Məhkəmə qərarları › İş №2-2(103)-1161/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1161/2021

27.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1161/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 22.06.2021-ci il tarixli e-2-2(113)-1983/2021 nömrəli qətnaməsindən (hakim Z.Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh Mənzil-Tikinti Kooperativinə (Cavabdeh MTK) qarşı dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 37127,44 manat borcunun "xxxx" MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK-nın (VÖEN: **********) dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar 13.10.2020-ci il tarixə dövlət büdcəsinə 37127,44 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcu yaranmış və vergi ödəyicisinə “dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında” xəbərdarlıq göndərilməsinə baxmayaraq, cəmiyyət tərəfindən borc xəbərdarlıqda göstərilən müddətdə ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-2(113)-1983/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə 23 noyabr 2005-ci il tarixli 321 saylı Fərmanına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən, qanunda nəzərdə tutulan hallar istisna olmaqla, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq bilavasitə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqlarına aid edildiyindən, vergi orqanı icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İşə apelyasiya qaydasında baxılması 27.10.2021-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-2(113)-1983/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İcarəyə verən qismində Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi qismində Cavabdeh müəssisəsi arasında bağlanmış 31.07.2015-ci il tarixli, 1086 saylı icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospekti ilə A.Əsədullayev küçəsinin arasında yerləşən 35000 m2 torpaq sahəsini 49 il müddətinə icarəçinin istifadəsinə vermişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün verilir; 7.4-cü bəndinə əsasən icarəçi hər il 18564 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. - Bakı Şəhər İcra Hakimiyyətinin 30.01.2015-ci il tarixli, 35 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospekti ilə Asif Əsədullayev küçəsinin arasında yerləşən 3,5 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh Mənzil-Tikinti Kooperativinın istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehdən 37127,44 manat məbləğində torpaq icarə haqqı üzrə borcun 7 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. - 22.04.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh 14172000 təsnifat kodu üzrə Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinə 20015 manat (15 manat xidmət haqqı daxil) ödəniş etmişdir. - 04.06.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh 14172000 təsnifat kodu üzrə Dövlət Vergi Xidməti Milli Gəlirlər Departamentinə 17143 manat (15 manat xidmət haqqı daxil) ödəniş etmişdir. - 09.06.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh 14172000 təsnifat kodu üzrə Dövlət Vergi Xidməti Milli Gəlirlə Departamentinə 9300 manat (13,93 manat xidmət haqqı daxil) ödəniş etmişdir. İş materiallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyətinin 30.01.2015-ci il tarixli, 35 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospekti ilə Asif Əsədullayev küçəsinin arasında yerləşən 3,5 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında Cavabdeh Mənzil-Tikinti Kooperativinın istifadəsinə verilmiş, daha sonra Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 31.07.2015-ci il tarixdə 1086 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 35000 m2 torpaq sahəsi 49 il müddətinə hər il 18564 manat icarə haqqı olmaqla Cavabdeh Mənzil-Tikinti Kooperativinın istifadəsinə vermişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 30.01.2015-ci il tarixli, 35 nömrəli sərəncamının 1.1ci bəndinə əsasən ərazidə yerləşən tikililərin sökülməsi, vəsaitin ödənilməsi Cavabdeh Mənzil-Tikinti Kooperativinə əlavə edilmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 02 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 13.2-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilmişdir: “həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir." Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci bəndinə əsasən Dövlət Vergi Xidmətinin dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Göstərilən normativ hüquqi aktların məzmunundan göründüyü kimi, Dövlət Vergi Xidmətinə hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq hüququ verilməmişdir. Həmin torpaqlara münasibətdə torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. İşdəki sübutlardan görünür ki, torpaq sahəsi cavabdehə icarəyə verilərkən boş torpaq sahəsi olmamış, üzərində tikililər olmuş, həmin tikililərin sökülməsi cavabdehə həvalə edilmişdir. O cümlədən torpaq sahəsi cavabdehin icarəsinə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarəyə verildiyindən həmin torpaq sahəsinin hazırda üzərində tikili olmayan boş torpaq sahəsi olduğu və bu əsasla vergi orqanının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ olduğuna dair sübutları təqdim etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən tələb edilən borc məbləğinin tam ödənildiyinə dair təqdim edilmiş 20.04.2021-ci il, 04.06.2021-ci il, 09.06.2021-ci il tarixli qəbzlərlə bağlı məhkəmə qeyd edir ki, qəbzlərdə ödənişi təyinatı “Əvvəlcədən ödəmə” kimi qeyd edildiyindən həmin ödənişlərin tələb edilən borcla bağlı həyata keçirilib-keçirilmədiyini məhkəmə tərəfindən müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22.06.2021-ci il tarixli e-2-2(113)-1983/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22.06.2021-ci il tarixli e-2-2(113)-1983/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar