Məhkəmə qərarları › İş №2-2(103)-1220/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1220/2024

27.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1220/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3922/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ilə Cavabdeh arasında 17 iyul 2023-cü il tarixli AG/A-002 nömrəli alqısatqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə sonuncunun verdiyi sifariş əsasında təsdiqlənmiş miqdarlar və parametrlər üzrə sifariş həcminə uyğun, miqdarı və məbləği müqaviləyə əlavələrdə qeyd olmaqla “elektrostatik boya” satmağı, cavabdeh isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli, xx.xx.2023cü il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2023-cü il tarixli 04 nömrəli və xx.xx.2023-cü il tarixli 05 nömrəli əlavələr imzalanmış, xx.xx.2023-cü il tarixli EBDK 269768 seriya və nömrəli elektron qaimə 01 nömrəli əlavəyə əsaslanmaqla ƏDV daxil olmaqla 3259,75 manat, xx.xx.2023-cü il tarixli EBDK 739303 seriya və nömrəli elektron qaimə 02 nömrəli əlavəyə əsaslanmaqla ƏDV daxil olmaqla 5192 manat, xx.xx.2023-cü il tarixli EBDK 738136 seriya və nömrəli elektron qaimə 03 və 04 nömrəli əlavələrə əsaslanmaqla ƏDV daxil olmaqla 3229,66 manat, xx.xx.2023-cü il tarixli EBDL 893440 seriya və nömrəli elektron qaimə 05 nömrəli əlavəyə əsaslanmaqla ƏDV daxil olmaqla 1504,5 manat dəyərində malın təhvil verilməsi üçün tərtib edilərək cavabdehə göndərilmiş, adıçəkilən elektron qaimələrin dəyəri ödənilmişdir.

2. xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə isə 06 nömrəli əlavəyə istinad edilməklə ƏDV daxil olmaqla 1469,34 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 4301 manat əsas borc və ödənilmiş 63,01 dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 17 iyul 2023-cü il tarixli AG/A-002 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdeh tərəfindən edilmiş sifarişlər üzrə müvafiq məhsullar iddiaçı tərəfindən cavabdehə müqavilə şərtlərinə uyğun surətdə təhvil verilmişdir. Mallar təhvil veriləndən sonra iddiaçı tərəfindən cavabdehə elektron qaimə göndərilmişdir. Alınmış mallara görə cavabdehin iddiaçıya ümumilikdə 6661,33 manat borcu formalaşmışdır. Yaranmış borcun 3 gün müddətində ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmişdir. Həmin pretenziya məktubundan sonra cavabdeh tərəfindən 2360,33 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya ƏDV ilə birlikdə 4301 manat borcu vardır. Şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, borc məbləği cavabdeh tərəfindən ödənilmir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 442-ci və s. maddələr göstərilmişdir.

3. Daha sonra iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 17 iyul 2023cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1433,79 manat əsas borc və ödənilmiş 63,01 dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə qeyd edilən mallar təqdim edilmişdir. Cavabdeh hazırlıq iclasında bildirmişdir ki xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrdə Cavabdeh MMC-nin adı qeyd edilməmişdir. İddiaçı tərəfindən boya məhsulları "xxxx" MMC tərəfindən alınaraq satılır. İki dəfə Cavabdeh MMC tərəfindən boya məhsulu alınması üçün iddiaçıya müraciət edilmişdir. İddiaçı cavabdehə boya məhsulu olmadığını bildirmişdir. Cavabdeh xahiş etmişdir ki, həmin məhsulları birbaşa gedib topdan satıcıdan, yəni "xxxx" MMC-dən alsın. Bundan sonra cavabdeh boya məhsullarını "xxxx" MMC-dən almışdır. Cavabdehlə "xxxx" MMC-nin alqı-satqı müqaviləsi olmadığı üçün "xxxx" MMC tərəfindən qaimələr iddiaçının adına yazılmışdır. İddiaçı tərəfindən cavabdehə yenidən qaimə tərtib edilməmişdir. Əlavə olaraq, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrdə göstərilən malların cavabdehə təqdim edilməsi ilə bağlı mübahisə mövcud deyil. Yəni xx.xx.2023, xx.xx.2023-cü il, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrə əsasən cavabdehə 797 kq “7039 mat” markalı boya təqdim edilmişdir. 797 kq “7039 mat” markalı boyanın cavabdehə təqdim edilməsi barədə elektron qaimələr göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Bununla da cavabdehə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrdə göstərilən malların təqdim edildiyi sübut olunur.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il 2-2(113)-3922/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 1433,79 manat məbləğində pulun tutulması hissəsində tələbinin əsasını xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə təşkil edir. Əvvəla, həmin elektron qaimə hər iki tərəfin məhkəmə iclasında mövcud olmadığını təsdiq etdiyi 06 nömrəli əlavəyə əsaslanır. Lakin tərəflər arasında yaranmış işgüzar praktika bu formada olmuşdur ki, əvvəlcə müqaviləyə əlavələr razılaşdırılmış, həmin əlavələrin 2-ci bəndi həm də malların təhvilqəbul qaydasını müəyyən edilmiş sonra həmin əlavələr üzrə mallar təhvil verilmiş və daha sonra isə malların təqdim edilməsini təsdiq etmək üçün müqaviləyə əlavəyə və ya əlavələrə istinad edilməklə elektron qaimələr tərtib edilərək göndərilmişdir. Lakin hazırkı halda 06 nömrəli əlavə bağlanmamışdır, elektron qaimədə isə həmin əlavəyə istinad edilmişdir. İkincisi, xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə cavabdeh tərəfindən yalnız məhkəmə iclasında deyil, əzəldən mübahisələndirilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, EBDM 541686 seriya və nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “??” işarəsi qoyularaq düzəliş üçün iddiaçıya qaytarılmış, xx.xx.2023-cü il tarixdə yenidən göndərilmiş, xx.xx.2024-cü il tarixdə “500 kq + 228 kq vurulub RAL 1011, mənə verilən əl qaiməsi 441,5 kq-dir” qeydi ilə düzəlişə qaytarılmış, xx.xx.2024-cü il tarixdə yenidən göndərilmiş, xx.xx.2023-cü il tarixdə düzəlişə qaytarılmış, xx.xx.2023-cü il tarixdə yenidən göndərilmiş, həmin tarixdə düzəlişə qaytarılmışdır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına edilən ödənişlər elektron qaimələrə istinad edilməklə edilmiş və həmin elektron qaimələr üzrə ƏDV məbləğləri ƏDV subhesabına köçürülmüşdür. Lakin mübahisəli elektron qaimə üzrə cavabdeh tərəfindən hər hansı vəsait ödənilməmişdir. Üçüncüsü, məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ******* və xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimə-fakturalar "xxxx" şirkəti tərəfindən müvafiq olaraq cavabdeh və iddiaçıya təqdim edilmişdir. Bu isə həmin qaimələrin cavabdeh tərəfindən 17 iyul 2023-cü il tarixli AG/A-002 nömrəli alqı-satqı müqaviləsi üzrə malların iddiaçıya təqdim edilməsinin sübutu kimi çıxış etməsini istisna edir. Beləliklə, məhkəmə qeyd etmişdir ki, müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə üzrə malların cavabdehə təqdim edildiyi öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı 1433,79 manat məbləğində pulun tutulması hissəsində öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

7. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Baki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3922/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən boya məhsulları "xxxx" MMC tərəfindən alınaraq satılır. İki dəfə Cavabdeh MMC tərəfindən boya məhsulu alınması üçün iddiaçıya müraciət edilmişdir. İddiaçı cavabdehə boya məhsulu olmadığını bildirmişdir. Cavabdeh xahiş etmişdir ki, həmin məhsulları bir başa gedib topdan satıçıdan yəni "xxxx" MMC-dən alsın. Bundan sonra cavabdeh boya məhsullarını "xxxx" MMC-dən almışdır. Cavabdehlə "xxxx" MMC-nin alqı-satqı müqaviləsi olmadığı üçün "xxxx" MMC tərəfindən qaimələr iddiaçının adına yazılmışdır. İddiaçı tərəfindən cavabdehə yenidən qaimə tərtib edilməmişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrdə göstərilən malların cavabdehə təqdim edilməsi ilə bağlı mübahisə mövcud deyil. Yəni xx.xx.2023, xx.xx.2023-cü il, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrə əsasən cavabdehə 797 kq 7039 mat markalı boya təqdim edilmişdir. 797 kq 7039 mat markalı boyanın cavabdehə təqdim edilməsi barədə eqaimələr göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Bununla da cavabdehə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrdə göstərilən malların təqdim edildiyi sübut olunur. Bundan başqa "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrdən başqa xx.xx.2024-cü il tarixli qaiməd ə təqdim edilmiş və mallar təqdim edilmişdir. Həmin qaiməni cavabdehin mübahisələndirməsi sübut edir ki, cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixli malları birbaşa "xxxx"MMC-dən almışdır. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixli qaimənin nömrələri də ardıcıldır. Ancaq məhkəmə həmin halların nəzərə almamış və iddianı rədd etmişdir. Bildirmək istəyir ki, elektron qaimələr ancaq vergi tutma və vergi nəzarəti ilə bağlı tətbiq olunur. Yəni elektron qaimənin təsdiq edilməməsi malın təhvil verilməsi demək deyildir. Malın təhvil verilməsi elektron qaiməyə əsasən müəyyən edilirsə cavabdehin bütün elektron qaimələri təhlil edilməlidir. Yəni ümumiyyətlə nə qədər mal alıb və nə qədər mal satıb. Bu zaman müəyyən olunacaq ki, qeyd edilən mallar da ona təqdim edilib. Qətnamənin nəticə hissəsində başqa iddiaçı və cavabdehin adı qeyd edilmişdir. Yəni qətnamə anlaşılan deyil. Məhkəmə xx.xx.2023-cü il tarixli EBDM 541686 nömrəli elektron qaiməni mübahisəli qaimə hesab edir. Həmin qaiməyə əsasən qiymət verirdisə o zaman cavabdeh tərəfindən alınmış malların və satılmış malların elektron qaimələrini və nəzarət kassa aparatı çeklərini almalı və məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Ondan sonra müəyyən olacaqdı ki, cavabdeh nə qədər mal alıb və mal satıb. Bununla da mübahisə edilən mallarıb cavabdehə verilib-verilməməsi müəyyən olunacaqdı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 1433,79 manat məbləğində pulun tutulması hissəsində öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı hüquqi əsaslara tam uyğun olaraq qəbul edilmişdir. Qərar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 -ci maddəsində qeyd edilən şərtlərə əsaslanır.. İddiaçının təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 385.1,2-ci maddəsinə əsasən qətnamənin ləğv edilməsinə əsas vermir, çünki sübutlar mötəbər, aidiyyətli və mübahisə predmeti ilə birbaşa əlaqəlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazına uyğun izahat verərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İddiaçı məhkəmə iclasına gəlməmiş və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəsinə məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməməsini təsdiq edən sübutları əlavə etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

12. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

13. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmədiyindən və həmin qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, İddiaçı MMC ilə cavabdeh Alufar” MMC aralarında bağlanmış 17 iyul 2023-cü il tarixli AG/A-002 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələr üzrə tərəflər arasında 5 əlavə imzalanmış, həmin əlavələr üzrə mallar təqdim edilmiş, malların təqdim edilməsinə dair elektron qaiməfakturalar göndərilmiş və malların dəyəri ödənilmişdir. Hazırda iddiaçı sözügedən müqaviləyə əsasən təqdim edilmiş mallara görə 1433,79 manat əsas borcun ödənilmədiyini iddia edir və həmin borcun tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının ödənilməsini tələb etdiyi malların ona təqdim edilməsi faktını inkar edir.

19. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.

20. İddiaçı ödənilməsini tələb etdiyi malların verilməsini təsdiq etmək üçün müqaviləyə 06 nömrəli əlavəyə istinad edilməklə ƏDV daxil olmaqla 1469,34 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilmiş xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə-fakturaya istinad etmişdir.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, sözügedən qaimədə müqaviləyə 6 saylı əlavəyə istinad edilsə də, tərəflər aralarında belə bir əlavə bağlanmamasını təsdiqləmişlər. Halbuki əvvəllər təqdim edilmiş mallarla bağlı tərəflər arasında müqaviləyə əlavələr bağlanmış, yəni bununla bağlı tərəflər arasında işgüzar adət formalaşmışdır.

22. İkincisi, xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaiməfaktura cavabdeh tərəfindən yalnız məhkəmə araşdırması gedişində deyil, əvvəldən mübahisələndirilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, EBDM 541686 seriya və nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “??” işarəsi qoyularaq düzəliş üçün iddiaçıya qaytarılmış, xx.xx.2023-cü il tarixdə yenidən göndərilmiş, xx.xx.2024-cü il tarixdə “500 kq + 228 kq vurulub RAL 1011, mənə verilən əl qaiməsi 441,5 kq-dir” qeydi ilə düzəlişə qaytarılmış, xx.xx.2024-cü il tarixdə yenidən göndərilmiş, xx.xx.2023-cü il tarixdə düzəlişə qaytarılmış, xx.xx.2023-cü il tarixdə yenidən göndərilmiş, həmin tarixdə düzəlişə qaytarılmışdır. Bundan əlavə hesabdan çıxarışdan da göründüyü kimi cavabdeh tərəfindən həmin elektron qaimə-faktura üzrə hər hansı ödəniş də edilməmişdir.

23. Bundan əlavə tərəflər əvvəlki alqı-satqı əməliyyatları üzrə malların təqdim edilməsini qaimə-fakturaların təqdim edilməsi yolu ilə rəsmiləşdirmişlər. Mübahisəli mallarla bağlı isə iddiaçı tərəfindən təqdim edilmiş qaimə-faktura məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ******* və xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimə-fakturalar isə "xxxx" şirkəti tərəfindən cavabdehə təqdim edildiyindən iddiaçı tərəfindən cavabdehə mal verilməsinin sübutu kimi qiymətləndirilə bilməz.

24. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə ödənilməsini tələb etdiyi malların təqdim edilməsini sübuta yetirə bilməmişdir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir.

25. Kollegiya apellyasiya şikayətinin məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmaması hissəsinə münasibətdə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib ekspertiza təyin etməyə bilər. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər (qaimə-fakturalar, elektron qaimə-fakturalar, ödənişlərin təsdiq edən sənədlər) əsasında cavabdehin alqı-satqı müqaviləsi üzrə borcunun olub-olmamasının müəyyən edilməsi mühasibatlıq sahəsində xüsusi bilik tələb etmədiyindən birinci instansiya məhkəməsi tərəfindən həmin halın aydınlaşdırılması məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının tətbiqinə zərurət mövcud olmamışdır.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3922/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar