Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1193/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X4 və Şəmkir Rayon İcra və Probasiya Şöbəsi) qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2409/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyriyaşayış binasının açıq hərracda satılmasına dair Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 275117/2021-12 saylı sifariş məktubu əsasında "xxxx" MMC tərəfindənxx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri və tərtib edilmiş təklif olunan əmlakın əldə edilməsinə dair açıq hərracın yekunları barədə № 145/23 saylı Protokolunetibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2409/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi iddia təmin edilmiş, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyriyaşayış sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə 145/23 saylı protokolun etibarsız hesab edilməsi qət edilmişdir.
3. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2409/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2409/2024 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və kommersiya mübahisəsinə dair iş üzrə icraatın təzələnməsi qərara alınmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2409/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyriyaşayış sahəsi ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş hərracın yekunları barədə Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış 145/23 saylı protokolun etibarsız hesab edilməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini, eləcə də dövlət rüsumunun əvəzi olaraq Cavabdeh MMC-dən tutulan 100 manat məbləğində vəsaitin, həmçinin 50 manat hazırkı apelyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun digər cavabdehlərdən tutulmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apelyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tərəf hərrac vasitəsilə, ona göstərilən əmlakın deyil, başqa əmlakın satıldığını bildirir. Bu xüsusatla əlaqədar qeyd etmək lazımdır ki, sözügedən əmlakla qalib alıcının bilavasitə tanış olması prosesində qanunvericiliyə uyğun olaraq hərrac təşkilatının səlahiyyətilərinə aid olmadığı üçün hərrac təşkilatı olaraq iştirak etməmişdir. Ümumiyyətlə qanunvericiliyə uyğun olaraq hərrac təşkilatçısı vəzifəsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında İcra Şöbəsi tərəfindən verilmiş sifarişdə göstərilən əmlakın satışını təmin etməkdir. Qanunvericiliyə uyğun olaraq həmin əmlaka yerində baxış keçirilməsi, foto şəkillərinin təqdim olunması və ya ümumiyyətlə sifariş olunan əmlakın ünvanı və s. digər məlumatların aydınlaşdırılması İcra Şöbəsi tərəfindən müəyyənləşdirilir. Eləcə də, Məhkəmə öz qətnaməsində qeyd edir ki, işə əlavə edilmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş icra işinin materiallarında olan X2 etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən verilmiş ərizədən görünür ki, o, hərraca çıxarılan əmlakın başqa əmlak olduğunu bildirmiş və göstərilmiş əmlakın isə sənədləşmə işi aparıldıqdan sonra "xxxx" MMC ilə razılıq əsasında alqı-satqı müqaviləsi bağlanacağını bildirmişdir. Bu xüsusatla əlaqədar olaraq qeyd edilməlidir ki, Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə uyğun olaraq İcra Şöbəsi tərəfindən Hərrac Təşkilatına göndərilən sifarişdə belə bir məlumat öz əksini tapmamışdır. Məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, hazırkı iş üzrə Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında İcra Şöbəsi tərəfindən verilmiş sifariş əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş hərrac prosesinin təşkilində Cavabdeh MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə tərəfindən məhkəmə araşdırması, tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış sadəcə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallarla yekun qənaətinə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən əmlakın kim tərəfindən qalib alıcıya verilməsi halı tam olaraq araşdırılmayıb. 1-ci instansiya məhkəməsi tərəfindən sübutlar və dəllillər tərəflərin qarşılıqlı münasibəti əsasında qiymətləndirilmədiyindən və işin faktiki halları tam araşdırılmadığı üçün nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
12. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
13. Həmin Məcəllənin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
14. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
15. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
16. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
17. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
18. Həmin Məcəllənin 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:
19. 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir.
20. 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir.
21. 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
22. Həmin Məcəllənin 347.3-ci maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.
23. Həmin Məcəllənin 347.4-cü maddəsinə əsasən kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur.
24. Həmin Məcəllənin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir.
25. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
26. Həmin Məcəllənin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
27. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
28. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
29. Həmin Məcəllənin 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.
30. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.
31. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
32. “İpoteka haqqında” qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
35. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 145/23 saylı protokoldan görünür ki, X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 36.50 kv.m sahəsi olan bir otaqlı bir mərtəbəli qeyri-yaşayış binasının dəyəri 42.000 manat olmaqla hərrac keçirilmiş və hərracın qalıbi İddiaçı MMC olmuşdur.
36. İşə əlavə edilmiş, Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş icra işinin materiallarında olan X2 etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən verilmiş ərizədən görünür ki, o, hərraca çıxarılan əmlakın başqa əmlak olduğunu bildirmiş və göstərilmiş əmlakın isə sənədləşmə işi aparıldıqdan sonra İddiaçı MMC ilə razılıq əsasında alqı-satqı müqaviləsi bağlanacağını bildirmişdir.
37. Bundan başqa təqdim edilmiş fotoşəkillərdən görünür ki, göstərilmiş olan obyekt işlək vəziyyətdə olan qeyri-yaşayış sahəsidir, hərracda satılan əmlak isə işlək olmayan dəmir darvazası olan qapalı bir sahədir.
38. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən əqdin predmeti barəsində vacib əhəmiyyətli yanılma halı baş vermişdir.
39. İddiaçının tələbi hərracın etibarsız hesab edilməsidir. İddianın maddi hüquqi əsası vacib əhəmiyyətli yanılma halının baş verməsi nəticəsində hərracın etibarsızlığıdır. (MM 416-cı maddə)
40. İşdən görünür ki, iddiaçı əqdin əsası kimi nəzərdən keçirdiyi predmet nəticədə mövcud olmamışdır. (MM 347.2.3)
41. Cavabdeh hərrac təşkilatı iddiaçının istinad etdiyi halı inkar etməmiş, sadəcə onun bu məsələ barədə məsuliyyət daşımalı tərəf olmadığına əsaslanmışdır. Cavabdeh iddiaçının iradının icra şöbəsinə yönəldilməsini və onun məsuliyyət daşıdığını bildirmişdir.
42. Məhkəmə kollegiyası apellyatorun mövqeyi ilə razılaşmır. Belə ki, yuxarıda qeyd edilən mülki qanunvericilik normalarına əsasən ixtisaslaşdırılmış hərrac təşkilatının vəzifəsi mülki qanunvericiliyin tələblərinə riayət etməklə hərracın təşkil edilməsidir. Hərracı udan şəxslə hərracın nəticələrinə dair protokol tərtib edilir, imzalanır və bu protokol müqavilə qüvvəsinə malikdir. Müqavilə tərəfinin isə müqavilənin etibarlılığına dair mülki məsuliyyət daşıması qanunvericilikdə təsbit edilmişdir.
43. “İpoteka haqqında” qanunun 44-cü maddəsinə əsasən bu qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
45. Mülki Məcəllədə vacib əhəmiyyətli yanılma barədə qaydaları cavabdeh pozduğuna görə həmin məcəllənin 416.1-ci maddəsinə əsaslanan iddianın hərracın etibarsızlığı barədə tələbi əsaslı olmuşdur. Məhkəmə həmçinin dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
46. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2409/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.