Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1244/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması, zərərin ödənilməsi” tələbi üzrə QƏTNAMƏSİ iş № 2-2(103)-1244/2025 (Açar sözlər: torpaq sahəsindən icarə müqaviləsi bağlamadan istifadə olunması, əsassız varlanma, iddia müddəti) Bakı şəhəri, 11 dekabr 2025-ci il hakimlər Şirinov Ziya Allahverdi oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İsmayılova Elnarə Məyiş qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və sahədən icarə müqaviləsi bağlamadan istifadəyə görə zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 8554,40 kv.m təşkil edən qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş Registrdən çıxarışda göstərilmişdir ki, ünvan 1 ünvanındakı Cavabdeh2 məxsus qeyri-yaşayış binasının yerləşdiyi 1484,5 kv.m torpaq sahəsi dövlətin mülkiyyətindədir.
3. "xxxx" MMC-nin 24 oktyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 1484,5 kv.m torpaq sahəsinin 24 oktyabr 2023-cü il tarixinə orta bazar dəyəri 1 781 400,0 manat təşkil edir.
4. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (iddiaçı) Cavabdeh2 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 1484,5 kv.m torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət mülkiyyətində olan həmin torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2008-ci ilin mart ayından xx.xx.2016-cı il tarixinə qədər 19 367,77 (on doqquz min üç yüz altmış yeddi manat yetmiş yeddi qəpik) manat, xx.xx.2016-cı il tarixdən 2025-ci ilin aprel ayına kimi 454 257 (dörd yüz əlli dörd min iki yüz əlli yeddi) manat olmaqla, ümumilikdə 473 624,77 (dörd yüz yetmiş üç min altı yüz iyirmi dörd manat yetmiş yeddi qəpik) manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanındakı ümumi sahəsi 8554,40 kv.m təşkil edən qeyri-yaşayış binası Cavabdeh2 xüsusi mülkiyyətində, həmin binanın yerləşdiyi 1484,5 kv.m torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla cavabdehin istifadəsindədir. Çıxarışda torpaq sahəsinin Cavabdeh2 istifadəsində olmasının qeyd edilməsi torpağın onun hüquqi əsasla deyil, faktiki istifadəsində olmasını nəzərdə tutur. Çünki aşağıda qeyd edilən hallar torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmadığını təsdiq edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. Qeyd edilən Əsasnamənin 2-ci bəndinə əsasən, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin maddənin 2-ci hissəsi ilə dövlət torpaqlarının daimi istifadəyə verildiyi subyektlərin dairəsi müəyyən edilmişdir. Cavabdeh həmin subyektlərin sırasına daxil deyildir. Həmçinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 29.6-cı maddəsinə əsasən özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. Bildiririk ki, qeyd edilən torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olmasına dair qərar və müqavilə mövcud deyildir. Cavabdeh dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan sui-istifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüququna malikdir, lakin o, bu hüququnu qanunvericiliyə əsasən həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla icarə müqaviləsi əsasında həyata keçirə bilər. Bu hal Torpaq Məcəlləsinin 51-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən dövlət torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Lakin cavabdeh torpaq sahəsindən istifadə hüququnu qeyri-qanuni şəkildə həyata keçirir. Dövlət əmlakından səmərəli istifadə edilməsi vəziyyətinin yoxlanılması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı fiziki və hüquqi şəxslər tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrindən icarə müqaviləsi bağlanılmadan mənfəət əldə etmək məqsədilə istifadə edilməsi hallarının kütləvi xarakter daşıdığı müəyyən edilmişdir. Sahibkarlıq məqsədilə istifadə edilən qeyri-yaşayış tikililərin mülkiyyətçiləri tərəfindən öz hüquqlarından sui-istifadə edilərək, dövlət mülkiyyətində olan torpaq sahələrindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi hər il dövlət büdcəsinə külli miqdarda ziyan vurulması ilə nəticələnir. Tikilinin mülkiyyətçisinin (cavabdehin) dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi olmadan istifadə etməsi hüquqdan suiistifadədir və bu əsassız varlanmaya səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən mülki hüquq normalarından göründüyü kimi varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdehin uzun müddət ərzində dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə etməsi dövlət büdcəsini icarə haqqı üzrə daxilolmalardan məhrum etmişdir ki, bununla dövlətin iqtisadi maraqqlarına xeyli ziyan vurulmuşdur. Belə ki, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin, habelə fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə haqqı məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” ilə müəyyən edilir. Qeyd edilən Əsasnamənin xx.xx.2016-cı il tarxinədək qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin icarə haqqı məbləği torpaq sahəsinin normativ qiymətinə əsasən hesablanırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən torpağın icarə haqqı məbləği bazar dəyərinə uyğun hesablanır. Belə ki, qeyd edilən Əsasnaməyə hazırda qüvvədə olan 8-ci bəndə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. “Google Earth” proqramından çıxarışa əsasən iddia predmeti olan torpaq sahəsinin üzərində tikilinin xx.xx.2008-ci ildə inşa edildiyi müəyyən olunmuşdur (ortofoto əlavə olunur). İddianın predmeti olan torpaq sahəsinin xx.xx.2016-cı il tarixinə qədər torpağın normativ qiyməti və həmin tarixdən sonra torpağın bazar qiyməti əsasında müəyyən edilmiş aylıq icarə haqları aşağıdakı kimidir: ünvan 2 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin: xx.xx.2016-cı il tarixinə qədər aylıq icarə haqqı - 188.03 manat; xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqı – 4453,5 manat. Beləliklə, qeyd olunan torpaq sahəsindən 2008-ci ilin mart ayından 2025-ci ilin aprel ayınadək hüquqi əsas (icarə müqaviləsi) olmadan qanunsuz istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində cavabdeh tərəfindən ümumilikdə dövlət büdcəsinə 473 624,77 (dörd yüz yetmiş üç min altı yüz iyirmi dörd manat yetmiş yeddi qəpik) manat məbləğində zərər vurulmuşdur. Eyni zamanda, cavabdeh qeyd edilən dövlət mülkiyyətində olan torpaq sahəsindən hüquqi əsas (icarə müqaviləsi) olmadan istifadə etdiyindən, həmin torpaq sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməlidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq Məcəlləsinin 103-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi cavabdeh ünvan 2 ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1484.5 kv.m torpaq sahəsindən qanunvericiliyin tələb etməsinə baxmayaraq icarə müqaviləsi bağlamadan istifadə edərək əsassız varlanmaqla dövlətə ziyan vurur və həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edilməsini davam etdirir. Buna görə də, məhkəmə tərəfindən cavabdehin üzərinə əsassız varlanma nəticəsində torpaq sahəsinin mülkiyyətçisi olan dövlətə vurulmuş zərərin əvəzinin ödənilməsi və torpaq sahəsinin boşaldılaraq dövlətə (onun adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə) təhvil verilməsi vəzifəsi qoyulmalıdır.
7. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz ərizəsi təqdim etmiş, etirazını aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir: İlk öncə qeyd etmək istəyirik ki, Dövlət Xidməti daha öncə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 1484,5 kv.m torpaq sahəsinə dair aylıq icarə haqqı 4453,5 (dörd min dörd yüz əlli üç manat əlli qəpik) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması və icarə haqqının iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən hesablanması barədə qətnamə qəbul olunmasını xahiş etmiş, həmin iddia Bakı Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Daha sonra Dövlət Xidməti Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi bağlaması üçün hər hansı hüquqi əsas mövcud deyildir. İddiaçı öz ərizəsində tikilinin mülkiyyətçisinin (cavabdehin) dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi olmadan istifadə etməsinin hüquqdan sui-istifadə olduğunu və bunun əsassız varlanmaya səbəb olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 22 sentyabr 2006-cı il tarixli 18/03-8/5554 nömrəli qeydiyyat nömrəsi ilə razılaşdırılmış və Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2006-cı il tarixli 473 nömrəli sərəncamı ilə X4 Əhməd Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilən yolun kənarında öz vəsaiti hesabına mağaza və ofis binasının tikintisinə icazə verilmişdir. Daha sonra X6 və Cavabdeh2 tərəfindən ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə müraciət olunmuşdur. Ərizənin məzmununda Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2006-cı il tarixli 473 nömrəli sərəncamı ilə icazə verilmiş tikintinin X6 tərəfindən maddi səbəblərdən başa çatdırıla bilmədiyi əks etdirilmiş və onun adına olan layihə və sərəncamın Cavabdeh2 adına dəyişdirilməsi xahiş edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27 iyun 2008-ci il tarixli 18/03-8/3599 nömrəli qeydiyyat nömrəsi ilə razılaşdırılmış və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2008-cı il tarixli 311 nömrəli sərəncamı ilə Əhməd Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilən yolun kənarında tikilməkdə olan mağaza və ofis binasının Cavabdeh2 adına sənədləşdirilməsinə və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yeni variantda tikintisinə icazə verilmişdir. Son olaraq Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh2 verilmiş 19 may 2009-cu il tarixli 001442 nömrəli şəhadətnamə ilə ünvan 3 ünvanında yerləşən 4458,1 kv.m qeyriyaşayış sahəsi üzərində hüquqlar əldə edilmişdir və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına həmin torpaq sahəsi üzrə **********69- 06301 reyestr nömrəli xx.xx.2010-cu il tarixli çıxarış alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sözügedən ünvan 1 ünvanında yerləşən yolun kənarında tikilməkdə olan mağaza və ofis binasının Cavabdeh2 adına sənədləşdirilməsinə və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yeni variantda tikintisinə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2008- cı il tarixli 311 nömrəli sərəncamı ilə icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Əmlak Məsələləri Dövlət Xidməti iddianın irəli sürülməsi ilə bağlı müddətini ötürmüşdür. Beləliklə, qeyd olunanlardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiası əsassızdır və rədd edilməlidir”.
8. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə də ünvanlayaraq iddia tələbinin iddia müddəti tətbiq olunmaqla rədd olunmasını xahiş etmişdir.
9. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin, cavabdehin nümayəndəsi (vəkili) isə iddia ərizəsinə qarşı etirazının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. Birinci instansiya məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
11.1. ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1484,50 kv.metr torpaq sahəsi daşınmaz əmlakın dövlət registrindən çıxarışa əsasən dövlətin mülkiyyətində olsa da, onun üzərində inşa edilmiş tikili (qeyri-yaşayış sahəsi) cavabdehin xüsusi mülkiyyətindədir, xx.xx.2010-cu il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. 11.2. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Göstərilənlərə əsasən, iddia tələbi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində təmin edilə bilməz. 11.3. Məhkəmə iddianı ikinci, cavabdehdən ümumilikdə 473 624,77 manat əldən çıxmış faydanın tutulması hissəsində də əsassız hesab edir. Belə ki, materiallardan görünür ki, iddiaçı cavabdehə qarşı eyni torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı daha əvvəl məhkəməyə müraciət etmiş, iddiası təmin edilməmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsindən cavabdehin icarə müqaviləsi bağlanmadan istifadə edilməsi ilə bağlı ona zərər dəydiyini bildirir. Məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. Belə ki, cavabdehin həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla bağlı hər hansı öhdəliyinin olmaması tərəflər arasında olan daha əvvəlki məhkəmə mübahisəsi zamanı öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1) 11.4. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 11.5. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.. 11.6. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 454257 manat maddi zərərin tələb edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 6.1.4-cü, 21-ci, 386-cı, 1096-cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarına istinad etmişdir.
13. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, həmçinin aşağıdakıları göstərmişdir: “Mübahisəli torpaq sahəsinin dövlət aktı və müqavilədən yaranan hüquqi əsas üzrə cavabdehin istifadəsinə ayrılması barədə sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən bununla bağlı olaraq torpaq sahəsi üzərində istifadə hüququnun mövcudluğuna əsas verən sənəd kimi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 311 nömrəli sərəncamına istinad olunmuşdur. Halbuki qeyd olunan sərəncam torpaq sahəsinin ayrılması barədə deyil, Cavabdeh2 “Əhməd Rəcəbli küçəsinin davamı olaraq yeni çəkilən yolun kənarında tikilməkdə olan mağaza və ofis binasının onun adına sənədləşdirilməsinə və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yeni variantda tikintisinə icazə verilməsi” ilə bağlı olmuşdur. Bu səbəbdən, Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 311 nömrəli Sərəncamı mübahisəli torpaq sahəsi üzərində subyektiv hüququn yaranması üçün əsas yaratmadığından, onun üzərində yerləşən tikilinin mülkiyyətçisinin (cavabdehin) dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə müqaviləsi olmadan istifadə etməsi hüquqdan sui-istifadədir və bu əsassız varlanmaya səbəb olur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, qeyd edilən torpaq sahəsi yalnız müvafiq dövlət aktı əsasında daimi istifadə hüququ əsasında cavabdehin əvəzsiz istifadəsinə verilə bilər. Cavabdeh dövlət torpaq sahəsinə dair icarə müqaviləsi bağlamadan istifadə etməklə hüquqdan sui-istifadəyə yol verir ki, bu da qanunvericiliklə qadağan edilmişdir. Hazırda cavabdeh onun mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə etmək hüququna malikdir. Lakin o, bu hüququnu qanunvericiliyə əsasən həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla həyata keçirə bilər. Bu hal yuxarıda qeyd edildiyi kimi, Torpaq Məcəlləsinin 51-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən dövlət torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Lakin cavabdeh torpaq sahəsindən istifadə hüququnu qeyri-qanuni şəkildə həyata keçirir. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyətinə uyğun gəlmədiyi halda, mübahisəyə münasibətdə Mülki Məcəllənin 1096-cı maddəsinə əsaslanmaqla hüquqi qiymət verilməsi, işin halları ilə uzlaşmadığından əsassız hesab edilməlidir. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı torpaq və digər qanunvericilik aktlarının tələblərindən çıxış edərək dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadənin pullu olduğunu, torpaq sahəsinin əvəzsiz istifadəsinə yol verilən istisna halların Torpaq Məcəlləsinin 50-ci maddəsində sadalandığını, bu səbəbdən mübahisəli torpaq sahəsinə münasibətdə sərəncam verən və həmin sahənin istifadəyə verilməsindən və ya özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olmalara nəzarət edən qurum kimi, cavabdeh tərəfindən həmin sahədən hüquqi əsaslar olmadan istifadənin onun Konstitusiyanın 13, 29 və Mülki Məcəllənin 152.1-ci maddəsi ilə müəyyən olunmuş mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olduğunu qeyd edir. Cavabdeh torpaq sahəsi üzərində müvafiq hüquqmüəyyənedici sənədlərə malik olmadığı halda kommersiya hüquqi subyekti kimi sahədən istifadə edərək gəlir əldə etməsinə baxmayaraq, torpaq qanunvericiliyin tələblərini pozaraq dövlət büdcəsinə hər hansı vəsait ödəmədiyindən, onun icarə hüquq münasibətləri çərçivəsində ödəməli olduğu, lakin icarə müqaviləsi bağlamamaqla ödəməkdən yayındığı, bununla da əsassız varlan nəticəsində əldə etdikləri iddiaçıya (Azərbaycan Respublikasına) ödəməlidir. Cavabdeh torpaq sahəsini nə özəlləşdirməyə, nə də icarəyə götürməyə razı olmadığından, Əmlak Məsələləri Dövlət Xidməti həmin torpaq sahəsini hərraca çıxarmağa məcburdur. Lakin mövcud vəziyyət buna imkan vermir. Belə ki, Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Mübahisəli torpaq sahəsi üzərində cavabdehə məxsus qeyri-yaşayış obyektinin yerləşməsi səbəbindən, Əmlak Məsələləri Dövlət Xidməti həmin torpaq sahəsini hərraca çıxara bilmir. Məhkəmənin “icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın təmin olunmaması ilə bağlı mövqeyi ilə bağlı qeyd olunmalıdır ki, əvvəlki məhkəmə mübahisəsində cavabdehin icarə müqaviləsinin bağlanılmasına borclu olub-olmaması məsələsi məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırılmamış və buna hüquqi qiymət verilməmişdir. Məhkəmə sadəcə müqavilə bağlamağa məcburetməyə qanunvericiliyin yol vermədiyini əsas gətirərək iddianı rədd etmişdir. Bu səbəbdən hazırkı məhkəmənin cavabdehin müqavilə bağlamağa borclu olmamasının əvvəlki məhkəmə qərarı ilə sübut olunmasına istinad etməsi əsassızdır. Belə ki, Torpaq Məcəlləsinin 97-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin altıncı hissəsinə və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasında icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. İş materialları ilə müəyyən olunur ki, iddia predmeti olan torpaq sahəsində yerləşən tikili kommersiya obyektidir, belə olan halda həmin torpaq sahəsindən əvəzsiz olaraq istifadə olunması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq yolverilməzdir. Mülki Məcəllənin 139-1.1.1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Torpaq Məcəlləsinin 55 və 66-cı maddələrinə əsasən dövlət qurumunun qərarında (yerli icra hakimiyyəti orqanının Sərəncamında) dövlətə aid torpaq sahəsi fiziki və ya hüquqi şəxslərə ayrılanda torpaq sahəsinin istifadəyə (daimi və ya müvəqqəti) və ya icarəyə verilməsi barədə mütləq (imperativ) qeyd edilməlidir”.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh (nümayəndəsi) isə məhkəməyə gəlməmişdir.
16. İşin halları, cavabdehin (nümayəndəsinin) üzrlü halla bağlı gələ bilmədiyinə dair hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
18. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
19. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
21. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
22. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.
27. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.
28. Maddə 204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır.
29. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.
30. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
31. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
32. Maddə 250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.
33. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
34. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
35. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
36. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
37. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
38. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
40. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
43. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
44. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
45. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
46. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
47. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
48. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
49. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
50. Maddə 51. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir.
51. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
52. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
53. Maddə 97. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
54. Maddə 4. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.
55. Maddə 10. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.
56. Maddə 18. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 12 mart 1999-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
57. Bənd 2.4. “Torpaq icarəsi haqqında” Qanunun 18-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
“İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 nömrəli Fərmanı
58. Bənd 1. Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin.
Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”
59. Bənd 3.0.48. Dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları (sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə vermək Xidmətin səlahiyyətləri sırasına daxildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
60. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
67. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
68. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
70. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
71. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
72. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
73. Yuxarıda qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 8554,40 kv.m təşkil edən qeyri-yaşayış binası Cavabdeh2, həmin əmlakın yerləşdiyi 1484,5 kv.m torpaq sahəsi isə dövlətin mülkiyyətindədir (§ 1, 2).
74. Mülkiyyətində daşınmaz əmlak (obyekt, müəssisə və s.) olan hüquqi və fiziki şəxslərin, həmin daşınmaz əmlak üzərində sahiblik (istifadə) hüquqlarını həyata keçirərkən mütləq qaydada əmlakın yerləşdiyi torpaq sahəsindən də istifadə edirlər – qanunvericilik isə tələb edir ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir (§ 52).
75. Hazırkı işin müəyyən olunan halı ondan ibarətdir ki, cavabdeh, mülkiyyətindəki qeyriyaşayış obyektinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadə etsə də, həmin torpaq sahəsinin icarəsinə dair dövlətlə (müvafiq icra hakimiyyəti orqanı qismində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə (§ 58)) icarə müqaviləsi bağlamamış, icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı dövlətin irəli sürdüyü iddia tələbi isə mülki qanunvericiliyin “müqavilə bağlamağa məcburetməyə yolverilmir” prinsipi (§ 43) əsas götürülməklə təmin olunmamışdır (§ 4).
76. Kollegiya ilk növbədə qeyd edir ki, müvafiq məhkəmə aktının (§ 4) mövcudluğu hazırkı iddia tələbinə baxılmasına maneə törədə bilməz – belə ki, həmin akt icarə müqaviləsinin bağlanılmalı olması ilə bağlı qanunvericilik müddəalarına istinadən irəli sürülən iddia tələbi üzrə çıxarılmış, qeyd olunan prinsip (§ 43) əsas götürülərək təmin olunmasa da, “torpaqdan müqavilə bağlanılmadan istifadə edilməsi səbəbindən əsassız varlanma məbləğinin geri qaytarılmalı olması” məsələsi ümumiyyətlə müzakirə predmeti olmamışdır.
77. Azərbaycan Respublikasının Konstitusya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, “...məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir”.
78. Bu kontekstdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq pul vəsaitinin iddiaçıya ödənilməsi” barədə iddia tələbini “cavabdehin həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlamaqla bağlı hər hansı öhdəliyinin olmaması tərəflər arasında olan daha əvvəlki məhkəmə mübahisəsi zamanı öz təsdiqini tapmışdır” əsaslandırması ilə rədd edərkən müvafiq prosessual hüquq normasını (§ 63) düzgün tətbiq etməmişdir.
79. Sözügedən tələblə bağlı qeyd olunmalıdır ki, öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir; hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur.
80. Mülki qanunvericilik öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir (§ 41) və bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin əsassız varlanma ilə əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.
81. Əsassız varlanma hüquqi əsas – bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan və ya həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənərək başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edilməsidir. Mülki hüquq nəzəriyyəsində məhrum olanın əsassız əldə edilmiş və ya saxlanılmış əmlakı qaytarmaq barədə varlanmış şəxsə verdiyi tələb kondikasiya iddiası adlanır və bu növ iddiada bir neçə şərtin mövcudluğu sübut edilməlidir. Belə ki, kondikasiya iddiasının sübutetmə predmetinə (1) varlanmanın baş verməsi, (2) bu varlanmanın hüquqi əsasa malik olmaması, (3) varlanmanın məhrum olanın hesabına formalaşması daxildir. Bu şərtlərdən hər hansı birinin mövcudluğunun sübut edilməməsi kondikasiya iddiasının rəddi üçün əsasdır.
82. Varlanma şəxsin əmlak aktivlərinin artmasında (lucrum emergens) və ya əmlak passivlərinin azalmasında (damnum cessans) özünü göstərə bilər. Əmlak şəxsə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur - bu baxımdan şəxsin əmlakı dedikdə, əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə kreditor borcu da daxil olmaqla borc və öhdəliklər aiddir.
83. Hazırkı işin hallarından görünür ki, cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsindən heç bir vəsait ödəmədən istifadə edir – hansı ki, o, buna görə pul ödəməlidir (§ 53) və belə olan halda cavabdehin varlanması əmlak aktivinin artmasında ifadə olunur.
84. Kondikasiya iddiasının digər şərti varlanmanın məhrum olanın hesabına baş verməsidir – hazırkı mübahisə üzrə cavabdehin sözügedən varlanmasının məhz iddiaçının (dövlətin) əmlakından istifadə ilə baş verdiyi də işin müəyyən olunan halıdır.
85. Kondikasiya iddiasının sonuncu şərti kimi bu varlanmanın hüquqi əsasa malik olmaması, yəni bu cür varlanmaya haqq qazandıran müqavilə əsasının və ya qanuni əsasın olub-olmaması və ya varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi çıxış edir.
86. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı mübahisə baxımından bu şərt də mövcuddur – belə ki, cavabdehin iddiaçıya (dövlətə) məxsus torpaq sahəsindən istifadə etməsinə haqq qazandıran müqavilə əsası, yaxud qanuni əsas yoxdur.
87. Beləliklə, cavabdeh hüquqi əsas olmadan və haqq ödəmədən başqasının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə əsassız varlanmış, yəni başqasının əmlakı hesabına öz əmlakına torpaq sahəsindən istifadəyə görə ödəməli olduğu icarə haqqı həcmində qənaət etmiş, bununla da həmin torpaq sahəsinin mülkiyyətçisi qismində Azərbaycan Respublikasına maddi ziyan vurulmasına səbəb olmuşdur; belə ki, mülkiyyətçi sözügedən torpaq sahəsini icarəyə verməklə əldə edə biləcəyi gəlirdən məhrum qalmışdır.
88. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsindən istifadəyə görə ödənilməsini tələb etdiyi haqqın tutulması tələbi əsassız varlanmadan irəli gələn tələb kimi əsaslıdır.
89. İddiaçının torpaq sahəsindən istifadəyə görə tələb etdiyi məbləğlərə münasibətdə kollegiya qeyd edir ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icarə haqqı məbləğlərini müəyyənləşdirən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnamənin 8-ci bəndinin xx.xx.2016-cı il tarixədək olan qüvvədə olmuş ilkin redaksiyasına görə, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə 1-3-cü zonalar üçün həmin torpağın normativ qiymətinin 10 faizi, 4-12-ci zonalar üçün isə 5 faizi həcmində müəyyən edilmişdir. Həmin bəndin hazırkı redaksiyasına görə isə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilmişdir.
90. Odur ki, iddiaçı, cavabdehin icarə müqaviləsi bağladığı halda ödəməli olduğu, lakin icarə müqaviləsi bağlamamaqla ödəməkdən yayındığı, bununla da əsassız varlandığı məbləğləri xx.xx.2016-cı il tarixədək olan olan müddət üçün torpağın normativ qiymətinin müvafiq faizi həcmində, xx.xx.2016-cı il tarixdən sonrakı müddət üçün torpaq sahəsinin bazar dəyərinin 3 faizi həcmində hesablamaqda haqlı olmuşdur.
91. Bununla yanaşı iddiaçının müvafiq tələbinə qiymət verilərkən onun iddia müddətini ötürüb-ötürmədiyi nəzərə alınmalıdır; belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür (§ 49).
92. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir (§ 39).
93. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).
94. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).
95. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.
96. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (§ 40).
97. Hazırkı iş üzrə müəyyən edilən odur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 8554,40 kv.m təşkil edən qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır - iddiaçı isə xx.xx.2008-ci il tarixindən etibarən hesabladığı məbləğlərin ödənilməsini tələb edir.
98. İddiaçının xx.xx.2025-ci il tarixdə müvafiq iddia tələbi ilə məhkəmədə iddia qaldırdığını nəzərə alan kollegiya hesab edir ki, həmin tarixdən əvvəlki 2 il üçün hesablanmış əsassız varlanma məbləği iddia müddətinin tətbiq olunmadığı məbləğ qismində cavabdehdən tutula bilər.
99. Torpaq sahəsinin dəyərinin 1 781 400,0 manat təşkil etdiyi və xx.xx.2016-cı il tarixindən sonra aylıq icarə haqqının 4453,5 manat məbləğində hesablandığı qəbul edildiyindən, cavabdehdən tutulacaq məbləğ 106 884 manat (24 ay x 4453,5 = 106 884) müəyyənləşdirilməlidir.
100. Qeyd olunmalıdır ki, hazırkı qətnamə ilə gəlinən nəticə xx.xx.2025-ci il tarixindən əvvəlki 2 il üçün torpaqdan əsassız istifadə nəticəsində yaranmış əsassız varlanma ilə bağlıdır və göstərilən tarixdən sonra yaranmış borcun ödənilməsi tələbinin irəli sürülməsi hüququnu istisna etmir.
101. Kollegiya birinci instansiya məhkəməsinin “ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1484,5 kv.m torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbi üzrə gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir:
102. Təcrübədə bir şəxsin mülkiyyətində olan torpaq sahəsində başqasının tikili inşa etməsi kimi vəziyyətlərə rast gəlinir.
103. Bu kateqoriyadan olan işlərdən görünür ki, tikilinin (və ya onun bir hissəsinin) üzərində inşa edildiyi torpaq sahəsinin mülkiyyətçiləri sonradan həmin tikilinin sökülməsi və ərazinin boşaldılaraq təhvil verilməsi və ya hazırkı işdə olduğu kimi sadəcə torpaq sahəsinin boşaldılıb təhvil verilməsi kimi iddialar qaldırırlar.
104. Belə iddiaların qanuni və ədalətli həlli üçün torpaq mülkiyyətçisi ilə torpağın üzərindəki əmlak mülkiyyətçisi arasındakı hüquq münasibətlərinin mahiyyətini, onların qarşılıqlı öhdəliklərini, eləcə də mübahisə obyekti olan tikili və torpaq sahəsinin hüquqi vəziyyətini düzgün şəkildə müəyyənləşdirmək zərurəti meydana çıxır.
105. Baxılan işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh özünə məxsus material ilə iddiaçının (dövlətin) mülkiyyətində olan torpaq sahəsində inşaat aparmışdır.
106. Bu hal bir şəxsin özünə məxsus materiallarla başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması vəziyyətinə uyğun gəlir. Odur ki, mövcud vəziyyətdə tərəflərin birbirinə qarşı hansı tələb hüquqlarına malik olması nəzərdən keçirilməlidir.
107. Ölkədə vahid məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsinin “ulduz” nişanı ilə indeksləşdirilmiş xx.xx.2025-ci il tarixli qərarında göstərilən məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər əks etdirilmişdir: “...Mülki Məcəllənin 172.3-cü maddəsində, qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur. Normanın zidd mənasından isə aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhəddi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu qayda binanın və ya qurğunun tamamının qonşu mülkiyyətçinin torpaq sahəsində inşa edildiyi hallara aid olduğu kimi, qonşu olmayan başqa bir şəxsin torpaq sahəsində qərəzsiz şəkildə (o cümlədən, torpaq mülkiyyətçisinin şifahi razılığı ilə) öz vəsaiti hesabına aparılmış inşaata da aid edilə bilər. Göstərilən şərtlər daxilində başqasının ərazisində vicdanlı şəkildə tikili inşa edildikdə və torpaq mülkiyyətçisi də buna dözməyə məcbur olduqda, inşaat aparmış şəxsə həmin torpaq sahəsi üzərində hüququn verilməsi, əvəzində isə ərazinin mülkiyyətçisinə kompensasiya ödənilməsini tərəflərdən birinin tələb etməsi də mümkündür”1.
108. Bu kontekstdə kollegiya bir daha qeyd qedir ki, mülkiyyətində olan 1484,5 kv.m torpaq sahəsində cavabdeh tərəfindən qeyri-yaşayış obyekti inşa edilməsi səbəbindən iddiaçının həmin 1 Ali Məhkəmə, İş № 2(102)-1116/2025 (https://sc.supremecourt.gov.az/storage/Mulki/2025/2_1116+22.04.2025.pdf) sahədən istifadə etmək imkanının aradan qalxdığı işin müəyyən olunan halıdır və iddiaçı, torpaq sahəsinin iqtisadi təyinatından uma biləcəyi faydanı ümumiyyətlə itirmiş vəziyyətdədir.
109. Lakin cavabdeh qeyri-yaşayış obyektini qanunla müəyyənləşdirilmiş qaydada inşa etməklə ona mülkiyyət hüququ qazandığından və iddiaçı özünə məxsus torpaq sahəsində sözügedən obyektin tikilməsinə dərhal etiraz bildirmədiyindən, onun bu vəziyyətə dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri vardır.
110. Başqa sözlə iddiaçı, cavabdehin mülkiyyətindəki qeyri-yaşayış binasının yerləşdiyi özünə məxsus torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsini tələb etməkdə haqlı deyil; o ya sahənin əvəzində kompensasiya tələb edə, ya da hazırkı işdə olduğu kimi əsassız varlanma ilə bağlı iddia irəli sürə bilər.
111. Bu cür yanaşma həm hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir, həm də cavabdehin tənasübsüz zərərə məruz qalmasının qarşısını alır.
112. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək qeyd edir ki, iddiaçı dövlət rüsumlarını ödəməkdən azad edildiyindən, onun ödəməli olduğu rüsumların (iddia tələbinin əsaslı hesab olunduğu 106 884 manata münasibətdə) əvəzi qismində 595,32 (396,88 + 198,44) manat Cavabdeh2 tutulub Dövlət büdcəsinə köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
113. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4675/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 10 oktyabr 2025-ci il tarixli qətnaməsi “ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1484,5 kv.m torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq pul vəsaitinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməməsi hissəsində ləğv olunsun. Həmin iddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1484,5 kv.m torpaq sahəsindən icarə müqaviləsi bağlanılmadan istifadə edilməsi ilə bağlı əsassız varlanma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 106 884 (yüz altı min səkkiz yüz səksən dörd) manat Cavabdeh2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulsun. Həmin iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə qalan hissədə, yəni “ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1484,5 kv.m torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumlarının əvəzi qismində 595,32 (beş yüz doxsan beş manat 32 qəpik) manat Cavabdeh2 alınıb Dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Ziya Şirinov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva