Məhkəmə qərarları › İş №2-2(103)-122/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-122/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-122/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” SŞ ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” SŞ ASC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 650 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 manat dövlət rüsumunun, ümumilikdə 680,40 manat məbləğində pul vəsaitinin ASC “xxxx” SŞ-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1941/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı “xxxx” SŞ ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, X1 məxsus ünvan 1 ASC “xxxx” Sığorta Şirkətində Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsi üzrə sığortalanmışdır. İddiaçı bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 00:00 radələrində X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzildə su boru xətləri partlaması nəticəsində mənzilə ziyan dəymişdir. Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB-nin 4 saylı MTİİTS tərəfindən verilmiş arayışda ünvan 1 ünvanında yerləşən mənzilə dəymiş ziyanla bağlı qeyd edilmişdir ki, Cavabdeh ASC tərəfindən yeni çəkilmiş su xətlərində qəza baş vermiş və X1 məxsus bir mərtəbəli yarım zirzəmili fərdi yaşayış evinin zirzəmisində yerləşən iki otağın döşəməsi su ilə dolmuşdur. Bununla əlaqədar olaraq 2078/20 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən və şərtsiz azadolma məbləği çıxıldıqdan sonra ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənin mənzilinə dəymiş zərərə görə 650 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də, ödənilmiş 650 manat sığorta ödənişi subroqasiya qaydasında Cavabdeh ASC-dən tutulmalıdır. Cavabdeh iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı icbari sığorta müqaviləsi üzrə ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında ödənilməsi tələbini irəli sürmüşdür. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində göstərilmişdir. Həmin maddədən müəyyən olunur ki, icbari sığorta münasibətlərində sığortaçının subroqasiya hüququ yalnız mülki məsuliyyətin icbari sığortası üzrə və sığortalı və ya sığorta olunana qarşı yaranır. İddiaçının istinad etdiyi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsi də həmin qanunun “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” adlı 3-cü fəslində yerləşir və həmin münasibətləri tənzimləyir. İddiaçı ilə X2 arasında isə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası deyil, daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda isə bu növ icbari sığorta müqaviləsi üzrə ümumiyyətlə subroqasiya hüququnun yaranması nəzərdə tutulmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddia özü-özlüyündə əsassızdır və sübutlar araşdırılmadan rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxx” SŞ ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar