Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1204/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, qanuni faiz, dəbbə pulunun azaldılması) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-970/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 50 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini illik 18 faiz dərəcəsi ilə, 36 ay müddətinə hissə-hissə – xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı əsas borclu Cavabdeh1 poçt rabitəsi vasitəsilə xx.xx.2024-cü il tarixli “bildiriş-xəbərdarlıq” (ipoteka predmetinə tutma yönəldilməsi barədə) məktubu yollayaraq bütün əsas borc məbləğini tələb etmiş, həmin məktub Cavabdeh1 xx.xx.2024-cü il tarixdə çatdırılmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə ünvan 1 ünvanındakı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 14769,29 manat əsas, 1768,95 manat faiz, 1180,93 manat cərimə məbləği, Mülki Məcəllənin 445.7ci maddəsinə uyğun olaraq əsas borca illik 5%-lə hesablanmaqla 94,36 manat olmaqla ümumilikdə 17813,53 manat məbləğində pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 51 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 manatın Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 17813,53 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 51 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 manatın ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 % olmaqla, 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlərin hesablanması kreditin borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsi məbləğində dəbbə pulu hesablanır. Həmin kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib edilmiş olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə; borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə; bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Kreditin təminatı olaraq xx.xx.2021-ci il tarixli 113-MFİ-131 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Skalad oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev B, 49 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli 113-MFİ-131 saylı ipoteka müqaviləsinin 5.5-ci bəndinə əsasən ipoteka saxlıyanın ipoteka predmetnə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin ipoteka qoyanın yerinə yetilməməsi. Qeyd olunan kredit üzrə borcalanın xx.xx.2024-cü il tarixə iddiaçıya əsas borc üzrə 14769,29 manat, kredit müqaviləsinin bitdiyi tarixə faiz borcu üzrə 1768,95 manat, cərimə qalıq 1180,93 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 94,36 manat cəmi 17813,53 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297, 442, 445.7-ci və s. maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinə istinad olunmuşdur.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-970/2025 nömrəli qərardadı ilə iddia tələbinin “Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin məcburi boşaldılması” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-970/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit razılaşması üzrə 14769,29 manat əsas borc, 1768,95 manat faiz, 750 manat cərimə, əsas borca illik 5 faizlə hesablanmaqla 93,07 manat olmaqla cəmi 17381,31 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh2 fərdi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev B ünvanında yerləşən 48,40 kv.m ümumi sahədən ibarət 49 nömrəli mənzilə ilkin satış qiyməti 103 500 manat müəyyən edilməklə yönəldilərək həmin əmlakın açıq hərracda satılması, əmlakın satışdan əldə olunmuş vəsaitin xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit razılaşması üzrə cəmi 17381,31 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş xərcin əvəzi olaraq 51 manat məbləğində pulun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq 150 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq müəyyən etmişdir ki, iddiaçının əsas borclu Cavabdeh1 “bildiriş-xəbərdarlıq” ünvanlayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilənin ləğvinə yönəlmişdir və “bildirişxəbərdarlıq” cavabdehə çatdırıldığı xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. İddiaçı isə xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet ödənişlərlə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı ekspert rəyinə etiraz etməmiş, cavabdehlər rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət verməmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-970/2025 nömrəli qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1151 nömrəli 07 iyul 2025-ci il tarixli ekspert rəyinə əsasən, xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 14769,29 manat, faiz borcu 1769,01 manat təşkil edir. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2021ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 9/1151 nömrəli 07 iyul 2025-ci il tarixli ekspert rəyinə müvafiq olaraq 14769,29 manat əsas borc və 1768,95 manat faiz borcu mövcuddur və Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
11. Həmçinin, məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 750 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək (46 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 93,07 (14769,29*5/100/365*46) manat təşkil edir. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 93,07 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
12. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, tutma Cavabdeh2 fərdi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsi, ev B ünvanında yerləşən 48,40 kv.m ümumi sahədən ibarət 49 nömrəli mənzilə ilkin satış qiyməti 103 500 manat müəyyən edilməklə yönəldilərək həmin əmlak açıq hərracda satılmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 270.1, 309.1, 317, 445.7, 447.1, 447.2, 462.1, 467, 739.1, 739.2, 741-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.9, 4, 34, 39.3.3, 41, 47.5-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələblərinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh1 tərəfindən ödənilmiş kredit məbləğləri müqavilədə nəzərdə tutulmuş məbləğdən daha çox olmuş və ekspertizanın rəyində həmin məbləğlər nəzərə alınmamışdır. Bu isə yekunda onunla nəticələnir ki, çıxarılmış məhkəmə qətnaməsi pulun tutulması hissəsində düzgün olmamış və ümumiyyətlə, cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. İş üzrə yenidən ekspertizanın keçirilməsi və buna müvafiq olaraq da hesablamanın düzgün və dəqiqliklə aparılması olarsa, bu zaman kredit müqaviləsi üzrə pul vəsaitinin düzgün hesablanmadığı ortada olacaqdır. Əlavə hesablanmış pul vəsaitlərinin cavabdehdən tutulması isə, artıq həmin pul vəsaitlərinə münasibətdə Cavabdeh1 mülkiyyət hüquqlarının kobud pouzuntusu sayılır. İşə baxmış məhkəmə MPM-in 217-ci maddəsinin də tələblərini də pozmuşdur. Çünki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Əgər iddia tələbləri prosessual imkanlardan istifadə edilməklə tam araşdırılmamış və ya sübutların əldə edilməsi ilə çıxarılmamışdırsa, bu o deməkdir ki, qətnamə qanuni və əsaslı hesab edilə bilməz.
Apellyasiya şikayətinə qarşı etiraz:
16. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Apellyasiya baxışı:
17. İddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçı və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. -270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası). -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. -11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. -34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. -41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. -47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri yalnız ödənilmiş kredit məbləğlərinin müqavilədə nəzərdə tutulmuş məbləğdən daha çox olması və ekspertizanın rəyində həmin məbləğlərin nəzərə alınmamasından ibarətdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı kredit borcunun - əsas borc, faiz borcu, dəbbə pulu və illik 5%-lə faizlərinin tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-970/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 50000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini illik 18 faiz dərəcəsi ilə, 36 ay müddətinə hissə-hissə – xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit məbləğini təşkil edən 50 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
28. Kredit müqaviləsi üzrə tutulması qət edilmiş əsas və faiz borcu məbləğləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı əsas borclu Cavabdeh1 ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2024-cü il tarixli “bildiriş-xəbərdarlıq” məktubu ünvanlayaraq bütün əsas borc məbləğini tələb etmiş, yəni ödənilməmiş bütün əsas borc məbləğini geri tələb etməsi ilə bağlı iradəsini ifadə etmiş, bununla da sözügedən müqaviləyə vaxtından əvvəl - “bildiriş-xəbərdarlıq” cavabdehə çatdırıldığı xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Odur ki, iddiaçı həmin tarixədək olan müddət üçün hesablanmış əsas və faiz borcunu tələb etmək hüququna malikdir.
29. Cavabdeh tərəf apellyasiya şikayətində ödənilmiş kredit məbləğlərinin müqavilədə nəzərdə tutulmuş məbləğdən daha çox olması və ekspertizanın rəyində həmin məbləğlərin nəzərə alınmamasını mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, borc məbləğinin həcminin müəyyənləşdirilməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-970/2025 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2025-ci il tarixli, 9/1151 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc 14769,29 manat, faiz borcu 1769,01 manat təşkil edir. Lakin məhkəmə iddia tələbindən kənara çıxmayaraq, həmin kredit müqaviləsi üzrə 14769,29 manat əsas borc, 1768,95 manat faiz borcunun mövcud olması qənaətinə gəlmişdir.
30. Hazırda cavabdeh apellyasiya şikayətində ödənilmiş məbləğlərin ekspert rəyində nəzərə alınmadığını bildirsə də, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, həmçinin qiymətləndirmə rəyinə etiraz etmədiklərini bildirmiş, bundan əlavə, ekspert rəyini şübhə altına alan hər hansı sübutları (məsələn, nəzərə alınmayan ödəniş sənədlərini) məhkəməyə təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, 07 iyul 2025-ci il tarixli, 9/1151 nömrəli ekspert rəyi ilə razılaşmamaq üçün əsas olmadığından birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas və faiz borcu hesablayarkən həmin rəyi əsas götürməkdə haqlı olmuşdur. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir.
32. Cərimə borcuna münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində 1180,93 manat cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 2.9-cu bəndinə əsasən, borcalan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda, hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən dəbbə pulu (cərimə) ödəməlidir (illik 36%). İşə baxan məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq, cavabdehdən tutulmalı cərimə məbləğinin 750 manat həddində müəyyənləşdirilməsinin ağlabatan və ədalətli olması barədə düzgün qənaətə gəlmişdir.
33. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlı 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
34. Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisələndirilən kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 94,36 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin pozulması səbəbindən iddiaçı tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, o, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Hazırki halda iddiaçı tərəfindən hesablamanın aparıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr (46 gün) üzrə əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış qanuni faiz məbləği tutulmalıdır. Qeyd olunan dövr ərzində əsas borc məbləğinə (14.769,29 manat) tətbiq edilən faiz cəmi 93,07 manat (14769,29*5/100/365*46) təşkil etdiyindən, birinci instansiya məhkəməsi həmin məbləğin Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə əsaslı nəticəyə gəlmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-970/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-970/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.