Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1219/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-186/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 460 039 manat əsas borcun və 400 manat mediasiya xərcinin, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-186/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 460038 manat əsas borc cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-186/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam, obyektiv, hərtərfli araşdırma aparmamış, işin faktiki hallarını səthi şəkildə araşdıraraq iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında tərəflər arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmasının hüquqi əsası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, "xxxx"ASC və "xxxx" MMC arasında bağlanmış “X8 inkişafı” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx" ASCdən lizinq yolu ilə xaricdən gətirilmiş cins qaramalın alınmasına dair 16 iyun 2015-ci il tarixli anlaşma memorandumu olmuşdur. Həmin üç tərəfli anlaşma memorandum (müqavilə) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə birgə müasir fermer təsərrüfatının yaradılması və inkişafı üçün 2015-ci il tarixdə Ağcabədi rayonu Təzəkənd kəndində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən bu layihə üçün seçilmiş 25 (iyirmi beş) fermer ailəsinə - müştəriyə ümumi məbləği 483 879 manat kredit verilmişdir. Kreditlər təyinatı üzrə "xxxx" ASC-dən iribuynuzlu cins heyvanların alınması üçün ilkin ödənişə, onların saxlanması üçün xüsusi tövlələrin tikintisinə, cari mövsüm üçün həmin fermerlərin istifadəsində olan torpaq sahələrinin əkilməsinə, portatif sağım, yem doğrayan və qarışdıran aparatlarının alınmasına, həmçinin alınmış iribuynuzlu heyvanların sığortalanmasına yönəldilmişdir. Kredit müqavilələri bağlandığı ilk vaxtlarda kreditorlar tərəfindən öhdəliklər vaxtında icra olunsa da, qısa bir müddətdən sonra bu layihə üzrə mikrokreditlərin verilməsinin özünü doğrultmaması məlum olmuşdur. Bu səbəbdən də kredit müqavilələri üzrə borclular ilk vaxtlar müqavilə öhdəliklərini qismən icra etsələr də, sonradan bu öhdəlikləri yerinə yetirmək iqtidarında olmamışlar. Bunun səbəbi pilot layihə çərçivəsində müştərilərə lizinqə verilmiş heyvanların yerlişəraitə uyğun olmaması, X6 Xidmətinin mütəxəssisləri tərəfindən heyvanlara vaxtında və lazımi baxış keçirilməməsi, bunun nəticəsində heyvanların bir qisminin qısır qalması, bir qisminin zəif, bəzən də ölü bala doğmaları, heyvanlar arasında endemik xəstəliklərin baş verməsi, damazlıq və süni mayalanma işlərinin düzgün apanlmaması, bu səbəbdən ölmüş heyvanlara görə sığorta hadisələrinin qeydə alınmaması, müştərilərə sığorta ödənişlərinin verilməməsi halları olmuşdur. Buna baxmayaraq, verilmiş kreditlərin qaytarılması üçün "xxxx" MMC-nin əməkdaşları dəfələrlə müştərilərin yaşadığı ünvanlarda olmuş, yaranmış problemlərin həlli üçün mümkün tədbirlərin görülməsi üçün fərdi görüşlər aparılmaqla moritorinqlər keçirmişlər. Bu zaman müştərilər (fermerlər) tərəfindən yerli şəraitə uyğun olmaması səbəbindən tam tələf olmasının qarşısının alınması üçün ətlik-südlük heyvanların kütləvi şəkildə satılması faktı müəyyən edilmiş, satışdan əldə edilmiş vəsaitin kredit borclarının bir qisminin ödənilməsinə yönəldilmişdir. Müştərilər tərəfindən kredit borclarının qalan hissəsinin qaytarılması üçün görülmüş tədbirlər çərçivəsində danışıqlar aparılmış və bildirişlər göndərilmiş, lakin borclular pilot layihəni təşkil etmiş müvafiq orqanların yarıtmaz fəaliyyəti, əməkdaşlarının iş bilməməsi səbəbindən özlərini aldanmış hesab edərək pilot layihənin uğursuz olması səbəbi ilə, həmdə maddi imkansızlıqlarını əsas gətirərək kredit borclarının qaytarılmasına imkanları olmaqlarını bildirmişlər. Yaranmış problemin həlli üçün bir neçə dəfə Aqrar Kredit və İnkişaf Agentliyinə, Maliyyə Nazirliyinə və Mərkəzi Banka məlumat verilmiş, lakin məsələnin həll olunmasına dair təkliflərin müzakirə olunduğu bildirilsə də, konkret həlli yolları barədə təkliflər verilməmişdir. Nəzərə alınsa ki, subkreditlər Ağcabədi rayonundan əlavə Bərdə və İmişli rayonlarında fəaliyyət göstərən borcalan benefisiarlara da verilmişdir və onlar da eyni problemlərlə qarşılaşmışdır, ona görə də borclular tərəfindən kreditlərin vaxtında qaytarılmamasının səbəbi tək onların məsuliyyətsizliyindən deyil, həmçinin pilot layihə kimi yerli iqlim şəraitinə uyğun olmayan cins iribuynuzlu heyvanların xaricdən ölkəyə gətirilməsini həyata keçirmiş aidiyyəti qurumlar olmuşdır. Cavabdeh verilmiş kreditlərin məcburi qaydada qaytarılması üçün Ağcabədi Rayon Məhkəməsində bütün borclulara qarşı “borcun tutulmasına dair” iddialar qaldırılmış və 2020-ci ilin sentyabr ayında məhkəmə qaydasında işlərə baxılaraq 23 iş üzrə qətnamələr qəbul edilmiş, 2 iş üzrə borclular vəfat etdiklərindən iş üzrə icraat dayandırılmışdır. Digər işlər üzrə məhkəmə qətnamələri qanuni qüvvəsini alaraq icra üçün Ağcabədi rayon İcra şöbəsinə göndərilmişdir. İcraçı məmurları tərəfindən məcburi icra tədbirləri aparılmış, borcluların maddi vəziyətlərinə görə ödəmə imkanları məhdud olduğundan birbaşa ödəmələr aparılması mümkün olmamış, lakin işləyən və ya təqaüd alan borcluların qazanclarına tələb yönəldilmişdir. Ümumilikdə bu məbləğ aylıq olaraq 600 manatdan artıq deyildir. İcra müddətində borclulardan bir nəfər də vəfat etmişdir. Borclular tərəfindən öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş mümkün hüquq və vəzifələri yetirmiş və yetirməkdə davam edir. Belə ki, borclularla telefon əlaqəsi saxlanılmış, Ağcabədi Rayon Məhkəməsinə və Ağcabədi rayon İcra şöbəsinə icra hərəkətlərinin borclular tərəfindən tam icrasının təmin edilməsi üçün məktublar göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisinə, icra qurumlarına nəzarəti həyata keçirən nazir müavini Eldar Nuriyevə və cənab nazir Fikrət Məmmədova icra hərəkətlərinin effektliyinin təmin edilməsi üçün icra işlərinin nəzarətə götürülməsi barədə dəfələrlə müraciətlər olunmuşdur. Aqrar Kredit və İnkişaf Agentliyinin rəhbərliyi tərəfindən yaranmış problemin həll edilməsi üçün yollarının axtarılmasına dair cavabdehə məktub göndərilməsindən sonra bununla əlaqədar məhkəmə qətnamələrinin icrasını tam təmin edilməsi məqsədi ilə müstəqil kollektor təşkilatı “BOA”ilə danışıqlar aparılmış və onlar tərəfindən müvafiq icra sənədləri üzrə borcların yığılması öhdəliyinin öz üzərlərinə götürmək istiqamətində razılıq əldə edilməsinin mümkünlüyü bildirilmişdir. Verilmiş kreditlərin dövlət vəsaiti olaraq iddiaçının təşəbbüsü ilə həyata keçirildiyini və əlavə kredit müqaviləsinin 9.0.2-ci bəndinə əsasən BOKT-in bu müqavilənin şərt və öhdəliklərini iddiaçının razlığı olmadan dəyişdirə bilmək səlahiyyəti olmadığını nəzərə alaraq “BOA” kollektor təşkilatı ilə üçtərətli razılaşma əldə edilməsi üçün birgə müzakirə edilməsi üçün iddiaçı tərəfindən rəsmi müraciətə müsbət cavab verilməmiş və əksinə öhdəlik yerinə yetirilmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bununla yanaşı, iddiaçı, "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış “Kənd yerləriniknompleks inkişafı” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx"ASC-dən lizinq yolu ilə cins qaramalın alınmasına dair 16 iyun 2015-ci il tarixli anlaşma memorandumu əsasında kreditorlara ayrılmış pul vasatinin bir hissəsi bu layihə üçün seçilmiş 25 fermerə (müştəriyə) verilmiş 178 baş qaramalın sığortalanmasına görə mülkiyyətçi "xxxx"ASC-yə ödənilsə də,"xxxx"ASC tərəfindən hər hansı sığorta şirkəti ilə müqavilə bağlanması, əgər belə müqavilə bağlanmışdırsa, hansı müddətə bağlanması, sığorta hadisəsi baş verməsinə görə sığortaçı tərəfindən hadisənin rəsmiləşdirilərək sığorta ödəniş edilib-edilməməsi barədə cavabdehə üçtərəfli müqavilənin tərəfi olaraq hər hansı məlumat verilməmişdir. Bundan başqa, həmin vəsaitin bir hissəsi də yenə də "xxxx" ASC-dən lizinq yolu ilə portatif sağım, yemdoğrayan və qarışdıran aparatlarının alınmasına yönəldilmişdir. "xxxx" ASC-yə bu barədə məlumat verilməsi üçün sorğu məktubu göndərilsə də, bunun “kommersiya sirri” olduğunu bildirərək sorğuya cavab verilməmişdir. Qanunun tələbinə görə bu hal cavabdeh üçün kommersiya sirri hesab edilə bilməz. Belə ki, "xxxx" MMC tərəfindən sığorta təyinatı üçün vəsait "xxxx" ASC-yə tərəflər arasında bağlanmış üçtərəfli müqavilə əsasında ödənilmişdir, yəni cavabdeh həmin müqavilənin iştirakçısıdır. "xxxx"ASC məhkəmə prosesinə ikinci cavabdeh kimi cəlb edilməli və müqavilədən irəli gələn öhdəliyin icrası barədə mülkiyyətçi olaraq sığorta müqaviləsinə görə ona ödənilmiş pul vəsaitinin müqabilində öhdəliklərinin icrasına və mübahisənin həlli istiqamətində gördüyü işlərə dair müvafiq sənədlər təqdim etməlidir. Burada nəzərdə tutulur: benefisiarlar tərəfindən lizinqə götürülmüş iribuynuzlu heyvanların sığortalanması üçün "xxxx" ASC-yə ödənilmiş vəsaitin müqabilində hansı sığorta şirkəti ilə müqavilə bağlanıb-bağlanılmaması, əgər sığorta müqaviləsi bağlanmışdırsa, bu müqaviləyə uyğun sığorta hadisəsi baş verdiyindən sığorta hadisəsinin qeydə alınıbalınmaması, sığorta ödənişlərinin aparılıb aparılmaması, əgər apanlıbsa, bu ödəmənin benefisiarların borclarına mütənasib olaraq silinib-silinməməsi halları müəyyən edilməlidir. Bundan başqa, "xxxx" ASC-dən kreditorlar tərəfindən lizinq yolu ilə portatif sağım, yem doğrayan və qarışdıran aparatların alınmasına görə pul vəsaitinin tam və ya qismən ödənilməsi faktı müəyyən edilməlidir. Cavabdeh olaraq hesab etmişdi ki, iddiaçı ilə aramızda bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsinin heç bir hüququ əsası yoxdur. Əvvəla ona görə ki, iki tərəf arasında əsas kredit müqaviləsi bağlanmamışdır ki, həmin müqaviləyə də əlavə olaraq müqavilə bağlansın. Həmin müqavilə iddiaçı, "xxxx" ASC və cavabdeh arasında bağlanmış “X8 inkişafi” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx" ASC-dən lizinq yolu ilə cins qaramalın alınmasına dair 16 iyun 2015-ci ıl tarixli anlaşma memorandumu əsasında bağlanmışdır və bu memorandumda üçtərəfli razılışmadır ki, onun əsasında sonradan bağlanan müqavilə hər üç tərəfin razılığı ilə həyata keçirilməli və onlar üçün hüquq və vəzifələr yarada bilər. İkincisi, əlavə kredit müqaviləsi üzrə kreditorlar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən seçilmiş və onlara veriləcək subkreditlərin şərtlərinin müəyyən edilməsi subkreditorların üstün mənafeyinin nəzərə alınması (kreditlərin girovsuz və zaminsiz verilməsi) BOKT-nin fəaliyyətini tənzimləyən qanun normalarına qismən zidd olsa da, həmin müqavilələr üzrə öhdəliklərin tam icrasına Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən şifahi olaraq təminat verməsi halları qarşılıqlı etimad prinsipinə əsaslanmışdır. Bundan başqa, əlavə kredit müqaviləsində nəzərdə tutulmamışdır ki, subkredit müqavilələri cavabdehin təqsiri olmadan icra olunmadığı halda, BOKT məsuliyyət daşıyacaqdır. Yuxarıda qeyd edildiyi kimi, kreditorlar tərəfindən verilmiş kreditlərin qaytarılmaması müəyyən edildiyi vaxtdan "xxxx" MMC üzərinə düşən öhdəliklər yerinə yetirərək borclular tərəfindən verilmiş kreditlərin geri qaytarılması istiqamətində qanunla müəyyən edilmiş mümkün olan bütün tədbirləri görmüşdür. Birinci instansiya məhkəməsində araşdırma zamanı tərəfindən 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə iddiaçının “Paşa Bank”da olan hesabına xx.xx.2019-cu il tarixdə 200 000 (iki yüz min) manat vəsaitin köçürülməsinə dair rəsmi sənədlər təqdim edildiyindən məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etsə də, məhkəmə ekspertiza mərkəzinin 31 iyul 2024-cü il tarixli 9/10017 saylı rəyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə ödənilən pul vəsaitlərinin təyinatı və hesabları dəqiq göstərilmədiyindən həmin pul vəsaitlərinin hansı kredit müqaviləsinə ödənilməsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi 5 il müddətinə bağlanmış 08 iyul 2015-ci il tarixliəlavə kredit müqaviləsi üzrə ayrılmış 483 878 manat kredit vəsaitinin cavabdeh tərəfindən Revolver Fond hesabına cəmi 23 840 manat ödənildiyini bildirsə də, “Paşa Bank”daolan hesabına xx.xx.2019-cu il tarixdə 200 000 ( iki yüz min) manat vəsaitin köçürülməsinin hazırda mübahisələndirilən 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsinə aid olmadığını bildirdi və bunu onunla əsaslandırdı ki, 2019-cu ilin dekabr ayının 26-da cavabdeh tərəfindən "xxxx"ASC vasitəsilə layihənin "xxxx"ASC-də açılmış Revolver Fond hesabına təyinatı göstərilmədən ödənilmiş 200 000 manat iddiaçı ilə cavabdeh arasında 2013-cü il 29 mart tarixli Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklə əlaqədar borca silinmişdir. Məhkəmə 2019-cu ilin dekabr ayının 26-da cavabdeh tərəfindən ödənilmiş 200 000 manat vəsaitin rəsmi Bank sənədi olmadığı halda iddiaçının nümayəndəsinin dediklərini əsas götürərək iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə dair verdiyi vəsatəti təmin etmədi və qətnamədə göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli9/10017 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə"xxxx" MMC arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən borc qalığının məbləğini dəqiq müəyyən etmək mümkün olmur. X10 Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx"MMC arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş kreditlər barədə məlumata və maliyyə arayışına əsasən "xxxx" MMC-nin Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə əsas borcu 460 039,00 manat məbləğindədir. Məhkəmə araşdırmadı ki, əgər 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən borc qalığının məbləğini dəqiq müəyyən etmək mümkün deyildirsə və iddiaçının Paşa Bank”da olan hesabına xx.xx.2019-cu il tarixdə 200 000 (ikiyüz min) manat vəsaitin köçürülməsinin hansı hesaba aid edilməsi tərəflər mübahisələndirirsə bunun üçün təkrar mühasibatlıq ekspertizası təyin edilməli və aidiyyəti Bankdan pulun hansı müqavilə üzrə köçürülməsi müəyyən edilməli idi. Məhkəmə iclasında iddiaçının nümayəndələri aydınlıq gətirə bilmədilər ki, cavabdehə 1 261 450 manat kredit vəsaitinin ayrılmasına dair 3 il müddətinə bağlanmış 2013-cü il 29 mart tarixli Əlavə Kredit Müqaviləsinin müddəti 29 mart 2016-cı ildə bitmişdirsə və cavabdehin həmin müqavilə üzrə 2019-cu ilin dekabr ayının 26-dək 200 000 manat məbləğində ödənilməmiş borcu qaltarmamışdırsa, həmin vəsaitin qaytarılmamasına görə cavabdehə hər hansı pretenziya yazmışdırmı və ya nəyə görə bu müddət ərzində məhkəmə qaydasında tələbi olunmamışdır? İddiaçının nümayəndələri bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim edə bilmədilər. Lakin məhkəmə heç bir əsas olmadan, hətta ekspertin ödənilən pul vəsaitlərinin təyinatı və hesabları dəqiq göstərilmədiyindən cavabdehin ödədiyi 200 000 manat məbləğinin hansı hesaba ödənildiyini məyyən edə bilmədiyi halda məhkəmə əsassız olaraq ödənilən həmin məbləğin 2013-cü il 29 mart tarixli Əlavə Kredit Müqaviləsinə aid olması qərarına gəlmişdir. Məhkəmənin təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə dair vəsatətini təmin etməməsi o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının heç bir rəsmi Bank sənədi təqdim etmədiyi halda 200000 manat məbləğindən pulun 2013-cü il 29 mart tarixli Əlavə Kredit Müqaviləsinin üzrə ödənilməsini əsaslı hesab edirdisə, onda nə üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasına dair ilkin vəsatətini təmin etməsi əsaslı olmuşdur? Bildirir ki, məhkəmənin gəldiyi bu nəticənin qanunsuzluğunu anlamaq üçün sadə məntiqə əsaslanmaq kifayətdir. Belə ki, iddaçı qarşısında qüvvədə olan müqavilə üzrə 200 000 manat məbləğindən daha artıq borc olduğu və ödənilmədiyi halda, tələb etmə müddəti keçmiş, tələb olunmayan və mübahisələndirilməyən “borcun” könüllü olaraq maliyyəçı olan cavabdeh tərəfindən iddiaçının Bank hesabına, həm də məlum olmayan müqavilə üzrə köçürülməsi nə dərəcədə mümkündür? Yuxarıda qeyd etmiş olduğum hallar qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə istinad etmişdir.Lakin nəzərə almamışdır ki, tərəflər arasında borc müqaviləsi 2015-ci ildə bağlanmış və müqavilə müddəti 5 il olmuşdur. Bu müddət ərzində kredit müqaviləsi üzrə öhdəlik qismən icra olunmuşdur, lakin iddia tələbi irəli sürüldüyü vaxtdan son 3 il əvvəl iddiaçıya kredit müqaviləsindən irəli gələn heç bir ödəniş aparılmamışdır. Bu halda məhkəmə hazırlıq iclasınında həll olunmalı məsələyə, yəni təkrar mühasibabatlıq ekspertizası keçirilməsinə dair vəsatətə münasibət bildirməklə bir iclasda məhkəmə baxışı təyin etmədən yekun məhkəmə qərarını elan etdi. Yəni ona prosessual hüquqlarından tam istifadə etmək üçün şəraət yaratmadı. Tərəflər arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi ümumi əsaslarla deyil, spesifik müqavilədir, yəni iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, cavabdeh"xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış “X8 inkişafi” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx" ASC-dən lizinq yolu ilə cins qaramalın alınmasına dair 16 iyun 2015-ci ıl tarixli anlaşma memorandumu əsasında bağlanmışdır, bu müqaviləyə qanunvericiliyin tələbinə Mülki Məcəlləsinin 745.4-cü maddəsinin tələbinə görə iddia müddəti bir ildir. Məhkəmə baxış iclası ilə hazırlıq iclasını eyni vaxtda keçirdiyindən ona iddia müddətinin tətbiqinə dair ərizə verilməsini mümkünsüz etdi. Halbuki iş materiallarında iddiaçının iddia tələbinin əsaslı olmasını, onun mənə pul ödəməsini, eyni zamanda torpaq sahəsinin sənədləşdirilməsi üçün 32000 (otuz iki min) manat məbləğində pul ödəməsini təsdiq edən heç bir sənəd, sübut yoxdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
6. Etiraz belə əsaslandırılmışdır ki, iş materiallarından aydın olduğu üzrə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (indiki Aqrar Kredit və İnkişaf Agentliyi) ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 02 dekabr 2022-ci il tarixə 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 460039 manat əsas məbləğ üzrə borc yaranmışdır. Cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 may 2022- ci il tarixli 1300/35 nömrəli məktubdan görünür ki, cavabdeh 484079 manat kreditin ayrıldığını, 24000 manat ödənişin edildiyini və 460079 manat məbləğində borcun qaldığını bildirir və kredit borcunun digər aidiyyəti təşkilatın xeyrinə silinməsini xahiş edir. Həmçinin cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli B0025 nömrəli məktubda da benefisiarlar tərəfindən 2019-cu ilin mart ayından etibarən pilot layihə üzrə heç bir ödənişin olmadığı göstərilmişdir. Eyni zamanda cavabdeh tərəfindən tərtib olunmuş 12 iyun 2023-cü il tarixli AO/056 nömrəli məktubda iddiaçının 460 039 manat məbləğində pul tələbi ilə bağlı cavabdeh qanun qarşısında məsuliyyət daşıdıqlarını bildiklərini qeyd etmiş, lakin ödənişlərin edilməməsini üçüncü şəxslərin hərəkətləri ilə əlaqələndirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya ünvanladığı məktublarla 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 460 079 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri xx.xx.2019-cu il tarixdə edilən 200 000 manat ödənişin nəzərə alınmadığını göstərmişlər. Cavabdehin 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəlikləri üçüncü şəxslərin hərəkətsizlikləri - benefisiarların öz borclarını ödəyə bilməməsi ilə bağlı icra edə bilməməsi barədə arqumentlərinə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 443.10-cu maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Qeyd etməyi zəruri hesab edir ki, cavabdehin 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə pul məbləğini qaytarma öhdəliyinin üçüncü şəxslərin hərəkətləri ilə şərtlənməsinin öhdəliyin icrasından imtina etməyə və ya azad olunmağa əsas vermir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
15. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
22. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (hazırkı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi), "xxxx" Açıq Səhmdar Cəmiyyəti və cavabdeh arasında bağlanmış 16 iyun 2015ci il tarixli “X8 İnkişaf” layihəsinin Revolver Fondunda cəmləşən vəsait hesabına kreditləşdirilən benefisiarlar tərəfindən "xxxx" ASC-dən lizinq yolu ilə cins qaramalın alınmasına dair anlaşma memorandumuna əsasən, iddiaçı və cavabdeh arasında imzalanmış əlavə kredit müqaviləsinə uyğun olaraq iddiaçı təqdim olunan sifarişlər əsasında cavabdehi kredit vəsaiti ilə təmin etməyi, cavabdeh isə həmin vəsaiti əlavə kredit müqaviləsinin və bu memorandumun şərtlərinə uyğun olaraq müvafiq qaydada ailə-fermer təsərrüfatlarında kənd təsərrüfatının inkişafı və dəstəklənməsi üçün sub-kredit hesabına biznes plana uyğun lizinq yolu ilə ətlik-südlük cins qaramalın alınmasına yönəltməyi razılaşdırmışdır. – İddiaçı ilə cavabdeh arasında 08 iyul 2015-ci il tarixdə bağlanmış əlavə kredit müqaviləsi ilə tərəflər arasında öhdəlik münasibəti yaranmış, iddiaçı Ağcabədi, Bərdə və İmişli rayonlarında südlük-ətlik heyvandarlığın inkişaf etdirilməsi üçün müqaviləyə uyğun olaraq təqdim olunan sifarişlər əsasında cavabdehi kredit xətti şəklində tranşlarla vəsaitlə təmin etməyi, cavabdeh isə öz növbəsində müqavilənin şərtlərinə müvafiq qaydada ailə fermer təsərrüfatlarına kredit xətti açaraq vəsaiti tranşlarla ayırmağı öhdəsinə götürmüşdür. – Əlavə kredit müqaviləsinin və ona dəyişikliklər edilməsi barədə xx.xx.2016-cı il tarixli razılaşmanın şərtlərinə əsasən, cavabdeh tərəfindən müqaviləyə uyğun olaraq hədəf benefisiarlara (Ağcabədi, Bərdə və İmişli rayonlarında fəaliyyət göstərən ailə fermer təsərrüfatlarına) sub-kreditlər girovsuz, 4 ilədək, güzəşt müddəti 18 ayadək (kreditin müddəti 4 ilədək olduqda güzəşt müddəti maksimum 18 ayadək, kreditin müddəti 3 ilədək olduqda güzəşt müddəti maksimum 12 ayadək, kreditin müddəti 2 ilədək olduqda isə güzəşt müddəti maksimum 6 ayadək), məbləği isə 40000 manatadək şərtlərlə verilməli, cavabdeh öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməli, iddiaçıdan aldığı vəsaitlər üzrə illik 2 faiz dərəcəsi ilə faiz məbləğini rübdə bir dəfə dövlət büdcəsinə, əsas borc məbləğini isə növbəti ayın ilk 5 iş günü ərzində iddiaçı tərəfindən açılan Revolver Fond hesabına köçürməli, subkreditlər üzrə xidmət və komissiya haqqı daxil olmaqla faiz dərəcəsi 10 faizdən çox olmamalıdır.
23. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 483 878 manat kredit cavabdehə ödəniş tapşırıqları əsasında köçürülmüşdür.
24. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 460 039 manat əsas borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək, 26 dekabr 2019cu il tarixdə edilmiş 200 000 manat ödənişin nəzərə alınmadığını, alınmış vəsaitin iddiaçı ilə razılaşdırılmış layihə çərçivəsində ailə fermer təsərrüfatlarına verildiyini, lakin sonuncular kredit məbləğlərini qaytarmadığından iddiaçıya ödənişin edilə bilmədiyini və bu halla bağlı iddiaçının da təqsirli olduğunu bildirir və iddianın rədd edilməsini xahiş etmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Bu müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə istifadə məqsədi kredit verən tərəfindən müəyyən edilməklə və müəyyən müddətdən sonra qaytarılması şərti ilə faizlə pul vəsaiti verilmiş, cavabdeh həmin vəsait hesabına subkreditlər verərək gəlir əldə etmişdir. Müqavilənin 10.1-ci bəndində müqavilənin müddəti 5 il müəyyən edilmiş, 4.0.1-ci bənddə qeyd edilmişdir ki, BOKT faiz məbləğlərini əsas borcun geri qaytarılma müddətinin sonuna kimi ödəməlidir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
26. Apellyasiya şikayətində məhkəmənin iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə imkan verilməməsi qeyd edilsə də, işdən görünür ki, məhkəmə dəfələrlə hazırlıq və baxış iclasları keçirmiş və cavabdehin müvafiq ərizənin verilməsi imkanı olmuş, lakin o, bu imkandan yararlanmamışdır.
27. Mülki Məcəllənin 745.4-cü maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir.
28. Cavabdeh qeyd edilən maddəyə əsaslanaraq iddia müddətinin keçdiyini bildirir. Halbuki tərəflər arasında kredit münasibətləri qeyd edilən maddi hüquq norması qanuna salınandan əvvəl yaranmışdır. Belə ki, kredit müqaviləsi 2015-ci il tarixdə bağlanmış, qeyd edilən maddə isə 1 aprel 2023-cü il tarixdə Mülki Məcəlləyə əlavə edilmişdir. Göründüyü kimi cavabdehin bu dəlili də əsassızdır.
29. Əlavə kredit müqaviləsi üzrə borcluların iddiaçı tərəfindən seçildiyi və onlara veriləcək subkreditlərin şərtlərinin müəyyən edilməsinin subkreditorların üstün mənafeyinin nəzərə alınması, (əsasən kreditlərin zaminsiz və girovsuz) verilməsinin BOKT-un fəaliyyətini tənzimləyən qanunvericilik normalarına zidd olduğuna dair cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, əlavə müqavilə üzrə borcluların iddiaçı tərəfindən seçilməsi barədə cavabdehin irəli sürmüş olduğu dəlili əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.01-ci bəndində BOKT kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malik olduğu, BOKT-un öz prosedurlarına və kredit təşkilatı standartlarına uyğun olaraq subkredit üçün müraciətləri nəzərdən keçirərək qiymətləndirməli və əməliyyat təlimatları əsasında subkreditlərin verilməsini təmin etməli olduğu razılaşdırılmışdır. Həmçinin həmin bənddə qeyd olunmuşdur ki, BOKT tərəfindən veriləcək kreditlər müvafiq maliyyə və kredit təşkilatı standartları əsasında veriləcəyi barədə razılığa gəlinmişdir. Göründüyü kimi, müqavilənin bəndlərində də cavabdehin kreditin ayrılmasına yekun qərarın verilməsi hüququna malik olması qeyd olunmuşdur.
30. Cavabdehin 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə öhdəlikləri üçüncü şəxslərin hərəkətsizlikləri – benefisiarların öz borclarını ödəyə bilməməsi ilə bağlı icra edə bilməməsi barədə arqumentlərinə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 443.10-cu maddəsinə əsasən, borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
31. Mülki qanunvericilikdə göstərilmiş yanaşma tərəflər arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsində də əks olunmuş, həmin müqavilənin 6.01-ci bəndində cavabdehin kreditin verilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi hüququna malik olduğu, 6.0.6-cı bənddə cavabdehin sub-kreditlərin təyinatı üzrə istifadəsinə, son məhsulun satılmasına və onun dəyəri hesabına özünə və "xxxx"ə borcun ödənilməsinə öz səlahiyyətləri daxilində nəzarət etməli olduğu, 7.0.1-ci bənddə benefisiarlara ayrılan hər bir kredit tranşı üzrə vəsaitin təyinatı üzrə istifadəsinin cavabdehin nəzarəti və monitorinqi şərti ilə həyata keçirilməli olduğu təsbit edilmişdir.
32. Bundan başqa, Mülki Məcəllənnin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda cavabdeh iddiaçı ilə müqavilə bağlayarkən müqavilə müddətinin sonunadək sub-kreditlərin qaytarılmama riski olduğunu əvvəlcədən gördüyü və ya görməli olduğu halda müqaviləyə qaytarılmamış sub-kreditlərə görə onu məsuliyyətdən azad edən şərtin əlavə edilməsini tələb etməmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə cavabdehin 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə pul məbləğini qaytarma öhdəliyinin üçüncü şəxslərin hərəkətləri ilə şərtlənməsinin öhdəliyin icrasından imtina etməyə və ya azad olunmağa əsas vermədiyi qənaətinə gəlmiş və cavabdehin bu kateqoriyadan olan etirazlarını da əsassız hesab etmişdir.
34. Cavabdeh xx.xx.2019-cu il tarixdə edilən 200 000 manat ödəniş edildiyi, lakin həmin ödənişin iddia tələbi irəli sürülərkən nəzərə alınmadığına istinad edərək borcun düzgün hesablanmadığını qeyd etmiş və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmiş və məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli 9/10017 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən borc qalığının məbləğini dəqiq müəyyən etmək mümkün olmur. X10 Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında bağlanmış 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə təqdim edilmiş kreditlər barədə məlumata və maliyyə arayışına əsasən "xxxx" MMC-nin Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə əsas borcu 460 039,00 manat məbləğindədir.
36. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 may 2022ci il tarixli 1300/35 nömrəli məktubdan görünür ki, cavabdeh 484079 manat kreditin ayrıldığını, 24000 manat ödənişin edildiyini və 460 079 manat məbləğində borcun qaldığını bildirir və kredit borcunun digər aidiyyəti təşkilatın xeyrinə silinməsini xahiş edir. Həmçinin cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli B0025 nömrəli məktubda da benefisiarlar tərəfindən 2019-cu ilin mart ayından etibarən pilot layihə üzrə heç bir ödənişin olmadığı göstərilmişdir. Eyni zamanda cavabdeh tərəfindən tərtib olunmuş 12 iyun 2023-cü il tarixli AO/056 nömrəli məktubda iddiaçının 460 039 manat məbləğində pul tələbi ilə bağlı cavabdeh qanun qarşısında məsuliyyət daşıdıqlarını bildiklərini qeyd etmiş, lakin ödənişlərin edilməməsini üçüncü şəxslərin hərəkətləri ilə əlaqələndirmişdir.
37. Göründüyü kimi, cavabdeh iddiaçıya ünvanladığı məktublarla 08 iyul 2015-ci il tarixli müqavilə üzrə 460 079 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri xx.xx.2019-cu il tarixdə edilən 200 000 manat ödənişin nəzərə alınmadığını göstərmişlər. Həmin ödənişlə bağlı iddiaçının tərtib etdiyi arayış və iş materiallarında olan sənədlərdən iddiaçı ilə cavabdeh arasında 29 mart 2013-cü il tarixli əlavə kredit müqaviləsinin bağlandığı, qeyd edilən müqavilə üzrə cavabdehə ümumilikdə 1 261 450 manat məbləğində pulun köçürüldüyü görünür. AZ29PAHA35060AZNHC********** nömrəli bank hesabından çıxarışdan 200 000 manat məbləğində pulun hər hansı təyinat göstərilmədən Revolver Hesaba köçürüldüyü təsdiq edilir.
38. Mülki Məcəllənin 440.1-ci maddəsinə əsasən, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir.
39. Məhkəmə xx.xx.2019-cu il tarixli ödənişin təyinatının göstərilmədiyini, 06 may 2022-ci il tarixli 1300/35 nömrəli, xx.xx.2022-ci il tarixli B0025 nömrəli və 12 iyun 2023-cü il tarixli AO/056 nömrəli məktublarla cavabdeh tərəfindən borc məbləğinin etiraf edildiyini, kreditor tərəfindən edilən ödənişin daha əvvəl yaranmış öhdəlik üzrə borca silindiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin 200 000 manat məbləğində pulun hazırkı tələbə aidiyyəti ilə bağlı mövqeyi əsassızdır. Borcun məbləğinə münasibətdə isə iddiaçının təqdim etdiyi sonuncu arayışda göstərilən məbləğ (460 038 manat) 31 iyul 2024-cü il tarixli 9/10017 nömrəli məhkəməmühasibatlıq ekspertizası ilə təsdiq edildiyindən məhkəmə bu qənaətə gəlmişdir ki, 08 iyul 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borc 460 038 manat təşkil edir.
40. Məhkəmə kollegiyası məhkəmənin bu mövqeyini əsaslı hesab etdiyindən cavabdehin təkrar ekspertiza barədə dəlilini qəbul etmir. Qeyd edilənlərə əsasən ekspertizanın yenidən keçirilməsi zərurəti müəyyən edilməmişdir.
41. Apellyasiya şikayətində qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
42. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiaya etirazda irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən prosessual qənaət prinsipinə əsasən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
43. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-186/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.