Məhkəmə qərarları › İş №2-2(103)-1210/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1210/2025

02.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1210/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) qarşı “kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatın təqdim olunması” tələbinə dair kommersiya mübahisəsi (açar söz: kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatın təqdim olunması) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) qarşı “kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatın təqdim olunması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 4806/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh1 ASC-nin (ləğv prosesindədir) Qazax filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsinə görə iddiaçıya illik 6 faiz dərəcəsi ilə ödənilmək şərtilə, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təminatı kimi, iddiaçıya məxsus Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (əsas: xx.xx.2015-ci il tarixli, 1905/38 saylı ipoteka müqaviləsi).

3. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-178/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh İddiaçı qarşı kredit borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 12277 manat 30 qəpik əsas, 1884 manat 42 qəpik faiz, 1365 manat 38 qəpik cərimə, 3057 manat 48 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 18584 manat 58 qəpik məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 220 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Qazax rayonu, Orta Salahlı kəndində yerləşən, 112.3 kv.m ümumi, 45.3 kv.m yaşayış və 67 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən qətnamə ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir.

4. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 12-5/2-Y-287- 21-202/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli borc öhdəliyinin olub-olmaması barədə məktubda qeyd edilmişdir ki, Cavabdeh1 ASC ilə aranızda bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Sizə 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Bildirilir ki, sözügeden kredit müqaviləsi üzrə LPO Cavabdeh1 ASC-yə xx.xx.2024-cü il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 15527,10 manat borc öhdəliyiniz mövcuddur. Əlavə olaraq bildirilir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi əsas öhdəliyin xitamına səbəb olmur və borcun Mərkəzi Kredit Reyestrindən silinməsi üçün əsas deyildir, eyni zamanda Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 178/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən bank əməliyyat sistemində borcunuzun silinməsinə dair LPO Cavabdeh1 qarşısında heç bir öhdəlik qoyulmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə ləğv prosesində olan Cavabdeh1 ASC-nin Qazax filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 ASC-nin (ləğv prosesindədir) Qazax filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsinə görə iddiaçıya illik 6 faiz dərəcəsi ilə ödənilmək şərtilə, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təminatı kimi, iddiaçıya məxsus Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (əsas: xx.xx.2015- ci il tarixli, 1905/38 saylı ipoteka müqaviləsi). İddiaçı bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “cavabdeh”) “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 178/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd olunmuşdur. Bundan sonra, iddiaçı cavabdehə müraciət edərək, borc məbləğinin mərkəzi kredit reyestrindən silinməsini xahiş etmişdir. Lakin cavabdeh bildirmişdir ki, iddia rədd olunsa da, məhkəmə qətnaməsi ilə bank əməliyyat sistemində borc öhdəliyinin silinməsinə dair heç bir öhdəlik qoyulmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilmədiyinə görə, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 527.1, 554.1-ci maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Bankının 32/1 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydalarının 1.2, 3.1-3.2, 3.7-ci bəndlərinə istinad edilmişdir.

8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2015- ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə “borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması” barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçının adının problemli müştərilər kimi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk olaraq bildirilir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 14.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə qötürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq cavabdeh İddiaçı ilə xx.xx.2015-ci il tarixli, 1905/38 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Qazax rayonu, Orta Salahlı kəndində yerləşən, 112.3 kv.m ümumi, 45.3 kv.m yaşayış və 67 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi Cavabdeh1 ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh İddiaçı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdehə xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. İddiaçı ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadığı ünvan üzrə məktub göndərilməsinə baxmayaraq, nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişdir. Cavabdeh İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır, ancaq cavabdeh İddiaçı bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır və bu səbəbdən yenidən bank aşağıdakı borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddia qaldırılan zaman cavabdehin banka ödənilməmiş 12277,30 manat əsas, 1884,42 manat faiz, 1365,38 manat cərimə, 3057,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 18584,58 (on səkkiz min beş yüz səksən dörd manat əlli səkkiz qəpik) manat məbləğində borcu mövcuddur. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-178/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edildiyi səbəbindən təmin edilməmişdir. İddiaçı yuxarıda qeyd olunanlara istinad edərək kredit müqaviləsi üzrə “borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması” barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hesab edilir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı xx.xx.2015- ci il tarixli, 1905 saylı borcun olmamasına dair məlumatların verilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının istinad etdiyi qətnamə üzrə onun borcunun olmaması müəyyən olunmamışdır, sadəcə onun ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd edilmişdir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən şəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və ‘İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli səkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, əsas öhdəlik üzrə iddia müddətinin tətbiq edilməsi ipotekaya da xitam verilməsi üçün əsas deyil, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu öz qərarında qeyd etmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. “İpoteka haqqında” Qanunun 10.1 -ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi ‘İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

9. Bakı Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 4806/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 178/2024 saylı qətnaməsi ilə “iddia müddətinin ötürülməsi” əsası ilə təmin edilməmişdir. İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Belə olan halda iddiaçının xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsaslı sayıla bilməz.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 527, 529.1, 529.2, 529.4 və 529.6-cı maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarlarına, “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X5 12 noyabr 2021-ci il tarixli qərarının 3.5-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 107, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

12. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 həmin qətnamədən apellyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməklə, İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Qazax filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti və əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 ASC-nin (ləğv prosesindədir) Qazax filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsinə görə, iddiaçıya illik 6 faiz dərəcəsi ilə ödənilmək şərtilə, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təminatı kimi, iddiaçıya məxsus Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (əsas: xx.xx.2015-ci il tarixli,1905/38 saylı ipoteka müqaviləsi). İddiaçı bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyindən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, borc məbləğinin Mərkəzi kredit reyestrindən silinməsini xahiş etmişdir. Lakin cavabdeh bildirmişdir ki, iddia rədd olunsa da, məhkəmə qətnaməsi ilə bank əməliyyat sistemində borc öhdəliyinin silinməsinə dair heç bir öhdəlik qoyulmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilmədiyinə görə, o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kommersiya mübahisəsinə baxaraq, iddianın rədd olunması barədə qərar çıxarmışdır. Məhkəmə tərəfindən işin halları düzgün qiymətləndirilməmiş, iş üzrə qanunsuz və əsassız məhkəmə aktı çıxarılmışdır. İddiaçının cavabdeh qarşısında öhdəliyinə iddia müddətinin keçməsi nəticəsində xitam verilmişdir. Belə ki, yuxarıda göstərildiyi kimi, Bankın/cavabdehin iddiaçıya qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi müddətin keçməsinə görə rədd olunmuşdur. Bu mənada cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi (formal mövcud olan borc məbləğinin olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim edilməməsi) iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iddiaçının hüquqlarını müdafiə etmək əvəzinə iddianı rədd etmiş və öz qətnaməsində qeyd etmişdir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. İddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Belə olan halda iddiaçının xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə səhv nəticəyə gəlmiş və işin hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir. Müddətin keçməsinə görə iddiaçının Cavabdeh1 ASC (ləğv prosesindədir), o cümlədən onun ləğvedicisi – cavabdeh qarşısında öhdəliyinə xitam verildiyindən iddiaçının öhdəliyin icrasından imtina etmək hüququ, cavabdehin isə iddiaçının hüququna münasibətdə öhdəliyi yaranmışdır (borc məbləğinin silinməsi ilə bağlı hərəkətlərin icrası). Lakin cavabdeh iddiaçı qarşısında vəzifəsini icra etməmişdir. Göründüyü kimi, məhkəmə bu halları nəzərə almamış, bir daha maddi hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə iddianın rədd olunmasına dair qətnamə qəbul edərkən yalnız cavabdehin nümayəndəsinin mövqeyinə əsasən iddianı rədd etmişdir. Halbuki, məhkəmə iddiaçının ərizəsində göstərilən dəlilləri digər sübutlarla əlaqəli şəkildə təhlil etməli, sübutları düzgün qiymətləndirməli və iş üzrə obyektiv qətnamə qəbul etməli idi. Odur ki, məhkəmə maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehin məhkəmə iclaslarında ümumiyyətlə iştirakı təmin edilməmiş, “çəkişmə prinsipi” pozulmuşdur. Belə ki, cavabdehin hansı qanuna və ya əsasnaməyə istinad etməsi və belə istinad müəyyən olunmamışdır, azmış kimi belə əsasnamə ümümiyyətlə mövcud deyil. Konkret Arqument: "Təbii borc" statusuna keçmiş bir öhdəlik artıq hüquqi deyil, yalnız mənəvi məzmuna malikdir. Belə bir məlumatın ("İddiaçı ödəməli olduğu borc var") şəxsin razılığı olmadan "xxxx" MMC vasitəsilə üçüncü şəxslərə (banklar, mikrofınance təşkilatları) ötürülməsi və saxlanılması, şəxsi məlumatların hüquqi əsas olmadan emalıdır. Bu, "X2 Haqqında" Azərbaycan Respublikası Qanununun, xüsusilə 8.1-ci maddəsini (şəxsi məlumatların emalı üçün əsaslar) pozur. Məhkəmə bu ciddi pozuntunu nəzərə almamışdır. Gəncə Məhkəməsinin qərarının yenidən qiymətləndirilməsi Apellyasiya instansiyası üçün qadağandır. Bu çox mühüm əlavədir. Apellyasiya yalnız aşağı instansiyanın öz qərarını qiymətləndirə bilər. Qanuni qüvvəyə minmiş digər məhkəmə qərarlarını yenidən araşdırmaq səlahiyyəti yalnız kassasiya və ya Konstitusiya Məhkəməsinə aiddir. Bakı Kommersiya Məhkəməsinin bunu etməsi — səlahiyyət həddinin aşılmasıdır.

Apellyasiya şikayətinə etiraz

14. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 527-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. - 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. - 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. - 529.4-cü maddəsinə əsasən borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. - 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-4806/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 12277 manat 30 qəpik əsas, 1884 manat 42 qəpik faiz, 1365 manat 38 qəpik cərimə, 3057 manat 48 qəpik kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 18584 manat 58 qəpik məbləğində kredit borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 220 manat məbləğində xərcin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Qazax rayonu, Orta Salahlı kəndində yerləşən, 112.3 kv.m ümumi, 45.3 kv.m yaşayış və 67 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin İddiaçı tutulması ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-178/2024 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir.

23. Hazırda İddiaçı Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(115)-178/2024 saylı qətnaməsinə istinad edərək, ləğv prosesində olan Cavabdeh1 ASC-nin Qazax filialı ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə olunmasını xahiş edir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-178/2024 saylı qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası “iddia müddətinin ötürülməsi” əsası ilə təmin edilməmişdir. Həmin qətnamə ilə İddiaçı borc öhdəliyinin olmaması müəyyən olunmamış, sadəcə onun ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən, müddətin ötürülməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır.

25. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Qanunvericilik heç bir halda iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün əsas kimi tanımır. Yəni iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.

27. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti ipoteka saxlayan tərəfindən əldə olunduqda; - “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ipoteka saxlayan təkrar elektron hərracda satılmayan ipoteka predmetini əldə etmək təklifini qəbul etməkdən imtina etdikdə; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

28. Göründüyü kimi, əsas öhdəlik üzrə iddia müddətinin tətbiq edilməsi ipotekaya xitam verən hallar sırasına daxil edilməmişdir. Bu səbəbdən, iddiaçının xx.xx.2015-ci il tarixli, 1905 saylı kredit müqaviləsi üzrə borcun olmamasına dair məlumatların "xxxx" MMC-yə təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsassızdır.

29. Bundan əlavə, apellyasiya şikayətinin “cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməməsi və çəkişmə prinsipinin pozulması” dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilmiş, bu barədə məhkəmə bildirişi cavabdehlərin elektron kabinetlərinə yerləşdirilmişdir. Həmçinin, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddiaya öz etirazını bildirmişdir.

30. Məhkəmə kollegiyası həmçinin, “Gəncə Kommersiya Məhkəməsinin qətnaməsinin yenidən qiymətləndirilməsi” barədə apellyasiya şikayətinin dəlilini də əsassız hesab edərək qeyd edir ki, işin hallarından da görünür ki, iddiaçı Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə istinad edərək cavabdehdən borc məbləğinin Mərkəzi Kredit Reyestrindən silinməsini xahiş etmişdir. Cavabdeh isə həmin qətnamə üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsinin əsas öhdəliyin xitamına səbəb olmamasını və borcun Mərkəzi Kredit Reyestrindən silinməsi üçün əsas olmamasını bildirmişdir. Bunun əsasında iddiaçı iddia ərizəsiylə məhkəmə müraciət etmişdir. Göründüyü kimi, hazırki işə baxılarkən Gəncə Kommersiya Məhkəməsinin sözügedən qətnaməsi qiymətləndirilməmiş, əksinə həmin qətnamənin iddianın təmin edilməsi üçün əsas olmadığı qənaətinə gəlinmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e- 2-2(113)-4806/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsində işə baxılması ilə bağlı çəkilmiş məhkəmə xərclərinə isə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 4806/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar