Məhkəmə qərarları › İş №2-2(103)-1165/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1165/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1165/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Cavabdeh MMC-yə qarşı müqaviləyə xitam verilməsi və ödənilməmiş icarə haqqı borclarının tutulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3310/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında 01.10.2020-ci il tarixdə bağlanmış ofis icarəsinə dair müqaviləyə xitam verilməsi və cavabdehdən 12.186 manat (ƏDV daxil) ödənilməmiş icarə haqqı borcu, 4.950 manat gecikdirilmiş günlər üçün cərimə borcu, 281 manat elektrik borcu, cəmi 17.417 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.08.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlillərinə görə, təqdim edilən iddia ərizəsinin həm mətnindən, həm də tələb hissəsindən göründüyü kimi burada əsas iddia tələbi iddiaçı və cavabdeh arasında 01.10.2020-ci il tarixdə bağlanan icarə müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış borc tələbinə, yəni ödənilməmiş icarə haqqı borcunun tutulmasına dair olmuşdur. Lakin məhkəmə burada yalnız iddiaçının icarə müqaviləsinə xitam verilməsi tələbinə münasibət bildirərək, ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmışdır. Halbuki tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti 30.09.2021-ci il tarixində bitir və bununla da müqaviləyə xitam veriləcəkdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “İddiaçı tərəfindən müqavilənin ləğv edilməsinə dair pretenziya məktubunun yazılması eyni zamanda verilməsinə dair heç bir sənəd təqdm edilməmişdir. İddiaçı 01.10.2020-ci il tarixində bağlanmış Ofis icarəsinə dair müqaviləyə xitam verilməsi və cavabdehdən ... cəmi 17.417 AZN ... tutulması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, prossesual qanunvericilik normasının tələblərinə əməl etməyərək, öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, iddia iki tələbdən, müqaviləyə xitam verilməsi və ödənilməmiş icarə haqqı borclarının tutulması tələblərindən ibarətdir və onun ilk tələblə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci və MPM-in 259.0.1-ci maddəsinin tələblərinə əməl etməməsi iddianın ikinci - icarə borcunun tutulması tələbinə mahiyyəti üzrə baxılmasına hüquqi maneə deyil. İddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədləri iddia ərizəsinə əlavə etməməsinə gəldikdə isə, işdən görünür ki, sonuncu, icarə müqaviləsini, müqaviləyə əlavəni və icarə borcunun məbləği barədə çıxarışı təqdim etmişdir, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu mənada məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı deyil, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bu səbəbdən qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət təmin olunmalıdır (MPM-in 398.0.2-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3310/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş həmin məhkəməyə göndərilsin. İddiaçı MMC-nin şikayəti təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar