Məhkəmə qərarları › İş №2-2(103)-1216/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1216/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1216/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi Açar söz: kredit müqaviləsi, zaminlik müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-319/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zamin kimi müqaviləni imzalamışlar. Həmin Müqavilənin: - 3.1-ci maddəsinə əsasən nağd pul krediti, müqavilə ilə müəyyən olunan şərtlər Müştəri tərəfindən icra edildikdən, kənar maliyyələşdirmə olduqda isə kredit vəsaitləri Bankın sərəncamına verildikdən sonra Bank tərəfindən Müştərinin müvafiq Kredit sazişi ilə müəyyənləşdirilən cari hesabına köçürmə yolu ilə verilir. - 3.2-ci maddəsinə əsasən kreditin verilmə tarixi və müddətinin axımı kredit məbləğinin Müştərinin Kredit sazişində göstərilən ssuda hesabında uçotu aparıldığı ilk gündən başlanılır. - 3.3-cü maddəsinə əsasən müqavilə üzrə verilmiş nağd pul krediti və ona hesablanmış faizlər ödəniş cədvəlinə əsasən Müştəri tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Xidmət şərtlərinin xüsusi hissəsi və Kredit sazişlərində göstərilən hallarda ödəniş cədvəli həmçinin digər kredit növləri üzrə də tərtib edilə bilər. - 3.4-cü maddəsinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam məbləğdə faktiki qaytarılan günədək Kredit sazişi ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır.Müqavilə hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. - 7.4.1-ci maddəsinə əsasən müştəri müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi dərhal icra edir; - 7.4.2-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəliklərin icrası üçün bütün əmlakı ilə məsuliyyət daşıyır; - 7.4.3-cü maddəsinə əsasən bankın tələbini ödəyənədək bu barədə Müştərini xəbərdar edir, özünə qarşı iddia irəli sürüldükdə isə Müştərini işdə iştirak etməyə cəlb edir; - 7.4.4-cü maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, cərimə məbləği borcun tutulması üzrə məhkəmə xərcləri və Müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında Müştəri ilə eyni həcmdə birgə məsuliyyət daşıyır;.

3. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Bank of Baku” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən 23429.25 manat əsas borc,3135.74 manat faiz və 799.08 manat məbləğində cərimə borcu var.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-9/7772/2024 saylı ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə əsas kredit borcu 23266.22 manat, faiz borcu 3007.27 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 23429.25 manat məbləğində əsas borcun, 3135.74 manat məbləğində faiz borcunun, 799.08 manat məbləğində cərimə borcunun, cəmi 27364.07 manat borcun və 173 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-319/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 23266.22 manat (iyirmi üç min iki yüz altmış altı manat iyirmi iki qəpik ) əsas borc, 3007.27 manat (üç min yeddi manat iyirmi yeddi qəpik) faiz borcu və 700 manat (yeddi yüz) cərimə borcu və dövlət rüsumunun əvəz olaraq 173 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zamin kimi müqaviləni imzalamışlar. İddiaçı ASC həmin müqaviləyə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 21% olmaqla 30000 manat məbləğində kredit vermişdir. İddiaçı göstərilən razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 razılaşma üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Həmçinin müqavilə üzrə zaminllər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər.

9. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, kredit razılaşması üzrə əsas və müqavilənin xitam verildiyi tarixə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi ilə Cavabdeh1 İddiaçıçıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 02.0562024-cü il tarixə (pretenziya məktubunun göndərildiyi tarixə) əsas borcu 23266.22 manat, faiz borcu 3007.27 təşkil etməsi müəyyən edilmişdir.

10. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlmişdir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

11. Odur ki, məhkəmə hesab etmişdir ki, kredit müqavilələri üzrə əsas və faiz borcun tutulması hissəsində qismən, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (pretenziya məktubunun göndərilən tarixə) 23266.22 manat, faiz borcu 3007.27 manat faiz borcu Cavabdeh1 bankın xeyrinə tutulmalıdır.

12. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır.

13. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 700 manat məbləğində müəyyən edilməlidir.

14. Məhkəmə zamin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 bütün öhdəliklərinə zamin durduqlarından həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdıqlarını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zaminlərdən tutulmasını tələb etməkdə də haqlıdır.

15. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd etmişdir ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 173 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 70 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 30 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

17. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, 470.1, 472.1, 472.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-319/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə əsas borclu Cavabdeh1dur; Kamalə Məmmədova isə sənədlərdə “əlavə zamin” kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək borclu ilə birlikdə zaminləri müştərək qaydada məsul saymışdır. Qətnamədə həm müqavilənin əsas şərtlərinə, həm də standart “xidmət şərtlərinə” istinad edilmiş, lakin “əlavə zamin” terminindən istifadə edildiyi halda bu anlayışın hüquqi fərqi və məsuliyyət rejimi ayrıca araşdırılmamışdır. Eyni zamanda Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) çıxarışında Kamalə Məmmədovanın zamin öhdəliyi ayrıca uçota alınmamış görünür ki, bu da kreditorun öz məlumat bazasında zaminlik statusunu dəqiq əks etdirmədiyini göstərir. Müqavilə və bankın təqdim etdiyi sənədlərdə “zamin” ilə yanaşı “əlavə zamin” terminindən istifadə olunub, standart xidmət şərtlərində isə yalnız “zamin”in öhdəlikləri sistemli göstərilib; “əlavə zamin” anlayışının müstəqil tərifi yoxdur. Zaminliyin növü və hüdudu birmənalı göstərilməyib.

20. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-319/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli kredit sazişi üzrə əsas borclu Cavabdeh1dur; Cavabdeh2 isə sənədlərdə “zamin/əlavə zamin” kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək borclu ilə birlikdə zaminləri müştərək qaydada məsul saymışdır. Qətnamədə həm müqavilənin əsas şərtlərinə, həm də standart “xidmət şərtlərinə” istinad edilmiş, lakin “əlavə zamin” terminindən istifadə edildiyi halda bu anlayışın hüquqi fərqi və məsuliyyət rejimi ayrıca araşdırılmamışdır. Eyni zamanda Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) çıxarışında Cavabdeh2 zamin öhdəliyi ayrıca uçota alınmamış görünür ki, bu da kreditorun öz məlumat bazasında zaminlik statusunu dəqiq əks etdirmədiyini göstərir. Müqavilə və bankın təqdim etdiyi sənədlərdə “zamin” ilə yanaşı “əlavə zamin” terminindən istifadə olunub, standart xidmət şərtlərində isə yalnız “zamin”in öhdəlikləri sistemli göstərilib; “əlavə zamin” anlayışının müstəqil tərifi yoxdur. Zaminliyin növü və hüdudu birmənalı göstərilməyib.

Apellyasiya şikayətinə qarşı etiraz

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

23. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, cavabdehlərin nümayəndəsi və vəkili isə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir; digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. 14.2.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

30. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

33. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə zamin Cavabdeh2, Cavabdeh3 münasibətdə iddia tələbinin təmin olduğu hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

39. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

40. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (kreditor) ilə Cavabdeh1 (borc alan) arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zamin kimi müqaviləni imzalamışlar. Lakin Cavabdeh1, eyni zamanda müqavilə üzrə zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 razılaşma üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehlərin iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

41. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, müqavilədə zaminliklə təmin edilən öhdəliklərinin həcmi, müddəti zaminlərin rekvizitləri dəqiq qeyd edilmiş, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 5-ci bölməsində müqaviləni zamin qismində imzalamaqla borc alan Cavabdeh1 həmin müqavilə üzrə bütün öhdəliklərinə zamin durmuşdurlar.

42. Apellyatorun qeyd etdiyi əlavə zamin anlayışı isə müqavilədə digər şərtlər qrafasında qeyd edilmiş və tərəflər arasında kredit münasibətlərindən əlavə zaminlik münasibətlərinin mövcudluğunu göstərmişdir.

43. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Kredit Bürosundan Çıxarışda tərəfin zamin olduğu öhdəlik barədə məlumatın qeyd edilməməsi zaminlik müqaviləsinin mövcudluğunu istisna etmir.

44. Beləliklə kollegiya qeyd edir ki, apellyasiya şikayətlərinin dəlilləri zaminlik müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

45. Kollegiya qeyd edir ki, zaminlik müqaviləsi aksessor öhdəlik olmaqla əsas öhdəliyin icrasının təmini məqsədilə bağlanılır. Həmin müqavilənin mahiyyəti ondan ibarətdir ki, borclu şəxs əsas müqavilə üzrə öhdəliklərini icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə zamin durmuş şəxs həmin əsas öhdəliyin icrasına zamin durur. Əsas müqavilə hesab olunan uzunmüddətli kredit müqaviləsindən meydana çıxan öhdəliklər Cavabdeh1 tərəfindən lazımı qaydada icra edilməmişdir. Nəticədə zaminlik müqaviləsi üzrə zamin durmuş şəxs qismində Cavabdeh2, Cavabdeh3 həmin müqavilənin 7.4.4-cü bəndinə müvafiq olaraq Cavabdeh1 ilə birgə məsuliyyət daşımalı və uzunmüddətli kredit müqaviləsindən yaranmış borc və cərimələri ödəməlidir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

48. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-319/2025 nömrəli kommersiya mübahisəsi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar