Məhkəmə qərarları › İş №2-2(103)-1230/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1230/2021

27.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1230/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, kreditor ləğv prosesində olan Qapalı səhmdar cəmiyyəti “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X1 iştirakı ilə ərizəçi İddiaçı firmasının iflas prosesinə başlanması və müflis elan edilərək, ləğv olunması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3476/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsindən ərizəçinin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək (kreditor LPO QSC “Bank Standard” KB), iflas prosesinə başlanması və müflis elan edilərək, ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.08.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qətnamə ilə razılaşmayan ərizəçi ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, ərizəçi hüquqi və fiziki şəxslərə mebel və məişət avadanlıqlarının satışının təşkili məqsədilə müvafiq ikitərəfli müqavilələrlə yüksək məbləğdə istehlak kreditləri götürmüş və həmin pul məbləğlərinin hesabına Çindən, Dubaydan, MDB dövlətlərindən və sair ölkələrdən əhalinin tələbatını ödəyən istehlak malları alıb gətirmiş və həmin malların kreditorun vasitəsilə üçtərəfli kredit müqavilələri əsasında satışını həyata keçirmişdir. 2008-2009-cu illərdə bütün dünyada başlayan ağır iqtisadi böhran nəticəsində həm ölkə xaricindən alınan malların qiymətlərindəki yüksək artımla əlaqədar firmanın kommersiya fəaliyəti kəskin zəifləmişdir. Nəticədə götürülən kreditlərin verilməsində problemlər yaranmış və vəziyyətdən çıxmaq üçün müştərilərə istehlak kreditlərinin verilməsinin bərpa edilməsi təkidlə xahiş olunmuşdur. Lakin kreditor istehlak kreditlərinin verilməsini bərpa etməmiş və götürülmüş yüksək məbləğdə ikitərəfli kredit müqavilələri ilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 11.03.2020-ci il tarixli 2-2(103)-171/2020 nömrəli qətnaməsi ilə iddiaçı LPO QSC “Bank Standard” KB-nin xeyrinə iki kredit müqaviləsi üzrə cəmi 144.768,98 manat pul tutulmuş, Azərbaycan Respublikası Ali Məhkəməsi KK-nın 24.06.2020-ci il tarixli 2-2(102)-185/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi KK-nın 11.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, kreditor 11.03.2009-cu il tarixdən müştərilərə istehlak kreditlərinin verilməsini qeyri-müəyyən müddətə dayandırmış və bununla da firma özünün müqavilə və digər öhdəlikləri üzrə ödəmə qabiliyyətini itirərək, həmin vaxtdan iflas vəziyyətinə düşmüşdür. Eyni zamanda, İddiaçı firmasının təsisçisi və direktoru Qanuni nümayəndə1xan oğlu özünün və ailə üzvlərinin yeganə yaşayış yeri olan çoxmərtəbəli yaşayış binasındakı 3 otaqlı mənzilini də 85.000-90.000 manat borc əvəzində kreditorun işçisinin adına rəsmiləşdirmişdir. Beləliklə, İddiaçı firması 2009-cu ilin axırlarından iflas vəziyyətinə düşərək, kommersiya fəaliyyətini tam dayandırmış, həmin vaxtdan işçilərlə bağlanmış əmək müqavilələrinə xitam verilərək, onlara son haqq-hesablar ödənilmiş, vergilər və digər icbari ödəmələr üzrə öhdəliklər tam yerinə yetirilmiş, hazırda aktivlər üzrə hər hansı bir əmlak və ya pul vəsaitləri mövcud deyildir, dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına borcu yoxdur, yuxarıda qeyd edilən məhkəmə qətnaməsinə əsasən cavabdehə olan 144.768,98 manat kreditor borcundan başqa heç bir debitor və kreditor borcları yoxdur və digər hüquqi və fiziki şəxslər qarşısında hər hansı bir öhdəliyi möcud deyil. Məhkəmənin əsaslandığı AR Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə görə, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsi icra icraatı qaydasında həyata keçiridiyindən, həmin münasibətlər “İcra haqqında” AR Qanunu ilə tənzimlənir ki, həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Göründüyü kimi, icra məmuru tərəfindən bütün zəruri icra hərəkətləri həyata keçirildikdən sonra borclunun hər hansı əmlakı və ya pul vəsaitləri müəyyən edilmədikdə borclu ödəmə qabiliyyəti olmayan hesab edilir və o, mülki qanunvericiliyin və “Müflisləşmə və iflas haqqında” AR Qanununun müvafiq normalarına əsasən müflis olma nəticəsində ləğv edilə bilər. İşə apellyasiya qaydasında baxılarkən kreditorun nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. “Müflisləşmə və iflas haqqında” AR Qanununun: Maddə 1. Müflisləşmə - borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; Ərizəçi - məhkəməyə iflas haqqında ərizə (iddia ərizəsi) vermiş şəxs; Maddə 3. Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir; Maddə 11. 1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə;

3. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə kollegiyasının tədqiqatı ilə müəyyən olunmuşdur ki, ərizəçinin LPO QSC “Bank Standard” KB-yə kreditor borcu 144.768,98 manat təşkil edir, hazırkı mübahisə borclu ərizəçinin kreditor Bankın tələblərini ödəməyə qadir olmadığı üçün müflis elan edilməsi tələbini ehtiva edir. Qanunvericiliklə borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq tənzimlənmiş, borclunun kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılmasına əsas təşkil edən hallardan biri kimi nəzərdə tutulmuşdur. İş üzrə müəyyən edilən hallardan da məlum olur ki, kreditor Bank ilə ərizəçi arasında bağlanmış 04.08.2007-ci il tarixli və 09.06.2008-ci il tarixli kredit müqavilələri üzrə sonuncu üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyinə görə tərəflər arasında məhkəmə mübahisələri mövcud olmuş, Bakı Apellyasiya Məhkəməsi KK-nın qanuni qüvvəyə minmiş 11.03.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış həmin kredit müqavilələri üzrə cavabdehdən iddiaçının xeyrinə cəmi 144.768,98 manat pul tutulmuşdur. Ərizəçi həmin qətnamə üzrə əmələ gələn tələbin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığını və onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək, müflis elan olunmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, ərizəçinin borcunun olması barədə məhkəmə qətnaməsi icraya yönəldilmiş, lakin qətnamə ilə tutulan borclar üzrə kreditora ödəniş edilməmişdir. İş materiallarında həmin qətnamə üzrə icra hərəkətlərinin yekunlaşması və icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılması barədə sübutlar mövcud deyil. Eyni zamanda, işdəki Qaradağ rayon İcra şəbəsinin 10.08.2021-ci il tarixli məktubundan görünür ki, həmin qətnamənin icra olunması ilə bağlı müvafiq icra tədbirlərinin həyata keçirilməsi davam edir. Odur ki, iddiaçının müflis elan edilmə barədə ərizəsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi daşıdığına dair əsaslı qənaət formalaşdırmaqla, ədalətli məhkəmə araşdırması prinsipinin tərkib hissəsi olan yekun məhkəmə aktının icrasının təmini prinsipi ilə ziddiyyət təşkil edir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnamənin icrası müddətinin bitməməsi ilə əsaslandırması da qətnamənin ləğv, iddianın isə təmin edilməsinə əsas təşkil etmir, işin müzakirə olunan halları isə iddia ərizəsinin əsassızlığına dəlalət edir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsini rədd etməsi qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3476/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ərizəçi İddiaçı firmasının apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar