Məhkəmə qərarları › İş №2-2(103)-1205/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1205/2024

18.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1205/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əkbərov Mübariz Dosməmməd oğlu (məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “cavabdehin hüquqi şəxsin təsisçiliyindən çıxmış hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-7399/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Sazi” kiçik müəssisəsinin təsisçiliyindən çıxmış hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilikdə hüquqi şəxsin iştirakçısının (hazırkı halda təsisçisinin) “hüquqi şəxsdən çıxması” ifadəsi çıxmaq istəyən iştirakçının öz iradəsi əsasında - könüllü olaraq hüquqi şəxsi tərk etməsini ehtiva edir. Bu zaman çıxmanın rəsmiləşdirilməsi ilə bağlı hüquqi şəxsin ali idarədici orqanının (hazırkı halda müəssisə şurasının) iclası keçirilməli və iclasda iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi və ya əmlakla əvəzləşdirilməsi, eləcə də iştirakçının çıxması ilə bağlı hüquqi şəxsin nizamnamə kapitalının miqdarına, eləcə də iştirakçıların nizamnamə kapitalındakı paylarına dəyişikliklər edilməsi məsələləri öz həllini tapmalıdır. İddiaçı həmin qərardaddan verdiyi şikayət Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı müvafiq ərizəsi olsa da, şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, bu səbəblə işə yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunaraq, iş iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin 22 avqust 2024-cü il tarixli 3-21-2-2-1/2-İ-xx-xx/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, müəssisənin nizamnaməsində təsisçilərin onun nizamnamə kapitalındakı iştirak payı və ümumi yığıncağın çağırılması qaydası barədə hər hansı müddəa öz əksini tapmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş materiallarına əlavə edilmiş 23 iyun 2015-ci il tarixli xüsusi qərardadı ilə müəyyən olunmuşdur ki, 20 iyun 1994-cü il tarixdə tərəflər arasında “Sazi” kiçik müəssisəsinin təsis edilməsinə dair müqavilə bağlanmış, 26 iyul 1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Sazi” kiçik müəssisəsi qeydə alınmış və “Təsərrüfat subyektinin dövlət qeydiyyatı” haqqında 13467 nömrəli şəhadətnamə verilmiş, 29 oktyabr 1997-ci il tarixdə həmin müəssisə Statistika Komitəsi tərəfindən Dövlət reyestrinə daxil edilərək bu barədə “Uçot vahidlərinin Dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətnamə verilmiş, həmin şəhadətnamədə müəssisənin təşkilati-hüquqi forması “Şərikli tam ortaqlı müəssisə” kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, müəssisə yaradıldığı dövrdə qüvvədə olmuş “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununda müəssisənin iştirakçılarından hər hansı birinin məhkəmə qaydasında ortaqlıqdan çıxarılmasını tənzimləyən normalar mövcud deyil. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 76.2-ci maddəsinə əsasən tam ortaqlıq iştirakçılarının ixtiyarı var ki, iştirakçılardan hər hansı birinin məhkəmə qaydasında ortaqlıqdan çıxarılmasını qalan iştirakçıların yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda, məsələn, həmin iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda tələb etsinlər. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ilk növbədə müəssisənin təşkilati-hüquqi forması müəyyən edilməli, bundan asılı olaraq işə məhkəmə qaydasında baxılmalı olub-olmadığına qiymət verilməli, əgər işə məhkəmə qaydasında baxılmalı deyilsə, iddiaçının hansı orqana müraciət etməli olduğu müəyyənləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7399/2024 saylı iş üzrə 01 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və iş iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar