Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-121/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı artıq ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli e-2-2(113)-368/2021 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə əsassız ödənilmiş 123585,8 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə İddiaçı MMC arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” ASAN 5/195 saylı, 17 sentyabr 2017-ci il tarixli müqavilə bağlanmışdır. İstixanaya verilən qazın dəyəri ELSTER tipli, G 650 (EK-220) tipli 83048342 saylı sayğacın göstəricilərinə uyğun aparılır. Bütün ödənişlər vaxtında ödənilmişdir. İstixananada işlər əsasən müvafiq ilin oktyabr və ya noyabr ayında başlayır və növbəti ilin may ayında başa çatır. 2019-cu ildə istixananın işləmədiyi dövrdə, 27 may 2020-ci ildə (AKT 9013904) Cavabdeh İB-nin əməkdaşları ölçü qovşağında tamamilə qanunsuz olaraq layihədə nəzərdə tutulmayan dəyişiklik edərək qaz sayğacı ilə təzyiq tənzimləyicisinin yerini dəyişmişlər. Yeni mövsümdə qazdan istifadə zamanı məlum olmuşdur ki, son laboratoriya yoxlamasından yararlı çıxmış sayğac təsərrüfatda heç bir artım olmadığı halda, qaz sərfiyyatını 2019-cu ilin noyabr ayı üçün 2018-ci ilin noyabr ayı ilə müqayisədə 194405 kub.m-dən 484732 kub.m-ə qədər artmışdır. Sonrakı ayların müqayisəsi də göstərmişdir ki, sayğacın normal iş rejimi pozulub və işlədilməyən sərfiyyat hesablanıb. Bu isə Cavabdeh İB-nin əməkdaşlarının qanunsuz əməli nəticəsində, yəni qaz sayğacının tənzimləyicidən əvvəl quraşdırılması nəticəsində baş vermişdir. 30 dekabr 2019-cu ildə (AKT 9017073) yenidən sayğacı çıxarıb əvvəlki yerinə, yəni tənzimləyicidən sonra quraşdırmışlar. Lakin sayğaca kobud müdaxilə olunduğu üçün sayğac normal vəziyyətə düşməmişdir. Nəhayət dəfələrlə müraciətdən sonra özlərinin qəsdən xarab etdiyi sayğacı çıxarmışlar. Cavabdehin özü tərəfindən tərtib olunmuş ******* saylı, 14.02.2020-ci il tarixli aktda göstərildi ki, sayğac alarm işləyir. Yeni iş dövründə aydın oldu ki, əvvəlki illərlə müqayisədə iş həcmində heç bir artım olmadığı halda sayğacın göstəriciləri qaz sərfiyyatını 2 dəfə artıq göstərib. Araşdırmalar zamanı məlum oldu ki, Cavabdeh İB-nin əməkdaşlarının səhvi və ya qəsdi üzündən baş verib. 2019-cu ilin oktyabr ayından 2020-ci ilin fevral ayının sonuna kimi olan iş dövrü istənilən qədər əvvəlki müvafiq dövrlə müqayisə ediləndə sayğacın göstəricisi 617929 kub.metr yəni, 123.585,8 manat artıq qaz sərf edildiyini göstərir. Bu isə qətiyyən mümkün deyildir. Cavabdeh İB-nin əməkdaşları qazın verilməsinin dayandırılacağı ilə iddiaçını təhdid edərək həmin məbləği məcburi qaydada ödətdirmişlər. Bakı Kommersiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-2(113)-368/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçınə hesablanmış 106355,2 manat məbləğində borc silinərək İddiaçınə qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli, e-2-2(113)-368/2021 saylı qətnaməsini iddianın təmin edildiyi hissədə ləğv edib, İddiaçı MMC-nin iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərində qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Qeyd edilən bəndə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. MPM-ə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Nəzərə alınsa ki, ekspert rəyi sırf ehtimallar əsasında tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdeh tərəfin iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş, və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur. Cavabdeh İB ilə İddiaçı MMC arasında bağlanmış ASAN5/195 saylı, 17.09.2017-ci il tarixli qazın alqı-satqısına dair müqaviləyə əsasən iddiaçıya məxsus istixana təbii qazla təchiz edilmişdir. İstixanaya verilən qazın dəyəri ELSTER G-650 tipli, 83048342 nömrəli qaz sayğacının elektron göstəricilərinə əsasən müəyyən edilərək hesabı təqdim edilib. Qeyd etmək istəyirik ki qaz sayğacının və tənzimləyicinin yerinin dəyişməsi sayğacın hesablama mexanizminə heç bir təsir göstərmir. İş üzrə keçirilmiş ekpertizanın nəticəsinə nəzər saldıqda açıq görmək olur ki, 13 avqust 2021- ci il tarixli, 10/2987 saylı rəy sahə üzrə kifayət qədər biliyə malik olmayan şəxs tərəfindən hazırlanmışdır. Belə ki, ekspert rəyi yalnız ehtimallar əsasında və maraqlı tərəfin verdiyi arayışlara əsaslanaraq verilmişdir. Qaz sayğacının işləmə prinsipi ekspert tərəfindən müəyyən edilməyib və tənzimləyicinin yerinin dəyişməsinin qaz sayğacına nə kimi təsir göstərdiyi aydınlaşdırılmamışdır. Yalnız ümumi ifadələrdən və ehtimallardan irəli gələrək rəy verilmişdir. Hesabatın sayğacın elektron hissəsinin (korrektorun) iş prinsipinin texniki pasportunda göstərilən düsturla hesablanılması nəzərə alınmalı idi. İş materiallarında yer alan sübutlardan 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının uydurmasına inanaraq işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli e-2-2(113)-368/2021 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia 106 355,2 manat borcun silinməsinin Cavabdeh İB-ə həvalə edilməsinə dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə həmin hissədə qətnamənin qanuniliyini və əsaslılığını yoxlayaraq hesab edir ki, iddianın təmin edildiyi hissədə iddiaçının tələbi mötəbər sübutlarla təsdiq olunmur. İş materiallarına əlavə edilmiş İddiaçı nizamnaməsindən və kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Cəmiyyətin təsisçisi və qanuni təmsilçisi X2r. İşi hallarından görünür ki, MMC-yə məxsus istixananın fəaliyyət göstərdiyi Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən sahə X3 məxsusdur. İş materiallarından görünür ki, tərəflər arasında Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən istixananın qaz təchizatı ilə bağlı 17 sentyabr 2018-ci il tarixli, ASAN5/195 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. İstixananın qazlaşdırılması üzrə 2015-ci ildə tərtib edilmiş texniki icra sənədlərindən görünür ki, obyekt qazlaşdırılarkən çəkilmiş layihədə qaz tənzimləyicisinin yerinin sayğacdan əvvəl qoyulması nəzərdə tutulmuşdur. Cavabdeh İB-nin 27.05.2019-cu il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, həmin tarixdə iddiaçıya məxsus qaz sayğacının qaz tənzimləyicisinin yeri dəyişdirilmiş, sayğac tənzimləyicidən əvvəl quraşdırılmışdır. Cavabdeh İB-nin 30.12.2019-cu il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktından görünür ki, qaz tənzimləyici əvvəlki yerinə qaytarılmışdır. İddiaçı iddia edir ki, qaz tənzimləyicisinin yeri qanunsuz dəyişdirildikdən sonra qaz sərfiyyatında artım baş vermiş, sayğac faktiki sərf edilən sərfiyyatdan artıq sərfiyyat hesablamağa başlamışdır. Qaz tənzimləyicisi 30.12.2019-cu ildə yerinə qaytarılsa da bundan sonra da sayğac alarm rejimində işlədiyindən sərfiyyat düzgün qeyd alınmamışdır. 2019-cu ilin oktyabr ayından 2020-ci ilin fevral ayının sonuna kimi olan dövr əvvəlki müvafiq dövrlə müqayisə edildikdə 617929 kub metr, yəni 123585,8 manat artıq qaz sərfiyyatı hesablanmışdır. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə-mühəndis texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 10/2987 saylı rəyində qeyd olunmuşdur ki, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsinə (istixanaya) çəkilmiş qaz xəttinin girişində, ümumi kollektordan (qaz mənbəyindən) birinci G-650 (EK220) markalı (texniki şərt və cizgilərinə görə G-1000 markalı) qaz sayğacının, ondan sonra isə qaz tənzimləyicisinin quraşdırılması, həmin qeyri-yaşayış sahəsi (istixana) üçün tərtib edilmiş “Abşeron rayonu (Sabunçu QİS-in xidmət sahəsi) Məmmədli kəndinə yerləşən X3 məxsus qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması üzrə texniki icra sənədlərinə” (T.Ş.21504-2015-00374-QX saylı cizgiyə) və “Qaz təchizatı. Layihələndirmə normaları.” 2.12-1 AZDTN-nin 7.14 bəndinin tələblərinə uyğun deyildir. Abonentin qaz tənzimləyicisinin qaz sayğacından sonra quraşdırılması və sayğacın Alarm rejimdə işləməsi, 27 may 2019-cu il tarixdən 14 fevral 2020-ci il tarixə kimi abonentin qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb olmuşdur. 2019-cu ilin may ayından 2020-ci ilin fevral ayına qədər olan müddət ərzində İddiaçı MMC-yə məxsus istixana üçün artıq hesablanmış sərfiyyat 531776 kub.m. təşkil etdiyi qeyd olunmuşdur. Ekspert rəyinin “tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, İddiaçı MMC-nin arayışına əsasən qış mövsümündə gün ərzində 5-6 saat qazdan istifadə edildiyi və istixanada olan suqızdırıcı qazanların istilik enerji gücünün ******* kcal/h (2906 kW) olduğu nəzərə alındıqda orta hesabla suqızdırıcı qazanların maksimal aylıq qaz sərfiyyatı 303750 m3 müəyyən edilir. Ekspert 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar və fevral ayları üzrə iddiaçının abonent saldosunda olan aylıq sərfiyyat məbləğindən 303750 m3-i çıxmış, bu sərfiyyatdan artıq qeydə alınan sərfiyyatı toplayaraq iddiaçıya qeyd edilən dövr üzrə 531776 m 3 - 106355,2 manat artıq qaz sərfiyyatı hesablandığına dair nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitesinin 02.03.2009- cu il tarixli 17 saylı əmri iə təsdiq edilmiş və 01.04.2009-cu ildən qüvvəyə minmiş “Qaz təchizatə” layihələndirmə normaları 2.12-1 AZDTN-nin 7.14 bəndinin təəblərinə görə “QTM-də və QTQ” aşağıdakıların qoyulması nəzərdə tutulmalıdır: süzgəclərin, qorutucubağlayıcı klapanların, qoruyucu-atqı klapanlarını, qaz təzyiq tənzimləyicilərinin, bağlaıcı armaturların, nəzarət-ölçü cihazların, lazım gəldikdə qaz sərfini ölçmək üçün cihazların, həmçinin dövrələmə qaz kəmərlərinin quraşdırılması nəzərdə tutulur. Yəni qeyd olunan ardıcıllığa görə qaz təzyiq tənzimləyicisi qaz sərfini ölçmək üçün qoyula bilən cihazların əvvəlində quraşdırılmalıdır. "xxxx" MMC-nin 10.12.2020—ci il tarixli mütəxəssis rəyində və 26.11.2020-ci il tarixli məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş "xxxx" MMC-nin direktoru X4 izahatında bildirilir ki,qaz sayğacının qaz tənzimləyicisindən sonra quraşdırlmasının vacibliyi ondan ibarətdir ki, sayğacdan keçən qaz sabit təzyiqli olmalıdırvə bu halda sayğac stabil işləyir.İkinci səbəb ondan ibarətdir ki, sayğacın elektro korrektorunun nizamlanması zamanı ona təzyiqin hər hansı bir yuxarı həddi təyin olunur. Cavabdeh İBnin Metrologiya İdarəsində bütün sayğaclara mütləq yuxarı təzyiq olaraq 5,25 Bar təyin olunur. Təzyiq tənzimləyicisindən əvvəl bu təzyiq mövsümi olaraq dəyişkəndir və müəyyən hallarda %.25 Bar həddini aşır. Əgər qaz sayğacı qaz tənzimləyicisindən əvvələ keçirilərsə korrektor Alarm vəziyyətinə düşür və düzgün işləmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı MMC-yə məxsus qeyriyaşayış sahəsinə çəkilmiş qaz xəttinin girişində, ümumi kollektordan (qaz mənbəyindən) birinci G-650 (EK220) markalı (texniki şərt və cizgilərinə görə G-1000 markalı) qaz sayğacının, ondan sonra isə qaz tənzimləyicisinin quraşdırılması, həmin qeyri-yaşayş sahəsi üçün tərtib edilmiş Abşeron rayonu, Məhəmmədli kəndinə yerləşən qeyri=yaşayış sahəsinin qzlaşdırılması üzrə texniki icra sənədlərinə və “Qaz təchizatı layihələndirmə normalarına tələblərinə” uyğun olmamış, bu səbəbdən sayğac düzgün işləməmiş və artıq sərfiyyat hesablamışdır. Məhkəmə əlavə hesablanmış sərfiyyatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 10/2987 saylı rəyinə əsasən 106355,2 manat təşkil etdiyinə dair nəticəyə gələrək iddianı həmin məbləğdə borcun silinməsinə dair hissədə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını və sübutları düzgün qiymətləndirməmişdir. İşin mübahisəsiz halıdır ki, məhkəmə tərəfindən silinmiş borc məbləği iddiaçının fəaliyyət göstərdiyi obyekdə qaz sayğacının göstəricisi əsasında hesablanmış borcdur. Eyni zamanda işin mübahisəsiz halıdır ki, obyektdə qaz tənzimləyisinin yeri 2019-cu ilin may ayında dəyişdirilmiş, 30.12.2019-cu il tarixdə isə yenidən öz yerinə qaytarılmışdır. İşdəki Cavabdeh İB-nin 14.02.2020-ci il tarixli aktından görünür ki, həmin tarixdə iddiaçıya məxsus obyektdən çıxarılmış sayğac alarm rejimində işləmişdir. Ekspert rəyindən görünür ki, iddiaçıya məxsus istixananın qış mövsümündə gün ərzində 5-6 saat qazdan istifadə etdiyi iddiaçının özünün təqdim etdiyi 09.08.2021-ci il tarixli arayış əsasında müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sutkalıq qaz sərfiyyatı barədə özünün təqdim etdiyi arayış mötəbər sübut hesab edilə bilməz. Bu arayış əsasında eksert tərəfindən həyata keçirilmiş hesablamanın düzgün olmadığı eyni zamanda bununla təsdiq olunur ki, ekspert istixanadakı su qızdırıcılarının maksimal aylıq qaz sərfiyyatının 303750 m3, yəni 60750 manat olduğunu müəyyən etsə də, abonent saldosunda görünür ki, iddiaçının aylıq sərfiyyatı 2018-ci ilin yanvar ayında 78440 manat, 2018-ci ilin dekabr ayında 63416,0 manat, 2019-cu ilin mart ayında 62467,80 manat, 2020-ci ilin yanvar ayında 69736,80 manat, 2020-ci ilin fevral ayında 64239,40 manat olmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus istixananın suqızdırıcı qazanlarının və digər qaz sərf edən qurğularının maksimal aylıq qaz sərfiyyatının 60750 manat olduğuna dair ekspert rəyinə əsasən məhkəmənin gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsnə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası iddiaçıya məxsus obyektin (istixananın) qaz borusunun üzərindəki qaz tənzimləyicinin əsaslı zərurət olmadan texniki şərt verilərkən tərtib edilmiş layihədə nəzərdə tutulmuş yerinin dəyişdirilərək sayğacdan sonra quraşdırılmasının texniki tələblərə və qaydalara uyğun olmadığına dair iddiaçının dəliləri ilə razılaşsa da hesab edir ki, işdə mübahisələndirilən dövrdə iddiaçıya məxsus obyektin qaz sayğacına baxış keçirilməklə sayğacın düzgün işləmədiyi və mübahisəli dövrdə qaz sərfiyyatını artıq qeyd etdiyini təsdiq edən mötəbər sübut (laboratoriya rəyi və s) olmadığından, sayğacın mübahisələndirilən dövrdə qaz sərfiyyatını düzgün qeyd etmədiyinə dair işdəki rəylər isə (mütəxəssis və ekseprt rəyi) ehtimallara və iddiaçının özünün təqdim etdiyi məlumatlara əsaslandığından məhkəmənin həmin rəylərə istinad etməklə konkret faktlara əsaslanmadan iddianın qismən təmin edilməsinə dair iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, mütəxəssis rəyinə əsasən qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırlması yalnız qazın təzyiqi müəyyən edilmiş normadan çox olduğu halda sayğacın düzgün işləməməsinə səbəb ola bilər. Qeyd edilən ehtimala əsaslanaraq qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırıldığı bütün dövr üçün qaz sərfiyyatının artıq qeyd edildiyinə dair nəticəyə gəlmək düzgün olmaz. Eyni zamanda qaz sayğacının 14.02.2020-ci ildə alarm rejimində olması konkret sübutlar olmadan bu nəticəyə gəlmək üçün əsas ola bilməz. Belə ki, alarm rejimində olan sayğacın düzgün işləməyərək sərfiyyatı daha az qeydə alması ehtimalı da mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddianın təmin edildiyi hissədə tələbin əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən həmin hissədə mübahisələndirilən qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli e-2-2(113)-368/2021 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilməli, iddia 106355,2 manat borcun silinməsinin Cavabdeh İB-ə həvalə edilməsinə dair hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 05.10.2021-ci il tarixli e-2-2(113)-368/2021 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilsin. İddia 106355,2 manat borcun silinməsinin Cavabdeh İB-ə həvalə edilməsinə dair hissədə rədd edilsin. 150 manat ekspertiza xərci İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən qanunla nəzərdə tutulmuş halda onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerlşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-121/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-121/2022
02.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver