Məhkəmə qərarları › İş №2-2(103)-1232/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1232/2021

27.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1232/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1212/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdehlərin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, onun "xxxx" filialı ilə cavabdeh MMC arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə cavabdeh MMC-dən 199.449,03 manat, 43.476,27 manat faiz, 49.920,77 manat cərimə olmaqla, ümumilikdə 292.846,07 manat pulun, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 62 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, onun “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 nömrəli kredit müqaviləsi üzrə tutulan borcun ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 6 mənzil 5 (Yeni qaydalarla: AZ1149 Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 24 M2 m2) və Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi Sabir küçəsi ev 93A 0,1 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilərək, həmin əmiak hesabına ona ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin əmlaklarda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının "xxxx" filialı ilə cavabdeh MMC arasında bağlanmış 06.05.2019cu il tarixli BK seriyalı 670/F-19 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 06.05.2019-cu il tarixli BK seriyalı 670/F-19 nömrəli kredit müqaviləsi üzrə cavabdeh MMC-dən 199.449,03 manatın, 41.682,09 manat faizin, 10.000 manat cərimənin, ipotekaya tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş 62 manat rüsumun tutulması, tutmanın Cavabdeh1 məxsus olan, likvid dəyəri 65.000 manat müəyyən edilməklə Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 6 mənzil 5-ə (Yeni qaydalarla: AZ1149 Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 24 M2 m2) və likvid dəyəri 600.000 manat müəyyən edilməklə Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi Sabir küçəsi ev 93A 0,1 ha torpaq sahəsi ilə birlikdə evinə yönəldilərək, həmin əmlaklar hesabına iddiaçıya ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi və əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 25,72 manat məbləğinin cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, qalan 4,28 manat məbləğinin iddiaçıya aid edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin 171,5 manat məbləğinin cavabdeh MMC-dən, qalan 28,5 manat məbləğinin isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdehlər ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, tərəflər arasında bağlanmış 06.05.2019-cu il tarixli kredit müqaviləsinin bitmə tarixi 06.05.2022-ci il tarixə təsadüf etdiyindən, onun indi ləğv edilməsi əsassızdır. Cavabdeh2 MMC-nin adından görsənir ki, o, otel xidməti ilə məşğuldur və onun işi birbaşa respublikaya gələn turistlərlə bağlıdır. Hamıya məlumdur ki, son iki ildə nəinki Azərbaycanda, bütün dünyada hər sahədə böhran yaşanır. Həmin məlum səbəblərdən də Respublikaya turistlərin gəlişi məhdudlaşmış və nəticədə hər sahədə olduğu kimi otel xidmətləri sahəsində də böhran yaşanmaqdadır. Bu səbəblərdən də cavabdeh iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında 06.05.2019-cu il tarixli BK 670/F-19 nömrəli Krеdit Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdeh MMC-yə illik 18% olmaqla 36 ay müddətinə 250.000 manat məbləğdə kredit verməyi, cavabdeh krediti və kredit üzrə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh1 məxsus olan Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 6 mənzil 5 (yeni qaydalarla: AZ1149 ünvan 1 və Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi Sabir küçəsi ev 93A, 0,1 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmiş və bu barədə 06.05.2019-cu il tarixli 670/F19 nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.06.2021-ci il tarixli 9/2367 nömrəli rəyinə əsasən, hesabdan çıxarış məlumatları, 06.05.2019-cu il tarixli 670/F-19 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 MMC-nin bank tərəfindən iddia ərizəsində borcun hesablandığı 21.12.2020-ci il tarixə İddiaçı ASC-yə olan borcu 218.869,67 manat məbləğdə, o cümlədən əsas borcu 199.449,03 manat, faiz borcu 19.420,64 manat müəyyən edilir. Maliyyə arayışında borcun hesablandığı 26.02.2021-ci il tarixə Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə olan borcu 223.048,54 manat məbləğdə, o cümlədən əsas borcu 199.449,03 manat, faiz borcu 23.599,51 manat müəyyən edilir. Ekspert rəyinin tərtib edildiyi 17.06.2021-ci il tarixə İddiaçı ASC-yə olan borc 233.053,64 manat məbləğdə, o cümlədən əsas borcu 199.449,03 manat, faiz borcu 33.604,61 manat müəyyən edilir. “B+Ş Audit” Konsaltinq MMC-nin 27.05.2021-ci il tarixli M29/21 və M28/21 nömrəli qiymətləndirmə hesabatlarından görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri Xətai rayonu Neapol küçəsi ev 6 mənzil 5 (yeni qaydalarla: AZ1149 ünvan 1 ünvanda yerləşən mənzilin likvid dəyəri 65.000 manat və ünvan 2 ünvanda yerləşən 0,1 ha torpaq sahəsi ilə birlikdə evin likvid dəyəri 600.000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” AR Qanununun: 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20.07.2020-ci il tarixli qərardadına görə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinə əsasən alınan pulların qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh MMC müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən faiz və dəbbə pulu borclarını ödəməli, onun bu borcunun tutulması öhdəliyin icrasının təmininatı olan Cavabdeh1 məxsus ipoteka predmetlərinə yönəldilməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamənin iddia təmin olunan hissəsi yalnız apellyasiya şikayətinin dəlilləri çərçivəsində yoxlanılmalıdır. Apellyasiya şikayətinin tərəflər arasında bağlanmış 06.05.2019-cu il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinin qanunsuzluğu barədə yeganə dəlili isə əsassızdır. Belə ki, cavabdeh MMC kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi əhəmiyyətli dərəcədə pozaraq, 199.449,03 manat məbləğdə əsas borcu və müqavilə üzrə hesablanmış faiz borcunu ödəməməklə, iddiaçıya vurduğu zərər nəticəsində sonuncu, həmin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsasllıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1212/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 oğlunun apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar