Məhkəmə qərarları › İş №2-2(103)-1201/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1201/2024

27.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1201/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı2 X6 Müəssisəsi və İddiaçı1 Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X7 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçıların nümayəndə və vəkilləri Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4330/2024 saylı qətnaməsindən iddiaçılar "xxxx" Kiçik Müəssisəsi və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:

1. 25.08.1995-ci il tarixli aktdan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanda yerləşən “1 may” mədəniyyət sarayı ümumi sahəsi 3022 kv.m olan binası və ona təhkim edilmiş 1.5 ha torpaq sahəsi “Babək” fərdi kiçik müəssisəsinin balansından əvəzsiz olaraq "xxxx" Kiçik Müəssisəsinin balansına verilmişdir.

2. 22.08.2005-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanda yerləşən 3022 kv.m qeyri-yaşayış sahəsi "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətindədir.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanda yerləşən 3022 kv.m qeyri-yaşayış sahəsi "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətindədir, qeyri-yaşayış sahəsinə aid olan 0,2329 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla "xxxx" Kiçik Müəssisəsinin istifadəsindədir.

4. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, İddiaçı1 "xxxx" Kiçik Müəssisəsinin 100 faiz payla təsisçisi, həm də qanuni təmsilçisidir.

5. Zabrat Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2007-ci il tarixli 389 a saylı müqaviləsinə əsasən Zabrat qəsəbəsi, 1 may klubunun şimal-şərq hissəsinin 481 kv.m olan torpaq sahəsi müvəqqəti istifadə üçün Cavabdeh verilmişdir. Cavabdeh Zabrat Bələdiyyəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizə ilə icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.

6. İddiaçı Cavabdehlər X4 və X5 qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 2499/2019 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin məhkəmə icraatı zamanı X2 qarşılıqlı iddiası geri qaytarılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10776/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X4 və X5 qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X8 (qətnamədə texniki səhv olaraq Məlik oğlu qeyd edilmişdir) oğlundan 4813 manat pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh verilməsi və.s müəyyən edilmişdir.

8. Həmin qətnamədə işin mübahisəsiz və məhkəmə tərəfindən müəyyən edilən faktiki halları ondan ibarət olmuşdur ki, iddiaçı, mübahisəli obyektin yerləşdiyi torpaq sahəsindən bələdiyyə ilə bağladığı icarə müqaviləsi əsasında istifadə etmiş və orada öz vəsaiti hesabına çayxana kimi istifadə etdiyi “kafe-klub” quraşdırmaqla həmin obyektdən 2003-cü ildən 2018-ci ilədək maneəsiz istifadə etmişdir. İddiaçının obyektdən istifadə etdiyi təxminən 15 il müddət ərzində obyektlə bağlı heç bir konflikti olmamışdır. Yalnız iddiaçıdan obyektin boşaldılması tələb edildikdən və bunun üçün verilmiş vaxt bitdikdən sonra obyektin sökülməsi və orada olan material və avadanlıqların həmin ərazidə cavabdehə məxsus olan anbara yığılması baş vermişdir. İddiaçının istifadəsinə olan qeyri-yaşayış sahəsi cavabdeh Rafiq Əliyev tərəfindən 2019-cu ilin yanvar ayında sökülmüşdür. Birinci instansiya məhkəməsindəki icraat:

9. İddiaçılar İddiaçı2 X6 Müəssisəsi və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətləri nəticəsində təsisçisi və rəhbəri olduğu İddiaçı2 X6 Müəssisəsinin xüsusi mülkiyyətində olan Zabrat qəsəbəsi, Babək küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən qanunsuz istifadə etməklə əmlakına (binanın fasadına və bir otaqdan istifadə etməklə otaq və qapını yararsız vəziyyətə saldığı üçün) vurulmuş 8.228,43 manat həcmində maddi ziyanın tutularaq İddiaçı2 X6 Müəssisəsinə ödənilməsi, 100.000 manat mənəvi zərərin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin 2018-ci ildə razılıqları olmadan xüsusi mülkiyyətində olan binaya müxtəlif üsullarla, mismarlanmaqla, divarlara armaturlar keçirməklə daşınan taxta konstruksiyadan ibarət kabinaları gətirib bu torpaq sahəsində yerləşən əmlaka bərkitməklə, quraşdırmaqla binanın fasad örtüklərini zədələmişdir. Nəticədə əmlaka maddi ziyan, cavabdehin hərəkətləri və böhtanlarına görə ruhi sarsıntı, iztirab, həyəcan nəticəsində ona mənəvi ziyan vurulmuşdur. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 16,17,18,19,21, 23-cü maddələri göstərilmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 488/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

12. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermişlər.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.05.202 tarixli 2(103)- 2845/2024 saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-488/2024 saylı qətnaməsi ləğv olunmuş,, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4330/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus əmlaka cavabdeh tərəfindən maddi ziyan vurulduğunu bildirsə də bu halı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, işə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(103)-10776/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh məxsus kafenin İddiaçı1 həyat yoldaşı tərəfindən sökülməsi nəticəsində ona 4.813 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh torpaq sahəsindən bələdiyyə ilə bağladığı icarə müqaviləsi əsasında istifadə etməsi, orada öz vəsaiti hesabına çayxana kimi quraşdırdığı “Kafe-klub” adlı obyektlə bağlı 15 il ərzində heç bir konfliktin olmaması, şahid ifadələri və fotoşəkillər və Rafiq Əliyevin məhkəmə izahatında Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinin məhz onun tərəfindən söküldüyünü bildirməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(103)-10776/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində əks olunmuşdur. Göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçılara ziyan vurulması hər hansı sənədlə sübut olunmasa da, İddiaçı2 X6 Müəssisəsinin keçmiş qanuni təmsilçisi və İddiaçı1 həyat yoldaşı tərəfindən Cavabdeh 4.813 manat məbləğində ziyan vurulması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sübut olunmuşdur.

16. İddiaçılar "xxxx" Kiçik Müəssisəsi və İddiaçı1 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-4330/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdirlər.

Apellyasiya şikayətinin dəlilləri:

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və mənəvi ziyanın ödənilməsi tələbi baxımından faktiki hallar düzgün qiymətləndirilməmişdir. Mənəvi ziyana münasibətdə müddət tətbiq edilmir. Apellyasiya şikayətində qeyd olunanlar üzrə əhəmiyyətli hallar, sübutlar və sair dəlillər düzgün qiymətləndirilməmişdir. Mənəvi ziyana münasibətdə müddət buraxılmayıb, subyektiv hüquq mövcuddur. Çünki o qanuni vərəsədir. Subyektiv hüququnun olmaması barədə məhkəmənin mövqeyi vərəsəlik hüququ və Konstitusiya Məhkəməsinin qərarları baxımından səhv olmuşdur.

18. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

20. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Mülki Məcəllənin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

23. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir.

Apellyasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş və həmin qətnamə iddiaçılar tərəfindən mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 3 ünvanda istifadədə olan 0,2329 hektar torpaq sahəsində yerləşən 3022 kv.m. qeyri-yaşayış sahəsi iddiaçı "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi Zabrat Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 18 iyun 2007-ci il tarixli 389 a saylı icarə müqaviləsinə əsasən cavabdehin istifadəsinə verilmiş, cavabdeh həmin sahədə çayxana quraşdıraraq 2018-ci ilin sonuna kimi həmin torpaq sahəsindən istifadə etmişdir. 2019-cu ilin yanvarında həmin çayxana İddiaçı1 mərhum əri, eyni zamanda həmin vaxtı iddiaçı "xxxx" Kiçik Müəssisəsinin qanuni təmsilçisi olmuş X4 tərəfindən sökülmüşdür.

29. Hazırda iddiaçılar "xxxx" Kiçik Müəssisəsi və İddiaçı1 "xxxx" Kiçik Müəssisəsinə məxsus qeyri-yaşayış sahəsinin yanında çayxana quraşdırması və qeyri-yaşayış sahəsinin bir otağından istifadəsi nəticəsində qeyri-yaşayış sahəsinə maddi zərər vurulduğunu, eləcə də cavabdehin qanunsuz hərəkətləri (dövlət orqanlarına Rafiq Əliyev barəsində yalan xəbərçilik etməsi) nəticəsində ona mənəvi zərər dəydiyini əsas göstərərək maddi zərərə görə 8.228,43 manat məbləğində pul vəsaitinin cavabdehdən "xxxx" Kiçik Müəssisəsinin xeyrinə və mənəvi zərərə görə 100.000 manat məbləğində pul vəsaitinin cavabdehdən İddiaçı1 xeyrinə tutulmasını tələb edir.

30. Hazırkı halda maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddianın qanuni əsaslarını Mülki Məcəllənin 21.1-ci və 1097.1-ci maddələri təşkil edir.

31. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn maddi zərərin ödənilməsi tələblərinə baxılarkən məhkəmə tərəfindən cavabdeh və ya əməllərinə görə cavabdehin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən hüquqazidd, təqsirli əməlin törədilməsi, iddiaçıya maddi zərərin vurulması faktı, eləcə də hüquqazidd təqsirli əməl ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

32. Hazırkı halda isə iddiaçının əmlakına cavabdeh tərəfindən törədilmiş hüquqazidd təqsirli əməl nəticəsində maddi zərərin vurulması iş materiallarına əsasən müəyyən edilməmişdir.

33. Belə ki, iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinə (fasadına, otaq və qapıya) cavabdeh tərəfindən həmin binanın yerləşdiyi torpaq sahəsində çayxana quraşdırılması, eləcə də binadan qanunsuz istifadə edilməsi nəticəsində maddi zərər vurulmasını iddia etsə də, cavabdeh tərəfindən torpaq sahəsində çayxana quraşdırılması, eləcə də binadan istifadə edilməsi ilə əmlakına dəymiş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-10776/2021 saylı qətnaməsi ilə Cavabdeh mübahisəli ərazidə quraşdırdığı çayxananın 2019-cu ilin əvvəlində həmin vaxtı iddiaçının qanuni təmsilçisi olan X4 tərəfindən sökülməsi və nəticədə Cavabdeh 4813 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Odur ki, qeyri-yaşayış sahəsində mövcud qüsurların çayxananın iddiaçının qanuni təmsilçisi tərəfindən sökülməsi zamanı və ya sonrakı dövrdə yaranması istisna edilmir.

34. Beləliklə, cavabdehin hüquqazidd təqsirli əməlləri nəticəsində iddiaçıya maddi zərər vurulması faktı öz təsdiqini tapmadığından iddia tələbini həmin hissədə rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

35. Mənəvi zərərin əvəzi olaraq 100.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, İddiaçı1 həmin hissədə iddiasını iki halla, birincisi, cavabdehin hüquq-mühafizə orrqanlarına mərhum əri və "xxxx" Kiçik Müəssisəsinin keçmiş qanuni təmsilçinin Rafiq Əliyevin barəsində yalan şikayətlər etməsi, nəticəsində mərhum Rafiq Əliyevin mənəvi iztirab və sarsıntı keçirməklə sonuncuya mənəvi zərər dəyməsi, onun isə Rafiq Əliyevin vərəsəsi olması, ikincisi, Rafiq Əliyevin çəkdiyi mənəvi iztirablar nəticəsində xəstələnməsi və vəfat etməsi ilə bağlı özünün də mənəvi iztirab və sarsıntı keçirməsi ilə əsaslandırmışdır.

36. Mənəzi zərər tələbinin mərhum əri X9 Əliyevin keçirdiyi mənəvi sarsıntı və iztiraba, yəni sonuncuya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə kollegiya xatırladır ki, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Odur ki, İddiaçı1 mərhum Rafiq Əliyevin vərəsəsi olaraq sonuncuya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsinin tələb etməyə dair subyektiv hüquqa malik deyildir.

37. Mənəvi zərər tələbinin mərhum Rafiq Əliyevin çəkdiyi mənəvi sarsıntı və iztirab nəticəsində xəstələnməsi və vəfat etməsi ilə bağlı ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, İddiaçı1 nə cavabdehin dövlət orrqanlarına orqanlarına bilə-bilə yalan şikayətlər etməklə hüquqazidd hərəkətə yol verməsini, nə də cavabdehin hüquqazidd təqsirli hərəkətə yol verməsi ehtimal edilsə belə, həmin hərəkətlərlə Rafiq Əliyevin xəstələnməsi və ölümü arasında səbəbli əlaqənin mövcudluğunu sübuta yetirməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçı mənəvi zərərin tutulması hissəsində iddianı rədd etməkdə haqlı olmuşdur.

38. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə kollegiya qeyd edir ki, iddia əsassız olduğundan həmin ərizəyə münasibət bildirilməsinə zərurət yoxdur.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar "xxxx" Kiçik Müəssisəsi və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4330/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar