Məhkəmə qərarları › İş №2-2(103)-1237/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1237/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1237/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: pul tələbi, aidiyyət, ərazi aidiyyəti) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionunun Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiaya dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2- 2(113)-8533/2024 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50314,85 manat məbləğində icarə haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2-2(113)- 8533/2024 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər mülki işin ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarılmışdır.

3. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir.

4. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi verilərkən ərazi aidiyyəti qaydalarına iddiaçı tərəfindən riayət edilmişdir, buna görə də məhkəmənin barəsində şikayət verilən qərardadı ləğv edilməli və iddiaya Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Arqumentlər aşağıdakılardan ibarədir: Cavabdeh icarə müqaviləsini bağlayarkən həmin müqavilədə özünün ünvanını ünvan 1məli, bu ünvan onun müqavilədən irəli gələn münasibətlərdə olduğu və cavab verməli olduğu ünvan sayılır. Cavabdeh öz sahibkarlıq və kommersiya fəaliyyətini Bakı şəhərində həyata keçirir. Həmçinin, icarə müqaviləsinə əsasən cavabdehin icarəyə götürdüyü icarə obyekti Bakı şəhərində yerləşir. AR MPM-in 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Mübahisənin aid olduğu icarə müqaviləsi üzrə icarə obyektinin yerləşdiyi yer Bakı şəhəridir, müqavilənin icra yeri, yəni icarəyə verilən yer və icarə haqqının ödənildiyi yer Bakı şəhəridir. Buna görə iddia ərizəsinin iddiaçının seçiminə görə Bakı Kommersiya Məhkəməsinə verilməsi ərazi aidiyyəti qaydalarını pozmur. Bu iddia həmçinin müstəsna aidiyyət qaydalarına da uyğun olaraq Bakı şəhərinə aiddir. AR MPM-in 39.1-ci maddəsinə əsasən ...mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İcarə verilmiş daşınmaz əmlak Bakı şəhərində yerləşdiyindən iddia ərazi üzrə buraya aiddir. Cavabdehlə icarə müqaviləsini icarəyə verən tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bağlayıb. İcarə haqqının bir hissəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, digər hissəsi əmlakın balans saxlayıcısı kimi Respublika Stadionuna ödənilməli idi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özünə aid hissədə icarə haqqının tutulması barədə məhkəməyə iddia vermiş və həmin işə Bakı Kommersiya Məhkəməsində baxılıb bitmişdir. Bu mənada, əgər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin eyni iddiasına Bakı şəhərində baxılmışdırsa, iddiaçının hazırkı iddiaya eyni məhkəmədə baxılmaması üçün heç bir əsas yoxdur. Əks yanaşma isə prosessual preyudisiallığı poza bilər.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 8533/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Apellyasiya baxışının həddi

7. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, iddia ərizəsində iddiaçı xx.xx.2024-cü il tarixli, 2153 saylı müqaviləyə istinad etsə də, müəyyən olunur ki, icarə müqaviləsi icarəçi olan cavabdehlə icarəyə verən tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmışdır və Dövlət Xidməti müqavilədə göstərilən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan əmlakı xidmət məqsədilə hazırkı cavabdehin müddətli istifadəsinə vermişdir.

10. Müqavilədə müqavilə tərəflərinin bir-birlərinə münasibətdə hüquq və vəzifələri müəyyən edilmiş, yalnız icarə haqqının Stadionun balansına ödəlilməsi göstərilmişdir, yəni icarə münasibətləri cavabdehlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında yaranmışdır.

11. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11 və 39.1-ci maddələrinə istinad edərək, bildirir ki, mübahisəyə hazırkı məhkəmədə baxılmalıdır. Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

12. İddiaçı hazırkı tərəflər arasında müqavilə münasibətlərinin olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçı həmin maddəyə istinad etməkdə haqlı deyil.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iddia daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulması ilə bağlı deyil.

14. İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

15. İş materiallarından müəyyən olunur ki, Cavabdeh qeydiyyat ünvanı “Goranboy rayonu, Goranboy şəhəri, İ.İsmayilov küçəsi, ev 20”-dir.

16. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-2- ci maddəsinə və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına əsasən Goranboy rayonu Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

17. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2- 2(113)-8533/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar