Məhkəmə qərarları › İş №2-2(103)-1187/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1187/2021

21.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1187/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1991/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx"xxxx"xxxx" ASC-nin 56.100 manat dəymiş ziyanın və hər aya ödəmədiyi faizlərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.06.2021-ci il tarixli 2-2(113)-1991/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən 8.415 (səkkiz min dörd yüz on beş) manat sığorta ödənişi, 1.445 (bir min dörd yüz qırx beş) manat dəbbə pulu olmaqla ümumilikdə 9.860 (doqquz min səkkiz yüz altmış) manat məbləğində pulun tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə İddiaçı arasında 19.07.2019-cu il tarixdə iddiaçıya məxsus Sumqayıt şəhər, Koroğlu prospekti 106a-da yerləşən daşınmaz əmlaka dair RAT ********** saylı daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sığorta məbləği 20.000 manat, sığorta müqaviləsinin müddəti isə 19.07.2019-cu il tarixdən 18.07.2020-ci il tarixədək müəyyən edilmişdir. 03.11.2019-cu il tarixdə Sumqayıt şəhərində baş vermiş güclü külək və 23.11.2019-cu il tarixdə baş vermiş yağış nəticəsində İddiaçı məxsus Sumqayıt şəhər, Koroğlu prospekti 106a-da yerləşən daşınmaz əmlaka ziyan dəymişdir. İddiaçı 03 noyabr 2019-cu il və 23 noyabr 2019-cu il tarixlərində külək və yağış nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin həyata keçirilməsini tələb etmiş, lakin sığorta şirkəti 09 dekabr 2019-cu il tarixdə sığorta ödənişinin həyata keçirilməsindən imtina olunmuşdur. Cavabdeh sığorta ödənişinin verilməsindən imtinanı onunla əsaslandırmışdır ki, "Atəşgah” şirkəti ASC-də daşınmaz əmlakın icbari sığorta növü üzrə və RAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış Sumqayıt şəhəri, Koroğlu prospekti 106A ünvanında yerləşən daşınmaz əmlak “yaşayış evi” kimi sığortalanıb, lakin sonradan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışında həmin daşınmaz əmlakın növü və təyinatı kimi “qeyri-yaşayış binası” göstərilmiş, sığortalı sığorta müqaviləsinin bağlandığı zaman daşınmaz əmlakın təyinatı haqqında düzgün məlumat verməmiş və ya əmlakın təyinatı sonradan dəyişdirilibsə sığortaçını bu haqda məlumatlandırmamışdır. İddiaçı bildirir ki, 03.11.2019-cu il tarixdə ilk sığorta hadisəsi baş verdikdən sonra 04.11.2019-cu il tarixində ona cavabdeh tərəfindən kart verilmiş, lakin qeyd olunan karta heç bir ödəniş həyata keçirilməmişdir. 20.11.2019-cu il tarixində sığorta hadisələrinin qiymətləndirməsini həyata keçirmişlər. Daha sonra ona sığorta ödənişindən imtina olunması barədə məlumat verildikdən sonra öz vəsaiti hesabına dam örtüyünün təmirinə başlamışdır. Birinci sığorta hadisəsi ilə bağlı ödəniş sığorta şirkəti tərəfindən edilmişdir. Sumqayıt hidrometeoroloji stansiyasında müşahidə olunmuş hava şəraiti barədə də qeyd edilmişdir ki, 22.11.2019-cu il tarixdən 23.11.2019-cu il tarixinə keçən gecə saat 01:00-dək olan dövrdə bir sutka ərzində düşən yağıntının miqdarı aylıq normadan 17 dəfə çox olmuş, bu da aylıq normanın 169 %-ni təşkil edir. Həmçinin tərəflər arasında imzalanmış müqavilə üzrə də ödənişin gecikdirilməsi ilə bağlı olaraq ona faizlər ödənilməlidir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, baş vermiş birinci sığorta hadisəsi onlar tərəfindən tanınmış, müvafiq olaraq ödəniş həyata keçirilmişdir. Lakin, ikinci hadisə sığorta hadisəsi kimi qiymətləndirilə bilməz. Belə ki, qəza komissarları tərəfindən hadisə yerinə baxış keçirilməsi nəticəsinə, həmin gün üçün hava proqnozunun leysan olmaması səbəbindən sığorta hadisəsi onlar tərəfindən tanınmamışdır. Məhkəməyə təqdim edilmiş ekspert rəyində də subasma hadisəsi olması qeyd olunsa da, qeyd olunan faktın nəyin əsasında əmələ gəlməsi müəyyən edilməmişdir. Həmçinin, ekspert rəyində yağış yağması faktı qeyd olunsa da bu yağışın leysan olması da öz təsdiqini tapmamışdır. Ekspert rəyində dəymiş ziyan olaraq göstərilən məbləğlər də iddiaçının verdiyi məlumatlar əsasında qeyd olunmuşdur. İş materiallarında 22-23 noyabr 2019-cu il tarixində hər hansı təbii fəlakətin baş verməsi faktı öz əksini tapmır. 03.11.2019-cu il tarixdə baş vermiş hadisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin tarixdə baş vermiş güclü küləyin sığorta hadisəsi olması işin mübahisəsiz halıdır. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh həmin hadisə nəticəsində iddiaçıya dəymiş zərərə görə sığorta ödənişi olaraq sonuncuya 12 avqust 2021-ci il tarixdə (birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra) 1438,61 manat ödəniş etmişdir. Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Cavabdehin mövqeyini, yəni onun əvvəlcə 09 dekabr 2019-cu il tarixdə sığorta hadisəsinə görə sığorta ödənişinin həyata keçirilməsindən imtina etdiyini nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin həmin sığorta hadisəsinə görə sığorta ödənişini vermək öhdəliyi məhz həmin tarixdə yaranmışdır. Həmin müddət bitdiyi tarixdən (09.12.2019) sığorta ödənişinin həyata keçirildiyi tarixə (12.08.2021) qədər olan müddət 608 gün, ödəməli olan dəbbə pulu isə 874,6 manat təşkil edir (1438,61 x 0,1 % = 1,43861 x 608 = 874,6). Bu baxımdan kollegiya hesab edir ki, 03.11.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsinə görə cavabdehdən yalnız 874,6 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. 23.11.2019-cu il tarixdə baş vermiş hadisəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 934.1-ci maddəsi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1 və 41.1-ci maddələri təşkil edir. Həmin normaların tələblərinə görə Mülki Məcəllənin 933.1-ci maddəsində və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsində göstərilən sənədlər sığortaçıya təqdim edildiyi andan sonuncunun 7 iş günü müddətində sığorta ödənişini vermək öhdəliyi yaranır. Qeyd olunan maddələrdəki sənədlərdən biri isə sığorta hadisəsinin baş verdiyini təsdiq etməlidir. Tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halları və qeyd olunan normaların dispozisiya şərtlərini nəzərə alaraq kollegiya qeyd edir ki, həmin iddia tələbinin əsaslı hesab edilməsi üçün iddiaçının istinad etdiyi sığorta hadisəsinin baş verməsi halı sübut olunmalıdır. Eyni zamanda tərəflər arasında daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıldığı üçün sığorta hadisəsinin baş verib-verməməsi halı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən müəyyən edilməlidir. Həmin maddənin tələblərinə görə daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9). Eyni hallar sığorta şəhadətnaməsində də göstərilmişdir. İddiaçı bildirir ki, ikinci sığorta hadisəsi ondan ibarət olmuşdur ki, 23.11.2019-cu il tarixdə subasma baş vermiş və bunun nəticəsində sığortalanmış əmlaka zərər dəymişdir. Göründüyü kimi iddiaçı sığorta hadisəsi kimi məhz subasmaya istinad etmişdir. Lakin iddiaçının istinad etdiyi hallardan və iş materiallarından görünür ki, həmin subasma məhz yağan yağıntı nəticəsində baş vermişdir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı sığorta hadisəsi kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.5-ci maddəsində nəzərdə tutulan subasmaya deyil, məhz 36.1.8-ci maddədə nəzərdə tutulan təbii fəlakət – yəni leysana istinad etmişdir. Cavabdeh isə bildirir ki, yağış nəticəsində yaranan subasma sığorta hadisəsi hesab olunmur. Çünki həmin tarixdə leysan yağıntısı olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, mübahisənin düzgün həlli üçün həmin tarixdə yağan yağıntının məhz leysan yağıntısı olub-olmaması araşdırılmalı və buna əsasən də hadisənin sığorta hadisəsi olub-olmaması müəyyənləşdirilməlidir. Bu halı müəyyənləşdirmək, yəni Sumqayıt Hidrometeoroloji Stansiyasında 2019-cu ilin 22-23 noyabr tarixlərində müşahidə olunmuş yağıntıların leysan yağıntısı hesab olunub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi üçün hazırki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidmətinə sorğu göndərilmiş və sonuncu tərəfindən verilən 20 dekabr 2021-ci il tarixli məktuba əsasən 2019-cu ilin 22-23 noyabr tarixlərində güclü və mülayim intensivli aramsız yağış, sulu qar müşahidə edilmişdir. 2019-cu il 22 noyabr tarixində düşən yağıntının miqdarı 45,7 mm, 23 noyabr tarixində saat 0700 müşahidə müddətində isə 1,2 mm olmuşdur. 22.11.2019-cu il tarixində düşən yağıntının miqdarı (45,7 mm) Sumqayıt şəhəri üzrə yağıntının aylıq normasından (27,8 mm) 1,6 dəfə çox olmuşdur. 22-23.11.2019-cu il tarixlərində leysan xarakterli yağış müşahidə olunmamışdır. Göründüyü kimi 23.11.2019-cu il tarixində leysan xarakterli yağış müşahidə olunmamışdır. Belə olan halda kollegiya hesab edir ki, 23.11.2019-cu il tarixdə iddiaçının bildirdiyi sığorta hadisəsi baş verməmişdir. Ona görə də, o, cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlı deyildir və cavabdehin ilk olaraq hansı əsasa görə sığorta ödənişini verməkdən imtina etməsi əhəmiyyət daşımır. Çünki yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş vermədiyinə görə cavabdehin sığorta ödənişini vermək öhdəliyi yaranmamışdır. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 8415 manat sığorta ödənişi və 1445 manat dəbbə pulunun 570,4 manat hissəsi ləğv edilməli və həmin hissələrdə iddia rədd edilməli, qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1991/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.06.2021-ci il tarixli qətnaməsi qismən, yəni 8415 manat sığorta ödənişi və 1445 manat dəbbə pulunun 570,4 manat hissəsində ləğv edilsin və həmin hissələrdə iddia rədd edilsin. Qətnamə digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar