Məhkəmə qərarları › İş №2-2(103)-1166/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1166/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1166/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmantlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1675/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, borcalana 18 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 4750 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 arasında imzalanmış xx.xx.2015-ci il tarixli 280013076/ZM saylı zaminlik müqaviləsindən görünür ki, 4750 ABŞ dolları təşkil edən kredit məbləği, 18 ay təşkil edən kreditin qaytarılma müddəti, 25% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 50% təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik 4,17% cərimə faizi zaminliklə təmin edilmiş öhdəliklərdir.

3. xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli Əlavə bağlanmışdır. Əlavədə qeyd edilmişdir ki: 1.1. kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 4406,70 manat təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları (1 USD = 1,40 manat) manata konvertasiya edilməklə 2006,20 manat ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə 12 ay ərzində vaxtında və ya lazımınca icra edildikdə və ümumi gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları 12 ayın sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə 12 ayın sonunda gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, dondurulmuş faiz və cərimə borcları güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kredit 12 aydan öncə tam bağlanarsa, ödənilmiş məbləğ 12 ayın yerdə qalan ayları üzrə bu sazişə əlavə edilmiş ödəniş qrafikinə əsasən hesablanacaq faizlər həcmində dondurulmuş faizlərdən silinir və dondurulmuş faizlərin qalan hissəsi kreditor tərəfindən güzəşt edilir. 1.2. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18 faiz təşkil edir.

4. xx.xx.2015-ci il tarixli, ********* nömrəli zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixdə 1 nömrəli əlavə bağlanmışdır. Əlavədə qeyd edilmişdir ki: 1.1. borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin manata konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 4406,70 manat təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları (1 USD ~ 1,40 manat) manata konvertasiya edilməklə 2006,20 manat ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə 12 ay ərzində vaxtında və ya lazımınca icra edildikdə və ümumi gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları 12 ayın sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə 12 ayın sonunda gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, dondurulmuş faiz və cərimə borcları güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kredit 12 aydan öncə tam bağlanarsa, ödənilmiş məbləğ 12 ayın yerdə qalan ayları üzrə bu sazişə əlavə edilmiş ödəniş qrafikinə əsasən hesablanacaq faizlər həcmində dondurulmuş faizlərdən silinir və dondurulmuş faizlərin qalan hissəsi kreditor tərəfindən güzəşt edilir. 1.3. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 18 faiz təşkil edir.

5. 06 iyul 2015-ci il tarixli **********96 USD saylı kassa məxaric orderindən məlum olur ki, 4750 ABŞ dolları Cavabdeh3 verilmişdir.

6. 30 dekabr 2023-cü il tarixli **********936 nömrəli maliyyə arayışından görünür ki, 28 fevral 2017-ci il tarixli KM021T02170076S01 saylı kredit müqaviləsi üzrə 26 dekabr 2023-cü il tarixinə 2682,01 manat əsas borc, 1437,21 manat faiz borcu, 3597,88 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,47 manat faiz borcu hesablanmışdır.

7. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda cəmi 6321,47 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2367 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 LPO İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 2687,86 manat, faiz borcu üzrə 975,69 manat; maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2687,86 manat, faiz borcu üzrə 975,69 manat, faiz borcu üzrə (5%lə) 379,29 manat məbləğində müəyyən edilir.

Birinci instansiya məhkəməsindəki icraat:

9. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2682,01 manat əsas, 1437,21 manat faiz, 3597,88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,47 manat faiz borcu və iş üzrə ödənilmiş 100,99 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılması məqsədilə cavabdehə illik 25% dərəcəsi ilə, 18 ay müddətinə 4750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh4 ilə bank arasında ZM-280013076 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.40 manat) 4406,70 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 17% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh3 cəmi borcu 8098,57 manat təşkil edir. Bundan 2682,01 manat əsas, 1437,21 manat faiz, 3597,88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 381,47 manat faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********433 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 448.1, 449.1, 449.4, 465, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il e-2-2(113)-1675/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 2682,01 manat əsas borc, 975,69 manat faiz borcu, 100 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 379,29 faiz məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,60 manat olmaqla, ümumilikdə 4188,59 manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İddia Cavabdeh2 və Cavabdeh4 münasibətdə təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2682,01 manat əsas, 1437,21 manat faiz borcunun tutulması təşkil edir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, xx.xx.2024-cü il tarixli, 9/2367 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, 2682,01 manat əsas borc, 975,69 manat faiz ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada krеdit razılaşması üzrə 3597,88 manat cərimə borcunun tutulması təşkil edir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, kredit razılaşması üzrə 100 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 381,47 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə də qismən təmin olunmalı, müqavilə müddəti başa çatan tarixdən (xx.xx.2021-ci il) maliyyə arayışında qeyd edilən tarixə (26 dekabr 2023-cü il tarixə) olan müddət üzrə gecikdirilmiş vaxt üçün illik 5% lə hesablanan, ekspert rəyi ilə müəyyən olunan 379,29 manat məbləğində (ekspert rəyinə uyğun) pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Borc məbləğinin zamin olan Cavabdeh4 və Cavabdeh2 tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri əsas götürülməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə birmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddətlər keçdiyi, zaminliyə xitam verildiyi üçün cavabdehzaminlərə münasibətdə iddia təmin olunmamalı, iddia Cavabdeh3 münasibətdə göstərilən qaydada qismən təmin olunmalıdır.

14. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1675/2024 saylı qətnaməsinin kredit borcunun Cavabdeh3 tutulması hissəsində ləğv edilərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılması məqsədilə cavabdehə illik 25% dərəcəsi ilə, 18 ay müddətinə 4750 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin sonradan 2017-ci il tarixdə kredit müqaviləsi üzrə öhdəliyi ABŞ dollarından manata konvertasiya edilməklə əlavə razılaşmalar bağlanmışdır. Həmin razılaşmalara əsasən onun kredit öhdəliyi şişirdilərək, üzərinə artıq faizlər gəlməklə borcu daha da çoxaldılmışdır. Bunun nəticəsində müqavilə üzrə öhdəliyini icra etmək qeyri-mümkün hala gəlmişdir. Bu səbəbdən kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda nəzərdə tutulmuş cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair MPM-in 150.2-ci maddədə nəzərdə tutulduğu kimi cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Vergi kabinetində də “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat vergi orqanındakı elektron kabinetinə göndərilməmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırmadan yəni tərəflər arasında bağlanmış müqavilə şərtlərinə fikir vermədən yanlış nəticəyə gəlmişdir. Məhkəmənin qəbul etdiyi bu qətnamə onun konstitusion hüququnun pozulmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə iclasında iddiaçı Cavabdeh3 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

18. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin və apellyasiya şikayətinə dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Xətai filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədilə illik 25% dərəcəsi ilə, 18 ay müddətinə 4750 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.40 manat) 4406,70 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır.

26. Cavabdeh3 kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etmədiyindən kreditin verilmə müddətinin bitdiyi tarixə banka 2687,86 manat əsas, 975,69 manat faiz borcu yaranmışdır.

27. Odur ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinin tələblərinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.

28. Eyni zamanda məhkəmə kollegiyası Cavabdeh3 dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcun ödənilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan və cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından Mülki Məcəllənin 462 və 467-ci maddələrinə əsasən cavabdehdən iddiaçının xeyrinə 100 manat məbləğində dəbbə pulu tutulmalıdır.

29. Pretenziya məktubunun MPM-in tələblərinə müvafiq olaraq “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, EMİS-də “Proses iştirakçıları barədə məlumatlar”dan da göründüyü kimi cavabdeh X2 elektron kabineti xx.xx.2024-cü il tarixdə açılmış, yəni iddia verilərkən cavabdehin EMİS-də elektron kabineti olmamışdır. Digər tərəfdən işə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh X2 EMİS-də elektron kabineti olmadığından iddiaçı tərəfindən pretenziya məktubu sonuncunun vergi orqanındakı elektron kabinetinə yerləşdirilmişdir. Odur ki, yuxarıda göstərilən dəlillər əsassızdır və qətnamənin ləğvi üçün əsas vermir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1675/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar