Məhkəmə qərarları › İş №2-2(103)-1237/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1237/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1237/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İlkin İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) əmlakın qaytarılması və pul tələbinə dair, qarşılıqlı iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iş üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2724/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh SOCAR Geofizika və Geologiya İdarəsindən SOCAR**********20370861X00092 nömrəli, 28 oktyabr 2022-ci il tarixli və SOCAR**********20370861X00100 nömrəli, 13 dekabr 2022-ci il tarixli müqavilələr üzrə 4.894.498 manat məbləğində əsas borc, 881.009,64 manat məbləğində ƏDV, cəmi 5.775.507,64 manat məbləğində borc məbləğinin, müqavilələr üzrə yaranmış borc gecikdirildiyi üçün MM-nin 445.7-ci maddəsinin tələbinə əsasən 434.367,04 manat məbləğində faizin, o cümlədən 3.678 manat məbləğində dövlət rüsumunun, cəmi 6.213.552,68 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi və tələbin həcminin artırılması barədə ərizələr təqdim etmiş, sonuncu təqdim edilmiş ərizəyə əsasən, cavabdeh SOCAR Geofizika və Geologiya İdarəsindən SOCAR**********20370861X00092 nömrəli, 28 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən 310.510 ABŞ dolları məbləğində əsas borcun, 55.891,80 ABŞ dolları məbləğində ƏDV-nin, cəmi 366.401,80 ABŞ dolları məbləğində borcun; SOCAR**********20370861X00100 nömrəli, 13 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən 2.568.606,47 ABŞ dolları məbləğində əsas borcun, 462.349,16 ABŞ dolları məbləğində ƏDV-nin, cəmi 3.030.955,63 ABŞ dolları məbləğində borcun; müqavilələr üzrə yaranmış borcun gecikdirildiyi üçün MM-nin 445.7-ci maddəsinin tələbinə əsasən 330.597,02 ABŞ dolları məbləğində faizin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq Azərbaycan manatında və 3.678 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi və cavabdehdə olan və iddiaçıya məxsus NMDC - Diamaqnit boru 8" (203mm) - 2 ədəd, 6" (172 mm) - 2 ədəd, 4" (121 mm) - 1 ədəd, cəmi 5 ədəd NMDC-nin cavabdeh SOCAR Geofizika və Geologiya İdarəsi tərəfindən İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Həmçinin cavabdeh SOCAR Geofizika və Geologiya İdarəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən 200.010,01 manat məbləğində artıq ödənilmiş vəsait, 490,01 manat məbləğində dövlət rüsumu, cəmi 200.500,02 manat məbləğində pulun tutularaq onun hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2724/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı pul tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən SOCAR**********20370861X00092 nömrəli, 28 oktyabr 2022-ci il tarixli müqaviləyə əsasən ƏDV daxil 344908 (üç yüz qırx dörd min doqquz yüz səkkiz) ABŞ dolları 10 (on) sent məbləğində borc, illik 5 faiz məbləğində hesablanmaqla 28964 (iyirmi səkkiz min doqquz yüz altmış dörd) ABŞ dolları 25 (iyirmi beş) sent pul vəsaiti, SOCAR**********20370861X00100 nömrəli, 13 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən ƏDV daxil ******* (bir milyon səkkiz yüz əlli min yeddi yüz iyirmi səkkiz ) ABŞ dolları 66 (altmış alt) sent məbləğində borc; illik 5 faiz məbləğində hesablanmaqla 88735,5 ABŞ dolları pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 2756 (iki min yeddi yüz əlli altı) manat 34 (otuz dörd) qəpiyinin əvəzinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı MMC-dən 200010 (iki yüz min on) manat, 1(bir) qəpik artıq ödənilmiş pul vəsaiti və ödənilmiş 490 (dörd yüz doxsan) manat 1 (bir) qəpik dövlət rüsumunun əvəzinin tutularaq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin xeyrinə ödənilməsi qət edilmişdir.

5. Həmin qətnamədən idddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdirlər.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 361.3-cü maddəsinə görə apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda: 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi. 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda: 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.

Məhkəmənin mövqeyi

8. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.

9. Belə ki, iş üzrə ilkin iddianın qiyməti 3.727.954 ( üç milyon yeddi yüz iyirmi yeddi min doqquz yüz əlli dörd) ABŞ dolları 45 (qırx beş) sent, yəni 6.337.522 (altı milyon üç yüz otuz yeddi min beş yüz iyirmi iki) manat 57 (əlli yeddi) qəpik, qarşılıqlı iddianın qiyməti isə 200.010 (iki yüz min on) manat 01 (bir) qəpik təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2724/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən, qarşılıqlı iddia tam təmin edilmişdir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4, 8.1.5 və 8.6-cı maddələrinin tələblərinə əsasən, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği ilk və qarşılıqlı iddiaya münasibətdə 2224,38 manat (1979,38+245), cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği isə yalnız ilk iddiaya münasibətdə 1979,38 manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən, iddiaçı və cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir.

10. Belə ki, iddiaçı tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: ********** və №:********** nömrəli mədaxil qəbzləri ilə müəyyən edilir ki, ümumilikdə 1949 manat, cavabdeh tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: ********** nömrəli mədaxil qəbzi ilə müəyyən edilir ki, 1379 manat dövlət rüsumu ödənilmişdir.

11. Göründüyü kimi, iddiaçı və cavabdeh tərəfindən dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.

12. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

13. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

14. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARAALDİ:

Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2724/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar