Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1207/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5857/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İcarəyə verən qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi qismində Cavabdeh ASC arasında özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli, 65 nömrəli müqavilə bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 62 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 6393.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir.
3. Müqavilənin 1.2-ci bəndinə əsasən torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz
4. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: - torpaq sahəsinin illik icarə haqqı 42000.0 manat; aylıq icarə haqqı 3500.0 manat;
5. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53NABZ ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T. bik: NABZAZ2C) ödənilməlidir.
6. Müqavilənin 3.3-cü bəndinə əsasən dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır.
7. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə icarə müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilir.
8. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyə verən tərəfindən müqaviləyə xitam verilə bilər.
9. Cavabdeh ASC-nin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin xx.xx.2024-cü il tarixinə 85810 manat məbləğində icarə haqqı borcu mövcuddur.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, icarə haqqı borcunun 7 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
11. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 62 ünvanında yerləşən dövlət mülkiyyətində olan 6393.0 kv.m. torpaq sahəsinin icarəsinə dair yeni müqavilənin bağlanmasının təklif edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər ünvanlanmışdır. Birinci instansiya məhkəməsindəki icraat:
12. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-xx.xx.2024-cü il dövr üzrə ödənilməli olan 84000 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 65 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 62 ünvanında yerləşən dövlət mülkiyyətində olan 6393.0 kv.m. torpaq sahəsi Cavabdeh MMC-nin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Bundan əvvəl Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2006/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hazırkı xx.xx.2020-ci il tarixli, 65 nömrəli icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi ilə bağlı iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin iddiası təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixə yaranmış 32000 manat manat məbləğində icarə haqqı borcu Xidmətin xeyrinə tutulmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2022 xx.xx.2024-cü il dövr üzrə ödənilməli olan 84000 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-8445/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3580/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddələrinə istinad olunmuşdur.
15. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda daimi istifadədə olan, 0,12919 ha (faktiki 0,6393 ha) torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 1168.1 kv.m, 1 mərtəbəli qeyriyaşayış binası DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş, seriya MA № 0381598, qeydiyyat № **********, xx.xx.2012-ci il tarixli çıxarış əsasında cəmiyyətin mülkiyyətindədir. Sözügedən torpaq sahəsi uzun illərdir cəmiyyətin istifadəsindədir və qeyri-yaşayış binasından ibarət olan avtobus parkına təsdiq edilmiş layihə smeta sənədləri əsasında külli miqdarda vəsait xərclənmişdir. Cavabdeh MMC ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında uzun illər istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 62 ünvanında yerləşən 6393,0 kv.m torpaq sahəsinin icarəsi barədə xx.xx.2020-ci il tarixli, 65 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinin müddəti isə xx.xx.2022-ci tarixdə başa çatmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsinə baxmayaraq, yeni icarə müqaviləsi bağlanmamışdır. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü il tarixli, XF091A və xx.xx.2024-cü il tarixli, XF-109/24 saylı məktublarla müraciət edilmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 5857/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən xx.xx.2020-ci il tarixli, 65 nömrəli icarə müqaviləsi üzrə 84000 manat məbləğində icarə haqqı tutularaq Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında dövlət torpaq sahəsinin icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və xx.xx.2024-cü il tarixinə icarə haqqı borcu yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə cavabdehin iddiaya etirazını əsassız sayır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməmişdir və qeyd olunan dövrdə icarə predmeti olan torpaq sahəsi cavabdehin istifadəsində olmuşdur. Ona görə də etirazda qeyd olunanlar iddianın təmin olunmaması üçün əsas ola bilməz
18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsindəki formal mülahizələrə əsaslanması, işin faktiki hallarının tam araşdırılmaması nəticəsində iş üzrə səhv nəticəyə gələrək qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Belə ki, sözügedən icarə müqaviləsinin 4.2- ci bəndinin tələbinə əsasən müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyəverən tərəfindən müqaviləyə xitam verilir. Həmin müqavilənin 5.3-cü maddəsinin tələbinə əsasən icarə haqqı ardıcıl 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilir. İcarə borcunun icarəçi tərəfindən ödənilməsinin təmin edilməsi üçün müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Tərəflərindən isə xx.xx.2024-cü il tarixli, XF091A və xx.xx.2024-cü il tarixli, XF-109/24 s a ylı məktublarla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək yeni icarə müqaviləsinin bağlanmasını xahiş olunsa da, bu müraciətlərə cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 135S saylı qərarı ilə təsdiq olunmuş tədbirlər planının 13-cü maddəsində pandemiyanin mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi istiqamətində “Dövlət əmlakını icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən (o cümlədən kiçik və orta sahibkarlardan) icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması”na dair ayrıca bir müddəanın olmasına və şirkətlərinin pandemiyanin mənfi təsir etdiyi fəaliyyət sahəsi olduğu üçün qeyddiyyata alınmasına baxmayaraq iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə icarə haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən müqavilənin 5.3-cü maddəsinin tələbinə əsasən icarə haqqı ardıcıl 2 ay ərzində ödənilmədiyi üçün, icarə müqaviləsinə xitam verərək, icarə borcunun icarəçi tərəfindən ödənilməsinin təmin edilməsi üçün müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırmışdır. Bu halda iddiaçı tərəfindən icarə müqaviləsinin ləğv edildiyini bir daha sübut edir və qüvvədə olmayan icarə müqaviləsinə əsasən icarə haqqı tələb oluna bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
22. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -697.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; -700.1 icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -706.1 Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
23. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifələrinə daxildir.
24. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.
25. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: - 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. - 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. - 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir.
26. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyəverən) ilə Cavabdeh (icarəçi) arasında xx.xx.2020-ci il tarixli, 6 nömrəli torpaq icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən, icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 62 ünvanındakı yerləşən, ümumi sahəsi 6393.0 kv.m təşkil edən torpaq sahəsini icarəçinin istifadəsinə vermişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.
33. Hazırda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin icarə müqaviləsi üzrə xx.xx.2022-xx.xx.2024-cü il dövr üçün icarə haqqının ödənilməsini tələb edir.
34. İddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icarəçinin 2 il ərzində (xx.xx.2022-xx.xx.2024-cü il dövr üzrə) icarə haqqını ödəməməsi və xx.xx.2024-cü il tarixinə icarə haqqına görə 84.000 manat məbləğində icarə haqqı borcunun yaranması işin mübahisəsiz halını təşkil edir.
36. Müqaviləyə xx.xx.2022-ci il tarixdə müddətin qurtarması əsası ilə xitam verilməsi barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilə müddətinin başa çatmasından 1 ay əvvəl onun uzadılması haqqında icarəçi tərəfindən yazılı bildiriş təqdim edilmədikdə icarəyə verən tərəfindən müqaviləyə xitam verilə bilər.
37. Həmin bəndin məzmunundan da göründüyü kimi mübahisəli müqavilənin müddəti başa çatdıqda müqaviləyə avtomatik olaraq xitam verilmir, lakin icarəçi tərəfindən uzadılma barədə yazılı bildiriş verilmədikdə icarəyə verən müqaviləyə xitam vermək hüququna malikdir. Hazırkı halda isə icarəyə verən müqavilə müddətinin bitməsı ilə bağlı müqaviləyə xitam vermək hüququndan istifadə etməmiş, müqaviləyə xitam verilməsi barədə iradəsini qarşı tərəfə bildirməmişdir. İcarəçi isə öz növbəsində icarə obyektini icarəyə verənə qaytarmamış və icarə müqaviləsinə xitam verilməsi barədə niyyətini başqa formada ifadə etməmişdir. Göstərilən hallar icarə müqaviləsinin müddətinin uzadılmasına dəlalət edir.
38. Bununla yanaşı iki ardıcıl müddət üçün icarə haqqını ödəmədiyindən müqavilənin ləğv edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.2-ci maddəsi tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduğu halda digər tərəfin müqaviləni ləğv etmək hüququnu təsbit edir. Odur ki, tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması yalnız o zaman müqavilənin ləğv edilməsinə səbəb olur ki, qarşı tərəf Mülki Məcəllənin yuxarıda göstərilən normasında nəzərdə tutulmuş müqaviləni ləğv etmək hüququnu həyata keçirsin, yəni müqaviləni ləğv etmək barədə iradəsinin öhdəliyi pozmuş tərəfə ifadə etsin.
39. Digər tərəfdən o da vurğulanmalıdır ki, mübahisəli icarə müqaviləsinə xitam verilməsi (və ya müqavilənin ləğv edilməsi) fərz edilsə belə cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etməkdə davam etdiyindən iddiaçı Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən cavabdehin torpaq sahəsindən istifadə etdiyi müddət üçün kompensasiya qismində icarə haqqının ödənilməsini tələb etməkdə haqlıdır.
40. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-dən onun xeyrinə 84.000 manat məbləğində icarə haqqı borcunun tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir.
41. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5857/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov