Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1222/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2549/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5100 manat icarə haqqı borcunun və 1700 manat əldən çıxmış faydaya görə, cəmi 6800 manat vəsaitin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, e-2-2(113)-2549/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, icarəyə verən "xxxx" MMC (FACADE MMC) ilə icarəçi Cavabdeh arasında 03 dekabr 2012-ci il tarixli icarə müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən 201 kvadrat metr qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 1700 manat olmaqla 1 il müddətinə icarəçiyə icarəyə verir. İddiaçı bildirir ki, cavabdeh icarə müqaviləsi üzrə öhdəliyini pozaraq 2013-cü ilin avqust ayında icarə haqqı ödənişini dayandıraraq icarəyə verənə heç bir şifahi və yazılı məlumat vermədən və icarə obyektini təhvil vermədən çıxıb getmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Lakin hazırki işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyil. Belə ki, qeyd olunan maddədən də görünür ki, icarə müqaviləsi üzrə öhdəlik ilk növbədə icarəyə verənin üzərinə düşür və o, yalnız icarə obyektini icarəçiyə təhvil verdikdən sonra icarəçinin icarə haqqını ödəmək öhdəliyi yaranır. Lakin iddiaçı bununla bağlı heç bir sübutu (təhvil-təslim aktı, cavabdeh tərəfindən aylıq icarə haqqının və ya kommunal ödənişlərin həyata keçirilməsi barədə sübutlar və s.) təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə icarə obyektinin təhvil verilməsi və bununla da, icarə müqaviləsi üzrə iddiaçının öz öhdəliyini icra etməsi sübut olunmur. Belə olan halda cavabdehin icarə haqqını ödəmək öhdəliyi, iddiaçının isə Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə haqqını tələb etmək hüququ yaranmamışdır. Ona görə də, iddia rədd olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2549/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1222/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1222/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver