Məhkəmə qərarları › İş №2-2(103)-1203/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1203/2021

13.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1203/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-904/2021 nömrəli iş üzrə 20 aprel 2021ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 61.278,87 manat məbləğdə borcun və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə bu borcun nəyə əsasən yarandığını, cavabdeh təşkilatın hansı fəaliyyətlə məşğul olduğunu, nə qədər elektrik enerjisi sərf etdiyini müəyyən etməmişdir. Bu hallar araşdırılmış olsaydı, məhkəmə borcun niyə bu qədər çox hesablandığını, iddianın əvvəlcə niyə məhz 30.000 manat, daha sonra isə 61.278, 87 manat hesablanmasının səbəbini bilər, işə obyektiv yanaşaraq araşdırmanı ətraflı aparardı. Belə ki, bu qədər borcun yaranması tam əsassızdır, çünki cavabdeh qeyd edilən miqdarda enerji istehlak edəcək hər hansı təsərrüfat fəaliyyəti ilə məşğul olmur. Cavabdeh təşkilat Xırdalan şəhərində yaşayış binası inşa etmiş, həmin yaşayış sahəsindəki ayrı-ayrı mənzilləri vətəndaşlara sataraq binanı onların idarəçiliyinə təhvil vermişdir. Hər bir mənzilin enerji sərfiyyatının müəyyən edilməsi üçün sayğac qoyulmuşdur. Bununla belə binanın girişində balans sayğacı da quraşdırılmışdır. Balans sayğacı ona görə quraşdırılır ki, mənzillərə verilən enerjinin miqdarı sayğac göstəricilərinə əsasən çıxıldıqdan sonra qalan sərfiyyatın dəyəri cavabdeh təşkilatdan tutulsun. Həmin enerji sərfiyyatı binanın liftinə, su nasoslarına, binanın girişinin və pilləkən qəfəsinin işıqlanmasına görə yarandığından, onun dəyəri cavabdehdən tutulur. Lakin iddiaçının mənzillərə görə yaranan borcu da cavabdehdən tələb etməsi tam əsassızdır. Çünki bir il ərzində binanın işıqlandırılması, su nasosları və liftin enerji sərfiyyatına görə 60 min borc yaranması tamamilə mümkünsüzdür. Məhkəmə bu halları nəzərə almamış, iddiaya cavab verməli olmayan şəxsə qarşı verilən iddianı təmin etməklə qanunsuz qətnamə qəbul etmişdir. Cavabdeh təşkilat yaranan borca görə məsuliyyət daşımır, çünki həmin enerji sərfiyyatı mənzillərə görə yaranmışdır. Cavabdehin enerji sərfiyyatına görə borcu balans sayğacı ilə mənzillərdəki sayğacların göstəriciləri arasındakı fərq əsasında yaranır və cavabdeh buna görə məsuliyyət daşıyır. Mənzillərə görə quraşdırılan sayğacların göstəricilərinə görə isə cavabdeh məsuliyyət daşımır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında 29.06.2020-ci il tarixdə bağlanmış 071148 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi” ilə cavabdehə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 324.000 kVts və dəyəri 30.000 manat müəyyən edilmişdir. İddiaçının 10.03.2021-ci il tarixli 01-235/21 nömrəli maliyyə arayışına əsasən **********9 abonent kodu altında fəaliyyət göstərən cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində 2018-ci il tarixdən həmin tarixədək 61.278,87 manat məbləğdə borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.17. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir); 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur; 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır; 8.14. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən sərf etdiyi elektrik enerjisinin haqqının ödəmə sənədi təqdim edildikdən sonra müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya yaranan borcunu ödəməlidir. İşdə olan abonent kodu **********9 olan **********50418 uçot nömrəli Abunə haqqında məlumatdan və hesab-ödəniş vərəqlərindən göründüyü kimi, iddiaçının ödənilməsini tələb etdiyi 61.278,87 manat məbləğdə borc cavabdehin istifadə etdiyi elektrik enerjisinə görə yaranmışdır ki, bu da məhkəmə kollegiyasının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamasına əsas təşkil edir. Belə ki, cavabdeh, tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığını, iddiaçının onu elektrik enerjisi ilə təchiz etdiyini, müqavilə ilə cavabdehə illik buraxılacaq elektrik enerjisinin dəyərinin 30.000 manat müəyyən edildiyini, tələb olunan borcun balans sayğacının göstəricilərinə uyğun olduğunu,ona hər ay borc barədə hesab-ödəniş vərəqləri təqdim edilidiyini mübahisə etmir. Cavabdeh ümumi ifadələrlə enerji sərfıyyatının mənzillərə görə yarandığını, ondan tələb olunan enerji sərfıyyatına görə borcun balans sayğacı ilə mənzillərdəki sayğacların göstəriciləri arasındakı fərq əsasında yarandığını bildirsə də, bu mülahizələrini konkret fakt və rəqəmlərlə dəqiqləşdirməmiş, bununla bağlı Məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu kontekstdə məhz cavabdeh açıqlamalı idi ki: 1) enerji sərfıyyatı mənzillərə görə yaranmışdırsa, o halda niyə alqı-satqı müqaviləsi ilə ona illik buraxılacaq elektrik enerjisinin dəyəri 30.000 manat müəyyən edilmişdir? 2) mənzillərin ayrıca abonent kodu varmı? Mənzillərin ayrıca abonent kodunun mövcudluğu iş materialları ilə təsdiqini tapmır, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında belə kodların olmadığını bildirmişdir. Bundan əlavə, 10.03.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, cavabdeh eyni, yəni hazırkı şikayətlə qəbul etmədiyi qaydada hesablanmış 2018-ci ilə görə 45.512 manat borcdan 35.221 manatını, 2019-cu ildə 45.478 manatdan 34.769 manatını, 2020-ci ildə 47.909 manatdan 20.047 manatını, 2021-ci ildə isə 15.451 manatdan 2.034 manatını ödəmişdir ki, bütün bunlar da apellyasiya şikayətinin dəlillərinin əsassızlığına dəlalət edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-904/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar