Məhkəmə qərarları › İş №2-2(103)-1208/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1208/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1208/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli e-2-2(113)-2950/2024 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 21.010,25 manat məbləğində əsas borcun, 25.990 manat məbləğində əldən çıxmış faydanın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2-2(113)-2950/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2023-cü il 05-06-23- MLTŞ saylı icarə müqaviləsinə əsasən 21010,25 manat pul vəsaitinin və ödənilmiş 153 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2-2(113)- 2950/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin apellyasiya şikayəti verilmə müddətinin bərpa olunması barədə ərizə verərək qətnamədən verilən şikayət üzrə müddətin ötməmiş hesab edilməsini, müddətin ötdüyü təqdirdə isə vermiş olduğu şikayətinə baxılması üçün müddəti bərpa edərək, icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2950/2024 saylı qərardadına əsasən Cavabdeh MMC-nin ərizəsi təmin edilməmiş, Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2-2(113)-2950/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddətinin bərpasından imtina edilərək apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli e-2-2(113)-2950/2024 saylı qərardadı ləğv edərək, işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, şirkətin fəaliyyət istiqaməti tikintitəmir işlərinin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə də maliyyə-hesabat işlərinin aparılması məqsədi ilə elektron kabinet yaradılmışdır. Nəzarət mexanizmi də məhz həminşirkətin fəaliyyət istiqamətlərində həyata keçirilmişdir. Şirkətin tərkibində hüquq şöbəsinin və hüquqşünas kadrların olmadığından elektron məhkəmə sisteminə nəzarətin olmaması halı sübuta yetirilir. Həmçinin, hüquq xidməti almaq məqsədi ilə “İUS X6” MMC ilə aralarında xx.xx.2024-cü il tarixli 08/HŞ-03/2024-02 nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Burdan da görünür ki, cavabdeh tərəfindən məsələ ilə bağlı lazımınca məlumatlandığı, məhkəmə sənədlərinin ona rəsmi qaydada verildiyi andan şikayət verməyə və işin obyektiv həllinə nail olmağa çalışmışdır. Həmçinin, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli e-252148/2024-53-39-004 saylı bildirişin onlara göndərilməsi ilə bu məsələdən xx.xx.2024-cü il tarixində məlumatlı olmaları aydın olur. Sözügedən üzrlü hallar və onları təsdiqləyən dəlillər qoşma qismində, göndərilmişdir. Lakin buna baxmayaraq, ərizədəki bir sıra nüanslara cavabdeh tərəfindən münasibət bildirilməmiş, işin halları nəzərə alınmadan qərəzli yanaşma göstərilmişdir. Cavabdeh olduğu işlə bağlı xəbəri yoxdursa, xəbəri olmadığı qətnamə ilə bağlı şikayət verməyi təbii olaraq, qeyri-mümkün olar. Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-2950/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, icraat materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2950/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə borclunun elektron kabinetinə yerləşdirilmiş, borclu isə həmin qərardaddan şikayəti xx.xx.2024-cü il tarixində, yəni qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti buraxmaqla vermişdir. Cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas qismində istinad etdiyi hallar isə apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasının üzürlü səbəbi hesab edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, e-2-2(113)-2950/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar