə görə 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu və kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 manat əsas borcun (ümumilikdə 2.477,01 manat borc) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7820/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə imzalanmış iddia ərizəsinin qoşma sənədlər hissəsində qeyd edilmiş 1ci, 3-cü, 4-cü və 5-ci sənədlərdən başqa digər sənədlər təqdim edilmədiyindən, iddia ərizəsi geri qaytarılmışdır.

3. İddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7820/2024 saylı qərardadın tam ləğv edilməsini, iddianın icraata qəbul edilməklə məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayəti baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 152.1.1-ci maddəsi geri qaytarmanın əsası kimi iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsini və yaxud 150.1.1-də qeyd edilən sənədlərin iddia ərizəsinə əlavə edilməməsini göstərir. Mənim təqdim etdiyim iddia ərizəsində MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmişdir. Belə ki, əvvəla iddia ərizəsinin MPMin 149-cu maddəsi ilə müəyyən olunmuş forması dedikdə iddia ərizəsinin məhkəməyə yazılı şəkildə verilməsini və iddia ərizəsinin iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmasını özündə ehtiva edir. Yəni forma dedikdə bu başa düşülür ki, o da iddia ərizəni yazılı və iddiaçı kimi imzalamaqla vermişdir. Göründüyü kimi iddia ərizəsi verilərkən 149-cu maddənin forma tələbinə riayət edilmişdir. Digər tərəfdən iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş məzmunu dedikdə isə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adının; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatlarının (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);iddianın predmetinin və qiymətinin, iddiaçının və ya ərizəçinin tələblərinin, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbin; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət edilməsinə dair məlumatın və ərizəyə əlavə edilən sənədlərin siyahısının göstərilməsini ehtiva edir. Onun da verdiy iddia ərizəsində MPM-in 149.2-ci maddəsində sadalananları (məzmunu) hamısını göstərmişdir. Burda diqqət ediləsi məqam odur ki, eləcə də Bakı Kommersiya Məhkəməsi də öz qəraddadında vurğuladığı xüsusat budur ki, iddiaçı iddia ərizəsinin qoşma sənədlər hissəsində qeyd etdiyi 1-ci, 3-cü, 4-cü və 5-ci sənədlərdən başqa digər sənədlərin təqdim edilmədiyini və bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməmişdir. Lakin, o bununla razı deyil və hesab edir ki, məhkəmə düzgün mövqe sərgiləməmişdir, nəinki hesab edir, hətta MPM özü məhkəmənin bu yanaşmasının doğru olmadığını göstərir. Burda söhbət iddia ərizəsində göstəriləcək məzmundan gedir, yəni iddia ərizəsinin məzmununda MPM-in 149.2-ci maddələrində sadalananlar göstərilməlidir, nəinki, göstərilən sənədlər təqdim (əlavə) edilməlidir. Belə ki, MPM-in 149.2-ci maddəsində iddia ərizəsində iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları və onları təsdiq edən sübutların siyahısını və ərizəyə əlavə edilən sənədlərin siyahısının məzmunda göstərilməsini tələb edir, nəinki həmin sübutların və yaxud sənədlərin özünü qoşma kimi məhkəməyə təqdim (iddia ərizəsinə əlavə) etmək. Çünki sübutlar və sənədlər məhkəmə baxışına qədər də təqdim edilə bilər. Digər tərəfdən MPMin 150.1-ci maddəsi iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısını açıq-aşkar qeyd etmişdir. Həmin maddə iddia verilərkən sözügedən sənədlərin təqdim edilməli olduğunu imperativ norma kimi tələb edir. Yəni həmin sənədlərdən savayı iddia ərizəsində siyahıda göstərilən amma iddia ərizəsi verilərkən sənədlərin təqdim edilməməsi 149-cu maddənin nə forma nə də ki, məzmun tələblərini pozmur. Yuxarıda da qeyd edildiyi kimi həmin sənədlərin (sübutların) təqdim edilməsi məcburi deyil, həmin sənədlər (sübutlar) məhkəmə baxışına qədər də təqdim edilə bilərdi. Eyni zamanda MPM-in 150.1.1-ci maddəsində qeyd edilən təqdim ediləcək sənədlər dedikdə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətlərinin təqdim edilməsindən gedir, lakin, iddia ərizəsi elektron formada verildiyi hal istisnadır. O da iddianı elektron formada vermişdir, çünki Bakı Kommersiya Məhkəməsi elektron qaydada qəbul edir və həm də qanun bunu tələb edir. Həmçinin cavabdehin də elektron kabineti mövcuddur. Beləliklə, onun iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildiyindən onun məhkəmə icraatı mümkündür. Digər tərəfdən məhkəmə zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxa bilərdi.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7820/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Məhkəmənin mövqeyi

7. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

8. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-7820/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Ümumiyyətlə, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edildikdən sonra iddiaçıya verilmiş prosessual hüquqlar kimi qərardadı qanunsuz və ya əsassız hesab etdikdə, (1) qərardaddan şikayət verilməsi və (2) qərardadla razılaşıb, nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək təsbit edilmişdir.

10. Belə ki, iddiaçı şikayətində Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 7820/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında əsaslandırılmış mövqeyə qarşı hər hansı əsaslı arqument göstərməmiş, məhkəmənin qeyd etdiklərini öz mülahizəsi ilə əsaslandırmağa çalışmışdır.

11. Məhkəmə qərardadda iddia ərizəsinin geri qaytarılmasının əsaslarını ətraflı şəkildə əsaslandırmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində qeyd edilən normalar imperativ xarakter daşımaqla, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən hər bir bəndə riayət olunmalıdır. Lakin iddiaçı elektron iddia ərizəsinin qoşma hissəsində iddia ərizəsinin birbaşa mahiyyəti ilə əlaqəli olan sənədləri, yəni xx.xx.2023-cü il tarixli xitam ərizəsi, ödəniş qəbzləri və sair sənədləri qeyd etsə də, həmin sənədləri elektron sistem vasitəsilə təqdim etməmişdir.

12. Məhkəmə həmçinin göstərməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə təsbit edilmiş iddia və kəsici müddətlərin axımının qiymətləndirilməsində nöqsansız qaydada təqdim edilən və icraata götürülmüş iddia ərizəsinin verilmə anı mühüm əhəmiyyətə malikdir. Lakin nöqsanlı iddia ərizəsinin verildiyi və məhkəmə tərəfindən qaytarıldığı halda, iddiaçı tərəfindən həmin nöqsanların aradan qaldırılıb nöqsanları aradan qaldıran qərardaddan şikayət verməsi və belə şikayətlər əsasında məhkəmə qərardadlarının ləğv edilib iddia ərizəsinin icraata götürülmüş hesab edilməsi praktikasının formalaşdırılması faktiki olaraq iddia və kəsici müddətlərə münasibətdə cavabdehin müdafiə hüquqlarına qanunçuluğun tələblərinə zidd müdaxilə yaratmış olar. Bu mənada kommersiya mübahisələri üzrə iddia ərizəsinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verildiyi və iddia ərizəsi qaytarılarkən istənilən an yenidən iddia ərizəsinin verilməsi imkanı da nəzərə alındığında ədalət mühakiməsinin düzgün həyata keçirilməsi və prosessual qənaət prinsipləri də hazırkı qaydada qərardadın ləğvinə əsas vermir.

13. Bundan əlavə, iddiaçı tərəfindən ikinci dəfə eyni iddia ərizəsi ilə məhkəməyə müraciət edilsə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 8028/2024 saylı qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Sumqayıt Kommersiya Məhkəməsinin icraatında iş olduğuna görə iddiaçının cavabdehə qarşı iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.

14. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

15. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

16. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ:

İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7820/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar