Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1218/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı borc və işgüzar nüfüza vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli 2-2(113)-425/2021 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc olaraq 118888 manat, 11888 manat faiz və 10000 manat işgüzar nüfuza vurulmuş zərərin əvəzi və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi və iddiaya əlavə onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci ildə bağlanmış podrat müqaviləsi üzrə cavabdehin sifarişi əsasında “Olimpus Elmlər” layihəsi adlı yaşayış kompleksində müvafiq işlər görülmüş, təhvil verilmiş, lakin dəyəri tam ödənilməmişdir. Podrat müqaviləsi üzrə işlər görüldükdən sonra cavabehin şifahi tapşırığı ilə əlavə işlər görülmüş, lakin dəyəri ödənilməmişdir. İddiaçı hazırda həm ustalara xeyli borclu qalmış, həm də materiallara görə xeyli borcu yaranmışdır. Məcbur olub bu borcları iddiaçı özü şəxsən ödəyir. Cavabdeh isə müxtəlif bəhanələrlə görülən işlərin dəyərinin ödənilməsindən imtina edir. Beləliklə cavadbehin ucbatından iddiaçı ağır maddi və mənəvi zərərə uğramışdır. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-2(113)-2309/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən əsas borc olaraq 84945 manat,1188 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq “Ademsan MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsini qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-2(113)-425/2021 saylı qətnaməsinin ləğv olunaraq, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf özü də etiraf edir ki, tərəflər arasında heç bir müqavilə bağlanmamış, hər hansı bir müqavilə olmuşdursa da belə, o formal xarakter daşımışdır. Çünki, tərəflər öz aralarında razılaşma apararkən, işin həcminin kəmiyyət və keyfiyyət göstəricilərini düzgün müəyyən etməmişlər, belə ki, hətta türk şirkəti olan "xxxx" MMC rəsmi işlər görməməsi, onun vergi qanunvericiliyindən yayınması faktorlarını nəzərə almasaq belə (əslində müəssisə rəsmi müqavilə bağlayaraq Azərbaycan qanunvericiliyinə görə Azərbaycanın dövlət büdcəsinə vəsait ödəməli idi) istifadə olunan malların və materialların əksəriyyəti Cavabdeh MMC tərəfindən idxal edilmiş, onların dəyəri isə əksinə "xxxx" MMC tərəfindən sona qədər ödənilməmişdir. Məhkəmə gedişatında iddiaçı tərəfindən bir neçə şahid dəvət edilmiş, təbii ki, onlar iddiaçı ilə qeyri rəsmi əmək münasibətlərində olmuşlar. Onlar faktiki olaraq qeyri-rəsmi məvacib almaqlarını məhkəməyə gəlib təsdiq etmişlər və binada işlər gördüklərini bildirmişlər. İşlərin hansı həcmdə olduqları barədə iddiaçı və cavabdeh arasında hansı münasibətlərin olması barədə, kimin kimə nə qədər borclu olması barədə onların heç bir məlumatları olmamışdır. Çünki həmin dırnaq arası şahidlər, ilk növbədə iddiaçı tərəfindən dəvət olunduğuna görə, habelə iddiaçıdan asılı olaraq, ondan maddi maraqlarının olması üçün, iddiaçının sifarişi əsasında ifadələrini vermişlər. Əslində isə "xxxx" MMC, lap düzü isə qeyri-rəsmi şəxslər qrupu tərəfindən işlər sona qədər çatdırılmamış, nöqsanlı aparılmış, sonradan həmin işlərə əlavə düzəlişlər edilmiş, həmin işlər Cavabdeh MMC tərəfindən sonlanmışdır. Məhkəmə gedişatında məhkəmə tərəfindən qanuna müvafiq yerli baxış və tikinti-mühəndislik ekspertizaları təyin edilməmiş və aparılmamışdır. Bu da əlbətdə ki, məhkəmənin gəldiyi nəticənin düzgün olmayan qaydada formalaşdırmışdır. Qanunvericiliyə müvafiq olaraq hər bir tərəf məhkəmə gedişatında istinad etdiyi halları sübutlarla əsaslandırmalıdır. İşə apellyasiya qaydasında baxılması Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iştirak etmiş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtl barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli 2-2(113)-425/2021 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək, cavabdehdən "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 50.000 manat əsas borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında 04.05.2018-ci il tarixdə podrat müqaviləsi bağlanmış, iddiaçı cavabdehi sifarişi ilə müqaviləyə əlavədə nəzərdə tutulmuş işləri görməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavədə yerinə yetirilməli olan işlərin dəyərinin ƏDV daxil 308387,10 manat olduğu qeyd edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən 08.04.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi izahat verərək göstərmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə 176400 manat məbləğində ödəniş edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən də iddiaçı tərəf bu halı bir daha təsdiq etmişdir. İş materiallarında müqavilə üzrə görülmüş işlərin təhvil-təslim edilməsi barədə sübutlar olmasa da, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 işə birinci instansiya qaydasında baxılarkən 21.04.2021-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı tərəfə müqavilə üzrə görülmüş işlərə görə 226400 manat ödəniş edilmişdir. Nə iddiaçı, nə də cavabdeh tərəfindən ödənişləri təsdiq edən sübutlar məhləməyə təqdim edilməmiş, tərəflər izahatlarında ödənişlərin nağd olaraq həyata keçirildiyini bildirmişlər. Birinci instansiya məhkəməsi iddianı əsas borc hissəsində qismən-84945 manat hissədə təmin etsə də, qətnamədə bu barədə iş üzrə gəldiyi nəticəni əsaslandırmamış, sübutları və normaları sadalamaqla kifayətlənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı halda iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə yerinə yetirilmiş işlərlə bağlı forma2 aktları, təhvil-təslim sənədləri və işin həcmini təsdiq edə biləcək digər sübutlar təqdim edilmədiyindən cavabdehin nümayəndəsinin görülmüş işlərə görə 226400 manat ödəniş edildiyinə dair izahatı nəzərə alınarsa ən az qeyd edilən dəyərdə işin iddiaçı tərəfindən yerinə yetirildiyi təsdiq edilmiş olur. İddiaçı cavabdehin müqavilə üzrə 176400 manat məbləğində ödəniş etdiyini qəbul etdiyindən və cavabdeh bu məbləğdən daha artıq ödəniş həyata keçirildiyinə dair sübut təqdim edə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi yalnız 50.000 manat (226400-176400) əsas borcun tutulması hissəsində əsaslıdır. Buna görə də, mübahisələndirilən qətnamə əsas borcun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 50.000 manat əsas borc tutulmalıdır. Məhkəmə tərəfindən təmin edilmiş 1188 manat cərimə məbləği hissəsində qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsaslar müəyyən olunmadığından, ödənişin gecikdirilməsinə görə cərimə faizlərinin hesablanması tərəflər arasında bağlanmış podrat müqaviləsinin 4.4-cü bəndinə uyğun olduğundan məhkəmə hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmaldır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli 2-2(113)-425/2021 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək, cavabdehdən "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 50.000 manat əsas borc tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli 2-2(113)-425/2021 saylı qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilərək, cavabdehdən "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 50.000 manat əsas borc tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi gündən) 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1218/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1218/2021
22.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver