Məhkəmə qərarları › İş №2-2(103)-1171/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1171/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1171/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 Mürvət oğlu, cavabdeh X2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh X4 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı borcun ödənilməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 18.05.2021-ci il tarixli e-2-2(113)-1166/2021 nömrəli qətnaməsindən (hakim Emin Əliyev) X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5498,17 manat əsas borc, 1686,57 manat cərimə borcu olmaqla, cəmi 7184,74 manat borcun, EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 22732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 6598,05 manat cərimə borcu olmaqla, cəmi 30224,48 manat borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X6 arasında faktorinq xidmətinə dair ümumi şərtləri tənzimləyən 18.09.2019-cu il tarixli EXPF0120 saylı faktorinq müqaviləsi bağlanmışdır. Sonradan tərəflər arasında EXPF0120 saylı faktorinq müqaviləsi çərçivəsində 10.10.2019-cu il tarixli EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı X6 ilə alıcı "xxxx" MMC arasında bağlanmış 03.01.2019cu il tarixli alqı-satqı müqavilə və 10.10.2019-cu il tarixli 003938 saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 07.02.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 20770,38 manat məbləğində faktorinq limiti açılmışdır. Eyni zamanda tərəflər arasında EXPF0120 saylı faktorinq müqaviləsi çərçivəsində 04.11.2019-cu il tarixli EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış, satıcı X6 ilə alıcı "xxxx" MMC arasında bağlanmış 03.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi və 04.11.2019-cu il tarixli 027571 saylı elektron qaimə üzrə satıcının alıcıya qarşı olan pul tələblərinin maliyyələşdirilməsi məqsədi ilə X4 Faktor tərəfindən 03.03.2020-ci il tarixinədək illik faiz dərəcəsi 12% olmaqla, 22732,29 manat məbləğində faktorinq limiti açılmışdır. Lakin Müştəri EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 328 gün, EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə 303 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Faktor tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək müştəriyə PBCOS-1012 saylı xəbərdarlıq məktubu göndərilmiş və Faktor qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-2(113)-1166/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 EXPF0120/02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5498,17 manat əsas borc, 201,83 manat cərimə borcu olmaqla, cəmi 5700 manat və EXPF0120/03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 22732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 873,57 manat cərimə borcu olmaqla, cəmi 24500 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 24,21 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1166/2021 saylı, 18.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbləri təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, satıcı - yəni X6 03 yanvar 2019- cu il tarixli alqı-satqı müqaviləsində təsbit edilmiş öhdəliyini lazımi qaydada icra edərək, müvafiq elektron qaimələrdə göstərilmiş məbləğdə istehsal etdiyi qida məhsullarını alıcının - "xxxx" MMCnin mülkiyyətinə vermiş, həmçinin 18 sentyabr 2019- cu il tarixli faktorinq müqaviləsinə əsasən üçüncü şəxsə, yəni borcluya ("xxxx" MMC) qarşı olan pul tələbini borclunun razılığı ilə faktora ("xxxx" ASC) güzəşt etmişdir. Satıcının (X3) faktora güzəşt etdiyi borc tələbi, satıcı müvafiq məbləğdə məhsulun alıcı tərəfindən qəbul olunduğunu təsdiq edən elektron qaimələri faktora təqdim etdikdən sonra faktor tərəfindən qabaqcadan komissiya tutulmaqla maliyyələşdirilmişdir. Odur ki, X6 müqavilə şərtlərinə əsasən öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirdiyindən, hazırda faktor iddia etdiyi borc məbləğini ondan, yəni satıcıdan deyil, borcludan - "xxxx" MMC-dən tələb etməlidir. Belə ki, 18 sentyabr 2019-cu il tarixli, EXPF0120 nömrəli faktorinq müqaviləsinin 2.3-cü maddəsinə əsasən Faktorun Müştəriyə göstərdiyi xidmətlərə aiddir: (2.3.1-ci bəndə əsasən) Müştəriyə maliyyə xidmətinin göstərilməsi, yəni faktor bəyənilmiş debitor öhdəliyini satın alır və ona görə də müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verir; (2.3.2-ci bəndə əsasən isə) Faktor kreditin idarə olunması üzrə xidməti göstərir, yəni alınmış debitor öhdəliklərinə münasibətdə kreditor qismində çıxış edir, Borclu tərəfindən öhdəliklərinin icra edilməsini tələb edir, Borcludan alınan maliyyə vəsaitini toplayır. Həmin müqavilənin 6.4-cü maddəsinə əsasən müştəri qəbul edir ki, faktor tərəfindən satın alınmış debitor öhdəliklər üzrə ödənişlərin təyin edilməsi və toplanması hüququ yalnız faktora məxsusdur. Bu səbəbdən də faktor ona güzəşt edilmiş debitor öhdəlikləri üzrə qanunvericilikdə müəyyən edilmiş bütün hüquqi prosedurları başlaya və apara, o cümlədən borcluya qarşı iddiaçı qismində çıxış edə bilər. Həmin müqavilənin 3.1.4-cü maddəsinə əsasən faktor güzəşt edilən pul tələbinin alınmasından sonra həmin tələblərin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Cavabdeh X7 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 Mürvət oğlu məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh X1 alınan mallar qaytarıldığı üçün banka hər hansı ödəniş həyata keçirilməmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.05.2021-ci il tarixli 2-2(113)-1171/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarındakı 18 sentyabr 2019-cu il tarixli, EXPF0120 nömrəli faktorinq müqaviləsindən görünür ki, faktorinq əməliyyatı üçün nəzərdə tutulan ”Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında faktor (“Paşa Bank ASC”) olaraq müştərinin (X6) üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini güzəşt etməsi müqabilində müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verməyi, müştəriyə maliyyə xidməti və kreditin idarə olunması üzrə xidmətlər göstərməyi, müştəri isə öz növbəsində üçüncü şəxsə (borcluya) qarşı olan pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürür. Bu xidmətə əsasən faktora güzəşt edilən pul tələbinin miqdarı “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləği təşkil edir. Faktorinq üzrə güzəşt olunan məbləğ, onun maliyyələşdirilən hissəsi, komissiyanın hesablanması və ödənilməsi qaydası, istifadə və qüvvədə olma müddəti, valyutası, illik faiz dərəcəsi, gecikdirilmiş ödənişlər üzrə faizlər və bu kimi digər şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Müqavilənin 2.3.1-ci bəndinə əsasən müştəriyə maliyyə xidmətinin göstərilməsi, yəni faktor bəyənilmiş debitor öhdəliyini satın-alır və ona görə də müştəriyə “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məbləğdə pul vəsaiti verir, 2.3.2-ci bəndinə əsasən kreditin idarə olunması üzrə xidməti göstərir, yəni alınmış debitor öhdəliklərinə münasibətdə kreditor qismində çıxış edir, borclu tərəfindən öhdəliklərinin icra edilməsini tələb edir, borcludan alınan maliyyə vəsaitini toplayır. 03 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı - X6 istehsal etdiyi qida məhsullarını alıcının - "xxxx" MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malın haqqını bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür. 10.10.2019-cu il tarixli, EXPF0120/02 nömrəli maliyyələşdirmə üçün ərizədən (18.09.2019-cu il tarixli EXPF0120 saylı faktorinq müqaviləsinə əsasən faktorinq əməliyyatı üzrə) görünür ki, müştəri X6, borclu (alıcı) "xxxx" MMC və faktor "xxxx" ASC olmaqla 07.02.2020-ci il tarixinədək illik dərəcəsi 12% olmaqla gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi: müddətin bitmə tarixindən sonra tətbiq edilən 27% (gündəlik 0,075%) olmaqla güzəşt edilən və maliyyələşdirilən məbləğ 20770,38 manatdır. (Xüsusi şərtlər – 1. Hesab fakturaların maliyyələşdirilən hissəsi 90% 2. Öhdəlik müqaviləsi: 03.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi, 10.10.2019-cu il tarixli 003938 saylı elektron qaimə) 04.11.2019-cu il tarixli, EXPF0120/03 nömrəli maliyyələşdirmə üçün ərizədən (18.09.2019-cu il tarixli EXPF0120 saylı faktorinq müqaviləsinə əsasən faktorinq əməliyyatı üzrə) görünür ki, müştəri X6, borclu (alıcı) "xxxx" MMC və faktor "xxxx" ASC olmaqla 03.03.2020-ci il tarixinədək illik dərəcəsi 12% olmaqla gecikdirilmiş əsas məbləğə hesablanan illik cərimə faiz dərəcəsi: müddətin bitmə tarixindən sonra tətbiq edilən 27% (gündəlik 0,075%) olmaqla güzəşt edilən və maliyyələşdirilən məbləğ 22732,29 manatdır. (Xüsusi şərtlər – 1. Hesab fakturaların maliyyələşdirilən hissəsi 90% 2. Öhdəlik müqaviləsi: 03.01.2019-cu il tarixli alqı-satqı müqaviləsi, 04.11.2019-cu il tarixli 027571 saylı elektron qaimə) İşdən görünür ki, X6 "xxxx" MMC-yə ƏDV daxil 27232,28 manat məbləğində malla bağlı 10.10.2019-cu il tarixli, EBAB seriyalı, 003938 nömrəli elektron qaimə, ƏDV daxil 29804,56 manat məbləğində malla 04.11.2019-cu il tarixli, EBAC seriyalı, 027571 nömrəli elektron qaimə göndərmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş 01.04.2021-ci il tarixli, PB/PBL-OUT00434- 2021 nömrəli maliyyə arayışından görünür ki, X3 30 mart 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri aşağıdakı kimidir: - EXPF0120/02 nömrəli kredit müqaviləsinə əsasən 5498,17 manat əsas borc, 1686,57 manat cərimə borcu olmaqla, cəmi 7184,74 manat. Gecikmə günün sayı – 416. - EXPF0120/03 nömrəli kredit müqaviləsinə əsasən 22732,29 manat əsas borc, 894,14 manat faiz borcu, 6598,05 manat cərimə borcu olmaqla, cəmi 30224,48 manat. Gecikmə günün sayı – 391. İddiaçı ASC-nin "xxxx" MMC-yə ünvanlanmış 27.01.2021-ci il tarixli məktubundan görünür ki, 03.01.2019-cu il tarixli müqavilə üzrə mövcud borc haqqında məlumat verilməsi xahiş olunmuş, "xxxx" MMC-nin cavab məktubunda 09.04.2021-ci il tarixə X4 olan borcun 2323,91 manat təşkil etdiyi, 16.03.2021-ci il tarixdə X6 ilə üzləşmə aktı imzalandığı qeyd edilmişdir. Qeyd edilən cavab məktubundan sonra iddiaçı 29.01.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.3-cü maddəsinə əsasən müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Hazırkı halda tərəflər arasında faktorinq müqaviləsi bağlansa da, müqavilənin 5.10cu bəndində nəzərdə tutulmuşdur ki, faktor maliyyələşdirilmiş pul tələbi borclu tərəfindən ödənilmədiyi halda həmin məbləğin müştəri tərəfindən ödənilməsini reqress qaydada tələb etmək və həmin məbləği müştərinin bütün hesablarından akseptsiz qaydada silmək və (və ya) məhkəmə qaydasında tələb etmək hüququna malikdir. İşin mübahisəsiz halıdır ki, maliyyələşdirilmiş pul tələbi borclu-"xxxx" MMC tərəfindən malların cavabdehə geri qaytarılması əsas gətirilərək iddiaçıya ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə bağlanmış müqavilənin 5.10-cu bəndinə əsasən maliyyələşdirilmiş pul məbləğinin müştəridən, yəni X1 tutulması barədə tələb irəli sürməyə haqlıdır. Faktorinq müqaviləsinin 1-ci bəndində qeyd edilir ki, faktorinq üzrə güzəşt olunan məbləğ, onun maliyyələşdirilən hissəsi, illik faiz dərəcəsi, gecikdirilmiş ödənişlər üzrə faizlər və s. “Maliyyələşdirmə üçün ərizə forması” ilə müəyyən olunacaq. İşdən göründüyü kimi, maliyyələşdirmə üzrə ərizə formalarında nəzərdə tutulmuş müddətlər bitdikdən sonra ödənilməli olan məbləğə gündəlik 0,075 % cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən şərtə əsasən cərimə tələbinin təmin edildiyi hissədə qətnamə qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətinə əlavədə iddianın əsası kimi istinad edilmiş faktorinq müqaviləsinin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun gəlməməsi, müqavilənin 5.10-cu bəndinin Mülki Məcəllənin tələblərinə uyğun olmaması əsası ilə məhkəmə tərəfindən müqaviləyə etibarsız əqd kimi hüquqi qiymət verilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin bu mülahizəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.10-cu bəndində mülki qanunvericiliyin tələblərinə zidd olan hər hansı şərt nəzərdə tutulmadığından və müqaviləyə həmin şərtin daxil edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinə uyğun olduğundan apellyasiya şikayəti əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X5 apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 18.05.2021-ci il tarixli 2- 2(113)-1171/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 18.05.2021-ci il tarixli e-2-2(113)-1166/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar