Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-122/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-2901/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə (bundan sonra Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə 15340 manat əsas borc, 19520 manat dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2901/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehndən 15340 (on beş min üç yüz qırx) manat əsas borc, 400 (dörd yüz) manat cərimə olmaqla ümumilikdə 15740 (on beş min yeddi yüz qırx) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2901/2024 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
4. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2901/2024 nömrəli qətnaməsinin dəbbə pulu hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətlərinin dəlilləri
5. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin dəbbə pulunun 400 manata endirməsində “tənasüb” yoxdur, çünki müqavilə üzrə 19520 manat olaraq hesablanan dəbbə pulunun 400 manata endirilməsi onun 97% endirilməsi mənasına gəlir ki, 97% endirmənin tənasüblü olduğunu demək mümkün deyildir. Məhkəmənin tətbiq etdiyi 97% azalma Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulan “tənasübün” düzgün qiymətləndirilməsi kimi götürülə bilməz, bu müqavilə üzrə tərəflərin müqavilə azaldığı hüququnu ciddi şəkildə pozur. Mülki Məcəllənin 467-ci maddəsinə görə, dəbbə pulu azaldılanda və tənasüb müəyyən ediləndə kreditorun əmlak mənafeləri nəzərə alınır. Bu da, təyin olunan dəbbə pulunun ən azı adi depozitlər üçün nəzərdə tutulan bank faizindən aşağı olmamağı tələb edir. Yazılı müqavilə üzrə olan 7080 manatlıq borcun ödənilməsi tarixindən 18 aydan çox müddətin keçdiyini, yazılı müqavilə bitdikdən sonra göstərilən xidmətlər üçün isə 8260 manatlıq borcun 12 aydan çox keç keçdiyini nəzərə alsaq, bu ödənişlər üzrə hesablanacaq depozit faizinin məbləği 2000 manatdan çox məbləğ edəcəkdi. Məhkəmələrin dəbbə pulunu mütənasib şəkildə azaltmayı hesablarkən, bank faizlərini nəzərə almaması maddi hüququn səhv olaraq tətbiq edilməsidir. Bakı Kommersiya Məhkəməsi dəbbə pulunu MM 467- ci maddəsinə istinadən azaldanda, mütənasib azaltmanı necə müəyyən etdiyinə, kreditorun həm əmlak mənafelərini həm də digər əsaslı mənafelərini necə, hansı düsturla müəyyən etdiyi ortaya qoymayıb. Məhkəmə simvolik olaraq bir rəqəm təyin etmiş amma istifadə edə biləcəyi bazar və maliyyə alətlərindən istifadə etməmişdir. Bu məsələdə məhkəmələrin istifadə edə biləcəyi 2 alət mövcuddur - birinci bank fəaliyyətində tətbiq olunan faizlər, ikincisi də kreditorun gec ödəmə səbəbilə çəkdiyi zərərlər - məhkəmələrin istifadə etdiyi alətlər arasında ola bilər. Bank faizləri baxımından ilkin qiymətləndirmə olaraq Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi faizi kimi minimal faiz həddi götürülə bilər, digər faiz dərəcəsi olaraq isə kreditor həmin pulu banka deposit olaraq yatırdığı halda əldə edəcəyi faizlər nəzərə alına bilər. Digər tərəfdən kreditor gec ödəmə səbəbilə real zərərə (ödədiyi bank faizləri kimi), habelə həmin vəsaiti ticari dövriyyədə istifadə etməklə əldə edə biləcəyi faydanı əldən buraxmağa görə zərərə məruz qala bilər. Habelə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 462.3-cü maddəsinə görə, Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Belə halda tələb olunan dəbbə pulunun 97% azaldılaraq təmin edilməsi hüquqa ziddir.Məhkəmələr Mülki Məcəllənin 467-ci maddəsinə görə mütənasib azalmaya qərar verdikləri halda yuxarıda göstərilən məqamları nəzərə almalıdırlar. Bakı Kommersiya Məhkəməsi öz qətnaməsinin 58-ci bəndində dəbbə pulunun artmasında kreditorun təqsirli davrandığını qeyd etmişdir. Məhkəmənin bu mövqeyi kifayət qədər araşdırılmamışdır və həqiqəti əks etdirmir. İşdə olan heç biri sənəd, sübut, kreditorun ödənişləri almaqda səhlənkar davrandığını göstərmir. İddiaçı (kreditor), mediasiya mərhələsi daxil olmaqla mübahisəni məhkəmədən kənar, xoşniyyət olaraq dəbbə pulunu tələb etmədən həll etməyə çalışmışdır. Buna baxmayaraq cavabdeh müqavilə üzrə ödənişlərini bilərək gecikdirmiş və dəbbə pulunu artmasında cavabdehin sırf özünün rolu və səhlənkarlığı olmuşdur.
6. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cəmiyyətin cavabdeh "Azerterminalkompleks” Birliyinə qarşı ”müqavile üzre göstərilen xidmətlərə görə yaranmış borcun ödənilməsi” baradə iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, ireli sürülən fikir ve mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar esassızdır. İddiaçı iddia tələbində qeyd etdiklərini yalnız şifahi danışıqlara əsaslanan məlumatlar təqdim edir. Eyni zamanda iddia ərizəsinde e-mail yazışması ile tələb olunan üzləşmə aktının istenildiyi təqdirdə, onun təsdiq olunmuş formasını iddia ərizəsində göstərməmişdir. İddia ərizəsində görülən işləri təsdiq eden sənədlər təqdim edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2901/2024 nömrəli qətnaməsində həmin bənd üzrə məhkəmənin mövqeyi yer almamışdır. İddia ərizəsində müvafiq qaydada təsdiq edilməmiş üzləşmə aktı əlavə edilmişdir, lakin məhkəmə qətnaməsində qeyd edilməmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərin müqabilində xidmet haqqının ödənilmesi müvafiq qaydada təsdiq edilmiş təhvil-teslim aktlarına əsasən həyata keçirilmişdir. Həmin aktlar Bakı Kommersiya Məhkəməsində aparılan icraat zamanı təqdim edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu həm qanunvericiliyə, hem də müqavilə müddəalarına ziddir. Bele ki, təhvil-təslim aktı olmadan dəbbə pulunun hansı tarixdan ve nəyə əsasən hesablandığı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2901/2024 nömrəli qətnaməsində əsaslandırılmamışdır. Bundan əlavə iddia ərizəsində qeyd edildiyi kimi, tərəfindən iddiaçı tərəfə 2022-ci ilin iyul ayından etibarən xidmətin göstərilməsinin dayandırılması barədə məlumat verilmişdir. Buna baxmayaraq 31 dekabr 2022-ci il tarixində "Azərterminalkompleks” Birliyi ve "MCS-İnformasiya, Təhlil, Analitika, Tədbir ve Araşdırma Agentliyi” Məhdud Məsuliyyetli Cəmiyyəti arasında bağlanılmış 05 yanvar 2022-ci il tarixli müqavilənin müddətinin bitməsinə baxmayaraq heç bir əsas olmadan 2023-cü ildə 7 ay üzrə xidmətin göstərilməsi qeyd olunmuşdur ve bu xidmətin qarşılığında iddiaçı tərəfindən əsassız şəkildə pul tələbi qoyulur. Hansı səbəbdən və hansı sifariş əsasında 2023-cü ilin 7 ayı ərzində xidmət göstərilmişdir, bu da öz növbəsində qeyri-müəyyən qalan məsələdir. Buna iddiaçı tərəf öz ərizəsində aydınlıq gətirməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2901/2024 nömrəli qətnaməsində qeyd edilmişdir ki, müqavilənin müddeti bitməsine baxmayaraq xidmət davam etdirilmişdir ve həmin xidmətin davam etdirilməsi şifahi razılıq əsasında həyata keçirilmişdir. Qətnamədə həmçinin qeyd edilmişdir ki, xidmətin göstərilməsinə dair məlumatlar iddiaçı tərəfindən e-mail ünvanlarına gönderilmiş yazışmalara istinad edilmişdir. Halbuki, hamin e-mail ünvanlarının cavabdeh Azerterminalkompleks” Birliyinə məxsus olub-olmaması qətnamədə müəyyən edilməmişdir. Həmin qətnamənin 32-bəndində qeyd edilən müvafiq nömrəli qaimələr sistem tərəfindən elektron qaydada avtomatik olaraq təsdiq edilmiş, tərəfindən imza və möhürlə müvafiq qaydada təsdiq edilməmişdir. Həmin qətnamənin 33-cü bəndinə əsasən həqiqətən birliyin nümayəndəsi tərəfindən üzləşmə aktı istənilsə də, iddiaçı tərəfindən üzləşmə aktı təqdim edilməmişdir. Həmin qətnamənin 34-cü bəndinə qeyd edilir ki, göstərilənlər onu əsas verir ki 2022-ci ilin iyun ayından 2023-cü ilin iyul ayınadək (sonuncu da daxil olmaqla) 13 ay üçün 05 yanvar 2022-ci il tarixli müqavilənin 1 saylı əlavə Razılaşma Protokolunda göstərilən xidmətlər iddiaçı tərəfindən icra edilmişdir. Bildirir ki, "Azerterminalkompleks” Birliyi ve "MCS-informasiya, Təhlil, Analitika, Tədbir ve Araşdırma Agentliyi” Mahdud Mesuliyyetli Cəmiyyəti arasında bağlanılmış 05 yanvar 2022-ci il tarixli müqavilənin 5.4-cü bəndinə əsasən bu müqavilə 05 yanvar 2024-cü il tarixden qüvvəyə minir ve 31 dekabr 2022-ci il tarixinə qədər qüvvədə qalır. Göründüyü kimi, müqavilənin qüvvədə olma müddətləri konkret göstərilmiş, hər hansı müddət uzatma barədə tərəflərin qarşılıqlı razılaşması qeyd edilmemişdir. Bu sebebden 2023-cü il üçün görülmüş işlər üzrə "Azerterminalkompleks” Birliyi cavabdeh ola bilməz. Çünki, 2023-cü il üçün iddiaçı ve cavabdeh arasında hansısa razılıq olmamış, müqavilə imzalanmamışdır. 2022-ci ilin iyun ayından dekabr ayınadək olan xidmətlərə görə xidmət haqqının ödənilməsi müqavilənin 1 saylı X4 2-ci bəndinə əsasən ödənişlər tərəflər arasında xidmətin göstərildiyini təsdiq edən təhvil-təslim aktı imzalanandan ve ödəniş sənədləri təqdim edildikdan sonra 15 bank günü ərzində həyata keçirilir. Təhvil-təslim aktı bundan əvvəlki aylarda olduğu kimi təqdim edilmədiyinden xidmət haqqının ödənilməsi mümkün olmamışdır. Odur ki, iddiaçının cavabdehin üzərinə qoyduğu 2022-ci ve 2023-cü iller üzre borc məbləğlərinin borc öhdəliyi kimi qebul etmir. Hesab edir ki, iddiaçının tələbi əsaslandırılmamış, heç bir sübut-dəlillər təqdim edilməmişdir. Həmin qetnamənin 35-ci bəndinə qeyd edilmişdir ki, "Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Bu bənddən bələ aydın olur ki, iddiaçı heç bir razılaşma olmadan, sifariş verilmədən, xidmətin dəyəri müəyyən edilmədən gələcək dövrlər üçün xidmət göstərə bilər və bunun müqabilində xidmət haqqı tələb edə bilər. Tərəflər arasında olan müqavilə üzrə bəlli bir xidmət göstərilən dövr mövcuddur ve xidmət haqqı müəyyən edilmişdir. Həmin müqavilə və dövr üzrə "Azerterminalkompleks” Birliyinin öhdəliyinin mövcudluğu mübahisələndirilə bilər. Bununla da Qetnamədə qeyd olunan 36-cı bəndi esaslandırılmamış hesab edirlər. Qətnamədə qeyd edilən 37-ci, 38-ci ve 39-cu bəndlər qətnamənin 35-ci ve 36-cı bəndlərini inkar edir. Qətnamənin 40-cı bəndində qeyd edilir ki, müqavilənin müddətinin uzadılması ilə bağlı şifahi razılaşma mövcuddur. Lakin şifahi razılıq vərən səlahiyyətli şəxs qeyd edilməmişdir. Həmin bənddə həmçinin qeyd edilir ki, xidmətlər Natiq Axundov adlı şəxs tərəfindən qəbul edilmişdirsə, müqavilənin uzadılması da həmin şəxs tərəfindən təsdiq edilə bilər. Qətnamənin 41-ci bəndində istinad edilən MMin 794.1-ci maddəsini əsassız hesab edir və bu müqaviləyə aidiyyət olmadığını bildirir Həmin maddədə qeyd edildiyi kimi dinməz ve ya yazılı razılıq kim tərəfindən ifadə olunması, cavabdeh "Azerterminalkompleks" Birliyi ve ya digər şəxs tərəfindən bu da öz növbəsində Bakı Kommersiya Məhkəməsinin icraatı zamanı aydınlaşdırılmamış və qətnamə qeyd edilməmişdir. Qətnamənin 43-cü bəndində qeyd olunan e-mail ünvanları barədə aydın ifadə edilmiş fikir cavabdeh tərəfindən məhkəmə prosesi zamanı səsləndirilmişdir. Qeyd edilmişdir ki, həmin e-mail ünvanları Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin xidməti electron ünvanlarıdır. Bu müqavilə üzrə xidməti təhvil alan Komitənin vəzifəli şəxsləri olsalar da, müqavilə üzrə sifarişçi "Azerterminalkompleks" Birliyi olduguna görə görülən işlər barədə birliyə təqdim edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
13. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.;
14. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
17. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
18. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” haqqında TV kanallarda, qəzetlərdə və “on-line” mediada məlumatların toplanması, emalı və nəticələrin, monitorinqin əhatəsinə düşən məlumatların aylıq təhlili və “Excel” cədvəlində cavabdehə elektron poçt vasitəsi ilə çatdırılması, cavabdeh isə tərəflər arasında xidmətin göstərildiyini təsdiq edən təhvil-təslim aktı imzalanandan və ödəniş sənədləri təqdim edildikdən sonra 15 gün ərzində xidmətlərin dəyərinin iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 05 yanvar 2022-ci il tarixdə qüvvəyə minməsi və 31 dekabr 2022-ci il tarixədək qüvvədə qalması, xidmət haqqının aylıq ƏDVsiz 1000 manat (ƏDV ilə birlikdə 1180 manat) olması razılaşdırılmışdır. Həmin müqavilə üzrə cavabdeh tərəfindən 2022-ci ilin yanvar-iyun ayları üzrə göstərilmiş xidmətlərin dəyəri ödənilmişdir.
25. İddiaçı 2022-ci ilin iyul-avqust və 2023-cü ilin yanvar-iyul ayları üzrə göstərilmiş xidmətlərin dəyərini təşkil edən 13 ay üçün ƏDV daxil olmaqla 15340 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Cavabdeh iddiaya etiraz edərək, 2022-ci ilin iyul-avqust ayları üzrə ƏDV daxil olmaqla 7080 manat ödəmək niyyətlərində olduqlarını, lakin müqavilənin qüvvəsi 2022-ci ilin dekabr ayının 31-i başa çatdığından 2023-cü ilin ilk 7 ayı ərzində göstərilmiş xidmətləri qəbul etmədiklərini bildirmişdir.
26. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 05 iyul 2024-cü il tarixli 3-33/000001K nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, birliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ vardır. Birlik məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilər.
27. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə iddiaçı və cavabdeh qismində fiziki və hüquqi şəxslərlə yanaşı dövlət orqanları və başqa orqanların da çıxış etmək imkanı nəzərdə tututulmuş, Cavabdeh əsasnaməsində də birliyin məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilməsi göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə Cavabdeh “başqa orqan” kimi cavabdeh qismində çıxış edə bilər.
28. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 05 yanvar 2022-ci il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirmişdir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
29. Məhkəmə cavabdehin etirazları ilə bağlı tərəflər arasında xidmət müqaviləsindən irəli gələn işgüzar münasibətlərə nəzər salmağı zəruri hesab etmişdir.
30. 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsi üzrə iki istiqamətdə işlərin görülməsi şərtləşdirilmişdir: 1) “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” haqqında TV kanallarda, qəzetlərdə və “on-line” mediada məlumatların toplanması, emalı və nəticələrin cavabdehə elektron poçt vasitəsi ilə çatdırılması; 2) monitorinqin əhatəsinə düşən məlumatların aylıq təhlili və “Excel” cədvəlində cavabdehə elektron poçt vasitəsi ilə çatdırılması. Birinci xidmət iddiaçı tərəfindən hər gün göstərilmiş, ikinci xidmət isə aylıq həyata keçirilmişdir. Hər iki xidmətin məzmunu müvafiq məlumatların cavabdehə elektron poçt vasitəsi ilə çatdırılmasında ifadə edilmişdir. Dəyəri ödənilmiş aylar (2022-ci ilin yanvar-iyun ayları) üzrə xidmətlərin təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları tərtib edilmiş, həmin aktlar hər iki tərəfin möhürü ilə təsdiq edilmiş, həmçinin Natiq Axundov tərəfindən imza edilmişdir. Eyni zamanda 2022-ci ilin yanvar-iyun ayları üzrə 6 elektron qaimə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdeh tərəfindən elektron qaimələrə istinad edilməklə ödənişlər həyata keçirilmişdir.
31. Məhkəməyə təqdim edilən (elektron iş materiallarının 24-31, 33, 58-59-cu sənədləri; maddi daşıyıcı - disk) və məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçıya məxsus elektron poçta daxil olaraq tədqiq olunan elektron poçt məlumatlarından görünür ki, iddiaçı tərəfindən 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək (sonuncu da daxil olmaqla) “Elektron ünvan 1” elektron poçtuna hər ay üçün “excel” cədvəlində monitorinqin əhatəsinə düşən məlumatların aylıq təhlili, mütəmadi olaraq isə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” haqqında TV kanallarda, qəzetlərdə və “on-line” mediada məlumatlar göndərilmişdir. Belə ki, monitorinqin əhatəsinə düşən məlumatların “Excel” cədvəlində aylıq təhlili 2022-ci ilin iyun ayı üçün 07 iyun 2022-ci il tarixdə, iyul ayı üçün 13 avqust 2022-ci il tarixdə, avqsut ayı üçün 14 sentyabr 2022-ci il tarixdə, sentyabr ayı üçün 19 oktyabr 2022-ci il tarixdə, oktyabr ayı üçün 14 noyabr 2022-ci il tarixdə, noyabr ayı üçün 15 dekabr 2022-ci il tarixdə, dekabr ayı üçün 07 yanvar 2023-cü il tarixdə, 2023-cü ilin yanvar ayı üçün 13 fevral 2023-cü il tarixdə, fevral ayı üçün 10 mart 2023-cü il tarixdə, mart ayı üçün 18 aprel 2023-cü il tarixdə, aprel ayı üçün 16 may 2023-cü il tarixdə, may ayı üçün 16 iyun 2023-cü il tarixdə, iyun ayı üçün 17 iyul 2023-cü il tarixdə, iyul ayı üçün 16 avqust 2023-cü il tarixdə “Elektron ünvan 1” elektron poçtuna göndərilmişdir.
32. Həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi” haqqında TV kanallarda, qəzetlərdə və “on-line” mediada məlumatların toplanması, emalı və nəticələri mütəmadi olaraq (hər gün) “Elektron ünvan 1”, “Elektron ünvan 2”, “Elektron ünvan 3”, “Elektron ünvan 4” elektron poçt ünvanlarına göndərilmişdir.
33. Həmçinin iş materiallarından görünür ki, 2022-ci il iyul ayı üçün xx.xx.2022-ci il tarixli EBCB 764892 seriya və nömrəli, 2022-ci il avqust və sentyabr ayları üçün xx.xx.2022-ci il tarixli EBCE 561513 seriya və nömrəli, 2022-ci il oktyabr ayı üçün xx.xx.2022-ci il tarixli EBCİ 158495 seriya və nömrəli, 2022-ci il noyabr ayı üçün xx.xx.2022-ci il tarixli EBCK 162841 seriya və nömrəli, 2022-ci il dekabr ayı üçün xx.xx.2022-ci il tarixli EBCL 087620 seriya və nömrəli elektron qaimələr cavabdehə göndərilmiş, həmin qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
34. Eyni zamanda cavabdehin əvvəlki işçisi kimi istinad etdiyi mühasibat və uçot şöbəsinin rəis müavini Emil Əhmədov iddiaçıya 02 avqust 2023-cü il tarixdə müraciət edərək, Birlik tərəfindən yerinə yetirilməmiş öhdəliklərin icra olunmasını təmin etmək məqsədilə üzləşmə aktını tərtib etməyi iddiaçıdan xahiş etmişdir.
35. Göstərilənlər onu deməyə əsas verir ki, 2022-ci ilin iyun ayından 2023-cü ilin iyul ayınadək (sonuncu da daxil olmaqla) 13 ay üçün 05 yanvar 2022-ci il tarixli müqavilənin 1 nömrəli razılaşma protokolunda göstərilən xidmətlər iddiaçı tərəfindən icra edilmişdir.
36. Məhkəmə müqavilənin müddətinin 31 dekabr 2022-ci il tarixdə başa çatmasına münasibətdə göstərmişdir ki, Mülki Məcəllənin müqaviləsin qüvvəsindən bəhs edən 399cu maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
37. Göründüyü kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması yalnız tərəflər bu barədə müqavilədə nəzərdə tutduqları halda ondan irəli gələn öhdəliklərin xitamına səbəb olur. 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsində isə belə bir şərt mövcud deyildir. Bu zaman isə müqavilənin qüvvəsinin ondan irəli gələn öhdəliklərin icrası anına qədər qüvvədə qalması prezumpsiyası tətbiq edilir. Digər tərəfdən, müqavilənin qüvvədə olma müddətinin uzadılması müqavilənin dəyişdirilməsi ilə həyata keçirilir.
38. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
39. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
40. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda müqavilə ilə eyni formada olmasa da, şifahi qaydada müqavilə müddətinin uzadılması barədə razılaşma mövcuddur. Belə ki, iş materialları ilə təsdiq edilir ki, iddiaçı müqavilə müddətindən sonra da müqavilə ilə razılaşdırılmış xidmətləri göstərməyə davam etmiş, bununla müqavilə müddətinin uzadılması ilə bağlı iradəsini ifadə etmiş, cavabdeh də heç bir etiraz etmədən həmin xidmətləri qəbul edərək müqavilə müddətinin uzadılmasına razılığını ifadə etmiş, başqa sözlə öz iradəsini bildirmişdir. Belə ki, tərəflər arasında bağlanmış razılaşma protokolu, xidmətlərin təhvil aktı və işgüzar münasibətlər xidmətlərin Natiq Axundov tərəfindən qəbul edilməsinə dair tərəflərin razılaşdığını təsdiq etmişdir. İddiaçının xidmətlərin dəyərinin ödənilməsini tələb etdiyi dövrdə xidmətlər mütəmadi olaraq (hər gün) həmin şəxsə təhvil verilmiş (göndərilmiş), xidmətlərin göstərilməsinə dair iddiaçıya hər hansı etiraz olunmamışdır.
41. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə iradənin ifadəsinin bir neçə üsulu nəzərdə tutulmuşdur. Belə ki, mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Kontragentin dinməz razılığının müqavilə müddətinə təsiri isə öhdəlik hüququnda xidmət müqavilələri kateqoriyasından hesab edilən ticarət agenti ilə bağlı mülki hüquqi tənzimləmədə də öz əksini tapmışdır.
42. Belə ki, Mülki Məcəllənin 794.1-ci maddəsinə əsasən, ticarət nümayəndəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə, əgər müqavilənin qüvvədə olması konkret müddətlə məhdudlaşdırılmayıbsa, müqavilədə müəyyənləşdirilmiş müddətdə xitam verilir. Lakin əgər tapşıranın dinməz və ya birbaşa razılığı ilə ticarət agenti öz fəaliyyətini davam etdirirsə və ya əgər ilkin müqavilədən sonra yeni müqavilə bağlanırsa, hesab edilir ki, müqavilə lap əvvəldən qeyri-müəyyən müddətə bağlanmışdır.
43. Göstərilənlər onu deməyə əsas verir ki, 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsinin müddəti tərəflərin razılığı ilə uzadılmışdır. Bu mənada cavabdehin 31 dekabr 2022-ci il tarixdən sonra göstərilmiş xidmətlərin dəyərinin ödənilməsindən imtina etməsi əsassızdır.
44. Cavabdehin Natiq Axundovun onun əməkdaşı olmaması, Dövlət Gömrük Komitəsinin əməkdaşı olması, bu səbəbdən də ona göstərilmiş xidmətin dəyərinin cavabdeh tərəfindən ödənilməli olmaması ilə bağlı arqumentlərinə münasibətdə isə məhkəmə göstərmişdir ki, yuxarıda da qeyd edildiyi kimi, 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə xidmətlərin məzmunu müvafiq məlumatların cavabdehə elektron poçt vasitəsi ilə çatdırılmasında ifadə edilmişdir. Cavabdeh isə 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə razılaşdırılan elektron poçt ünvanının “Elektron ünvan 1” deyil, digər elektron poçt ünvanları olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, məlumatların “Elektron ünvan 1” ünvanına çatdırılmaqla işin təqdim olunmasını mübahisələndirməmişdir. Başqa sözlə, cavabdehin bir tərəfdən “Elektron ünvan 1” elektron poçtunu xidmətlərin qəbul edildiyi elektron poçt kimi təsdiq etməsi, digər tərəfdən xidmətlərin ona göstərilməməsi ilə bağlı mövqe ifadə etməsi anlaşılan deyildir.
45. Halbuki Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).
46. Məhkəmə xüsusilə vurğulamışdır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
47. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
48. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
49. Beləliklə, məhkəmə cavabdeh xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı iddia tələbi xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, 05 yanvar 2022-ci il tarixli xidmət müqaviləsi üzrə ƏDV daxil olmaqla 15340 manat məbləğində pul Cavabdehndən tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməlidir.
50. Göründüyü məhkəmənin arqumentləri əsaslı və qanunidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər üzrə məhkəmə hüquqi dəyərləndirmə aparmışdır. Kollegiya şikayətin dəlillərini əsassız və formal mülahizələr əsasında verilməsi qənaətinə gəlir.
51. İddia ərizəsində iddiaçı həmçinin 2022-ci ildə göstərilmiş (2023-cü ilin ödənilməyən xidmət haqqına görə deyil) xidmətin haqqının ödənilməməsinə görə 19520 manat dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir. 05 yanvar 2022-ci il tarixli müqavilənin 6.2-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirmədikdə öhdəliyi yerinə yetirməli olduğu vaxtdan 10 (on) gün keçdikdən sonra, gecikdirilən hər gün üçün müvafiq nəzərdə tutulmuş xidməti dəyərinin 2% (iki) həcmində cərimə ödəyir.
52. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə almışdır ki, iddiaçı da 05 yanvar 2022-ci il tarixli müqavilə üzrə sonuncu xidmət 2023- cü ilin iyul ayında göstərilməsinə və sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
53. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
54. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, iddiaçının yalnız 7080 manat məbləğində xidmət haqının gecikdirilməsi üçün dəbbə pulu hesabladığını, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 400 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
55. Göründüyü kimi məhkəmənin müəyyən etdiyi dəbbə pulu əsas borca münasibətdə 5 faiz təşkil edir. Bu mövcud məhkəmə təcrübəsinə uyğundur. Məhkəmə həmçinin işin hallarını da nəzərə almışdır. Dəbbə pulunun artırılması və ya tələbin bu hissədə rədd edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir.
56. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
57. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2901/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.