Məhkəmə qərarları › İş №2-2(103)-1201/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1201/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1201/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (üçüncü şəxs LPO QSC “Bank Standard” KB ) qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 15/2021 saylı 18 iyun 2021-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə (üçüncü şəxs LPO QSC “Bank Standard” KB ) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan tələbin həcmini azaldaraq ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 02.02.2016-cı il tarixli, KBS16-1823 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 9.469.166,67 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 15.04.2016-cı il tarixli, KBS16-1839 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank qarşısında 12 252 469,87 manat əsas borc, 7.164,00 manat faiz borcu olmaqla, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 21.728.800,54 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında 8 ha torpaq sahəsində yerləşən 10716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 213 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Cavabdeh2 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 2 ünvanında yerləşən 187 kv.m ümumi sahədən ibarət mənzilə tutma yönəldilməsi və həmin daşınmaz əmlakların ilkin satış qiymətləri (likvid qiymət) göstərilməklə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına QSC “Bank Standard” KB-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-15/2021 saylı 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək qətnamənin qismən- Bakı Kommersiya Məhkəməsinin QSC “Bank Standard” KB-nin Mərkəzi Bank qarşısında 02.02.2016-cı il tarixli, KBS16- 1823 nömrəli və 15.04.2016-cı il tarixli, KBS16-1839 nömrəl kredit müqavilələri üzrə ümumilikdə 21.428.800,54 manat məbləğində kredit borcunun ödənilməsi üçün tutmanın həmin öhdəliyin təminatı olan Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 22-ci kilometr ünvanda yerləşən 10.716,5 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə, Cavabdeh2 MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən 213 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və eyni ünvanda ümumi sahəsi 187 kv.m. olan əmlaklara tutmanın yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, acıq hərracdan satılmasına dair hissədə ləğv olunaraq, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında “əmlaka yönəldilməsi və həmin əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində” rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxsin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarına ziddir və aşağıdakı əsaslara görə ləğv edilməlidir: 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli 2-1(81)-4498/2016 nömrəli qərarı ilə QSC “Bank Standard” Kommersiya Bankı müflis elan edilərək iflas proseduruna başlanılmış və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Beləliklə, bank məhkəmə qərarına əsasən müflis elan edilərək iflas proseduruna başlandığı andan keyfiyyət etibarı ilə yeni hüquqi vəziyyət yaranmış və bu vəziyyət “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun “Bankların iflası” fəslində yer almış hüquq normalarının təsiri altına düşür. “Banklar haqqında” Qanunun bankların müflis elan olumasının nəticələrini nəzərdə tutan 72.1 və 72.1.3.-cü maddələrinin tələblərinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. İflas prosedurlarının həyata keçirilməsi isə “Banklar haqqında” Qanunun 81.1-ci maddəsinin tələblərinə əsasən kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan aktivlərin ləğvedici tərəfindən açıq hərracda satılmasını ehtiva edir. Lakin, eyni zamanda nəzərə alınmaldır ki, istinad olunan Qanunda iflas proseduru çərçivəsində ləğvedici tərəfindən açıq hərracda satılacaq aktivlərin ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmamışdır və Qanunun 81.2-ci maddəsindən göründüyü kimi, ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə yalnız bu halda ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər. Beləliklə də, birinci instansiya məhkəməsinin əmlakların ləğvedici tərəfindən açıq hərracda satılması barədə qətnamə qəbul edərkən əmlakların ilkin satış qiymətini müəyyən etməsi qanunaziddir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə tərəfindən ümumiyyətlə ilkin satış qiymətinin müəyyən edilməsi, özü də real qiymətindən aşağı (girov predmetlərindən əmlak kompleksinin qiyməti girov qoyularkən 19.400.000 manat məbləğində razılaşdırıldığı halda, qətnamə ilə hazırda da fəaliyyət göstərib gəlir gətirən həmin əmlak kompleksinin ilkin satış qiyməti cəmi 6.568.000 manat məbləğində müəyyən olunmuşdur) ləğvedicinin həmin əmlakları qənaətbəxş qiymətlə, yəni kreditorun tələblərinin maksimum dərəcədə ödəyə biləcəyi qiymətlə satmaq imkanlarını məhdudlaşdırır ki, bu hal öhdəliklərin tam icra olunması baxımından istər borclunun, istərsə də kreditorun və əmlak mülkiyyətçilərinin maraqlarına uyğun deyildir. Birinci instansiya məhkəməsi “Banklar haqqında” Qanunun 81-ci maddəsini töfsiv edərkən belə qənaətə gəlmişdir ki, istinad olunan normada ləğvedici tərəfindən yalnız banka məxsus olan təminat predmetinin satılması nəzərdə tutulmuşdur. Qətnamədə göstərilmişdir ki, “Hazırki halda isə ipoteka predmeti olan əmlaklar cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə məxsus olmaqla ləğv prosesində olan QSC “Bank Standard” KB-nin aktivi hesab edilmədiyindən həmin maddənin mübahisəli hüquq münasibətinə tətbiqi istisna edilir”. Məhkəmənin həmin mövqeyi ilə razılaşmayaraq “Banklar haqqında” Qanunun 81.1-ci maddəsinin mətninə diqqət yetirməyi zəruri hesab edirik. Həmin maddədə göstərilir ki,“..kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır”. Göstərilən maddənin məzmunundan göründüyü kimi, istinad olunan normada ləğvedici tərəfindən yalnız banka məxsus aktivlərin satıla biləcəyi barədə göstəriş yoxdur. Məhkəmənin ləğvedici tərəfindən banka məxsus olmayan aktivi sata bilməməsi barədə qənaəti “bankın öz tələblərinin təminatı olan bütün aktivlər”in ləğvedici tərəfindən satılmasını ehtiva edən müddəa ilə də uzlaşmır, çünki bu halda bankın tələblərinin təminatı qismində bankın deyil, məhz başqasının aktivi çıxış edir. Məhkəmənin ləğvedici tərəfindən yalnız banka məxsus aktivlərin satıla biləcəyi barədə qənaəti qanunun 81.1.2.-ci maddəsindəki “qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin sözbirləşməsinə əsaslanmışdırsa, göstərilən maddə “həmin aktivləri sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda” satılması halını nəzərdə tutur və ləğvedicinin deyil, kreditorların səlahiyyət çərçivəsini müəyyənləşdirir. Ümumiyyətlə, qanunun 81.1.1 və 81.1.2.-ci maddələrində göstərilmiş istisnalar yalnız satış üsulu və satılacaq aktivin növü, yəni açıq hərracdan fərqli üsulla ixtisaslaşdırılmış bazarlarda (valyuta birjası, qiymətli kağızlar (fond) birjası, əmtəə birjası) ticarət olunan xüsusi növ aktivlərin (qiymətli kağızlar, valyuta, əmtəə) satılması ilə əlaqədardır və hazırki vəziyyətdə ləğvedicinin bankın öhdəliklərinin təminatı olan aktivlərin satılmasını məhdudlaşdırmır. Digər tərəfdən də, məhkəmənin qənətinə görə konkret halda “Banklar haqqında” Qanunun 81-ci maddəsi mübahisəli hüquq münasibətinə tətbiq olunmamalıdırsa və ləğvedicinin banka məxsus olmayan aktivləri satmaq hüququ yoxdursa məhkəmə tərəfindən hansı hüquqi əsas və məntiqlə həmin əmlakların ləğvedici tərəfindən satılması qət edilmişdir? Məhkəmənin əmlakların ləğvedici tərəfindən satılması ilə eyni vaxtda ipoteka qoyulmuş əmlaklara tutma yönəldilməsini qət etməsi daxilən ziddiyyətlidir və bu tələblər biri digərini istisna edir. Cavabdeh1 MMC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Müflis elan edilmiş banka qarşı tələblər "Banklar haqqında" Qanunun 72-ci maddəsinə əsasən iflas proseduru çərçivəsində irəli sürülməlidir. Yeni banka qarşı tələblər yalnız kreditorlar siyahısına salınmaqla öz təsdiqini tapa bilər. Bundan əlavə ipoteka haqqında qanunvericilik əsas öhdəlik icra olunmadan ipoteka predmetinin ilkin satış qiymətinin müəyyen edilmesi barədə hər hansı göstərişi özündə ifadə etməmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə iclasında apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apelyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-15/2021 saylı 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı halda iddia Azərbaycan Respublikasının Mərkəzi Bankının ləğv prosesində QSC “Bank Standard” KB-na qarşı təminatlı və ləğvedici tərəfindən təsdiq edilmiş kreditor tələbindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. Həmin Qanunun 81.4-cü maddəsinə əsasən təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən normaların hazırkı mübahisə üzrə tətbiq edilməli olmadığına dair düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu nəzərdə tutulduğundan ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin birinci instansiya məhkəməsi şikayətə baxarkən qüvvədə olmuş redaksiyasına əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-15/2021 saylı 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.5, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh1 MMC-nin və üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nin apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-15/2021 saylı 18 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Mütəxəssis rəylərinin alınması ilə əlaqədar "xxxx" MMC-yə ödənilməli olan 800 manat, "xxxx" MMC-yə ödənilməli olan 1000 manat iddiaçıdan tutulsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar