Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1179/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil3, İddiaçı Cavabdeh MMC-yə qarşı MMC-nin fəaliyyəti barədə məlumat verilməsi və mənfəətin təsisçi payına uyğun olaraq ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin (hakim Səbinə Nuriyeva) 15.07.2021-ci il tarixli e-2-2(113)- 596/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə 03.03.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən binadan satılmış mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və Cavabdeh MMCnin 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı 5.000.000 manat dividend ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə iş üzrə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı Cavabdeh iştirakçısı kimi şirkətin paylarının 20% hissəsinə malikdir. Lakin Cavabdeh MMC tərəfindən İddiaçı Cavabdehn iştirakçısı kimi hüquqları pozulur. Belə ki, 2019-cu ildən başlayaraq, İddiaçı Cavabdeh MMC-nin idarə olunmasında iştirak edə, cəmiyyətin fəaliyyətinə dair məlumat ala və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilmir, mənfəət bölgüsündə iştirak edə bilmir. Həmçinin, Cavabdeh MMC-nin nizamnaməsinə əsasən direktor təsisçilərin qərarı əsasında təyin edilməlidir. Lakin hazırki direktor X1 Cavabdeh MMC-nin direktoru təyin olunması üçün təsisçilərin ümumi yığıncağı keçirilməyib və İddiaçı təsisçi olaraq belə bir qərara imza atmayıb. Nəticədə, Cavabdeh MMC-nin yeganə aktivi olan ünvan 2 ünvanında Cavabdeh MMC-nin inşa etdiyi binada yerləşən mənzillər direktor X2 tərəfindən qanunsuz olaraq satılır, satılmış mənzillər barədə təsisçi kimi İddiaçı heç bir məlumat verilmir, mənzillərə görə alınmış pul vəsaitlərindən yaranmış mənfəət təsisçilər – iştirakçılar arasında bölüşdürülmür. İddiaçı Cavabdeh iştirakçısı kimi hüquqlarının təmin edilməsi tələbləri ilə bağlı cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh pretenziyaya cavab verməmişdir.” Bakı Kommersiya Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2-2(113)-596/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-596/2021 saylı 15.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçı İddiaçı iddiasının təmin edilməsini, Cavabdeh MMC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən binadan satılmış mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsini və Cavabdeh MMC-nin illik fəaliyyətinin yekunları barədə İddiaçı hesabat verilməsini, dövlət rüsumunun ödənilməsi haqqında məlumat verilməsini, ərizəni imzalayan şəxs haqqında məlumat vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə, göstərilmiş binadan satılmış mənzillərə görə alınmış pul vəsaitlərindən əldə edilmiş 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı 5.000.000 manat dividend ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Bakı Kommersiya Məhkəməsi işə baxarkən mülki-prosessual pozuntuya yol vermiş, işi hərtərəfli araşdırmamış, özünün qəbul etdiyi qərardadın icrasını təmin etməmişdir. Belə ki, məhkəmə iclasında İddiaçı nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 78.2.-ci maddəsinə əsasən, sübutların tələb edilməsi barədə vəsatət verərək, Cavabdeh MMC-nin 2019 və 2020-ci illər üçün illik hesabatlarınmı, maliyyə hesabatlarını, onun mənfəəti və zərəri barədə hesabatı məhkəməyə təqdim etmək Cavabdeh MMC-yə tapşırılmasını xahiş etmişdi. Bakı Kommersiya Məhkəməsi vəsatəti təmin etmişdir. Lakin Bakı Kommersiya Məhkəməsinin sübutların tələb edilməsi barədə qərardadı Cavabdeh MMC tərəfindən icra edilməmiş qalmış, məhkəmə də bu hala qiymət verməyərək, işi tam araşdırmayaraq qanunsuz olaraq yekun qətnamə çıxarmışdır. Bunun əvəzində isə Cavabdeh MMC tərəfindən işə heç bir aidiyyatı olmayan "xxxx" MMC-nin rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəy Cavabdeh MMC-nin 2017-2019-cu illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti auditor yoxlaması barədə olan sənəddir. Həm də bu sənəddə vəsatətdə və iddiada mübahisə predmeti olan 2020-ci ilə aid heç bir məlumat yoxdur. Halbuki, nə biz iddiaçı olaraq, nə də cavabdeh heç bir audit yoxlaması tələbi barədə vəsatət verməmiş, nə də ki, məhkəmə öz təşəbbüsü ilə iş üzrə heç bir audit yoxlaması tələbi barədə qərardad çıxarmamışdı. İddia tələbinin ikinci - Cavabdeh MMC-nin 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı 5.000.000 manat dividend ödənilməsi hissəsinin təmin edilməməsini digər iş üzrə, cinayət işi üzrə araşdırma materialları ilə faktiki olaraq sübut edildiyi ilə əsaslandırmışdır. Bununla bağlı, ilk növbədə qeyd edirik ki, həmin cinayət işi üzrə cəmi 6 mənzil barədə epizodlar üzrə araşdırmalar aparılır, Cavabdeh MMC-nin tikdiyi binada isə 300-dən çox mənzil var. Digər tərəfdən, tamamilə qanunsuz olaraq Bakı Kommersiya Məhkəməsi qanuni qüvvəyə minməmiş məhkəmə qərarına, hökmünə əsaslanmayaraq, cinayət işi materiallarına əsaslanaraq iddia tələbinin ikinci - Cavabdeh MMC-nin 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı ******* (beş milyon) manat dividend ödənilməsi hissəsini təmin etməmişdir. Həmin iş üzrə ümumiyyətlə hələ heç bir qərar, hökm çıxarılmamışdır.” İşə baxılması 08 dekabr 2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetin məhkəmə bildirişi yerləşdirilmiş, lakin iddiaçı məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iştirak etmiş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli 2-2(113)-596/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülmüş tələblərlə bağlı qeyd edir ki, iddia tələbinin dəyişdirilməsi barədə ərizədə iki tələb- mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və Cavabdeh MMC-nin 2019 və 2020-ci illərdə qazanılmış mənfəətindən İddiaçı 5.000.000 manat dividend ödənilməsi barədə tələb qoyulduğu halda, apellyasiya şikayətində Cavabdeh MMC-nin illik fəaliyyətinin yekunları barədə İddiaçı hesabat verilməsi barədə ilk iddia ərizəsindəki tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Qeyd edilən normanın tələbinə əsasən iddiaçının Cavabdeh MMC-nin illik fəaliyyətinin yekunları barədə hesabat verilməsinin cavabdeh verilməsi barədə tələbinə məhkəmə tərəfindən baxılmır. İş materiallarından görünür ki, Kommersiya qurumunun Dövlət Reyestrindən edilmiş 21.02.2018-ci il tarixli Çıxarışa əsasən Cavabdeh 28.03.2005-ci il tarixdə 0105-P107- 42618 nömrə ilə qeydiyyata alınaraq nizamnamə kapitalının miqdarı 10 manat müəyyən edilmişdir və İddiaçı nizamnamə kapitalındakı payı 20%-dir. Azərbaycan Respublikası Mülki Məcəllənin 90-1.1 və 90-1.2-ci maddələrinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətlərdə dividendin deyil, cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi nəzərdə tutulur və istinad edilən normanın tələbindən göründüyü kimi, bu səlahiyyət cəmiyyətin ümumi yığıncağına aid olmaqla bölgü qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. Cavabdeh MMC-nin iş materiallarına əlavə edilmiş nizamnaməsinin 10.5-ci bəndində qeyd edilir ki, “bütün vergilər və büdcəyə ödənişlər ödənildikdən sonra yerdə qalan xalis gəlirin iştirakçılar arasında bölünməsi onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına münasib olaraq həyata keçirilir. Cəmiyyətin xalis mənfəəti ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində təsisçilərə ödənilir. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin yuxarıda göstərilən normalarına görə MMC-nin xalis mənfəətinin onun iştirakçıları arasında məhkəmə tərəfindən bölüşdürülməsi qanunda nəzərdə tutulmadığından iddiaçının bu tələbi əsassızdır. Hüquqi şəxsin fəaliyyətindən əldə edilmiş gəlirin ümumi yığıncağın qərarı olmadan bilavasitə məhkəmə tərəfindən onun iştirakçıları arasında bölüşdürülməsinin mümkünsüzlüyünə dair hüquqi mövqe “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.07.2017-ci il tarixli qərarında da öz əksini tapmışdır. İddiaçının digər tələbi Cavabdeh MMC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən binadan satılmış mənzillər barədə İddiaçı məlumat (mənzillərin sayı, qiyməti, məbləği, sahəsi) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində bu tələbin qanuni əsası kimi Mülki Məcəllənin 65.1-ci maddəsinə istinad etmişdir. Mülki Məcəllənin 65.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları: 65.1.1. bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, ortaqlığın və ya cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər; 65.1.2. nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər; 65.1.3. mənfəət bölgüsündə iştirak edə bilər; Mülki Məcəllənin istinad edilən normasına əsasən iddiaçının təsisçisi olduğu cəmiyyətin fəaliyyəti barədə nizamnamədə müəyyənləşdirilmiş qaydada məlumat almaq hüququ vardır. Cavabdeh MMC-nin nizamnaməsində iştirakçılara cəmiyyətin fəaliyyəti barədə hansı formada məlumat verilməli olduğu nəzərdə tutulmamışdır. Nizamnamənin 17.1-ci bəndində qeyd edilir ki, cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu nizamnamə ilə tənzimlənməyən məsələlər təsisçilərin ümumi yığıncağının qəbul etdiyi qərarla və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. İşdəki tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumatdan görünür ki, Cavabdeh MMC-nin sifarişi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 9-cu mikrorayonun cənub şərq hissəsində 3 girişli, 21-22 mərtəbəli (+texmərtəbə) yaşayış binasının tikintisinə icazə verilmişdir. İş materiallarından görünür ki, işə birinci instansiya qaydasında baxılarkən iddiaçının nümayəndəsinin sübutların qarşı tərəfdən tələb edilməsi barədə vəsatət verilmiş, məhkəmə baxışında cavabdehin nümayəndəsi tərəfindən bilavasitə məhkəmə iclasında, məhkəməyə və iddiaçının nümayəndəsinə təqdim olunmuş sənədlərdən görünür ki, həmin sənədlərdə Cavabdeh MMC-nin maliyyə-təsərrüfat fəaliyyətini, 2017-2019-cu ilərdə və 2020-ci ildə çəkilmiş xərcləri, xərclərin istiqamətini, əldə olunmuş gəlirlər və gəlirlərin mənbəyini, Cəmiyyətin fəaliyyətinin davam etdirilməsi üçün çəkilməli olan xərcləri göstərən məlumatlar əks olunmuşdur. Cavabdeh MMC-dən Cəmiyyətin təsisçisi kimi İddiaçı ünvanına (həmçinin, İddiaçı çatdırılması üçün onun həmin vaxt saxlandığı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə) göndərilmiş məktub-bildirişlərdə İddiaçı Cəmiyyətin Ümumi Yığıncağının keçirilməsi barədə məlumat və Ümumi Yığıncağın gündəliyi barədə məlumat, Cəmiyyətin əsas (yeganə) fəaliyyət istiqamətini təşkil edən Mir Cəlal küçəsi 145 ünvanında çoxmənzilli çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı sərf edilmiş vəsaitin həcmi və gözlənilən xərclər barədə məlumat verilərək təsisçi kimi bu fəaliyyətdə (həmçinin, xərclərdə) iştirak etmək təklif olunmuş, eləcə də keçirilməsi nəzərdə tutulmuş Ümumi Yığıncaqda özü və ya nümayəndəsi vasitəsilə iştirak etmək təklif olunmuşdur. Sözügedən məktublarda, həmçinin, Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair aparılmış auditor yoxlaması nəticəsində Cəmiyyətin 2017-2019-cu illərdəki fəaliyyəti nəticəsində zərərə məruz qalması və belə zərərin aradan qaldırılması və Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilərək tikinti fəaliyyətinin davam etdirilməsi üçün təsisçi qoyuluşunu etməsi də İddiaçı təklif olunmuşdur. İddiaçı 2019-cu ildən cəmiyyətin fəaliyyəti barədə məlumatı olmadığını iddia edir. İş materiallarındakı 31.03.2021-ci il tarixli ittiham aktından görünür ki, Cəmiyyət tərəfindən təqdim edilmiş ərizə əsasında təsisçi İddiaçı qarşı hüquqi şəxsin inşa etdiyi çoxmərtəbəli yaşayış binasında yeləşən yaşayış və qeyri yaşayış sahələrinin alqı-satqısı əsasında əldə olunan külli miqdarda pul vəsaitlərini 204-2019-cu illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək etibardan sui-istifadə edib aldatma yolu ilə talama əsası ilə cinayət işi başlamışdır. İşdəki 05.02.2021-ci il tarixdə imzalanmış razılıq ərizəsindən görünür ki, ümumilikdə 20 ədəd mənzil tikinti və satışına dair müqavilələrin ləğv edilməsinə etirazı olmadığını bildirmiş, həmin mənzillərin qarşılığında X4 tərəfindən 850.000 manat pul vəsaitinin ödənildiyini təsdiq edərək ödənilmiş məbləğin qarşılığında mənzillərin ona verilməsinə, ödənilmiş məbləğin gələcəkdə təsisçi payından və gəlirindən çıxılmasına etiraz etməmişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilərək tədqiq olunan "xxxx" MMC-nin auditoru Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü X5 tərəfindən tərtib və təsdiq edilmiş (Cəmiyyətin direktoru S.Hüseynov və baş mühasibi tərəfindən imza edilməklə düzgünlüyü təsdiq edilmiş) Auditor Rəyindən görünür ki, Cavabdeh MMC-nin 2017-2019-cu illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti auditor yoxlaması ilə əhatə olunmuşdur. 01.01.2017-ci il tarixdən 01.09.2019-cu il tarixədək olan dövr üzrə Cəmiyyətin maliyyə hesabatı, pul vəsaitlərinin hərəkətini özündə real rəqəmlərlə əks etdirən Auditor Rəyindən görünür ki, Cavabdeh MMC 28.03.2005-ci ildə dövlət qeydiyyatına alınmış, sonuncu dəfə 2018-ci ildə təkrar qeydiyyatdan keçməklə təsisçiləri: X4 – 65%; X3 – 15%; İddiaçı – 20% olmaqla fəaliyyətini davam etdirmişdir. Cəmiyyət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 08.07.2016-cı il tarixli lisenziya əsasında mənzil tikintisi fəaliyyəti ilə məşğuldur. Yoxlanılan dövrdə Cəmiyyət ünvan 4 ünvanında ümumilikdə 307 mənzildən ibarət A və B bloklarının, bundan başqa ümumi sahəsi 1367 kv.m olan qeyri-yaşayış-yardımçı C blokunun tikintisi ilə məşğul olmuşdur. Sənədlərdən görünür ki, bina ümumilikdə 2 blokdan ibarətdir. Binanın tikintisi 01.07.2017-ci ildən başlamışdır. Auditor hesabatı əsasında müəyyən olunmuşdur ki, 01.09.2019-30.04.2020- ci il tarixədək yoxlama ilə əhatə edilmiş ilkin sənədlərdən, o cümlədən kassa mədaxil qəbzi, bank hesabından çıxarış, bank qəbzi və borc müqavilələrindən, mənzillərin satış müqavilələri üzrə daxil olmuş vəsaiti təsdiq edən sənədlərin araşdırılmasından göründüyü kimi, Cəmiyyətin 01.01.2017-01.09.2019-cu illər ərzində müvafiq olaraq ünvan 4 ünvanında yerləşən A və B bloklu çoxmərtəbəli yaşayış binasının tikintisi üçün Cəmiyyətə təsisçi X4 tərəfindən 6.660.664 manat və X3 tərəfindən 297.000 manat məbləğində vəsait qoyulmuşdur. Yoxlama zamanı Cəmiyyətin digər təsisçisi İddiaçı tərəfindən hər hansı vəsait qoyulmadığı müəyyən edilir. Eyni zamanda, 01.03.2019-cu il tarixə Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanda Cəmiyyətin inşa etdiyi binadan 56 mənzilin satışından daxil olan 415 808 manat vəsaitin təsisçi İddiaçı tərəfindən götürülərək Cəmiyyətin kassasına mədaxil edilmədiyi və ya hər hansı formada tikintiyə və ya Cəmiyyətin başqa ehtiyaclarına sərf edilmədiyi müəyyən edilmişdir. Ümumilikdə, Auditor Rəyində Cəmiyyətin 01.01.2017-01.09.2019-cu illəri əhatə edən dövrdə real müqavilələr və mühasibat sənədləri üzrə zərərin 5878440,67 manat təşkil etdiyi öz əksini tapmışdır. Qeyd edilən audit aktında 2019-cu ildən sonra satılan mənzillər və hüquqi şəxsin kassasına mədaxil edilmiş vəsait öz əksini tapmışdır. Qeyd edilən audit aktının məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, iddiaçının təsisçisi olduğu hüquqi şəxsdən tələb etdiyi məlumatlar təqdim edildiyindən iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli 2-2(113)-596/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15.07.2021-ci il tarixli e-2-2(113)-596/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1179/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1179/2021
08.12.2021 · Sair işlər - Müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver