Məhkəmə qərarları › İş №2-2(103)-121/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-121/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-121/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: borc müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli e-2- 2(113)-4796/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən borc verən (iddiaçı) ona məxsus olan 18500 manat məbləğində pulu borc məqsədilə borc alana (cavabdeh) verməyi, borc alan həmin məbləği qəbul edib xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası hər ay 3000 manat olmaqla ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 5.3-cü bəndində qeyd edilir ki, müqavilə bağlandığı anda borc verən 18500 manat məbləğində pulu borc alana təhvil verdi, borc alan 18500 manat məbləğində pulu borc verəndən təhvil aldı.

3. xx.xx.2023-cü il tarixli kassa məxaric orderinə əsasən 18500 manat məbləğində vəsait cavabdehə təhvil verilmiş, cavabdehin imzası ilə təsdiq edilmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə hər hansı ödəniş edilməmişdir.

4. İşdəki sənədlərdən görünür ki, Cavabdeh "xxxx" MMC-nin direktoru olmuş, xx.xx.2022-ci il tarixdə həmin vəzifədən azad edilmişdir.

5. Cavabdeh qeyd edilən müqavilənin etibarsız əqd olduğunu, əslində iddiaçıdan hər hansı məbləğdə borc almadığını, həmin müqaviləni əvvəllər direktoru olduğu "xxxx" MMC-nin “X3” MMC-yə olan borcunun tam bağlanılması və barəsində cinayət təqibinə xitam verilməsi üçün imzalamağa məcbur olduğunu bildirir. Etirazının dəlillərini sübut etmək üçün cavabdeh tərəfindən təqdim edilmiş ünvan 1 xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 45176,67 EUR, 23225,02 manat məbləğində pulun iddiaçı “X3” MMC-yə ödənilməsi qət edilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-264/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin direktoru kimi cavabdeh İXM-nin 528.1- ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat cərimə edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarına əsasən "xxxx" MMC-nin direktoru kimi cavabdeh barəsində AR Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqına xitam verilmişdir. Həmin qərarda göstərilmişdir ki, Cavabdeh uzun müddət qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmış, hətta buna görə cərimə edilmiş, istintaq zamanı Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin e-2-2(085)- 229/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ödənilməsi qət edilmiş borcu “X3” MMC-yə tam şəkildə ödəmiş, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş “X3” MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 1 xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ödənilməsi qət edilmiş borc “X3” MMC-yə Cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən cavabdeh tərəfindən "xxxx" MMC-nin əvəzinə “X3” MMC-yə 18500 manat məbləğində vəsait ödənilmişdir (qəbzdə göstərilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə borc müqaviləsi bağlayıb pulu götürdü və “X3” MMC-yə ödənildi).

9. “X3” MMC-nin xx.xx.2023-cü il tarixli Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə ünvanlanmış məktubuna əsasən ünvan 1 xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ödənilməsi qət edilmiş borc “X3” MMC-yə Cavabdeh tərəfindən tam şəkildə ödənilmiş, hazırda ödənilməli olan borc yoxdur. Cinayət təqibinə xitam verilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18500 manat məbləğində borc, 147 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 06 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 18500 manat məbləğində pul borc almışdır. Tərəflərin arasında bağlanmış kredit müqavilənin 1.1-ci maddəsinə əsasən cavabdeh 06 mart 2023-cü il tarixindən başlayaraq 6 ay ərzində aldığı borc məbləğini iddiaçıya geri ödəməyi öhdəsinə götürmüşdü. Lakin cavabdeh aldığı borcun geri ödənilməsi ilə bağlı götürdüyü öhdəliyini icra etməmişdir. Bununla əlaqədar olaraq cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməmişdir və icra etməkdən yayınır. Bu isə iddiaçının hüquqlarını kobud şəkildə pozur.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4796/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

15. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən cavabdeh tərəfindən “X3” MMC-yə 18500 manat məbləğində vəsait ödənilmiş, bu səbəbdən onun barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir.

16. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh həmin tarixdə “X3” MMC-yə 18500 manat məbləğində vəsait ödənilmədiyini bildirsə də, vəsait ödənilmədiyi halda həmin qəbzin ona hansı səbəbdən verildiyini, borc ödənilmədiyi halda, onun barəsində başlanmış cinayət təqibinə xitam verilməsinin səbəbini izah edə bilməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4796/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, həm “X3” MMC-nin, həm də İddiaçı MMC-nin rəhbəri eyni şəxsdir və hər iki şirkət eyni inzibati binada yerləşir. Hətta Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə mən 1500 manat məbləğində cərimə olunduğum zaman məhkəmədə iştirak edən "xxxx" MMC-nin hüquqşünası ilə İddiaçı MMC-nin hüquqşünası belə eyni şəxs olmuşdur. İddiaçı tərəf ona şantaj və hədə-qorxu gələrək borc müqaviləsini bağlamağa məcbur etmişlər. “X3” MMC ilə "xxxx" MMC arasında olan borcun tənzimlənməsi məqsədi ilə onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinin heç bir hüquqi əsası yoxdur. Qanunverciliyin tələbindən də göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliyin yaranması üçün bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ona pul verilməli idi ki, onun da sözügedən pulu iddiaçıya qaytarmaq öhdəliyim yaranmış olsun. Lakin iddiaçı tərəfindən mənə hər hansı pul vəsaiti verilməmişdir. Ümumiyyətlə q İddiaçı MMC müxtəlif Çin istehsalı olan avtomobillərin satışı ilə məşğul olan şirkətdir. Bu cür fəaliyyət sahəsi olan bir şirkətin tanımadığı, əlaqəsi olmayan şəxsə kreditə pul verməsi heç bir məntiqə sığmır. Elə bu hal müqavilənin həqiqiliyini şübhə altına salır. Avtomobil satışı üzrə müqavilə bağlanılsa başa düşüləndir, lakin bank fəaliyyəti olmayan bir şirkətin kreditə pul verməsi ilə bağlı müqavilə bağlaması həmin müqavilənin yalançı əqd olduğunun, başqa hüquq münasibətlərini pərdələmək üçün bağlandığının aydın sübutudur. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

20. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddə- borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 337.1-ci maddə-bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2-ci maddə-əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.4-cü maddə- Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə cavabdeh tam mübahisələndirdiyindən tam hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4796/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli borc müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan aldığı 18500 manat borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin müqavilə bağlandığı gün təqdim edildiyi iş materiallarının 1-ci cildinin 54-cü vərəqinə əlavə edilmiş məxarıc qəbzi ilə təsdiq edilir. Cavabdeh həmin qəbzin üzərindəki imzanın və əlyazma ilə qeyd edilmiş “18500 manat aldım Yusifov.F” sözlərinin onun tərəfindən icra edildiyini mübahisələndirmir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, cavabdeh müqavilə bağlandıqdan sonra iddiaçıya hər hansı məbləğdə ödəniş etməmişdir.

25. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində qeyd etmişdir ki, borc müqaviləsini hədə-qorxu, təzyiq altında imzalamağa məcbur olduğu etibarsız əqddir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh bu hədə-qorxunun və məcburiyyətin nədən ibarət olduğuna dair suala cavab olaraq bildirmişdir ki, ünvan 1 xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasının təmin edilməməsinə görə borclu "xxxx" MMC-nin keçmiş qanuni təmsilçisi kimi barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılmış, məcbur olaraq "xxxx" MMC-nin borclarını tam ödəmiş, yalnız ƏDV borcu qaldığına görə tələbkar borcun tam ödənilməsi barədə məktub verməkdən imtina etmiş, ondan sonra məcbur qalaraq İddiaçı MMC ilə bu müqaviləni bağlamış, bundan sonra ona tələbkar tərəfindən borcun qalmadığına dair məktub verilmişdir.

26. İşin halları və cavabdehin izahatına əsasən məhkəmə müəyyən edir ki, xx.xx.2023-cü il tarixli borc müqaviləsinə etibarsız əqd kimi hüquqi qiymət verilməsi üçün qanuni əsaslar mövcud deyil. Müəyyən edilir ki, sözügedən borc müqaviləsini bağlamaqda cavabdehin məqsədi əvvəllər qanuni təmsilçisi olduğu "xxxx" MMC-nin "xxxx" MMC-yə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında ödənilməli olan borcunu tam bağlamaq olmuşdur. Cavabdeh özü təsdiq edir ki, "xxxx" MMC-yə qalıq ƏDV üzrə 18.500 manat borcu ödəməyə onun vəsaiti olmamışdır. Bu borc müqaviləsi bağlandıqdan sonra isə "xxxx" MMC ona borcun tam bağlanması barədə məktub vermişdir. Belə olan halda müəyyən olunur ki, qətnamə üzrə "xxxx" MMC-yə olan borc cavabdehin İddiaçı MMC-dən aldığı borc məbləği əsasında tam bağlanmışdır. Yəni, cavabdehin borc müqaviləsini bağlayarkən məcburiyyət qarşısında qaldığı hal hüquqi şəxsin qanuni təmsilçisi kimi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasını təmin etmək olmuşdur ki, bu isə MM-nin 339.4-cü maddəsində nəzərdə tutulmuş əqdin etibarsız sayılmasına əsas olan hal kimi qiymətləndirilə bilməz.

27. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" MMC-yə ödənilmiş vəsaitlərlə bağlı bütün qəbzlər cavabdehə "xxxx" MMC tərəfindən verilsə də, yalnız sonuncu xx.xx.2023-cü il tarixli mədaxil qəbzi İddiaçı MMC-nin loqosu olan blankda verilmiş, lakin üzərinə "xxxx" MMC tərəfindən verilmiş digər qəbzlərin üzərinə vurulmuş “Chevrolet Zərdabi”, Xəzinə, Ödənilib” sözləri olan ştamp vurulmuşdur. Bu qəbzlə bağlı iddiaçının nümayəndəsi F.Kərimov işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdehin iddiaçıdan aldığı pul "xxxx" MMC-nin xəzinəsinə mədaxil edilsə də, hüquqi şəxslər eyni binada fəaliyyət göstərdiyindən və səhvən mədaxil qəbzi olaraq İddiaçı MMC-nin adı olan qəbz verilmişdir. Məhkəmə cavabdehin izahatı ilə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə borcun tam ödənildiyinin və bu barədə ona məktub verildiyinin, ƏDV üzrə qalıq borcun ödəməyə cavabdehin öz vəsaiti olmadığının, ona görə borc müqaviləsi bağlamağa məcbur olduğunun təsdiq edildiyini nəzərə alaraq müəyyən edir ki, cavabdehin iddiaçıdan xx.xx.2023-cü il tarixdə həqiqətən 18.500 manat borc alaraq həmin gün "xxxx" MMC-nin kassasına ödəmişdir.

28. Apellyasiya şikayətində istinad edilmiş digər bir dəlil İddiaçı MMC-nin hüquqi və fiziki şəxslərə borc verilməsi ilə fəaliyyətlə məşğul olmadığı, bunun isə onunla bağlanmış müqavilənin həqiqiliyini şübhə altına aldığıdır. Məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə 2023-cü il tarixdə digər şəxslərlə bağlanmış borc müqavilələrindən nümunələr təqdim edilmiş, bu sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən başqa digər şəxslərə də borc vermişdir.(iş materialları 1-ci cild 58-62-ci vərəqlər).

29. Məhkəmə araşdırması zamanı birinci instansiya məhkəməsinin mübahisəni mahiyyəti üzrə düzgün həll etdiyi, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi üçün əsaslar olmadığı müəyyən edilmişdir.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4796/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4796/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar