Məhkəmə qərarları › İş №2-2(103)-1231/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1231/2022

16.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1231/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı X1 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4417/2022 nömrəli iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.993,41 manat məbləğdə zərərə görə və 100 manat dövlət rüsumu pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Qətnamə ilə razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir; 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

5. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

6. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

7. Göründüyü kimi, apellyasiya şikayəti verən şəxs şikayətini ilk öncə “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formaya uyğunlaşdırmalı, daha sonra həmin forma daxilində məzmun şərtlərinə əməl etməlidir.

8. Bu baxımdan, MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.

9. Eyni Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə də tələb edilmişdir ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

10. Lakin apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamış, şikayətdə “qətnamənin ləğv edilməsi” məzmunda xahiş əks olunmuş, mübahisənin həlli (iddianın tam yaxud hansı hissədə təmin edilməsi) ilə bağlı nə barədə qərarın qəbul olunmasına dair tələb dəqiq ifadə edilməmişdir.

11. Bundan əlavə, şikayətdə Əlavə ilə tələb olunan forma daxilində məzmun şərtlərinə də əməl olunmamışdır. Belə ki, Əlavənin 6-cı və 7-ci hissələrinə əsasən, həmin hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq normaları sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

12. İşdən məlum olur ki, apellyasiya şikayətinin 6-cı və 7-ci hissələrində qanunvericiliyin düzgün tətbiq edilmədiyi iddia edilən bir sıra normaları (Azərbaycan Respublikası Konstitusiyasının 12, 60.1-ci, MPM-in 384, 385, 387-ci maddələri) göstərilsə də, hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqe aydın şəkildə ifadə edilməmiş, normaların mətnləri formal sadalanmaqla kifayətlənilmişdir. Halbuki, şikayət verən şəxs qeyd etdiyi hər bir normanın məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin nədən ibarət olduğunu, əslində necə tətbiq edilməsi olduğunu göstərməli idi.

13. Birinci instansiya məhkəməsi də qanunun müzakirə edilən məcburi tələblərinə zidd olaraq, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

14. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4417/2022 nömrəli iş üzrə 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X1 apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar