Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1215/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1769/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı məhkəməyə müraciət edərək, cəmi 27.559,69 USD - bundan 26.207,8 USD əsas, 445,01 USD faiz, 131,56 USD cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775,32 USD faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, DƏDRX tərəfindən verilmiş 06.01.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsi döngə 3 ünvanda olan 0.05753 ha torpaq sahəsi və həmin torpaq sahəsində 63 kv.m. yaşayış, 59.6 kv.m. köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh MMC-dən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 03.09.2015- ci il tarixli CBHK-0001 nömrəli kredit müqaviləsi üzrə kreditin əsas borc üzrə 26.207,8 ABŞ dolları məbləğdə qalıq, ona hesablanmış 445,01 ABŞ dolları məbləğdə faiz borcu, eləcə də, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775,32 ABŞ dolları məbləğdə faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 27.478,13 ABŞ dolları ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun əvəzi, cəmi 70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsi döngə 3 ünvanda olan 0.05753 ha torpaq sahəsi və həmin torpaq sahəsində 63 kv.m. yaşayış, 59.6 kv.m. köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin likvid dəyəri 184.500 manat müəyyən edilməklə açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən əsas borc üzrə 26.207,8 ABŞ dolları məbləğdə qalıq, ona hesablanmış 445.01 ABŞ dolları məbləğdə faiz borcu, eləcə də, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775.32 ABŞ dolları məbləğdə faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 27.478,13 ABŞ dolları ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində cəmi 70 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdeh MMC-dən alınaraq iddiaçıya ödənilməsi, aparılmış ekspertiza ilə bağlı 145 manat və 300 manat, cəmi 445 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq 145 manatla bağlı hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh1 ondan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizənin əsaslarına görə, məhkəmə qətnaməsinin surətini 31.08.2021-ci il tarixdə elektron məhkəmə portalından əldə etmiş, müəyyən səbəblər üzündən məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsinin elektron məhkəmə kabinetinə 27.07.2021-ci il tarixdə yerləşdirilmişdirsə, eyni tarixdə cavabdehin kabinetinə yerləşdirilməlidir. Qeyd olunan qətnamə cavabdehin səhifəsinə 27.07.2021-ci il tarixdə yerləşdirilmişdirsə, qanuni qüvvəsini 30.08.2021-ci il tarixdə almışdır və eyni tarixdə icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş prosessual müddətin bərpasına dair ərizədən və apellyasiya şikayətinin surətindən görünür ki, hər iki prosessual sənəd məhkəməyə 31.08.2021-ci il tarixdə verilmişdir. Beləliklə, apellyasiya şikayəti verilməsi üçün sonuncu gün 30.08.2021-ci il tarixi olmuş, cavabdeh isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə, şikayəti 31.08.2021-cı ildə məhkəməyə vermişdir. Belə olan halda, məhkəmə ötürülmüş prosessual müddəti bərpa edə bilməzdi. Bakı Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdeh şikayətin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli qətnaməsi tərəflərin, o cümlədən Cavabdeh1 elektron kabinetinə 27.07.2021-ci il tarixdə saat 15:04-də yerləşdirilmiş, cavabdeh qətnamədən apellyasiya şikayətini isə elektron qaydada 31.08.2021-ci il tarixdə vermiş, bununla da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət onun tərəfindən 1 gün ötürülmüş, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi və birinci instansiya məhkəməsinin bu ərizənin təmin olunması ilə bağlı qərardadı isə faktiki cəhətdən ümumiyyətlə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Lakin müddətin buraxılması ilə nəticələnmiş səbəbin cavabdehin iradəsindən asılı olmaması, yaxud onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması və ya ona maneə törətməsi və məhdudiyyət yaratması iş üzrə müəyyən olunmur. Bütün bunlar da o deməkdir ki, müddət cavabdeh tərəfdən təqsirli olaraq, üzrsüz səbəblərdən buraxıldığı üçün, bərpa oluna bilməzdi. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, cavabdehin ərizəsi rədd edilməli, müddətin bərpasından imtina edilməli, şikayət təmin olunmalıdır (MPM-in 398.0.3-cü maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1769/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1769/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Müddətin bərpasından imtina edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin şikayəti təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova