Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1227/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil, cavabdeh Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2021 nömrəli iş üzrə 17 avqust 2021-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış 01.10.2018-ci il tarixli ofis icarəsinə dair müqaviləyə xitam verilməsi, həmin müqaviləyə əsasən 5.664 manat (ƏDV daxil) ödənilməmiş icarə haqqı borcunun, 1.699,2 manat gecikdirilmiş günlər üçün cərimə borcunun, 72,3 manat elektrik enerjisindən istifadəyə görə yaranmış borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 01.10.2018-ci il tarixli ofis icarəsinə dair müqaviləyə xitam verilməsi, ofis sahəsində qalan mebel və əşyaların saz vəziyyətdə ona təhvil verilməsi, zədələndiyi və itirildiyi halda dəyərinin əvəzinin ödənilməsi, istifadə olunmamış aylar üçün hesablanmış kommunal xidmətlərə dair hesab-fakturaların ləğv edilməsi, 3.100 manat qeyri-rəsmi alınan məbləğ, 1.416 manat mart ayı üçün icarə haqqı, 433 manat aprel ayı üçün icarə haqqı olmaqla, ümumilikdə artıq ödənilmiş 4.749 manat məbləğdə pul vəsaitinin qaytarılması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qətnamə, həmçinin, qeyri-rəsmi icarə haqlarının yığılmasına görə cavabdehin barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, 148 manat məbləğdə əsas borc, 50 manat dəbbə pulu olmaqla ümumilikdə 198 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, 1 ədəd qeydiyyat stolunun altında süd rəngli 2 siyirtməli tumba, 3 ədəd qara rəngli qonaq stulu, 1 ədəd süd rəngli təkərli tumba, 1 ədəd təkərli, qara rəngli müəllim kreslosu, 1 ədəd ağ-yaşıl dizaynda təkərli kreslo, 1 ədəd 2x2,40 m ölçüdə böyük qara rəngdə parta stol (alt hissəsi şkaflı, siyirtməli), 1 ədəd orq şüşədən üzərində led işıqlarla yazı olan lövhə, 1 ədəd süd rəngli qeydiyyat stolu, 2 ədəd qara rəngli təkərli qeydiyyat kreslosu, 1 ədəd zibil qutusu, 1 ədəd süd rəngli asılqan, 1 ədəd krem rəngli hündürlüyü tavana qədər olan 6 siyirtməli 2 qapılı şkaf, 1 ədəd qızılı rəngli yastıqlı divan, 1 ədəd qızılı rəngli yastıqlı kreslo, 1 ədəd boz rəngli dispenser, 2 ədəd böyük dekorativ təbii ağac, 1 ədəd uzun qara rəngli güldan, 1 ədəd dairəvi divar güzgüsü, 2 ədəd qəhvəyi rəngli parta tipli stol, 1 ədəd kreslo, 2 ədəd iki qapılı hündürlüyü tavana qədər olan 2 ədəd qəhvəyi rəngli kitab rəfi, 1 ədəd qəhvəyi rəngli 3 siyirtməli tumba, 2 ədəd dekorativ təbii ağac, 1 ədəd qəhvəyi rəngdə hündürlüyü tavana qədər olan 2 qapılı kitab rəfi, 3 ədəd qara stul, 1 ədəd yeni stabilizator, sürücülük kursuna aid 75 ədəd yeni vəziyyətdə kitablar, 2 qutu A4 formatda kağız, 1.000 ədəd dispenser üçün stəkan, 10 ədəd güllər üçün boş dibçəklər, arxiv sənədləri, ayaqqabılar, otverka, çəkic, kəlbətin, 20 ədəd boş qovluqlar, 1 ədəd tikiş üçün düymə vuran aparat, 1 ədəd böyük yazı lövhəsi, 1 ədəd qara təkərli asılqan, 15 ədəd dekorativ güllər, 6 ədəd qara stul, 1 ədəd böyük dərs stolu, 5 ədəd qızılı rəngli stul, 7 ədəd svetofor rənglərində parça stul, 1 ədəd “Jack” markalı professional tikiş maşını, 1 ədəd “Jack” markalı professional overlok tikiş maşını, qapılı dolab və həmin dolabda olan şəxsi əşyalar, 1 ədəd kiçik ölçülü ağ rəngdə soyuducu, 1 ədəd kiçik lövhə, 1 ədəd uşaq paltarı üçün manikenin iddiaçıdan alınaraq cavabdehə qaytarılması, ilk və qarşılıqlı iddiaların qalan hissələrdə rədd edilməsi, ilk iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 3 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmş dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğdə pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Kommersiya Məhkəməsinin 17.08.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə qərardadında qeyd etmişdir ki, “İddiaçı qətnamədən aparılmış düzəlişlə razı olmadığı təqdirdə məhkəmənin 05 aprel 2021-ci il tarixli qərardadından şikayət vermə hüququ olduğu halda bu hüquqdan da istifadə etməmiş, hətta həmin qərardaddan 10 gün şikayət vermə müddəti nəzərdə tutulduğu halda, apellyasiya şikayətini həmin müddətdə də məhkəməyə təqdim etməmişdir.” Məhkəmə nəzərə almamışdır ki, məhkəmənin 05.04.2021-ci il tarixdə qəbul etdiyi qərardad 02.03.2021-ci il tarixli e-2-2(113)-285/2021 saylı qətnamədə göstərilən məbləğin hesablanmasında yol verilmiş yanlışlıq və açıq hesab səhvinin düzəldilməsinə yönəldilərək, yalnız riyazi hesablamaları əhatə etmişdir. Bu səbəbdən də, iddiaçının məhkəmənin 05.04.2021-ci il tarixdə qəbul etdiyi qərardaddakı hesablamaya dair hər hansı etirazı olmadığı üçün həmin qərardaddan şikayət verməmişdir. Digər tərəfdən, məhkəmə 17.08.2021-ci il tarixli qərardadında qeyd etmişdir ki, “qərardadla qətnamənin məzmunu, əsaslandığı hallar dəyişilməmiş, yalnız açıq hesab səhvləri düzəldilmişdir. Qətnamənin əsaslandığı hallarla razı olmadığı təqdirdə iddiaçının apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində vermək imkanı olmuşdur. Buna görə də qətnamədə edilmiş dəyişiklikdən sonra qeyd olunan məbləğlə iddiaçının razı olmaması səbəbiylə apellyasiya şikayəti vermə qərarına gəlməsi müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsas hesab oluna bilməz.” Belə ki, iddiaçı həm apellyasiya şikayətində, həm də buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində, qətnamədə qət edilən ilkin məbləğlə müqayisədə 515 azn, başqa sözlə 70% fərqin olmasına görə apellyasiya şikayəti verdiyini qeyd etməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almayaraq, ciddi dəyişiklik hesab etməmişdir. Halbuki, mübahisənin əsas predmetini həmin borc məbləği təşkil etdiyindən qətnamədə göstərilən ilkin məbləğlə sonrakı məbləğ arasında bu qədər fərqin olması iddiaçı tərəfindən müddətin üzürlü səbəbdən ötürülməsi üçün əsas hesab olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 15.09.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdeh və nümayəndəsi şikayətin rədd olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli qətnaməsi iddiaçının vəkili Vəkil elektron kabinetinə 10.03.2021-ci il tarixdə saat 09:05-də yerləşdirilmiş, sonuncu qətnamədən apellyasiya şikayətini elektron qaydada 16.05.2021-ci il tarixdə vermiş, bununla da qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət onun tərəfindən 1 aydan çox ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Lakin müddətin buraxılması ilə nəticələnmiş səbəbin iddiaçının iradəsindən asılı olmaması, yaxud onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması və ya ona maneə törətməsi və məhdudiyyət yaratması iş üzrə müəyyən olunmur. Bütün bunlar da o deməkdir ki, müddət iddiaçı tərəfindən təqsirli olaraq, üzrsüz səbəblərdən buraxıldığı üçün, düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən bərpa olunmamışdır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2021 nömrəli iş üzrə 17 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova