Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-123/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-349/2020 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23.09.2020-ci il tarixli qətnaməsindən cavabdeh “X9 Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankı cavabdehlər “X9 Təsərrüfatı” MMC-yə və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” Kommersiya Bankı ilə “X9 Təsərrüfatı” MMC arasında bağlanmış 30 sentyabr 2014-cü il tarixli 171/02/34/14 saylı kredit müqaviləsi üzrə cavabdeh “X9 Təsərrüfatı” MMC-dən 350000 manat məbləğində əsas borc, 10427,86 manat məbləğində faiz borcu, 2010,26 manat məbləğində cərimə borcu, ümumilikdə 362538,12 manat məbləğində pulun, 30 manat məbləğində məhkəmə üçün və 30 manat məbləğində sonrakı ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutulmasına, ipoteka predmetinin ilkin satış qiyməti ******* manat məbləğində müəyyən edilməklə cavabdeh “X9 Təsərrüfatı” MMC-dən tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Pirəkəşkül kəndində mülkiyyətində olan 120 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 kv.m olan əmlak kompleksi müəssisəsinə yönəldilməsinə və açıq hərracda satılması, əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qeyri-yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.09.2020-ci il tarixli 2-2(113)-349/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “X9 Təsərrüfatı” MMC-dən 148484,17 manat məbləğində əsas borc, 36169 manat məbləğində faiz borcu, 2010,26 manat məbləğində dəbbə pulu, cəmi 186663,43 manat, eləcə də ipotekaya tutma yönəldilməsi barədə bildirişin qeydə alınmasına və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2-yə məxsus Abşeron rayonu, Pirəkəşkül kəndində mülkiyyətində olan 1,20 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 4336 kv.m. olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin ******* manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan “QSC “Bank Standard” Kommersiya Bankının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğin tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2-yə qaytarılması, eyni zamanda keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 290 (iki yüz doxsan) manat pul məbləğinin 145 (yüz qırx beş) manat hissəsinin iddiaçıdan, qalan 145 (yüz qırx beş) manat hissəsinin isə cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh “X9 Təsərrüfatı” MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X9 Təsərrüfatı” MMC tərəfindən Ləğv prosesində olan QSC xxxx KB-yə 25.01.2018-ci il tarixdə 3000 AZN, 13.09.2019-cu il tarixdə 4000 AZN, 13.12.2019-cu il tarixdə 2000 AZN məbləğində ödəniş edilmişdir. Bundan başqa “X9 Təsərrüfatı” MMC tərəfindən Ləğv prosesində olan QSC xxxx KB-yə bir sıra digər ödənişlər də edilmişdir. Lakin həmin ödənişlər ekspertiza tədqiqatı zamanı nəzərə alınmamışdır. Bakı Kommersiya Məhkəməsi də qətnamə çıxararkən bu halı nəzərə almamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında cavabdeh “X9 Təsərrüfatı” MMC-nin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh2-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız kredit borcunun tutulması barədə iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə “X9 Təsərrüfatı” MMC arasında 30.09.2014-cü il tarixli, 171/02/34/14 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borc alana 60 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 350.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi “X8 Təsərrüfatı” MMC (ipoteka qoyan), QSC “Bank Standard” Kommersiya Bankı “Korporativ” filialı (ipoteka saxlayan) və “X9 Təsərrüfatı” MMC (borc alan) arasında 14.01.2015-ci il tarixli, 171/02/34/14 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən “X8 Təsərrüfatı” MMC-yə məxsus Abşeron rayonu, Pirəkeşkül kəndində mülkiyyətində ola 1,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4336 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə QSC “Bank Standard” Kommersiya Bankı “Korporativ” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqaviləyə əsasən ipoteka predmetinin likvid dəyəri 3.400.000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bildirir ki, cavabdeh “X9 Təsərrüfatı” MMC müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 350000 manat, faiz borcu 10427,86 manat, cərimə 2010,26 manat, cəmi borcu isə 362538,12 manat təşkil edir. Cavabdeh “X9 Təsərrüfatı” MMC-nin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit borcunun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, kredit borcunun müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10.12.2019-cu il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iş materiallarında olan hesabdan çıxarış sənədləri və ekspert qarşısında qoyulmuş sualda qeyd olunan ödənişlər (02 mart 2017-ci il tarixdə 95.000 manat, 11 aprel 2017-ci il tarixdə 5.000 manat və 01 mart 2018-ci il tarixdə 100.000 manat məbləğində pul vəsaiti) hesablama zamanı nəzərə alınmaqla cavabdeh “X9 Təsərrüfatı” MMC-nin iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına sonuncu ödəniş aparılan tarixə, yəni 01.03.2018-ci il tarixə olan cəmi borcu 171.092,35 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 171.092,35 manat, faiz borcu üzrə 0 manat. İş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh “X9 Təsərrüfatı” MMC-nin iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına 31.01.2017-ci il tarixə (sonuncu ödəniş aparılan tarixə) olan cəmi borcu 353.813,21 manat məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 348.484,17 manat və faiz borcu üzrə 5.329,04 manat. Həmçinin məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 iyun 2020-ci il tarixli, 9/1389 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən “X9 Təsərrüfatı” MMC-nin ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 30.09.2019-cu il tarixə əsas borcu 148.484,17 manat, faiz borcu 36.169,00 manat, 08.06.2020-ci il tarixə əsas borcu 148.484,17 manat, faiz borcu 42.306,35 manat təşkil edir. Lakin həmin rəylərdən müəyyən olunur ki, ekspertiza tədqiqatları zamanı “X9 Təsərrüfatı” MMC tərəfindən QSC xxxx KB-yə 25.01.2018-ci il tarixdə 3000 manat, 13.09.2019-cu il tarixdə 4000 manat və 13.12.2019-cu il tarixdə 2000 manat məbləğində edilmiş ödənişlər (cild 2, i/v 138-139) nəzərə alınmamışdır. Göstərilənlərə əsasən hazırki apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 aprel 2021-ci il tarixli 9/2294 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən «X9 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı ləğv prosesində olan “xxxx” X4 Səhmdar Cəmiyyətinə 30.09.2019-cu il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 177.339,34 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 141484,17 manat, faiz borcu üzrə 35855,17 manat. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən kredit müqaviləsinin müddətinin bitdiyi 30.09.2019-cu il tarixindən sonra da cavabdeh «X9 Təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı ləğv prosesində olan “xxxx” X4 Səhmdar Cəmiyyətinə 13.12.2019-cu il tarixdə 2000 manat məbləğində pul vəsaitinin ödənilməsi müəyyən edilir. Cavabdeh tərəfindən aparılmış həmin ödəniş də nəzərə alındıqda cavabdehin ümumilikdə 175.339,34 manat (177339,34 manat - 2.000,00 manat) borcu müəyyən edilir. Bundan başqa qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 30 sentyabr 2014-cü il tarixli, 171/02/34/14 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə bank çıxarışı) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmadı. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı və ekspert rəylərini araşdıraraq və Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, əsas borc məbləği iddiaçının tələb etdiyi kimi 350000 manat, o cümlədən birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 148484,17 manat məbləğində deyil, 29 aprel 2021-ci il tarixli ekspert rəyində göstərildiyi kimi 141484,17 manat məbləğində müəyyən edilməlidir. Həmçinin həmin ekspert rəyi ilə faiz borcu 35855,17 manat məbləğində müəyyən edilmiş, lakin iddiaçı cəmi 10427,86 manat məbləğində faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almamış və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda iş materiallarına əsasən müəyyən edilir ki, kredit müqaviləsinin müddətinin bitdiyi 30.09.2019-cu il tarixindən sonra da cavabdeh «X9 Təsərrüfatı» MMC tərəfindən iddiaçıya 13.12.2019-cu il tarixdə 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mülki Məcəllənin 741-ci maddəsinin tələblərini və yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, cavabdeh tərəfindən sonradan ödənilmiş 2000 manat məbləği də iddiaçının tələb etdiyi faiz borcundan çıxılmalı və faiz borcu 8427,86 manat məbləğində müəyyən edilməlidir (10427,86 - 2000 = 8427,86). Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz və cəmi borc hissəsində dəyişdirilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 2010,26 manat dəbbə pulunun tam tutulması nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, yuxarıda göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz və cəmi borc hissəsində dəyişdirilməli, digər mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “X9 Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2-2(113)-349/2020 nömrəli qətnaməsi əsas, faiz və cəmi borc hissəsində dəyişdirilsin. Əsas borcun məbləği 141484,17 manat, faiz borcunun məbləği 8427,86 manat və cəmi borcun məbləği 151922,29 manat məbləğində müəyyən edilsin. Qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Xəyalə Cəmilova Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2-2(103)-123/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-123/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver