Məhkəmə qərarları › İş №2-2(103)-1193/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1193/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1193/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, İddiaçının nümayədəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-355/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən Cavabdeh3 MMC-yə illik 15 (on beş) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 15/00533 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi X5 dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə 40778,70 manat əsas, 2480,64 manat faiz və 74,35 manat cərimə borcu olmaqla, cəmi 43333,69 manat təşkil edir.

3. İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli 13498/118 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

4. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 08 sentyabr 2023-cü il tarixli 134989/118 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

5. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh3 MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 15/00517 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin qisa müddət ərizində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

6. İddiaçı ASC tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli, 15/00521 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin qisa müddət ərizində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi X5 dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə 04 iyul 2024-cü il tarixə "xxxx" ASCyə olan 40778,70 (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat əsas, 2480,64 (iki min dörd yüz səksən manat altmış dörd qəpik) manat faiz və 74,35 (yetmiş dörd manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 43333,69 (qırx üç min üç yüz otuz üç manat altmış doqquz qəpik) manat borc və ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumunun Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi X5 dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən Cavabdeh3 MMC-yə 24 (iyirmi dörd) ay müddətinə illik 15% olmaqla 50000 (əlli min) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 08 sentyabr 2023-cü il tarixli 13498/118 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi X5 dair 25 aprel 2022-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Bundan əlavə, İddiaçı ASC ilə Cavabdeh1 arasında 08 sentyabr 2023-cü il tarixli, 13499/118 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində 25 aprel 2022- ci il tarixli bank xidmətlərinin göstərilməsi X5 dair 25 aprel 2022- ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh1 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh3 MMC hər ay ödəniş etməli olduğu halda, o, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda 10 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə krediti, ona hesablanacaq faiz və cərimələri ödəməli olduğu halda, bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmiş və 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi X5 dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə 04 iyul 2024-cü il tarixə "xxxx" ASC-yə borcu 40778,70 (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat əsas, 2480,64 (iki min dörd yüz səksən manat altmış dörd qəpik) manat faiz və 74,35 (yetmiş dörd manat otuz beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 43333,69 (qırx üç min üç yüz otuz üç manat altmış doqquz qəpik) manat təşkil edir. Cavabdehlərə borcun qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq, bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8218 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli 10454/118 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə (sualda soruşulan tarixlərə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2024-cü il tarixə 40778,70 mana əsas borc, 2596,69 manat faiz borcu; xx.xx.2024-cü il tarixə 40778,70 mana əsas borc, 3055,45 manat faiz borcu. Qeyd edilir ki, iş materiallarında 25 aprel 2022-ci il tarixli, bank xidmətlərinin göstərilməsi X5 dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh3 MMC-yə cərimə hesablanmadır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-355/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada 40778,7 manat (qırx min yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) əsas borc, 2480,64 manat (iki min dörd yüz səksən manat altmış dörd qəpik) faiz borcu, 74,35 manat (yetmiş dörd manat otuz beş qəpik) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 43553,69 manat (qırx üç min beş yüz əlli üç manat altmış doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-355/2025 nömrəli qətnaməsinin ləğv edilərək, verilmiş iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ona münasibətdə nə səas borc, nə də cərimə və faiz məbləğləri təmin edilə bilməz. Həmin kreditin ona heç bir aidiyyəti yoxdur. Belə ki, həmin kredit müqaviləsi onun tərəfimdən imzalanmayıb, kredit isə onun tərəfindən götürülməyibdir. Həmin kredit müqaviləsi üzrə borclu şirkətin rəhbəri onu aldadaraq ona xeyli miqdarda pulu götürərərk ölkədən qaçmışdır. Onun barəsində iş icra şöbəsindədir. Ona görə də qeyd edilən kredit müqaviləsi hüquqi şəxsin hazırkı təsisçisi və direktoruna aid olan məsələdir. Ona görə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməli, işin qeyd edilən obyektiv halları dolğun şəkildə araşdırılmalı və buna uyğun iddiaya hüquqi qiymət verilməlidir. Vergi ödəyicisi kimi uçotum olmadığı halda məhkəmə hansı əsasla mənə qarşı iddiaya kommersiya mübahisəsi kimi baxmalıdır? Həmin qanunsuz qərardad verdiyim şikayət üçün hərəkətsiz olaraq saxlanılmışdır. Məhkəmə iş üzrə yekun qərar qəbul etməklə mənim prosessual baxımından işə qanuni baxılmasını tələb etmək hüququmu pozmuşdur. Bu isə ciddi prosessual pozuntu olmaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Ona görə də məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə ona münasibətdə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ekspertizada isə iştirakım təmin edilməmişdir. Bu baxımdan hesab edir ki, bütün digər hallarla yanaşı iş üzrə yenidən ekspertiza keçirilməklə iddia tələbinin düzgün hesablanması müəyyən edilməli idi. Məhkəmə borclu hüquqi şəxslə onun arasında olan münasibətləri araşdırmamış, borcun ona heç bir aidiyyəti olmadığını müəyyən etməmişdir. Buna görədə təqdim edilən kredit müqaviləsi zürə ekspertiza keçirilməklə həqiqət müəyyən edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında İddiaçının nümayədəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

15. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

24. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

25. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

26. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

33. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Elektron imza və elektron sənəd haqqında” Qanun

36. Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

37. Maddə 3.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməmə, birinci instansiya məhəkməsinin qətnaməsi zamin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

39. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

40. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

41. Belə ki, işin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə(elektron) bağlanmış və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqaviləyə əsasən Cavabdeh3 MMC-yə illik 15 (on beş) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında 08 sentyabr 2023-cü il tarixli 13498/118 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında 08 sentyabr 2023-cü il tarixli 134989/118 nömrəli zaminlik müqaviləsi (elektron) bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

42. İddiaçı (kreditor) ilə Cavabdeh1 (zamin) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 134989/118 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqaviləyə dair 08 sentyabr 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 10454/118 saylı müqavilə üzrə Cavabdeh3 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

43. Belə ki, zaminlik müqavilləsinin 1.1-ci bəndinə əsasən, zamin Cavabdeh3 MMCnin kreditor qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən, zaminliklə təmin edilən öhdəlik: 25 aprel 2022-ci il tarixli, **********25042022 saylı Bank Xidmətlərinin Göstərilməsi X5 Kreditləşmənin Xüsusi Şərtlərinə dair 08 sentyabr 2023-cü il tarixli, 10454/118 saylı Əlavəsi olması müəyyən olunmuşdur.

44. Müqavilənin 2.1.1-ci bəndinə əsasən, kreditorun tələb ilə etiraz irəli sürmədən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəlikləri icra etmək, 2.1.2-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik başqa şəxsə keçirildikdə yeni borclu ilə eyni həcmə, birgə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.

45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 470.2-ci maddəsinin “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bununla yanaşı, zaminlik müqaviləsi ilə təxirəsalıcı və ya ləğvedici şərtlə bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər də təmin edilə bilər və zaminlik müqaviləsi özü də müəyyən şərtlə bağlana bilər. MM-in 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.Zaminlik müqaviləsinin qüvvəyə minməsini şərtləndirən təxirəsalıcı şərtlərə (MM-in 328.6-cı maddəsi) kreditor tərəfindən borclu və ya üçüncü şəxslərlə təminatverici müqavilələrin bağlanması (məsələn ipoteka müqaviləsi) və s. aid edilə bilər. Ləğvedici şərt kimi (MM-in 328.7-ci maddəsi) kreditor və borclu arasında bağlanmış digər təminedici müqavilələrə xitam verilməsi və ya etibarsız və yaxud bağlanmamış hesab edilməsi zaminlik müqaviləsində nəzərdə tutula bilər.

46. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır.

47. Məhkəmə kollegiyası qeyd edir ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

48. Cavabdeh1 zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur.

49. Tələb edilən borcun düzgün hesablanmadığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişlər.

50. Apellyator şikayətin dəlillərində müqavilələrin onun tərəfindən imzlanmadığını, bu səbəbdən müqavilələrin onunla əlaqəsi olmadığını bildirmişdir. Bunun bağlı kollegiya qeyd etmək istəyir ki, zaminlik müqaviləsi və İddiaçı ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 25 aprel 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə Cavabdeh3-nin səlahiyyətli şəxsi Cavabdeh1 məxsus (etibarlıdır statusunda olan) elektron imza ilə imzalanmışdır.

51. Tərəflər arasında müqavilənin bağlanmış hesab edilməsi üçün onların “iradəsi qovuşmalıdır”. Tərəflərin öz növbəsində bu halı rəsmiləşdirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətləri nəzərə almaqla, istənilən formada müqavilə bağlamaq azadlıqları var.

52. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir, sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.

53. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında göstərmişdir ki, “...yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir”.

55. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, tərəflər arasında elektron qaydada kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə Mülki Məcəllənin 407.2ci maddəsində qeyd edilən “sadə yazılı müqavilə” şərtini ödədikləri üçün etibarlı müqavilədir.

56. Məhkəmə kollegiyası Cavabdeh1 vergi ödəyicisi kimi uçotunun olmadığı halda iddiaya kommersiya mübahisəsi kimi baxılması dəlilinə münasibətdə qeyd edir ki, işin hallarından görünür kii, kredit müqaviləsi İddiaçı ASC hüquqi şəxs olan Cavabdeh3 MMC (VÖEN **********) arasında bağlanmış, kreditin təyinatı dövriyyə və əsas vəsaitin artırılmasıdır.

57. Göründüyü kimi hazırki mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan kommerisya məhkəməsində baxılmalıdır

58. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İşin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3 və 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.( İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı)

59. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

60. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-355/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar